Tarix: 25-03-2015 10:48
Baxış sayı: 2110
Rafiq Tağı dəyərli aydın idi. Özünəməxsus bədiyyatçı, yazıçı idi, özünün xətti vardı. Azərbaycan üçün bu cür dərin düşünən, çağdaş inkişafı izləyə bilən aydınlar çox gərəkdir. Ola bilir ki, belə aydınlar bəzən toplumdakı konyukturanı nəzərə almadan, hər hansı hadisəyə kəskin münasibət bildirirlər. Belə aydınlara dözümlü yanaşmaq gərəkdir. Rafiq Tağının başına belə bir hadisənin gəlməsi Azərbaycan ictimai mühiti üçün çox acınacaqlıdır. Qaragüruhsuz bu məsələ törəyə bilməzdi. Qara fikirli, niyyətli insanlar belə bir işə cəsarət etməməliydilər.
Hələ demokratiya güclü olmayan çağlarda Volter kralı söyürdü. Bir dəfə kral onun yaşadığı yerin yanından keçəndə Volterə baş çəkmək istəyir, o da kralı söyüb qovur. Lakin buna görə Volteri həbs etmirlər.
Avropanın dini xristianlıq, peyğəmbəri İsadır. Ancaq orada böyük, geniş oxunan yazıçılar İsanı tənqid edən əsərlər də yazırlar. Bununla belə, Avropa heç də İsasız qalmır. İnsanlar düşünməyi, bütə qarşı söz deməyi öyrənirlər, onlarda fikir cəsarəti yaranır. Ona görə də Rafiq Tağı kimi aydınlarımıza imkan vermək gərəkdir ki, onlar fikirlərini açıq bildirsinlər. Lakin analitik münasibət nə şəxsin, nə də hər hansı baxışın təhqirinə keçməməlidir.
Fikir adamını bu cür öldürmək orta əsr düşüncəsidir. Rafiq Tağı indiki başıpozuq dünya hadisələrinin qurbanı oldu. Dövlət özünün aydınlarını qorumalıdır. Rafiq bəyin Azərbaycan dövlətinin müdafiəsi üçün yaxşı yazıları vardı.
Dünyanın işləri qarmaqarışıqlıqda da qloballaşıb. Xuliqanlıq da, qaragüruh da qloballaşıb.
Rafiq Tağının ölümünü faciəli hadisə sayıram. O, mübariz, düşünən idi, bilikliydi, daim axtarışdaydı…
Rafiq Tağı bizim itkimizdir.
Rafiq bəyin yaxınlarına, onun kimi düşünən aydınlarımıza başsağlığı verirəm.
Qaranlıqlar yarılsın!
23 Yağış ayı 33-cü il.
(23 noyabr 2011).