“Demokratiya-diktatura oyun növü” yazımdan qalan fikirlər və onlara əlavələr. Konspekt

Tarix: 24-01-2017 05:43
Baxış sayı: 1547

Əvvəla, “əlavə” haqqında. Qardaşlar, “və” əlavələr əvvəlidir. Onu deməliyəm ki, bir şey bir şeyə əlavə olunanda məni həmişə gülmək tutur. Hərçənd maye üzərinə mayə əlavəsi zamanındakı şorultudan mən çoxlu lirik nəğmələr də əxz eləmişəm. İnqilablarda zopa kütlə başına əlavədir. Dəyənək dəli öküz təpəsində üçüncü buynuzdur. Zopa Azərbaycanda stabillik rəmzidir. Polis iqtidar zopasıdır. Həri, turşu üstünə əlavə olunan qələvi ilə neytrallaşdırılar. Bıçaq fahişə qarnında əxlaq əlavəsidir. Onu desəm olar, deməsəm olmaz ki, bıçaq milli-məişət əxlaqımızın tələbatına tam uyğundur. Qardaşlar, Azərbaycanda demokratiya neftə əlavədir. Bizdə demokratiya olsa-olsa beynəlxalq lotuların Azərbaycanda at oynatması üçün inşa edilmiş meydançadır. Azərbaycanda barı bir-iki dənə də demokratik ənənə yoxdur.

 

Piketdən qorxan Azərbaycan iqtidarı sancaqdan qorxan şeytan bənzərlidir. Piket demokratik ölkənin gözəlliyidir. Piket və mitinqləri dağıdan iqtidarın iş üslubu antikonstitusiondur. Əslində Azərbaycan konstitusiyası iqtidar əlində gərəksiz broşuradır. Azərbaycanda “prezident” “padşah”ın qərbgözünə adıdır. Mentalitetimiz yalnız padşah doğura bilər. Padşah Azərbaycanda hələ də nağıl obrazıdır.

 

Həri, keçən dəfə demişdim ki, Azərbaycanda demokratiyanın yalnız pıçıltı ilə danışılan növü var. Bizdə pıçıltı milli keyfiyyətə çevrilməkdir. Ancaq onu desəm olar, deməsəm olmaz ki, pıçıldayan insanlarda enerji itkisi və qida məsrəfi az olur. Pıçıltı millətin qənaət rejimidir. Üstəlik, bu həm də lirikaya bənzəyir. Pıçıltıda bir az erotiklik də var. Pıçıltını despotik rejimləri zifaf gecələri bəzəyər. Bu heç. Qardaşlar, Azərbaycanda diktatura yatanda da duyulur. Bakı xəsrisi triller janrında bir şeydir və gecə qapımı döyəndə, məni keçmiş Stalin “troyka”larının xofu bürüyür. Tez cırıq-söküyündən utanan adamam. Həri, mənə xof siyasi qeyblərdən gəlir.

 

Qardaşlar, vaveyla, başçılarımız tərbiyəsiz ailələrdən çıxıblarmış. Parlament “müdrik”lərimiz söyüş folkloruna tam bələdmişlər. Söyüş folkloru onlarıq xotuq bol olan məskənlərdən çıxdıqlarına dəlalət edir. Mən parlament salonu pəncərəsinə bənzətdiyim teleekrandan bəzi qoca millət vəkillərinə baxdıqca Azərbaycan ağsaqqallarına nifrət edirəm. Onsuz artıq Azərbaycan ağsaqqalı mənim gözümdə şərin cövhəridir. Yox, ağsaqqalarımız sirat körpüsündən keçə bilməyəcəklər.

 

Yenə ötən səfər dediyimdən deyim ki, çadırlarda qaçqın uşaqları yalnız toxluqdan törənir. Həri, qardaşlar, uşaq bol olan yerdə toxluq fərz edilir. Toxluq eşq səbəbkarıdır. Mən eşq poeziyasının güclülüyü səbəbindən ortaçağ Şərqində toxluq gümanındayam. Leyli və Məcnun tox insan olublar. Aclıqda insanlarımız gözəlliklərini itirir, elə ona görə də şəkildə göyçək alınmırlar. Azərbaycan qızlarının 90-cı illər şəkillərində burun əlamətdardır. Bizim qızlar artıq fotogenik deyillər. Qırmızıyanaq Qarabağ gözəlləri Bakı yataqxanalarında bozumtul olublar. Elə bil çiçəklər üstünə toz qonub. Bakı yataqxanaları tualet ətirlidir. Bakı yataqxanalarında ələ dəyən isti maye yalnız uşaq sidikləridir. Çadırlı İmişli-Beyləqan çöllərində estetika yaxşı həyata dair bir şey kimi anlaşılır. Həqiqətən, estetika qızıl qolbaq, ya sırğa timsalındadır. Estetika Qərb simvolikası imiş.

 

Qardaşlar, hətta Vətənə şəhid törətmək üçün də qarın vacibdir. Şəhidliyin yolu qarından keçir. Özü də onu desəm olar, deməsəm olmaz ki, azərbaycanlının cənnətə düşmək şansı yalnız şəhidlikdə qalıb. Azərbaycanlı əməlləri ümumbəşəri normativlərə uyğun gəlmir. Biz əslində normativi bürokratik bir şey sanırıq. Azərbaycan padşahları beynəlxalq insan hüquqları Bəyənnaməsinə həmişə dəvə nalbəndə baxan kimi baxıblar. Azərbaycanda dinlər də boş məşğuliyyətdir. Din Azərbaycanda tüfeyli həyat rəmzidir. Azərbaycanlı üçün tum çırtlamaq ibadətdən üstündür. Azərbaycanda vicdan azadlığı islamın yıxılma təhlükəsinə qədərdir. Tutaq bunlar da bir az heç. Qardaşlar, Azərbaycanda türkçülük narsizmə mübtəladır. Türkçülərimiz bütün dünyanı sofistcəsinə Azərbaycana bağlayırlar. Azərbaycan türkçülüyünə patetika xasdır. Patetikanın el içində adı döşədöymədir. Əfsus, biz döşümüzə döyəndə gumbultu eşidilir. Bəlkə də biz dünyaya gəlməmişdən içimizə boş çəllək pərçimlənib.

 

Döşədöyməkliyimizlə Azərbaycandakı heçlik və boşluğu dünyaya faş edirik. Kaş döşədöyənlərimiz olmaya, ölkəmiz dünyaya “dolu” görünə. Vallah, gumbultu olmasa, soliptik dünya Azərbaycanı dolu təsəvvür edə bilər. Bə nə, əyə, əşi, həri, qardaşlar, sözümə inanın.

 

 

Digər xəbərlər

Boz inqilab

Müharibədə Şopen prelüdləri

BİZ­­­DƏN ÖT­­­RÜ DA­­­RIX­­­MA

Əlləri yaşıl

Günəşlə gəzintidə

Şərhlər