Tarix: 02-11-2015 06:14
Baxış sayı: 2297
"Alma" qəzeti kollektivinin Rafiq Tağı ilə müsahibəsi
Yazıçı-publisist Rafiq Tağının artıq azadlığa buraxıldığı hamıya məlumdur. Yazar dostumuzun hürriyyətə qovuşmasından ən çox şad olanların siyahısında təbii ki, biz də varıq. Azadlığının sevincini Yeni il və üst-üstə düşən digər bir neçə bayram bolluğuna qarışdırmış yazıçıdan müsahibə almaq həm də onu redaksiyamıza dəvət etmək, türklər demiş “hep birlikde” onunla ürəkdən söhbət etmək üçün bir bəhanə oldu. Doğrudur, dahilərin gəlişi üst-üstə düşdüyündən, yəni ölkənin ən yaxşı iki nasiri – Rafiq Tağı və Həmid Herişçi eyni vaxtda bir-birindən xəbərsiz redaksiyamıza gəldiklərindən, redaksiyamıza qonaq gəlmiş baş redaktorumuz İsrail Musayev də təsadüfən burada olduğundan, ara qarışıb, məzhəb itdiyindən, müsahibə-söhbət vaxtı hərə “öz ölüsünü ağladı”ğından, yəni hərə özünü maraqlandıran sualları verdiyindən, müsahibə yox, həftəbecər alındı. Amma hər halda azadlığının təzə-tər vaxtlarını yaşayan həkim-yazar Rafiq Tağının səmimi söhbətinin hamı üçün çox maraqlı olacağına inanırıq.
Bu soyuq qış günlərində, elə redaksiyamızın mətbəxindəcə, bir stəkan isti çayın işığında elədiyimiz odlu-alovlu söhbəti sizin ixtiyarınıza veririk.
Elnur Astanbəyli:
-Rafiq müəllim, azadlığa öyrəşə bilirsiniz? Hərdən azadlıqda olduğunuzu unudub, özünüzü məhbus kimi aparmırsınız ki?
Rafiq Tağı:
- Yavaş-yavaş öyrəşirəm. Həm də mən məhbəslə siz deyən azadlığın fərqini elə də hiss eləmədim. Məncə, əsas məsələ daxili azadlıqdır. Adam balaca bir kameraya, ya hücrəyə qapadılar da, ancaq daxilən o qədər azad ola bilər ki, bu dörd divar onun üçün görünməz də. Amma insan böyük bir ölkədə geninə-boluna gəzə-gəzə, sanki yaşaya-yaşaya da daxilən özünü dustaq kimi hiss edər. Mən daxilən həmişə azad olmuşam.Həbsxanada, sadəcə, fiziki azadlığım yox idi. Əlbəttə, hərəkət məhdudiyyəti təhqiramizdi.
E.A:
- Bu təcrübədən keçmiş bir insan kimi nə deyə bilərsiniz? – həbsxana həyatı yazıçıya nə verir?
R.T:
- Mən heç vaxt təsdiqləmərəm ki, daha yaxşı yazıçı olmaq üçün gərək mütləq həbsxanaya düşəsən. Həbsxana da həyatın bir dövrü kimi qavranmalıdır: yazıçılardan bunu keçəni də olur, keçməyəni də. Yazıçılıq həbsxanaya düşüb, ordan nəsə yazmaqdan ibarət deyil. Lev Tolstoy 1812-ci il müharibəsini görməmişdi, amma məhz ondan yazmışdı. Həm də yazıçılıq təkcə real faktlardan, onların təsvirindən ibarət deyil ki. Yazıçıdan fantaziya, təxəyyül tələb olunur. Başlanğıcdasa – istedaddır. Məncə, faktologiya yazıçının yaradıcılığında minimum olmalıdır.
E.A:
- Həbsdən əvvəl, həbsdən sonra , elə indinin özündə də adınızın ətrafında böyük bir ajiotaj hökm sürür. Siz yazıçı kimi bir az da məşhurlaşdınız.İndi öz üzərinizdə o məşhurluğu hiss edirsiniz?
R.T:
- Belə məşhurluğu Allah kəssin. Əvvəllər kimsə məşhurluqdan şikayətlənəndə, onların səmimiliyinə şübhələnərdim. Elə bilərdim hoqqabazlıq edirlər. Amma indi görürəm ki, doğrudan da, hərdən şöhrət adamın özünə qarşı çevrilir. Mənim üçün yaradıcılıq özünü izhar etməklikdir. Boris Posternak necə deyib:
Цель творчества самоотдача,
А не шумиха, не успех.
E.A:
- Adətən həbsxanaya təzə gələnlərdən onların nə üçün həbs olunduqlarını soruşurlar. Bəzi yerlərdə isə oradakılar artıq bu barədə məlumatlanmış olurlar. Sizdən nə üçün həbs olunduğunuzu soruşanda, siz səbəbi deyəndə, reaksiya necə olurdu?
R.T:
- Açığı, mən ora düşənə qədər həbsxanada hamı məsələni bilirdi. Orada da müxtəlif radiostansiyaları dinləyən, mətbuatı izləyənlər var. Hamı da təəccüblənirdi: necə olur ki, adamı söz yazması üstündə tutsunlar. Mən deyərdim ki, bəlkə heç bir sənəti olmayan, adı qaragün dustaq insan azadlığını bizim əksər hakimlərdən düzgün başa düşür. Və mən onların hamısından özümə münasibətdə hörmətdən savayı bir şey görmədim. Onlar ideologiyanı bir kənara qoyub,mənim fərdi insani keyfiyyətlərimə önəm verirdilər.
İsrail Musayev:
- Bəs sizin əslində “Avropa və biz” məqaləsinə görə deyil, “Tapdaqıstan Laplandiya” hekayəsinə görə həbs olunduğunuzu bilirdilər?
R.T:
-Açığı, bu, hələ özümə də qaranlıqdır. Yəni mən də məhz o hekayəyə görə tutulduğumu iddia edə bilmərəm. Amma belədirsə, yəqin azadlıqda da, həbsxana terminiylə desək, “işverənlər” var. Yeri gəlmişkən, türmədəkilərin onları görməyə gözü yoxdur. “Dustağı olan”, yəni kimisə həbsə atdırmış adamın yeri çöldə firavan həyatdırsa, içəridə -g.xanadır. Eləsi içəridə kişilərin yanında otura bilməz.
Günel Mövlud:
- Yeri gəlmişkən, Rafiq müəllim, orada deyəsən çoxlu türmə jarqonları öyrənmisiniz?
R.T:
- Öyrənmişəm. Amma təəssüf ki, indi onlardan gen-bol istifadə edə bilmirəm, redaksiya elə sözlərin yeri deyil.
Həmid Herişçi:
- Sual olunur, Rafiq bəy, bu məsələdən bir müddət öncə sizin və Samir Sədaqətoğlunun Yazıçılar Birliyindən xaric edilməsi təsadüfi idimi? Ümumiyyətlə, AYB bir yazar kimi sizi müdafiə etdimi?
R.T:
- Məni hətta Tibet Yazıçılar Birliyi də müdafiə etdi, Azərbaycan Yazıçılar Birliyisə bu proseslərdə fil qulağında yatmışdı. Yalnız çox nüfuzlu saysız-hesabsız beynəlxalq qurumlar məni müdafiə edəndən sonra, azadlığımı tələb edəndən sonra bizimkilər bu barədə fikirləşiblər. Eşitdiyimə görə, həbsimə təəssüfləniblər də. Çox sağ olsunlar ki, təəssüfləniblər. Bizim “cinayət işi”mizin qovluğu, tutalım,15 sm qalınlıqdaydısa, onun 10 sm-i Yeni Zelandiyadan tutmuş, Avropaya, Amerikaya qədər –bütün ölkələrin yazıçı-jurnalist qurumlarından gələn məktublardan yaranmışdı.
E.A:
- Azərbaycan yazıçılarının pen-klubundan da məktub vardımı? Maqsud müəllimdən...
R.T:
- Maqsud İbrahimbəyovun bəlkə də heç mənim həbs olunduğumdan xəbəri yoxdu. Bəlkə hələ də bilmir. Yəqin xoş həyatdan başı ayılmır. Ancaq mən ona can sağlığı arzulayıram, eşitmişəm xəstədir.
İ.M:
- Rafiq müəllim, sizi beynəlxalq təşkilatlar daha çox hansı müstəvidə müdafiə edirdilər: yəni həbsinizin kökündə ideoloji motiv olduğuna görə, yoxsa bir yazıçı kimi?
R.T:
- Daha çox bir yazıçı kimi. O məktublardan anlaşılırdı ki, jurnalist, yazıçı cəmiyyəti hətta şoka salan sözlər, fikirlər işlədə bilər. Buna görəsə onu həbs etməyi beynəlxalq hüquq yasaqlayır. Axı, əslində cəmiyyət kollapsa, şoka düşəndən sonra yeni keyfiyyətlərlə üzə çıxır və daha da zənginləşmiş olur.
E.A:
- Rafiq müəllim, həbs olunanda sizi ittiham edən bir çox mühafizəkar qüvvələr belə fikir atmışdılar ortalığa: bu addım bir çox yazıçıların istifadə elədiyi təcrübədi. Cəmiyyəti qıcıqlandırmaq, özlərinə qarşı təzyiqlər yaratmaq, adlarının ətrafında qalmaqallar təşkil etmək və bunlardan istifadə edərək nüfuzlu ödüllər almaq. Bu cür fikirləri yəqin ki, siz həbsdə olanda mətbuatdan da oxudunuz. Maraqlıdır, bu fikirləri necə qarşılayardınız?
R.T:
- Məni tanıyan bütün yazıçılar, yaxın dostlarım bilir ki, mən həmişə belə yazmışam. Bu, mənim illərcə formalaşmış üslubumdur. Və hamı bilir ki, ən sərt ifadələrimdə də heç bir nifrət hissi yoxdur. Təmtəraqlı çıxmasın, hər şey millətimə sevgidəndir. Axı, insanlarının başının altına balış qoymaqla onları tərəqqiyə çatdırmaq olmaz. Gərəkdir cəmiyyəti silkələyəsən. Mənim şöhrət qazanmaq, nüfuzlu ödüllər almaq kimi məkrli məqsədlərim olmayıb. Amma orası doğrudur ki, yazılarımda tək-tək filoloji yanlışlıqlara yol verməkdəyəm. Bunu etiraf edirəm. Deməliyəm ki, mən cəmiyyəti, cəmiyyət də məni – bir-birimizi korrektə etməkdəyik. Filoloji yanlışlıqları heçə endirməyi özümə borc bilirəm. Axı mənim üslubum belə formalaşıb, mən həmişə belə yazmışam, belə yazıram, belə də yazacağam.
E.A:
- Axı bir ara siz özünüz xalqı tənqid eləməyin, xalqın tapındığı dəyərlərə toxunmağın əleyhinə idiniz və bu barədə yazılarınız var. Amma özünüz də bu yolu seçdiniz.
R.T:
- Fərdi tənqid eləmək heç də millətə qarşı çıxmaqlıq deyil axı... Mən həmişə millətimin aldanışlardan qurtulmasını istəmişəm.
E.A:
- Sizə qədər yazarları, söz adamlarını hansısa bir məmurun, hansısa bir adamın əli ilə tuturdular. Amma sizi həbs edəndə bunu oxucunun əli ilə etdilər. Bundan sonra da siz bu fikirdəsiniz ki, xalqı sevmək lazımdır?
R.T:
- Bayaq dediyimiz “işverən” heç də xalqdan deyil. Biz çox nəcib millətik. Sadəcə, öz qədrimizi bilmirik.
H.H:
- Rafiq bəy, mənə elə gəlir ki, siz türmədən bir az fərqli çıxmısınız. Əvvəlki sərtliyin qalmayıb, elə bil bir az yumşalmısınız eee...
R.T:
- Yox, mən ədəbi mühit, yazar dostlarım, insanlarımız üçün darıxmışam. Ola bilər, buna görə də “yumşalmış” görünürəm. Həm də yazmaq bir ayrı şeydi, ünsiyyət – bir ayrı. Ünsiyyətdə etiketləri hədsiz gözləyənəm. Hərçənd yazılarda həqiqətləri söyləmək də etiketdən kənar iş deyil.
G.M:
- Rafiq müəllim, həbs olunanda özünüzü nə qədər müddətə həbsdə qalmağa hesablamışdınız?
R.T:
- Əvvəllər hansısa ölkədən sifariş aldığımız güman olunurdu. Əgər belə bir şey “təsdiqini tapsaydı”, “vətən xaini” damğası ilə həbsdə təmizcənə 13-15 il yatmalı olacaqdıq. Mənə elə gəlirdi ki, hər şey bitib. Aktımız bağlanıb. Amma bizim nazirliklər içərisində ən təmiz işləyəni elə MTN imiş. Bu sarıdan təqsirsizdik – onlar da bunu təsdiq etdilər. Qorxduğum – yalan qətnamənin gəlməsindəndi. Allaha şükür, bu olmadı.
Zahir Əzəmət:
- Rafiq müəllim, orada nəsə yaza bilirdiniz?
R.T:
- Vallah, hərdən eşidəndə ki, filan yazıçı həbsdə olarkən iki-üç roman, on hekayə, iyirmi esse, nə bilim, nə qədər yazı yazıb, təəccüblənirəm. Axı, bunu necə etmək olar? Ya bəlkə başqaları bunu edib də. Mən yazmaq üçün qətiyyən vaxt tapmadım. Tək qalmaq üçün elə bir tərəfə çəkilən kimi, başıma adamlar toplaşırdı. Bəli, dustaqlardan kimsə söhbət etmək istəyir, kimsə dərdini danışır. Dustaqlar dərdini danışmaq üçün məni tapmışdılar.
G.M:
- Bu düzdü ki, siz həbsdə olanda Xuraman Vəfanın şeirlər kitabını oxumusunuz?
R.T:
- Düzdü.
G.M:
- Hətta şeirlərini bəyənmisiniz də...
R.T:
- Bilirsiniz, məsələ bir az başqa cür oldu. Bir müddət dünyadan xəbərsiz qaldıq – nə radio, nə qəzet... Ona görə də nəzarətçidən xahiş etdik ki, təcridxananın kitabxanasından bizə kitab gətirsin. Nəzarətçi də tozlu-mozlu iki kitab gətirdi – Ordubadinin “Qılınc və qələm”ini, bir də Xuraman Vəfanın şeirlər kitabını. Bilirsiniz, həbsxana kimi sərt bir yerdə sevgi şeirləri oxuyasan, üstəlik də, kitabın içində Xuraman xanımın göyçək şəkilləri ola – şam işığında çöhrəsi çox cazibədar görünürdü, - bundan yaxşı nə ola bilər! Belə ki, həbsdə ilk ümid mənə Xuraman xanımdan gəldi.
E.A:
- Rafiq müəllim, əgər indi hansısa cəsarətli bir qəzet tapılsa, cəsarətli bir baş redaktoru olsa və sizin həmin “Avropa və biz” məqalənizi çap etmək istəsə, icazə verərsiniz?
R.T:
- Etiraf etdiyim bəzi filoloji yanlışlıqlar ixtisar etməklə, bəli. Həmin esse çox mükəmməl bir əsərimdir və mən onu növbəti kitabıma daxil edəcəyəm.
G.M:
- Rafiq bəy, bu məsələ alovlananda, yəni hələ siz həbs olunmamışdan əvvəl Samir Sədaqətoğlu ilə birlikdə xaricə qaçmaq istədiyiniz doğrudur?
R.T:
- Xaricə getmək cinayət deyil. BMT-nin bəyannaməsi var: insan miqrasiya etmək hüququna malikdir. Amma heç birimizin “qaçmaq” fikrimiz olmayıb. Qaçmaq yox, müvəqqəti qorunmaq istəmişik. Ona qalsa, “qaçmağ”ı indi edə bilərik. Amma etmirik. Mən vətənə hədsiz bağlı adamam. Ölsəm də, burda öləcəyəm.
E.A:
- Həbsxanada mətbuatı izləmək imkanınız var idi?
R.T:
- Mütəmadi yox. Sizin “Alma” qəzetini daha çox izləyə bilmişik. Hərdən fikirləşirdim ki, ordakı bəzi yazılara görə sizi də hamılıqla tutub basacaqlar. Çox sağ olun ki, bizi daim diqqətdə saxladınız. Unutmadınız bizi.
E.A:
- Narahat olmayın, Rafiq müəllim, Allah qoysa, gələn dəfə tutulanda da sizi yenə unutmayacağıq.
R.T:
- Yox, qoy həmişə azadlıqda olaq və qoy elə azadlıqda bir-birimizi unutmayaq.
Hazırladı: Günel 13-19.01.2007 / “Alma” qəzeti