Zamanın toy-yas qeydləri

Tarix: 23-01-2017 03:59
Baxış sayı: 2097

Qardaşlar, XXI yüzil Azərbaycana pirotexniki hoqqalar və “kalaşnikov” səsləri daxil oldu. Amma ibtidai bir müharibə illüziyası içrə xeyli yaşadıq. İndi artıq təxminən mən də müharibə veteranıyam. Həri, xarici “xlopuşkalar”dan törənən süni sevinclərimiz zahirdən həqiqi sevinclərə oxşayırdı. Yox, mən gördüyümü gördüm: biz sevincbazıq. Elə ona görə də Kərbəla müsibətdən tutmuş, üzü bəri – hər cür ələmə biganəyik. Arvad-uşaq ölümündən savayı heç bir ölümə vız atmırıq. Millət şəhidlərinin canı cəhənnəmə. Sevinc bizə kədərdən vacibdir. Ölülər və dərdlərimizi ekranlardakı döşlü-başlı müğənnilərimizlə unuduruq. Apolitik yoğun budlar bizi yalançı ideallara yox, həyata çağırır.

 

Biz gələcəyə zaman üstündə bərəyə minmiş kimi irəliləyirik. Mən Kürü bu taydan o taya bərəylə keçəndə də (1972-74) özümü həyatda irəliləmiş sanardım. Ancaq çox “irəliləyib” qocalığa gəlib çıxdım. Əlbəttə, bu heç.

 

Zaman ömürlərdə toy və yaslarla qeydlər edir. 31 dekabrda – II minilliyin son günündə, yasda idim, 1 yanvarda – III minilliyin ilk günündüsə, toyda oldum.

 

YAS: Toyu hələ yadıma gələn bir adamın yasında indiki kədər və keçmiş sevinc səhnələri bir-birinə qarışmışdı. Ay səni göygöz qurbağa, məzara tullanmağa ölünü qabaqlamaq istəyir – qəbrə sallanarkən onun bəy taxtında oturmaqlığı gözlərim qabağında idi. Soyuq məğrurluğunu da soyunub, əyninə isti kəfən taxmışdı. Toyundakı şirindil müğənni yasındakı “ərəbdilli” molla ilə əvəzlənmişdi. Yaxınlar yaxında durmuşdular, uzaqlar – uzaqda. Uzaqdakılardan bəzisi eşşəkcəsinə kimsəsiz qəbirlər üzərinə çıxmışdı. Başlanğıcında uzun gördüyüm zaman sonundan qısa görünürdü. İnsanın ixtiyarında daim qısa zaman olur. Əbədiyyət insana yalnız Allahın lütfü kimi verilir.

 

Mən bu hüzürdə bircə rəhmətliyin özünü tanıyırdım. Sağlığında onunla, düzdü, sınanılmamış dostluğumuz vardı. Toylardan çox, yaslara birgə gedərdik. Havayı məclislər bizi daha çox çəkərdi. Buraya da onun uçub getmiş, yəqin artıq mövcud olmayan xatirinə gəlmişdim. Qəbiristanlıqda tək durmuş və tənha adamlara bənzəyirdim. Boyluya oxşar pota bir kişi nimdaş paltarımdan məni qəbiristanlıq dilənçisinə oxşadıb, gözlərimin içinə zənlə baxdı. Deyəsən, gözlərimdən heç nə oxuya bilmədi: ciddilik və sərtliklərin əlifbasına bələd deyilmiş. Ancaq hər ehtimala, ədəb gözləyib, mənə pul uzatmadı. Axı sədəqə əslində təhqiramiz şeydir.

 

Nədənsə, yasdakılar caniyə oxşayırdılar.

 

Mən qəbiristanlıqda öz dilənçi perspektivimi aşkar gördüm.

 

Həri, məhrumun qırxınacan yeyib-içməklik start götürdü. Yasın toya bənzər yeganə yaxşı cəhəti də elə budur. Mən bazburudlu birisini tanıyıram: ancaq yaslarla dolanır. Kimdi fikir verən, ya onu ordan qovan – həmişə keçib oturur məclisin yuxarı başında. İyirmi-otuz ölü bir il üçün ona xirtdəyəcən bəs edir. O, yaslarda kökəlib. Kökəldikcə də, hörməti artıb. Bədbəxtlikdən, bir dəfə üç-dörd ay heç kəs ölmədi – oğlan az qaldı arıqlayıb çöpə dönsün. Amma keçən il əmisi Rusyətdən qayıdıb, şəhərdə ölənlərin çoxluğunu onun qarın buraxmasından bilmişdi. Hə, mən dəfndən qayıdıb, vayxanada birbaşa yuxarı başa keçdim. Heç kəs tanımırdısa da, mənə güldən ağır bir söz deyən olmadı. Beləliklə bədəbəddə vayxanalarla dolanmaq perspektivini mən də göz altına aldım. Yasdan evə ümidli qayıtdım. Ala qarğa bala çıxarmayan, prezidenti və parlamenti saxta bir ölkədə sağ qalmaq qəhrəmanlığa bərabər işdir. İndi məzuniyyətdə, ancaq sanki ölüm icraatındayam. Oruc tutanlar acların halından hali olduqları kimi, bu saat mən də işsizlərin halından haliyəm. Dolanışığım faizli borclarladır.

 

Mən “dostum”un hüzürünə əxlaqımın tələbilə getmişdim. Ancaq sən demə, yüngüllük edibmişəm...

 

TOY: Yanvarın 1-də toydaydım. Dünənin qara və tütün rəngləri bu gün mənim üçün əlvan işıqlarla əvəzlənmişdi. Xoşbəxtlik həmişə rəngli təsəvvür olunub və olunur; onu daim şən musiqi müşayiət edir. Qarşılarındakı zaman bəy və gəlin üçün hələ uzun görünürdüsə də, dünənki təcrübəmə əsasən, mən onu qısa görürdüm. İşə bax, eyni zaman kəsiyi həm uzun, həm də qısa idi, həm sonsuz, həm – an şəklində. Toyda da, yasdakı kimi, məni bir kimsənə tanımırdı. Bəyin qardaşı məni dəvət edəndən sonra özü ondan küsüb toya gəlməmişdi. Ancaq Ətağa cəddi, dünyada tanınmamaqdan gözəl şey yoxmuş. Burda yeməkləri gözümə təpsəm belə, bu heyvərəlik heç kəsin yadında qalmaz. Bu şəraitdə ədəb qaydalarını asanca pozmaq da mümkündü. “Medlenni” rəqslər zamanı, bilməməzlik edib, gözəl xanımları bərk-bərk qucaqlamaq da olar. Həri, məşhurluq Azərbaycan mühitində erotik şeyləri istisna edir. Mən özüm respublikada az-çox şöhrət sahibiyəmsə də, yalnız heykəlinə görə Səməd Vurğunu tanıyan bu ağ libaslı qara kütlə içində tanınmaz idim. Buşmenlər arasına hollivud “ulduz”u kimi düşmüşdüm. Həri, tanınmamaq azadlığında, müvəqqəti olsa da, bir şirinlik var. Ancaq 2-3 yanvardan yenə öz şöhrətimin içində bulunacağam. Ləbbadəm əxlaqdır, onu əynimə taxıb tələsik mətbuata çıxacağam. Qardaşlar, əxlaq ictimai şərtilikdir, onun fərdə heç bir dəxli yoxdur. Mən nə deyim, özünüz görübsünüz, zorlamalar da ancaq qeyri-ictimai yerlərdə və təklikdə baş verir. Əxlaq və onun kateqoriyaları əslində heç kəs üçün maraqlı deyil. Sadəcə, əxlaq – şöhrət mənbəyidir. Dövləti cinayətlərin də əxlaq dilində adı siyasətdir. Öz aramızdır, parlamentin legitim tanınması fahişənin “təmiz” adlandırılmasına çox oxşadı.

 

Həri, heç kəs məni tanımadığından, toyda qarnım dombalanacan yeyib-içib, bir-iki qızla da mazaqlaşıb-telefonlaşıb, çıxıb getdim evimə. Evdə məni əxlaq gözləyirdi.

 

Yas və toy minillər dönəmini fəlsəfi rəmzləndirdi. Dünyadan bixəbər azərbaycanlı üçün yas və toy elə həmişə fəlsəfi biliklər mənbəyi olub.

 

 

“Millətin səsi”, 07.01.2001

Konspekt

Digər xəbərlər

MON­­QOL AT­­LA­­RI

Rafiq Tağının ikinci qatili

Əli Əkbər Rafiq Tağı haqqında

Rafiq Tağının adyazar.az saytına müsahibəsi

Ədəbi qalmaqallar Azərbaycanda vətəndaş sülhünün təzahürüdür

Şərhlər