Elçin Səlcuq: "Yaxın, uzaq Rafiq Tağı..."

Tarix: 26-10-2015 06:48
Baxış sayı: 2591

Belə bir yazıçının məndən ötrü olmaması önəmli deyil, önəmlisi belə bir vətəndaşın mövcudluğudur.

 

Azərbaycan reallığının mənzərəsi bu: ismi Rafiq Tağı olan şəxs cümlə qələm əhlinin özündən söhbət etməyi bacardı...

 

Elçin Səlcuq

 

Zahirən sakit, bir qədər də cılız fizioloji quruluşu ilə həşəmətli Rafiq Tağı indi az qala qorxunc əjdaha biçimində adına Azərbaycan deyilən məmləkətin suyunu kəsmiş kimi, əhli-qələmdən gündəlik qurbanlıq tələb etməkdə olsun, gəlin sizlərə bu ajiotajın başqa qatlarından dürlü-dürlü xəbərlər danışım. Qoy bu, bir nağıl olsun. Sizlər də elmi-texniki tərəqqinin inkişaf etmədiyi “ol zamanlar”ın məşhur nağılbazları...

 

Nədən öz “hərzə-mərzə” leksikonu ilə tanınan Rafiq Tağı Yazıçılar Birliyi deyilən bir qurumu lərzəyə gətirə bildi? Bunun fərqindəsinizmi?

 

Səməd Vurğunu şər imperiyasına xidmətdə suçlayan bir kəsi tar-mar etmək üçün AYB öz “ağır artilleriya”sından öncə gənclərdən ibarət çevik “döyüş alayı”nı savaş meydanına atdı. Gənc “desantçılar” Rafiq Tağı ünvanlı “obyekti” zərərsizləşdirmək üçün xüsusi təlimatın bütün bəndlərini əsgəri intizamla yerinə yetirməkdədilər. Birgə baxalım bu təlimatın əsas bəndlərinə:

 

Təlimat N1. Klassiklərə qiymət verərkən dövrün tələblərindən çıxış etmək vacib şərtdir. Əks halda yanlış nəticələr çıxarıla bilər.

 

Təlimat N2. Etnik maraqların türkçülüyə qarşı gizli savaşı.

 

Təlimat N3. Milli və mənəvi dəyərləri sarsıtmaqla düşmən dəyirmanına su tökmək.

 

Və sair və i.a.

 

Bu təlimatdan irəli gələn tezislərlə Rafiq Tağıya verilən cavabları nəzərdən keçirdikcə bomboz bir mənzərənin şahidi oluruq. Bir qrup kimlərəsə xoş gəlmək üçün bu marafona qoşulub, digər qrup isə patoloji formada Vurğunsevərlərdir ki, onların da arqumentləri, təəssüf ki, ədəbiyyatın zahiri görüntülərinə hesablanır. Xüsusilə birinci qrupa daxil olanların saxta vətənpərvərlik və qeyri-səmimi sözləri kolxoz təfəkkürünün növbəti təzahürü kimi ürək bulandırır. Siyasətçilərdən fərqli olaraq, yaradıcı adamın qəlb sözü, uzağı, saxta öpüşlər qədər müvəqqəti ehtirasa gedib dirənir. Ta bunun orası-burası yoxdur!

 

Özünü az qala Çexovun ən layiqli davamçısı sayan Rafiq Tağının ədəbi yaradıcılığı şəxsən məni heç zaman özünə cəlb etməyib. Və bu heç də o demək deyil ki, bəndənizin eyni zamanda Çexovun yaradıcılığına münasibəti pisdir. Əsla! Çexovun “Qara rahib”i ən çox sevdiyim əsərlər kimi içimdən cümlə-cümlə keçib. Amma nə edim ki, mənim ədəbi siyahımda Rafiq Tağı adında yazıçı yoxdur. Bu yoxluğun həşəmətli Rafiq Tağını da əsla rahatsız etmədiyinə böyük inamla cavab verə bilərəm. Bu fikirdəyəm ki, onun bir yazar kimi ədəbiyyat haqqında öz fikirlərini bəyanlamağına heç kim qadağa qoya bilməz. Qadağa bir yana, onun AYB sıralarından xaric edilməsi büsbütün absurddur. Əgər R.Tağı doğrudan da Səməd Vurğunu təhqir edibsə, bu, ilk növbədə şairin yaxınlarının məhkəməyə müraciət etməsi üçün əsas ola bilərdi. Sivil dövlətlərdə şərəf və ləyaqətin alçaldılmasına görə hüquqi prosedur mövcuddur. O cümlədən bizim ölkədə də. Onun AYB sıralarından çıxarılması isə...

 

Bu minvalla gərək hakim rejiməçəp baxanlar ölkədən deportasiya oluna. Görünür, bizim siyasilər ədəbi zümrədən daha düməkrat və dözümlüdürlər.

 

Təlimat N1-dən çıxış edərkən klassiklərə qiymət verilən zaman dövrün tələblərini dönə-dönə vurğulayanlar SSRİ adlı dövləti xatırlayıb onun qayda-qanunlarından qəribə nostalji hisslərlə danışırlar. Bu mövzuda xüsusilə gənclərin canfəşanlığı adamda acı istehza doğurur.

 

Əslində, məsələ göründüyü qədər də sadə deyil...

 

Rafiq Tağı vaxtilə Səməd Vurğunun Şaumyanı Qafqazın qartalına bənzətdiyini xatırladanda, görəsən, hansı qəbahətə imza atıb, - anlamıram. Qardaş deyib də bunları danmaqmı istəyirsiniz?! Niyə bu faktdan belə qorxuya düşmüsünüz? Çox güman ki, onların məqsədi nə Səməd Vurğunu R.Tağıdan qorumaqdır, nə də ki, şairin təəssübünü-zadı çəkməkdir.

 

Məsələ daha qəlizdir.  Əgər belə olmasaydı, Rafiq Tağı bir neçə il öncə Füzulinin, Mirzə Cəlilin bostanına daş atanda AYB-dən çıxarılardı. Ancaq o zaman bu, heç yada düşmədi. Nədən indi?! Ümummilli lider deyib rəhmətliyi, az qala, peyğəmbər kimi qələmə verənlər çox gözəl anlayırlar ki, Səməd Vurğunla başlayan bu çək-çevirin bir ucu da gedib çıxır mərhum Heydər Əliyevə. Axı rəhmətlik də sovet dönəmində S.Şaumyan haqqında çox ilhamlı nitqlər söyləyib...

 

Bax, məsələnin kökü budur. Yoxsa hansısa bir Rafiq Tağının və bu qəbildən olan tağıların Səməd Vurğunun şairliyinə qətiyyən təsir göstərmədiyini hamılıqca gözəl bilirlər...

 

Rafiq Tağının məhz Səməd Vurğuna görə bu cür “optovoy” hücuma məruz qalmasına ancaq sadəlövh adamlar inana bilər. Ortalıqda qazanan isə həmişə Rafiq Tağı və onun kimilər olur. Məhz bu qəbildən olan bəsirətsiz tənqid və o tənqidə reaksiyalar, ola bilsin ki, Rafiq Tağının özəl maraqlarına xidmət edir, onun “dissident” obrazı üçün ən ali töhfə rolunu oynayır. Babalı öz vicdanına...

 

Beləliklə, Rafiq Tağıya öz yerini göstərmək istəyənlər təlimat N2-nin tələblərinin gündəmdə saxlanması üçün xüsusi enerji sərf etməkdən usanmırlar. Özlərinin yalançı türk qürurundan çıxış edərək Rafiq Tağının etnik mənsubiyyətini araşdırmağa canı-dildən girişiblər. Axı Rafiq Tağı kimdir ki, onun əməllərinin türk kimliyinə də təhlükəsi olsun?! Milli qürurdan “lox” söhbəti edənlər, yaxşı olardı ki, hakimiyyət piramidasında təmsil olunanların milli mənsubiyyəti haqqında danışmağa özlərində cəsarət tapsınlar. Təhlükə varsa da, onlardan gələ bilər. Əllərində böyük səlahiyyətlər və kapital var. Və bu “millətçilərə” yaxın keçmişi unutmamağı məsləhət görərdim. Əbülfəz Elçibəyin bu millətə qaytardığı dilin adını Heydər Əliyev yenidən azərbaycanlılaşdırdı, Stalin kimi.

 

O zaman həmin bu milli təəssübkeşlər miskincəsinə susdular. Yüngülvari etiraz dalğasına qoşulan “ədəbi generallar” isə Heydər Əliyevin “zəhmi” qarşısında günahkar uşaqlar kimi başlarını aşağı salıb qulaqlarına qədər qızardılar. Bəlkə bunlar da heç olmayıb?!

 

Və nəhayət, Təlimat N3. Çox təəssüf ki, bu dartışmaya  qələminə sayğı ilə yanaşdığım jurnalist həmkarım Bəsti xanım Əlibəyli də birtərəfli mövqedən qoşuldu. Bu söhbətə ciddi hazırlaşdığından opponentini susdura biləcəyini zənn edən sayğılı Bəsti xanım “525-ci qəzet”in səhifələrində Rafiq Tağı ilə debata çıxdı. Sədd heyf ki, Bəsti xanımın hazırlığı yanlış metodologiyaya söykəndiyindən tərəf-müqabilinin qalib görkəmi şəxsən bu sətirlərin müəllifini də yetərincə qıcıqlandırdı. Bəsti xanım öz aləmində çox gərəkli  bildiyi bir  xatırlatma ilə Rafiq Tağıya günahını sübut edəcəyini əminliklə deyir: “Siz Vurğunu şər imperiyasına işləməkdə suçlayırsınız, amma fərqindəsinizmi ki, özünüz də həmin işi davam etdirirsiniz, özü də daha vulqar, daha dağıdıcı formada və daha qlobal şərə xidmət edirsiniz?.. Səməd Vurğunun vaxtında Azərbaycan yalnız Rusiyanın nəzarətində idisə, bu gün burada onlarca xarici dövlətin maraqları kəsişir və o dövlətlərin strateji məqsədi budur ki, müxtəlif vasitələrlə Azərbaycan xalqının dilini,dinini, dəyərini, mənəviyyatını alıb manqurtlaşdırsın və  bundan sonra istədikləri kimi idarə etsinlər”. Bəsti xanımın bu cür narahatlığına, zənnimcə, heç bir əsas yoxdur. Çünki “dövlətin sükanı” “etibarlı” əllərdədir. Ümummilli liderimiz Heydər Əliyevin müdrik tövsiyələri imkan verməz ki, xarici dövlətlər bizi manqurtlaşdıra bilsin və bundan sonra da gəlib hələ kəndimizi də idarə etsinlər. Allah canlarını sağ eləsin, elə özləri istədikləri kimi idarə edirlər də”...

 

O ki qaldı “strateji məqsədlərə”, sayğılı Bəsti xanım bilməlidir ki, bu məntiqi nəticə ötən əsrin 80-ci illərində - Meydan hərəkatında romantik inqilabi dövrün tələbləri kimi kütləyə təsir effektini çoxdan itirib. İndi dediyimiz “strateji məqsədlər” yalnız Bakı neftinin üzərində qurulub ki, onu da maraqlara uyğun bölüşüb rahatlaşıblar və rahatlayıblar. Və həmin neft maqnatlarını bu millətin nəinki hansısa Səməd Vurğun kimi dahi şairinin, hətta sizin nəzərdə tutduğunuz Rafiq Tağı kimi “xidmətçi”lərinin olub-olmadığı qətiyyən maraqlandırmır. Bu yarlıq azmış kimi, Bəsti xanım Səməd Vurğunun böyüklüyünə Rafiq Tağını inandırmaq üçün onu sorğu-imtahandan keçirməkdən də əl çəkmir: “ Deyə bilərsinizmi, Vurğunun neçə poeması, ümumiyyətlə, neçə böyük əsəri var və onların adlarını çəkə bilərsinizmi?”. Rafiq Tağının da dərsini yaxşı bilməyən şagird kimi mövzu ətrafında gəzişmələri, şairin “Muğam” poemasının qəhrəmanı “ladır” Sarvan haqqında danışmağı Bəsti xanımı növbəti dəfə bərk əndişələndirir və bir daha R.Tağıya müraciət edir: “Mən sizdən təhlil etməyi yox, əsərlərinin adlarını saymağı xahiş edirəm”. Opponentinin vur-tut altı poemanın adını çəkə bilməsi Bəsti xanımın mövqeyini sanki bir qədər də gücləndirir. “Bax, görürsünüz, Rafiq müəllim, siz Vurğunun otuzdan artıq iri həcmli əsərinin 10-nun adını belə xatırlaya bilmirsiniz” deyib onu məzəmmət edir.

 

Bu dialoq yadıma sovet dövründəki orta məktəblərin imtahan prosesini saldı. O zaman müəllimləri hansısa yazıçının nə və necə yazması yox, əsərlərin adı və yazılma tarixi maraqlandırırdı. Vəssalam!

 

Son olaraq kimlərəsə xoş gəlmək üçün Rafiq Tağıya cavab verənlərdən də, səmimi şəkildə Vurğunsevərlərdən də bir xahişim var: bir qədər məntiqli və ədalətli olun. Bu , azından Tanrıya xoş gedər. Kimsə quyuya bir daş atıbsa da...

 

Və bir də unutmayaq ki, hər kəsdən, hətta ən istedadlı sənətkardan da qəhrəmanlıq gözləməyin özü natamamlıq kompleksinin göstəricisidir. SSRİ adlı şər imperiyasında həqiqəti çılpaq şəkildə demək, düşündüyünü olduğu kimi yazmaq, sözün həqiqi mənasında, ən böyük qəhrəmanlıq idi. Bu qəhrəmanlığa görə isə səni ən yaxşı halda ölkədən çıxarılmaq, ya da uzaq Sibir gözləyirdi. Bunu  özünə rəva bilmək də hər kişinin hünəri deyildi. Bizlərə utanc gətirən ən böyük nəsnə həmin illərdə (1937-ci ildən sonrakı dövr nəzərdə tutulur) bu cür fədakarlıq etməyə bir nəfər də olsun Azərbaycan yazarının özündə güc tapa bilməməsidir. Nə qədər acınacaqlı olsa da, bu da bir faktdır. Bir də axı, çağdaş dövrümüzdə belə öz şəxsi rahatlığı, karyerası üçün həqiqətin qarşısında susan, yaltaqlıq marafonuna qoşulan yazarlarımız azdırmı?! Halbuki həqiqəti etiraf etmələri müqabilində onları nə uzaq Sibir gözləyir, nə də yaxın Bayıl...İtirəcəkləri vur-tut komfort həyat tərzi ola bilər ki, bunu da özlərinə rəva görmürlər. Belə bir miskin reallıqla Səməd Vurğunu və daha kimlərisə də vaxtilə şər imperiyasına xidmət etməkdə suçlamaq mənasız məşğuliyyətdir. Necə deyərlər, hər kəs öz taleyini yaşayıb və yaşamaqdadır... Təki indi bu zümrənin arasında istedadı olanlar ədəbiyyatı unutmasınlar, nəsə yazsınlar...

 

P.S. Şər imperiyası deyib yalnız SSRİ dövlətini nəzərdə tutanlara demək istərdim: bir nəsnə ki, şərə söykənir, onun imperiyasına da lənət, özəl-milli daxmasına da! O ki qaldı həmin imperiyada yazıb-yaradanlardan bir “sinif” kimi imtina etməyə, bu,əbləlilikdir. Şəxsən məndən ötrü Vasili Şukşin daha böyük yazıçıdır, nəinki dissident Aleksandr Soljenitsın. O cümlədən Vaqif Səmədoğlu Səməd Vurğundan, Elçin İlyas Əfəndiyevdən böyük, erməni olsa da, Hrant Matevosyan isə Çingiz Abdullayevdən çox-çox böyük yazıçıdır. Mən bu qənaətdəyəm. İndi buna görə məni öldürməyəcəksiniz ki?! Axı ədəbiyyatın bir zövq məsələsi olduğu çoxdan bəlli...

 

P.P.S. Bu günlərdə Rüstəm İbrahimbəyov bütövlükdə Azərbaycan xalqının ünvanına ikrahedici ifadələr işlədib. Görəsən, AYB onu cəzalandırmağa özündə cəsarət tapacaqmı?! Hər halda Azərbaycan xalqının çəkisi Səməd Vurğunun çəkisi ilə müqayisə olunmazdır. Rafiq Tağı kimi “yetim-yesiri” cəzalandırmağa nə var ki?...

Digər xəbərlər

Subyektiv idealizm - təsadüfi oyun növü

"KAS­­PAR" EVİ

"ÖLÜ ƏDƏBİYYATIN ƏLAMƏTLƏRİ"

“Əbədiyyətə çıxışlar” Konspekt

Yadlar

Şərhlər