Qara azadlıq etüdləri

Tarix: 24-01-2017 05:39
Baxış sayı: 1351

İnsan azadlıqda bir cür, köləlikdəsə başqa cür problemlərlə üzləşir. Yəni belə götürsək, problem həmişə var. Qardaşlar, çətini ölənəcəndir! Azadlıqdan da, köləlikdən də yalnız ölüb can qurtarmaq mümkündür.

 

Azadlıq da, köləlik də siyasi demaqogiya predmetləridir.

 

Həri, streslər səbəbi problemlər həmişəlikdir. Şəkərli diabetlər də - streslərin burnu ucunda. Həyat – içində ölümlər yetişən əndrəbadi bir prosesdir. Əslində həyat ondan törənən mənalı ölümlərə görə dəyərlidir.

 

Mən siyasi senzorları indiyəcən xatırlayıram. Beş-altı mizantrop bir respublikaya bəs edərdi. İndiyə qocalıblar. Mənim yazılarımı da keçəlləşdirər, dazlaşdırardılar. Hayıf, beş-altı, ya on beş-on altı ilə bir–bir ölüb qurtaracaqlar. Mən onların söz azadlığını boğması xatirələrini dinləmək istərdim. Azadlığın boğulması hədsiz maraqlı və cəlbedici bir işdir. Bu barədə hər hansı senzorla söhbətlər istər-istəməz fəlsəfi alınardı. Qardaşlar, senzorlar bizi neçə-neçə inqilabdan xilas edib. İnqilablar əslində azadlıq yetirmələridir. Azadlıq xaos tərkiblidir. Harada inqilab olursa, o ölkəni azad bil. Azadlıq cəmiyyətdə dağıdıcı enerjilər generatorudur.

 

Kim nə deyir desin, Qərbdə demokratiya Şərqdəki diktaturaların oxşarıdır. Qərbdə qanunun diktaturası dolayısıyla Şərqdə despotiyanın özü deməkdir. Qərbdə həyat hədsiz bürokratikdir. Qərbdə demokratiya, sadəcə, bərkdən elan olunub. Onun təbliğatı və reklamı güclüdür. İşin kökünə baxsaq, hər şey yalan, Səməd Mənsur demiş, “həpsi rəngdür”.

 

Qardaşlar, sevgilim azadlıqdan tez-tez yazmaqda məqsədim artıq onu tənqidə məruz qoymaqdır. Azadlıq məni məyus etmədə... Mütləq azadlıq alt-şüurdakı qara-qura instinktləri üzə çıxarar və cürbəcür faciələri reallaşdırardı. Azadlıq əxlaqı minimuma endirir. Ətağa cəddi, mənim üçün əxlaq azadlıqdan daha qiymətlidir. Həri, mən azadlığa daim tənqidi baxış aşılamaq niyyətindəyəm. Azadlığa da gözüaçıq baxaq. Azadlıq bir tikə çörək imtahanına tab gətirmir. “Ehtiyac qul eylər qəhrəmanı da” (S.Vurğun). Azadlıq və demokratiya Azərbaycanda bir Avropa dəbi olaraq heç cür yerimir. İqtisadi köləlik zahiri siyasi əlamətlərini də bir heçə döndərir.

 

Heydər Əliyev azadlıq və köləlik eksperimentatorudur.

Qardaşlar, mən azadlığa köləliyin müvəqqəti zəiflik dövrü kimi baxıram. Azadlıq müvəqqəti, köləlik əbədidir. Quldarlıq zamansızdır. Yəni bütün zamanlar səhvsiz olaraq quldarlıq dövrü adlandırıla bilər. Quldarlıq və diktaturalar, həmçinin puritan əxlaq və daşlaşmış ənənələr ədəbiyyat və sənətdə romantik-idealistik bir durum yaradır. Yaradıcı – ilğımlar dalınca sürünəsi olur. Bu baxımdan, tutalım, Füzuli poeziyası seksual illüziyadan başqa bir şey deyil. Azad cəmiyyətlərdə bu cür yalanlara yer olmur.

 

Həyat-ölüm dixotomiyası qarşısında azadlıq-köləlik problemləri gülünc görsənir. Azadlıq – uğrundakı vətəndaş müharibələrinə dəyməz. “Hər şey hap-gop” (R.Tağı), “həpsi rəngdür” (S.Mənsur).

 

Cəmiyyət, Politika, 22.02.2003

Digər xəbərlər

Fərqanə

“Bayıl”a gəlmişdi rəhmətlik atam

Mikelancelonun səhvləri

Rafiq Tağı ittihamlara cavab verdi

Rafiq Tağının qətli niyə araşdırılmır?

Şərhlər