Klassiklərdən sonra, Pərvizdən əvvəldə

Tarix: 13-06-2024 00:32
Baxış sayı: 162

Pərvizdən söz demək, türklər demiş, zor bir iş... Zaman onun yaradıcılığına
insafsızlıq edib, uzun sürə onu görmək istəməyib. Heyhat, onsuz zamanlarda zövq
yox... Üstəlik, sən demə, zaman heç ədalətli də deyil; onda əlyazmalar yanır da.
Onunku toydan sonra nağaradır - hər şeyin qiymətini iş-işdən keçəndən sonra
verir.
Mən ədaləti, ideya şəklində olsa da, az-çox yenə insanda gördüm. Fikrində ədalət
dolaşa bildiyinə görə, uca hörmətlərim yenə insanadır.
Pərviz dövlətlə Siyam əkizi ədəbiyyatımızdan daim gen gəzib; onun xoşbəxtcəsinə
rəsmi adlandırılan mətbuatından şübhələnib, çəkinib və bəlkə də ayıqlığına görə
onda çap olunmağı özünə rəva bilməyib. Bu səbəbdən onun yazılarını ölkədə hər
səhər təzə bir dağ kimi ucalan “söz məmulatı” içrə aramalı olmuşam. Mən Pərvizin
əsərlərinə münasibətdə hazırcənab geoloqam. Yazılarını tapıb oxuduqca sevinmiş,
düzdü, bu vaxt o mənim sevincimə təəccüblənmiş, ancaq mən də onun
təəccübünə təəccüblənmişəm.
İki azərbaycanlının bir-birinə bu sayaq qəribə-ideal, bu qədər xortdama bənzərli
təəccüblərini kim görüb? Di gəl, səmimiliyinə hərdən şübhə etdiyim
təbriklərimdən ürəklənib də. Mən – Rafiq Tağı, ömrüm boyu əlimdən ev tikmək
gəlməyibsə də (hökumət “qutu”larına can atana belə şey nə gərək), könül tikməyi
bacarmışam. İlk çağlar onda özünə inam yox dərəcəsində, sıfır həddində idi və
kənardan əsla duyulmazdı. Böyük-kiçiklik bizim uşaqların evini yıxıb.
                Я памятник себе воздвиг нерукотворный,
К нему не зарастет народная тропа... –
Mən bu kopoyoğlu Puşkinin diri-dikbaş sözlərinə heyranam da-a. Amma bizim
Puşkin səviyyəli hər hansı şairimizi dindirirsən, saplağı qırıq armud kimi başını
aşağı dikir. Özünə inam azad insanlara xasdır. Biz azadlıq sarıdan həmişə
axsamışıq. Mən Pərvizə, eləcə başqa uşaqlarımıza da komplekslərdən qurtulmaq
arzulayır, bunu onlardan umur və gözləyirəm. Hərçənd despotlardan qurtulmaq
mənə bundan daha asan gələrdi. Hə, Pərvizdə sistemləşməyə ehtiyac vardı.
Hamımız dedik, mən də mütəmadi dedim, axır yaradıcılığın qara işlərinə də əl
qatdı, qısa bürokratik sıçrayışla “Öləngi” adlı bu kitabı ortaya qoydu. Bu kitabıyla

Pərviz pərakəndə və “naməlum” keçmişindən üzülüşə bildi. Kitab yazıçı
təfəkküründə imperativ doğurandır. Artıq Pərviz özündən – “mən”indən yayına
bilməyəcək. Artıq onun üçün “Öləngi”nin diqqətindən qaçmaq olanaqsızdır. Əsl
ədəbiyyat yolu dini keyfiyyətlidir.
Mən – Pərvizdən az qala ikiqat yaşlı bir sənətçi, onun “Azadlıq”dakı “Ədəbi
Azadlıq” səhifəsinə düşməyi böyük hünər sanar, bundan qürurlanardım. Orda
çıxan “Xalça şərqisi” və “Herakl” hekayələrimin dadı indiyəcən damağımdadır.
Onun “Eqo Yaradıcılıq Ordeni”nə ideya töhfələri, “Yeddi rəng” və “Sənətçi”
(“Avrasiya”), “Siyasətçi və Sənətçi. Olduğu kimi” (“Ekspress”) proyektləri mənim
üçün yaradıcılıq dərnəkləri yerindəydi. Etiraf məqamıdır, mən yazılarımın bir
qismini Pərvizlə bağlı, onun ideyalarından başlanğıc götürməklə yazmışam. Mən
ürəyimdə ona “ideya dağarcığı” deyərdim; qoy indi bunu özü də eşitsin.
Pərviz psixoloji labirintlərdə gəzişməyi xoşlayandır. Labirintdəkilər barəsində hamı
göz-qulaqda olur - əlbəttə, burası sirli-sujetli və sonsuz maraqlıdır. Psixoloji
labirintlər onun üçün bəlkə də Nevski prospekti yerindədir: geniş və düz. Bu
labirintlərə baş vurmaq da Pərviz üçün sonra ordan çıxmaq qədər qələbədir. Onun
hər hansı qələbəsi həmişə qatbaqatdır. Pərviz cansız-sınıq kəndçi balasından
özümlü-özgün bir nasirə gözlərim önündə çevrilib. Belə ki, indi mən klassiklərdən
sonra, Pərvizdən əvvəldəyəm. Mən sözə klassiklərdə qiyabi gördüyüm həssaslığı
onda əyani görmüşəm. Sözə münasibəti əxlaqidir. Modernist ruhunu sözlə sərbəst
reallaşdırır.
Pərviz müdriklər sayaq ölümü tez tanıyıb. Ən geci - ilk gənclikdə. Həm də insanı ən
çox ölüm müdrik edir. Onun ömründə ölüm səmtə sanki bir yürüş var; həyat onun
üçün ölüm anından başlayır. Ölüm fizioloji refleksiyalara son qoyur; bu dünyadakı
cəzalar bitir; insan sanki amnistiyaya düşür. “Ölüm yoxluqdur”, yaxud “Ölüm
yoxdur” kimi fikirlər cəfəngdir. Əlbəttə, Pərvizdəki bu görüşlər bəlkə də ilkin deyil,
ancaq dinlərdən sonrakı bu ikincilik məqbuldur. O, ölümə ən müxtəlif rakurslardan
yanaşır və həqiqətən, hər dəfə onda həyatın başlanğıcını görür. “Öləngi”
romanında qoca prezident ölümü təsadüfən onun avtomobilinin altında qalmış bir
qızın surətində görür. Onun kaftarlığacankı zalımlıq və zülmləri, qəddarlığı, saçdığı
faciələr ölümü tanımamağındandı. Qoca prezident ölüm naşısıdır; o, aqil ola
bilməz.
...Pərviz psixoloji labirintləri əksərən özü qurur, onların interyerini heyrətamiz
naxışlarla bəzəkləyir. Düzdü, bəzən bu labirintlərin təsadüfi düzbucaqlı tinlərində
adamın burnu divara dəyir də. Ya bəzən onun yazılarında tanış fikirlər dairəsinə

düşürsən: “ölməzlərin çoxu pessimist olub”, yaxud “onlarda ümid olmayıb”, “ata
xofu” – bunlar F.Nitşe və Z.Freyddən iqtibas, ən yaxşı halda onlara illustrasiyadır.
“Kilkə” silsiləsi hekayələrində o, F.Kafka metodu ilə işləyib. Əlbəttə, bu oxşarlıqlar
Pərvizdə “bahar xəstəliyi” kimi ötəri və keçicidir. Əsas olan nədir: Pərviz artıq ciddi
bir Azərbaycan nasiri kimi formalaşa bilib. Onun kərpici klassika tərkiblidir. Öncə
söylənilən oxşarlıqları da, çox güman, Pərvizin əbədi sənət kodu içində
olmasındandır. Həm də riyaziyyat ətirli “Öləngi” kitabı, lal deyək, indi olmasa da,
gələcəkdə hökmən oxunacaq. Onsuz biz kitablarımızı gələcək üçün yazırıq.
 
Rafiq Tağı
2000, iyul

Digər xəbərlər

XX yüzildə qərbə son baxış konturları

Əjdər Ol "Rafiq Tağı ki Rafiq Tağı"

Siyasətdə əxlaq

Rafiq Tağının qətli niyə araşdırılmır?

Zamanın toy-yas qeydləri

Şərhlər