Seymur Baycan: "Doktor"

Tarix: 25-03-2015 10:48
Baxış sayı: 3197

Çexov haqqında deyiblər: "O, həm yaradıcılığı, həm də həkim sənəti ilə insanlığa ən çox xidmət edən yazıçı idi". 

Rafiq Tağı mənə həmişə Çexovu xatırladıb. İlk tanıdığım vaxtdan Rafiq Tağıya "Doktor" deyə müraciət etmişəm. Rafiq müəllim həqiqi həkim idi. O, həkim sənətinin müqəddəsliyini, romantikasını anlayırdı. Bu da təəssüf ki, bizim ölkədə çox nadir rast gəlinən haldır.

Rafiq Tağı Azərbaycanda rast gəldiyim ən vicdanlı, ən təmiz insanlardan biri idi. O, həqiqətən də öz xəstələrinin hansı təbəqədən olmasını əsla nəzərə almırdı. Onu istənilən zaman narahat etmək olardı. Nə vaxt istəsən. Gecəyarı, səhər tezdən. Məsləhət vermək bir yana, dəfələrlə özü zəng edib vəziyyətlə maraqlanardı. Müxtəlif rituallara mexaniki əməl etməklə guya allah bəndəsi olduqlarını özləri özlərinə sübut edənlər, mənəviyyat, vicdan, ruh, savad baxımından doktordan milyon dəfə kasıb idilər. O kəslər ki, "Peyğəmbəri təhqir edən yazar qandallandı",- xəbərini sevinə-sevinə "Yeni Xurafat" qəzetinin birinci səhifəsinə çıxarmışdılar. O kəslər ki, Rafiq müəllimin həbs olunması üçün məsələni xeyli qızışdırdılar. 

 

Doktor özünü mömin adlandıran kəslərdən min dəfə artıq Allah bəndəsi idi. Bir daha təkrar edirəm: Rafiq Tağı Azərbaycanda gördüyüm ən vicdanlı, ən təmiz insanlardan biri idi. Onun məhkəməsində ""Makar" susmayacaq" qışqıranlar Ramazan ayında məscidlər bağlananda qəşəngcə susdular. Əlbəttə, güc qarşısında susub, amma ziyalıyla, yazarla şillə-təpik diliylə danışanları zatən zaman özü cəzalandırır. Zatən bugünkü İslam ölkələrinin halı, cəhalət, antisanitariya, mədəniyyətin olmaması, savadsızlıq, insana insan kimi dəyər verilməməsi yazara, elm adamına, ziyalıya qarşı tətbiq edilən zorun, şiddətin nəticəsidir. 

 

Rafiq Tağı həbsdən azad olunanda Turxan Qarışqa tez onlara getmişdi. Fotolar çəkmək üçün. Deyir ki, Rafiq bəy divanda anası ilə yanşı oturmuşdu. Anası Rafiqi qucaqlayıb deyirdi: "Peyğəmbər kimi təmiz adamdı, bunu niyə tutmuşdular?" 

Həmin qadından - doktorun anasından Rafiq Tağının, övladının qətlə yetirilməsini hələ də gizlədirlər. Anasının doktorun öldürülməsindən xəbəri yoxdur. Qadına deyiblər ki, doktor ölkədə yoxdur, xaricə gedib. Qadın isə oğlunun niyə ona zəng etmədiyini tez-tez soruşur... 

 

Bu gün avqustun 5-i Rafiq Tağının doğum günüdür. Həm də onun oğlu orduda bir əsgər kimi bu gün and içir. 

 

Kulis.az saytında doktorun evindən hazırlanmış reportajı oxudum. Doktorun xanımı deyir ki, bilmirəm hara gedim. Rafiqin qəbrini ziyarət etməyə, yoxsa oğlumun andiçmə mərasiminə... 

 

Təsəvvür edin, arıq, sısqa, mədəni, vicdanlı, savadlı bir insan evinə gedir. Qaranlıqda peyda olan biri bıçaqla bu yaşlı, arıq, sısqa insanın, yəni doktorun üstünə hücum çəkir. Doktorun həmin anda keçirdiyi hissləri gəlin bir anlıq təsəvvür edək. Çətindi, mümkün deyil, amma gəlin cəhd edək. 

 

Bir daha yazıram. Arıq, sısqa, vicdanlı, savadlı, ziyalı bir insan evinə gedir. Qaranlıqda peyda olan bir məxluq bıçaqla ona hücum çəkir. Gəlin, həmin anda doktorun keçirdiyi hissləri təsəvvür edək. 

 

Azərbaycanın hər bir tərəqqipərvər, marifpərvər insanı bu qətl hadisəsini lənətləməlidir. Doktora qarşı qəsdi lənətləmək öz övladının gələcəkdə sivil cəmiyyətdə yaşamasını arzulamaq dəməkdir. Onun ölümünə sevinənlər, sevinib də bunu büruzə verməyənlər öz övladlarının gələcəkdə bəşəri dəyərlərdən uzaq, vəhşi bir cəmiyyətdə yaşamasını arzu edənlərdir. Birdəfəlik başa düşmək lazımdır ki, fikirə qarşı zor tətbiq etmək, fikir adamı ilə, yazarla şillə-təpik diliylə danışmaq olmaz. Nəəqədər şillə-təpiyə üstünlük verəcəksinizsə, bir o qədər də antisanitariya, cəhalət bataqlığında boğulacaqsınız. Əgər nə vaxtsa Azərbaycanda sivil, bəşəri dəyərlərə söykənən bir cəmiyyət qurulacaqsa, həmin cəmiyyətin üzvləri doktora qarşı törədilən qətl hadisəsindən dəhşətə gələcəklər. Əgər nə vaxtsa Azərbaycanda sivil, bəşəri dəyərlərə söykənən bir cəmiyyət qurulacaqsa, həmin cəmiyyətin üzvləri doktora qarşı törədilən qətl hadisəsinə görə xəcalət çəkəcəklər. Nə vaxtsa yaşadığımız bu günlər tarixə çevriləcək. Zamin Hacının təbirincə desəm, Rafiq Tağının qətli Azərbaycan tarixinin şərəfsizlik səhifəsidir.

 

Seymur Baycan

 

Digər xəbərlər

Toğrulnərimanbəyov rəssamlar

Nərmin Kamal : "Rafiq Tağı və neft"

Gecikən pul

Bəxtiyar Vahabzadəni mənim qədər nəhəng görən olmayıb

ALMANLAR HAQQINDA HƏQİQƏTLƏR. Alman (faşist) xalqının psixoloji portreti

Şərhlər