“Siyasi üslubda təbiət söhbəti” Konspekt

Tarix: 24-01-2017 05:42
Baxış sayı: 1893

Kosmos altında ən abırlı bəlkə də Azərbaycandır (guya). Hətta ulduz falları da burada qara taleləri ağ göstərir. Yeddirəng göy qurşaqları ilə naxışlı, tül pərdəyə oxşar narın yağışları buludlardan elə sallanır. Göydəki kişiyə razılıqdan başqa bir sözün qalmır. Allahın ən az söyüldüyü yer də Azərbaycandır. Ancaq elə bilirəm Azərbaycanda Allahı onun varlığına inanmadıqlarına görə söymürlər. İnansaydılar – söyərdilər. Yəni azərbaycanlı söyüş barədə realistdir – predmetsiz ağzını ağrıtmaz. Həri, Allahın söyülmədiyi yerlərdə həm də ateizm güclüdür. Hərçənd mən ateizmi Azərbaycanda kommunizmin qalığı sayıram.

 

Qardaşlar, mən biədəb ölkələrin əksəriyyətində Allaha söyüş folklor antologiyalarına rast gəlmişəm. Düzü, mən artıq qaçqın sifətində Bakıya gəlib çıxmış, folklor yaradıcısı xalqım barəsində pessimist fikirdəyəm. İndən belə də, öldürələr, bu cür müti xalqların folklorunu oxumaram. Üstəlik, onsuz da xəlqilik ədəbi meyar sayılmır.

 

Lakin yaxşı, Allah yoxdusa, bə Sibiri bizdən kim rədd elədi. Canilərimizin, yəni Azərbaycan xalqının canını Sibirdən kim qurtardı. Özü də işıldaquş şəhərlərlə doldurulubsa da, Sibir yenə buzxanadır ki var.

 

Rusiya zavodları soyuducuları Sibir üslubunda buraxır.

Həri, Azərbaycan ismi ispan feyxoadan tutmuş, Qubada qurtarmış olarsa da, mahnılardan qurtarmayası ağ almalaracan hər şey var. Lazım gələrsə, Qubanın ağ almalarını vitrindəki kimi mahnıdan götürüb dişləmək də mümkündür. Qarı düşmən yol-yolağı bağlasa, keçməyə bir qıl körpü də saxlamasa, Azərbaycan ərzağı nəğmələrindən götürüb işlədə bilər. Partliderlərimizin Nostradamus öncəgörənlikləri sayəsində üzümdən tutmuş keçiyəcən – vaxtında hər şeyə dair nəğmə tədarükü görmüşük. Di gəl, rəngbərəng və şipşirin meyvələr Azərbaycan şairlərinin qanında acı reaksiya verir və nəticədə ölüm dadlı şerlər hasilə gəlir. Hərçənd mən ölüm dadlı şer yazanlara bir vaxtlar apolitik ağıllı insanlar demişəm. Nikbinlik politik şairlərə xasdır ki, hamısı dünyadan bədbincəsinə köçdü: nikbinlikləri şerləri, bədbinlikləri, intiharları idi. Özüm görmüşəm, onlar canilər kimi yüksək ruhlu, həmişə də fəal olurdular. Yeri gəlib, deməliyəm ki, politik insanlar təbiətdən uzaq olur və onlar təbiətlə rəftarı bilmirlər. Ələlxüsus, politik rəhbərlər yalnızb brakonyerliyə qadirdilər. Onlar nadir heyvan və quşların qənimidirlər. Azərbaycandakı hər hansı gözəl heyvan eybəcər politiklərin günahı üzündən “Qırmızı kitab”a düşür. “Qırmızı kitab” heyvanların ölüm yatağıdır. Ancaq söz onda yox, bundadır ki, indi Muğanda ceyranlar qaçqınlarla əvəzlənib. Səməd vurğun dirilib gəlsəydi, yəqin rəhmətliyə qaçqını ceyran yerinə sırıyacaqdılar. Hamı şairlərin zəif yerini bilir. Tülkülər bilirlər ki, şair üçün predmetin özü yox, elə ona dair illüziya kifayət edir. Hələ sağlığında rəhmətlik Səmədi Mingəçevirdə əmək qəhrəmanı adına adir bir lodıra tuşlayıbmışlar. Dünya ədəbiyyatında yeganə hadisədir ki, lodır Muğan qəhrəmanı qismində vəsf olunub.

 

Qardaşlar, barı qaçqınçılıqlasa insanlarımız təbiətlə çulğaşdılar və onların xəstələnmə ehtimalı sıfıra endi. Xəstələnən siyasi lotuluqlardan xəstələnəcək. Həri, indi insanlarımız təbiət qoynuna peşo eləyirlər... Torpaqşünaslarımızın “məsamə” dedikləri şey əslində torpağın kanalizasiya xətləridir. Ancaq bu məsamələr rayonlarımıza sel kimi gələn sidiya tab gətirməyib haçansa rəngli sidik daşları ilə tutulurlar. Onda torpaq betona dönür. Mən deyirəm, göygöz Göy-göl Azərbaycan torpaqlarının istilası zamanı insan düşərgələrinin yerində yaranıb. Axtarsan, bu göllə islamın Azərbaycana gəlişində bağlılıq taparsan. Tapıntı istəkdən asılıdır. Həri, hır-zır qanmayan insanlarımızın məskənləri indi də təzə göygöllərlə bəzənəcək. Qardaşlar, gələcək Muğanda, namxuda, böyük bir göl gözlənilir.

 

Burda sözüm qurtarana oxşadı; az qaldı çaşıb gərnəşəm də. Lakin mən özü yox, ruhu yanımda olan oxucuma and içirəm ki, bir santimetr də gərnəşmədim; buna sevgili komputerçim də şahiddir: həm də biləsiniz ki, məndə söz üstündə gərnəşmək adəti yoxdur. Bu tərbiyəsizliyin əvəzində daim özümü yazmağa qısnayıram, qurtarıb gedir. Mənlə İlham pərisi zora tabe olandır... Həri, mən uşaqlıqdan özümü spartan ruhunda böyütmüşəm. Məni valideyn böyütməyib ki – özüm böyümüşəm. Mən daşlar üzərində daş kimi yatanam; həmişə də daşı qu tüklü balışlardan üstün tutmuşam. Qardaşlar, Avropa rahatlığı mənə heç nə verməzdi. Mən yorğan-döşəkdə yatmağı əzəldən xəstələrə layiq bilmişəm; həm də bu ənənə burjuylara məxsusdur. Avropa pinqvinlərə oxşar burjuylar məskənidir. Həri, mən özüm-özümü yetimcəsinə böyütmüşəm. İndi də Azərbaycan yetimləri spartan ruhunda böyüyür. Amma spartanlardan yaxşı diktator çıxardı. Əslində elə mən də diktatoram, ancaq təkcə öz içimdə və özümə. Əlimin yumşaq sənəti bu ayıbımı örtür. Qardaşlar, diktatorluq mənim ayıb yerimdir. Hərçənd qoysalar, mən böyük bir imperiya diktatorluğuna layiqəm. Tarix mənim diktatorluğumla özgə cür rənglənərdi. Lakin mənim böyüklüyüm diktatorluğumu heçə endirməyimdə, milyonları ölümdən nəzəri xilas etməyimdədir. Mən həm də hiperantidiktatoram. Azərbaycan xalqına da təkcə elə buna görə məni xatırlamağı tövsiyə edirəm. Hərçənd məndə xatırlanmalı digər şeylər də var: Qoqolun “Burnu”ndan əxz elədiyim üçün burnum, qənaət təriqi ilə sol ovcumu gün ərzində dəftərçə yerinə işlətməyim... Onu deyim ki, qənaəti bacarmayan insanın Azərbaycanda yaşamağı axmaqlıqdır. Elə bu cür axmaqlardır ki, “çerez vərəm” bu dünyadan köçhaköçdədirlər. Hərdən durduğum yerdə gözlərimə bu dünyadan o dünyaya zınqırovlarla köç eləyən həmin axmaqlar karvanı görsənir.

 

Amma mənim öz üzərimdə diktatorluğum get-gedə oyun səciyyəsi almaqdadır. Hərdən öz üstümə Hitler kimi qışqıranda, buna özümün də gülməyim tutur. Elə bil “Hitler” məni qıdıqlayır. Həri, qorxu itəndə diktatorluq bitir. Diktatorlar əsasən də qocalıqda gülməli olurlar. Diktator onun haqqındakı ilk lətifədəcə mənasızlaşır. Diktator dövlətindəki meyitxana sabitliyində qüdrətlidir.

 

Söhbəti sona çatdırmaq xatirinə qayıdıram əvvələ... Politik rəhbərlər təbiətin yalnız gözəl guşələrində ov ovladığı, quş quşladıqları üçün təbiətcə heç də harmonik olmurlar. Onlar gözəlliyi tutuşdurmağa kifirlik tapmırlar. Diktatorlarda harmoniyanın tamlığı üçün kifirlik çatmır. Odur ki, hər hansı diktator əslində qız kimi zərif olur. Klassik diktator olan Hitler itləri tumarlamırdımı? Bazardakı diktatorları hər hansı lotu aldada bilər. Azərbaycan bazarlarında onların aldığı heç bir şey “təmiz çəki” olmaz. Mən diktatorlara təbiətin heç də gözəl olmayan və turistlər adlamış natəmiz yerlərində də gəzməyi tövsiyə edərdim. Qardaşlar, təbiətin keçəl yerlərini görməyən diktator yarımçıq olar. Bu təxminlə diktatorların əksəriyyəti yarımçıqdır. Odur ki, onlar gec-tez devrilirlər. Tək bir gözəllik duyğusu ilə diktator dövlət idarəçiliyini nə bacarar... Heç bir diktator yağış altda xəstələnməyin və soğanlı-noxudlu əriştə aşı ilə sağalmağın ləzzətini bilmir.

 

Allah təkcə diktator ölümünə xəstəlik tapmaqda aciz olur.

 

Həri, padşahlar təbiət üzərinə canqoruyanlarla gedir. Həmişə də bu anormal hadisə təbiətə baha başa gəlir. Onların təbiətlə ünsiyyəti göydə uçarın, yerdə qaçarın faciəsi ilə bitir. Ümumiyyətlə, zorakı ölüm padşahlar atribütüdür.

 

...Deyəsən, çox qayıdıb əvvəldən də əvvələ keçdim: indi yazımın başlığı artıq məndən altda illüminator kimi parıldayır. Amma heç bir lüminisent lampa öz dibinə kölgə salmır.

 

“Yeni Müsavat”

Digər xəbərlər

ƏKS-SƏ­­DA İLƏ OYUN

“Həcv mövzuları” (Baba Vəziroğluna)

Eklektik fikirlər

“Ədəbiyyatda məqsədim əbədiyyətə çatmaqdır. Mən xoşbəxtliyi yalnız əbədiyyətdə yaşamaqda görürəm”

Sərili paltarlara baxan

Şərhlər