Tarix: 24-01-2017 05:34
Baxış sayı: 1463
Azərbaycan ədəbiyyatşünaslığında baxış bucaqları küt, ondakı araşdırıcı istiqamətlər yanlış, klassiklərə münasibət riya tərkiblidir. Mühafizəkarlıqla hədsiz subyektivizm ondakı qəbahətlərin nəzərə çarpanıdır. Meyar – aludəçilikdir. Ədəbiyyatşünaslıq klassikləri bütləşdirib onları insanlara yadlaşdırmaqda günahkardır. Görünəndən yapışaq, M.Füzulinin hiperbolik təqdimi, onun özünün poeziya təşbehinə döndərilməsi lüzumsuz idi. Füzulinin “xalqın taleyində rolu” hədsiz şişirdilmiş, aldadıcı bir şeyə çevrilmişdir, “Füzuli” adı ədəbi oriyentirləri pozmuşdur. Hər halda, ədəbiyyatşünaslığımızın klassiklərə münasibəti sağlam deyil; onda sitayiş elementləri güclüdür. Azərbaycan ədəbiyyatşünaslığı ədəbiyyatı içdən görməyən, onun yalnız civarlarına dair, elmilikdən uzaq, həm də ən çox ictimai bir hadisədir. Azərbaycan ədəbiyyatşünaslığı siyasət xidmətçisidir və elə siyasi göstərişlə də qapalı bir dövlətdə ümumşərq klassiklərini səhvən özümüzünküləşdirmişdi; bunun isbatı, həm də elə nəticəsi ədəbiyyatımızın XX yüzildəki durumu ilə klassikanın miqyas fərqindədir. Arada uzlaşma yoxdur. Həm də gəlin heç nəyi gizlətməyək, azərbaycanlı öz klassikini oxumur da, buna meyli-həvəsi yoxdur. Çünki azərbaycanlı klassiklərini oxumağa heç vaxt hazırlanmır və həm də odur ki, onun yad dil coğrafisində özünü rahatsız duyur.
Klassiklərə yubileylərimiz ən çox siyasi gələnəkdir və bunda məkr var. Yubileylər artıq YAP əhlinin prezidenti Heydər Əliyevin xalqa “xidmət” atributlarından biri olmuşdur. Ancaq yubileylərindən sonra “unudulan” klassiklərlə ədəbiyyat yüksəlməyəcək. Ədəbiyyatşünaslığımızın siyasi tenezmləri ucbatından çağdaş ədəbiyyatımız acınacaqlı günə düşmüşdür. Yaradıcılıqları siyasi küləklərlə şişirdilən, mahiyyəti açıqlanmayan klassiklərin varisləri hökmən cılızlaşmalı idi, cılızlaşdı da.
Riya əsasən maarifçi ədəbiyyata münasibətdədir. Məntiq üzrə, “maarifçi” və “ədəbiyyat” istilahları uyuşmazdır. “Maarifçi” adından ədəbiyyat ömründə ola bilməz. “Maarifçi” ədəbiyyat yalnız pedoqoji əhəmiyyətlidir. Sonrakı etaplara çıxışlar kip bağlandığından, deyəsən, ədəbiyyatımız daim elə maarifçilikdə giriftar qalacaq da. Maarifçi ədəbiyyat həmişə səthidir; ondan əlifba iysi gəlir. “Dünyəvi” klassiklər”imiz”dən sonra maarifçi ədəbiyyatın gəlişi gülüncdən gülüncdür. Azərbaycanda maarifçi ədəbiyyatın mövcudluğu klassikanın sanki effektsizliyinə dəlalət edir. Zövqsüz maarifçilik insanı ədəbiyyatdan bilmərrə çiyrindirə bilər. Təəssüf, günü bu gün də ədəbiyyatımızda maarifçi ruh dolaşmaqdadır. “Araz”, “Təbriz”, “ana dili”, “yurd” – ta nə qədər olar. Hələ də bu sayaq bıkdırıcı romantik mövzularda ilişib qalmışıq. Biz vətən haqqında hələ də ezamiyyət puluna və Sovet ideoloji mexanizmləri üslubunda yazırıq. Bizim vətən haqqında yazdıqlarımız hədsiz ənənəvidir. Ədəbiyyatdakı vətən sevgimiz saxta əxlaqdan doğulmuşdur. Ədəbiyyatdakı vətən həyatdakının eyni deyil. Ədəbiyyatdakı vətəni həyatda da sevmək mümkünsüzdür, yaxud həyatdakı vətən ədəbiyyatda görünmür. Güney Azərbaycan ədəbiyyatı bu anlamda xüsusilə əttökəndir. Özümüzü aldatmayaq, Güneydə ədəbiyyat ibtidai durumdadır. Guney Azərbaycan ədəbiyyatı hələ də folklorun döşlərini sortuqlayır. Yaxud satiriklərimizin yaradıcılığında millətə sevgi axtarışları büsbütün riyakarlıqdır. Satira sevgindən törənmir və heç də sevgi əlaməti deyil. Satira ən çox nifrəti rəmzləndirir. Mirzə Cəlil və Mirzə Ələkbər millətin dərdindən ölməyiblər; onlar həmişə öz dərdlərindən olüb və imkan dairəsində nifrət bacarıblar. Sabir yaradıcılığında sevgini yalnız onun satirasına qədərki qəzəllərində tapmaq mümkündür, hərçənd bu sevgi də illüzor və imitasion səciyyəlidir. Ümumiyyətlə, Sərq klassiklərində məhəbbət bir-birindən plagiatdır. Şərq poeziyasında səmimiyyət sezilmir. Klassik şerdəki məhəbbətdən vəcd duyulmur, ondakı bəlkə yalnız söz oyununa, konrtaslı-obrazlı düşüncə tərzinə heyranlıq yarana bilər. Şərq klassiklərində obrazların təxminən eyniliyə də təəccüb doğurur. Klassik poeziyada gözəllik əsasən zahirdən təsdiqlənir və ona dair təşbehlər sistemi daim təkrarlanır. Əslində erotik təşbehlər sisteminə ədəbiyyatşünaslarımız yalançı əxlaq qatmışlar. Yalançı əxlaq klassiklərə həm yaraşmır, həm də onları eybəcər göstərir və qeyri-insani edir. Klassik poeziyada məhəbbət sxolastikdir və ölü süjetlərlə süslənmişdir. Şərq poeziyasında məhəbbət didaktikdir. Məhəbbət əslində izahı müşkül bir ovqatdır, di gəl klassik poeziya hər dəfə bunu axıracan izahlandırır, hətta ona yalançı və yıpranmış fəlsəfə qatır. Məhəbbətin Şərq poeziyasında interpretasiyası inanılmaz və emosional təsirsizdir. Şərq poeziyasında məhəbbət ədəbi hoqqabazlıqdır. Ondakı əbədi obrazlar yüzillərə calanan oyun sistemini xatırladır. Şərq poeziyası həm də fatal əsarət tipidir. Şərq poeziyası bəşəriyyətin riya qaynaqlarıdır.
XX yüzil Azərbaycan ədəbiyyatşünaslığında riya hədsiz-hüdudsuzdur. Ədəbiyyatşünaslarımız sosrealizm üslubunu beşəlli təsdiqləmişdilər. Özünəməxsus riya təzahürü olan 60-cılar ədəbiyyatı da həmin tərzdə alqışlandı. 60-cılar ədəbiyyatı siyasi imperativlərdən çeşmələnmişdi və onların təzahürü idi. Nikita Xruşşovun razılığı ilə törənən ədəbiyyatdan nə çıxacaqdı ki. Bu ədəbiyyat siyasi riyakarlıqdan özgə bir şey ola bilməzdi. 60-cılar ədəbiyyatı diktaturanın uğurlu bir tryuku idi. Tryuizmlərlə zəngin Azərbaycan ədəbiyyatşünaslığı obyektivlikdən hədsiz uzaqdır və yaranışından mafioz-klan ədəbiyyatı hüzurunda əmrə müntəzir durmuşdur. Qul psixologiyası onun canından indi-indi çıxırsa da, bu, ağrılı başa gəlir. Onsuz sonrakı yüzillərdə ədəbiyyatşünaslığın varolumu indilikdə bir müəmmadır, ancaq hər halda, onun qüslu vacibdən vacibdir. Ölümdən qabaq tövbə fəzilət sayılır. Tövbəsiz ölüm qəbahətdir.
“Hürriyət”, 11.09.1999