Tarix: 11-01-2016 11:54
Baxış sayı: 3006
Satira ədəbiyyatı bu gün çoxlarımızın sevimlisidir. Təndqid edilməyi millət olaraq sevməsək də, satira bizim üçün çox vacibdir. Bu mövzuya dair yazmaq ciddi ədəbiyyatşünaslıq təcrübəsi tələb edir. Məhz bu səbəbdən Rafiq Tağının “Azərbaycanda imperiya satira ədəbiyyatı effekti” məqaləsini sizlərə təqdim edirəm:
Milli ədəbiyyatlarda satira imperiya siyasətinin nəticəsi olaraq ortaya çıxır və bu, ədəbiyyatda imperiya üslubu adlandırıla bilər. Çataçat söyləməyimiz gərək: Azərbaycan ədəbiyyatında satira XIX əsrdə – Rusiya Quzey Azərbaycanı ilhaq etdikdən sonra formalaşıb. Satiranın məhz Azərbaycanın Quzeyində “çiçəklənmə”si də ictimai fikrə Rusiya imperiyası təzyiqlərinin parlaq təzahürü, danılmaz sübutudur. Azərbaycan ədəbiyyatında satira millətimizin qalxınışı yox, çöküşü idi. Minillik ədəbiyyatımız iflasa uğramış oldu; bu özü ondakı idraki qüsurları üzə çıxardı. Rus şovinizmi Azərbaycan insanını ona yox, özünə gülməyə vadar etdi. Bu, gülüş də yox, kölə hırıltılarıydı. Məqsəd insanımızı yüksəltməkdisə, satirayla onu alçaltmaq nəyə lazımmış.
Satira ədəbiyyatı milli özünəqəsddir.
XIX əsrdə satira nümunələri siyasi aktlaşmalar sonrası ilk ədəbi təslimçilik sənədləri idi. Doğrudan da, bu asanlıq və tezlikdə aldanış, satiraya qaçatbasdı keçid milli təfəkkürümüzdəki boşluqlardan xəbər verdi. Üstəlik, köləliyə hər an müntəzir durmağımızdan, qul olmağı faciə sanmamağımızdan. Ümumən, satira milli psixologiyamıza aşılayıcı-aşağılayıcı təsir göstərdi.
Dediyimiz kimi, satira əsasən imperiyalara xasdır və azsaylı millətlərin assimilyasiyası, yaxud artıq bu proses varsa, onun gücləndirilməsi üçün düşünülüb. Ədəbi satira siyasi məkrin mabədidir. Heç bir sısqa-cılız, ya inkişafca zəif millət satira həmlələrinə tablamaz və tezliklə də öz kimliyini bilmərrə unudar, ondan vaz keçər. Satirik ədəbiyyatla millət yaxşılaşmaz, yüksəlməz, əksinə, korazehin və qorxacaq olar. Satira fərd, ya toplumun gələcək yaşamına açıq təhlükədir. Satira yaşamı yox, məhvi, olumu yox, ölümü nəzərdə tutur. Satirik ədəbiyyatın təşrih etdiyi naqisliklər əlahiddə hal kimi heç vaxt yalnız bir fərd, ya bir millət üçün səciyyəvi ola bilməz. Növi-bəşər birdir və aşağı-yuxarı hər cəhət hamıda var. Axı, Z.Freyd bunun psixoanalitik düsturunu çoxdan verib. Mahiyyətcə heç bir millət başqasından üstün deyil. Sadəcə, müvəqqəti sənaye-texnoloji irəli-geriliklər mümkündür. Burnunu dik tutan, özünü yüksək sayan millətlərin hər hansı dağıdıcı zəlzələ, ya qasırğadan sonra çapovula-qarətçiyə çevrildiyini çox görmüşük. Milli özünüyüksəltmə ideyaları eləcə milli şizofreniya əlamətidir, həmişə də tənəzzüllə bitir.
Sadə bir həqiqət: insan mədəniyyət yarada bilən heyvandır.
Satira həmişə biryönlü və subyektiv dəyərləndirmədir. Palitrada müsbət çalarları da görməmək ədalətsizlik olmazdımı? Bəşər varolumu facianədirsə, bu fonda satira yaradıcılığı yöndəmsiz-yersiz deyilmi? Ona qalsa, “qah-qah” yazarlarımız özləri də satira personajlarıdır. Azərbaycan satira ədəbi məktəbinin banisi M.F.Axundov XXI əsr uzaqlığından çar polkovniki qiyafəsində gülməli görünmürmü?
Dediyimiz kimi, Rusiya imperiyasının Azərbaycan adlı əyalətdə ilk satira ədəbi effekti M.F.Axundov komediyaları oldu. Bu effekt imperiya üçün sevincdən qəşş ediləcək qədər böyük uğur idi. Millətin qanına özünüifşa virusu yeridilməklə, imperiyanın bu məkanda gələcəyi indidən təmin edildi.
Siz fələstinlilər, ya çeçenlərdə satira ədəbiyyatı təsəvvür edirsinizmi?
M.F.Axundov yaradıcılığı Rusiya imperiyasının antimilli siyasətinin böyük uğurlarındandı. Siyasət öz ədəbiyyatını doğurmuşdu. Bununla da imperiya Şərqə şər atmağa başladı. Şərq insanı alçaldıldı, gözdən salındı. M.F.Axundov I Pyotrun ruhunu şad elədi. Axtarsan, Azərbaycan satira ədəbiyyatının I Pyotr islahatları ilə göbək ciyəsi bağlılığı var. Satirik ədəbiyyatla Azərbaycanın keçmişi və gələcəyi arasında çat yarandı. Çat da yox, uçurum. Keçmiş – xalqın həyatından silindi. Gələcəksə ancaq keçmiş üzərində qurular. Bugün fəsadlaşmış keçmiş kimi qələmə verildi. Millətə yalnız qondarma-sintetik bir gələcək saxlandı. Yüzillərin insanı məhəbbətə sövq edən, Tanrıyla bağlı ilişgiləri silinib atıldı. Ədəbiyyatda təbii oluşmuş elitarlıq itdi. Onun yerində çığırğan, sosiallıqda dişlərini ağardan, hələ bu azmış kimi də, bataqlıqda başını qovzayıb əbədiyyətə boylanan, barbar bənzərli satiriklər gəzişməyə başladı. Sosiallıq ədəbiyyata soxuldu, bununla da ədəbiyyat vulqar xarakter aldı. Tarix ədəbiyyat üçün maraqsız oldu. Satirik ədəbiyyat dairəsində uca türk tarixi unudulmağa məhkum edildi. Xüsusən də, Azərbaycan türkü bu tarixdən uzaqlaşdırılıb təkləndi. Rus-türk savaşlarının intiqamı öz satirik ədəbiyyatımızlaca alındı.
Sosial həyatdakı çatışmazlıqların satirik həlli yolu böyük anlaşılmazlıqdır. Satirik ədəbiyyat ictimai həyatın səhvi, ümummədəniyyət defektidir. Ədəbiyyat təsərrüfat idarəçiliyi metodu deyil. Mirzə Cəlil, Sabir və Ü.Hacıbəyovda şahə qalxmış ifşa ruhu Azərbaycan coğrafi ərazisindəki insanların kökünü kəsməyə əsas verirdi. Onların yaradıcılığı Azərbaycan insanını bəşəriyyətin axırıncı sıralarına itələdi.
“Molla Nəsrəddin” ədəbi məktəbi Azərbaycan türklərinin ümummilli fəlakətidir. Bu fəlakəti Azərbaycan mədəniyyətinin təşəkkülü kimi qələmə verənlər yanılırlar. “Molla Nəsrəddin” ədəbi məktəbi mütəmadi olaraq insana nifrət aşılamış və özünüdərkimizin qarşısını almışdır. Bizi Qərbdən islam ayırmışdısa, Şərqdən “Molla Nəsrəddin” ədəbi məktəbi ayrı qoydu. Eləcə arada qaldıq. M.F.Axundov yaradıcılığı Rusiya imperiyasının Şərqə iri yumruq zərbəsi idi. Şərq müvazinətini itirdi. Harmoniya, homeostaz yox oldu. Bunun günahları bütünlüklə Azərbaycanın üstündədir. Azərbaycan öz satirik ədəbiyyatı ilə Şərqi imperiyaya satmış məmləkətdir.
Azərbaycan imperiya satira ədəbiyyatı tərəqqi artefaktıdır.
Ədəbi satiramız zaman-zaman millətə natamamlıq kompleksi aşılayıb. Əsas da elə bu səbəbdən torpaqlarımız əldən getdi. İndi onları geri qaytarmağasa cürətimiz yox. Milli iqtidarımız qırılıb. Hərbi maskulinizasiyamız müəmmalı və şübhəli görünür. Mən deyərdim, satira ədəbiyyatı Azərbaycanın taleyində cinayətkar rol oynamış, onun belini qırmışdır. Bugünəcən milli ideologiyamız düz-əməlli işlənməyib. Biz torpaqlarımızı da istəmiriksə, görən, onda nə istəyir və niyə yaşayırıq? Göründüyü kimi, beynəlxalq sionist-mason təşkilatlarının qloballaşma planı da Azərbaycanda asanca yeriyir. Çünki satira ədəbiyyatımız öz mənhus rolunu oynamış, Azərbaycan insanının müqavimət ruhunu öldürmüşdür. Satira ədəbiyyatımız bizi gözüqıpıq böyüdüb, uydurma naqisliklərimizə özümüzü inandırıb da. Qəhrəmanlıq bizə yaraşmaz, deyilib, inanmışıq. Qarabağın açarı fövqəldövlətlərin əlindədir, deyib də, qollarımızı yanımıza salmışıq. Rusiya imperiyası başımıza gətirdiyi bəlaları öz satira yaradıcılığımızla törətmişdir.
Satira ədəbiyyatımız Rusiya imperiyasının əyalətlərdəki antimilli, antimədəniyyət proqramının bir komponentidir.
Satira hədsiz realist-dünyəvi hadisədir və onun göylərlə qəti bağlılığı yoxdur. Allah insanlara bəxş etdiyi talantın satiraya məsrəfini istəməzdi. Satirik ədəbiyyat insanlığa metodoloji səhv yanaşmadır. Satira düşmənçilik mənbəyi, insanın insana nifrəti faktıdır. Komediya həmişə faciə prelüdüdür. Satira təhqiqatları bəşər üçün təhqiramizdir. Satira əxlaqa ziddir, əxlaqsızlıqdır.
Müstəqil dövlət quruculuğumuzda satira ədəbiyyatımız tamam əhəmiyyətsiz və yersiz, hətta olduqca ziyanlıdır. Satira şeytani bir nəsnədir və insanlığa layiq ədəbiyyat deyil. Satirik ədəbiyyat həmişə hiperbolik səciyyəli olur; milli-mənəvi dəyərlər onunla təhriflərə məruz qalır. Bir tək savadsızlığın ləğvi, yaxud təhsilin yetkin halı Mirzə Cəlil yaradıcılığını mənasızlaşdırar, onu heçə endirərdi. İstənilən dövlət savadsızlığın ləğvi minimumlarıyla satirik ədəbiyyata yox deyər. Ümumiyyətcə, satira ibtidai inkişaf pilləsində qurdalanan xalqlar üçün daha səciyyəvi ədəbiyyatdır. Yumşaq desək, satira millətə qarşı ədəbi xuliqanlıqdır. Kobud bir misal: hüquq-mühafizə sistemi sərrast işləyərsə, bu torpaq üstündə şeyxnəsrullahlara yer olmaz. Ədəbiyyatın hüquq-mühafizə orqanlarının funksiyasını öz üzərinə götürməsi nə dərəcədə doğrudur? Dərrakəli insanlar toplumu satirik baxışları özündən rədd edər. Ədəbi sənətkarlıq xüsusiyyətlərini bir kənara qoysaq, Mirzə Cəlil yaradıcılığı ancaq və ancaq milli cinayətlərin barmaqla göstərilməsi, onların sadalanmasıdır. Ədəbi yaradıcılıqsa cinayətlərin ardınca sürünməməlidir. Cinayət mədəniyyətlər dışı hadisədir və bu səbəbdən də ədəbi kitablara yox, yalnız kriminalistlərin qeydiyyat kitabçalarına düşməyə layiqdir. Yeri gəlmişkən, detektiv əsərlər ən az ədəbiyyat, ən çox biznes sahəsi faktlarıdır. Millət Şeyx Nəsrullah kimi bir fırıldqçının əlində giriftar qalmamalı, hələ durub ona xüsusi ədəbiyyat həsr etməməli, bu ədəbiyyatı oxumağa yüzillərini xərcləməməlidir. Qısa və konkret: şeyxnəsrullahlar məqamında qolubağlı qazamata atılmalı və dərhal unudulmalıdır. Bunun üçün satira ədəbiyyatının yox, polis-kriminalistika sahəsinin inkişafı yetərlidir. Şeyxnəsrullahların ədəbiyyat yoluyla islahı mümkünsüzdür. Şeyxnəsrullahları teatrlarda seyr etdikcə, onlar azalası deyil. Əksinə, bəlkə arta da bilər; “sarsaq nümunə yoluxucudur”. Mən sizə bir sirr açım: Mirzə Cəlil özü Şeyx Nəsrullaha rəğbətlə yanaşıb, “gündə bir xurma” yeməsinə onun paxıllığı tutub. Əlbəttə, bu, mətnlər üzrə induktiv-deduktiv psixoloji araşdırmalar tələb edən şeydir və əslində, sübut oluna bilər də.
Publisist Üzeyir Hacıbəyov Mirzə Cəlilin zəif bir variantı kimi zaman boyu irəliləməkdə. Ü.Hacıbəyov musiqidə millətə nə qədər fayda gətirmişsə, satira yaradıcılığıyla bir o qədər zərər yetirmişdir. Satira Üzeyir bəyin ruhuna qəti uyğun olmayıb və təqlidi xarakterlidir. Ü.Hacıbəyov komediya yox, faciə dühasıdır.
Bir başqa cəhət. Azərbaycan satiriklərinin yaradıcılığı jurnalistika effektlidir və bizdə nəsrin sən deyən təşəkkül tapmamasını göstərir. Bu ədəbiyyat əbədi deyil və gələcəkdə aktual olmayacaq. Adicə maarifin güclənməsi lağ-loğaza son qoyacaq. Min Mirzə Cəlil bir təhsil islahatının yerini verə bilməz.
Şəksiz, ədəbi satira məktəbi ədəbiyyat tariximizdə öz layiqli yerini tutmalıdır, hətta artıq o yeri tutub da. Lakin ondan bihuş olmaq, ondan nicat gözləmək bihudədir. Bizdə imperiya satira ədəbiyyatı qədərindən artıq şişirdilib-qabardılıb və ola bilsin də ona yox deməyin vaxtı çatıb. Bəlkə ancaq onda Azərbaycan öz utancaq başını ucalara qaldıra bilə. Baş yalnız göylərdə məğrur görünür.