Tarix: 25-03-2015 11:31
Baxış sayı: 2358
Kölgəsi çaya sallanan nazik körpünü aşıb yola çıxanda soldan birinci ev Paşanındı, sonrakı Balagülün. Paşanın evinin Paşanın evi olmağını olmağını bircə böyüklər bilir. Uşaqlar bilmir, ona görə ki, daim gördükləri ev yox, atalarından ikiqat hündür daş hasar olur. Onlar elə bilir hasarın o üzündə bir bəni-insan yoxdur; orda hər cıqqıltıya hürən bəd it qalır, vəssalam. Və bəlkə də it tilsimlənmiş adamdır. Uşaqlar bu tilsimi qırmaq arzusuna da düşürdülər.
Balagülün evinin Balagülün evi olmağınısa böyük də bilir, bir qarışlıq uşaq da. Çünki kor-kor, gör-gör, hər şeyləri göz qabağındaydı. Ev üzü həyətə baxdığından elə bilirdin yoldan küsüb və dal divarı da hasar əvəziydi.
Paşanın imarəti (ev kəlməsinin ləyaqəti yoxdur) gündə qıpqırmızı alışıb yanan Bakı kirəmitiylə örtülüb. Yağışlar onları tez-tez yuyub təmizləyir. Və yuyuntunu Balagülün həyətinə əndərir. Ayrı-seçkiliyə bax –yağışlar onun quş zılından alabəzək qaramtıl şiferlərini yumaq istəmir; xalaxətrin qalmasın isladır, ancaq yumur.
Günçıxandakı tut ağacı Balagülün evindən ikiqat uca, Paşanın imarətindən ikiqat alçaqdı və küləyin nadincliyi tutub onu silkələyəndə, ya uşaqlar ciyə atıb budaqlarını əyəndə tutun yarısı şiferlərin üstünə tökülür, yarısı yerə. Şiferdəkilər quşlarındı, yerdəkilər-uşaqların, bir də toyuq-cücənin.
Balagülgilin banında qaranquşlar yuva salmışdı. Balagül bundan öyünürdü. Qaranquşlar Paşanı yox, onu münasib bilmişdilər-sağ olsunlar.
Çörək zavodu adlandırdığı təndirxanaları da yola bitişikdi. Dilarə zəfəranlı sudan təzəcə bişib çıxan çörəklərə çəkdikcə, yoldan ötənə yalvarırdı:
- Bacı, gəl isti çörəkdən kəs!
- Qardaş, sən Allah, çörək buyur!
Hamı da:
- Sağ ol! Çox sağ ol! –deyirdi. – Allah bərəkət versin! Allah bol eləsin!
Hər təndir qalananda tüstü hasarı aşıb Paşagilə tərəf üz qoyurdu və tüstü-buludun kölgəsi həyətdə gəzişdikcə Saniyənin dişi bağırsağını kəsirdi:
- Gözümüz çıxdı, ay səni iki gözündən məğmun olasan! – qarğışı qarğış üstündən yağdırardı.
Onda Dilarənin də gül ağzı açılardı:
- Kor da olasan, şil də! Hələ beş də artıq! Siz varsınız deyə, ev-eşiyimizdən didərgin düşməliyik?
- Ərinə tapşır, qoy alıb gətirsin! Stansiyada çörək başınadır.
- Biz hələ qudurmamışıq, quduranda alarıq.
- Onda canın çıxsın təndiri günbatana çək!
- Qulağının ardını görəndə onu da görərsən!
- Həyasızla nə danışasan!
- Həyasız özünsən, beş də artıq! İtin qarnından çıxan! Özgə malıyla nə göynən gedirsiniz.
Pərdə aradan götürülürdü; bir-birinin ölüsünü qəbirdən çıxarırdılar. O vaxtacan ki, ərki çatan kişilərdən ordan keçəni qışqırırdı birinin üstünə.
Balagül başaşağı, tikansız bir oğlandı. Uşaqla uşaqdı, böyüklə böyük.
Bir gün Paşanın arvadı Saniyə Dilarəyə adamın yeddi qatından keçən acı sözlər dedi:
- Ərinin liliput boyuna baxıb öyünürsən, ay daş başına!
-Uzunun ağlı topuğunda olar, - Dilarə də zahirdə təmkinini pozmadan Paşaya işarəylə onu sancdı.
- Gör onu kimə deyirsən: bu boyda malikanənin sahibinə!
- Oğurluğu it də bacarır. Tülkünün də işi, peşəsi oğurluqdur. Amma heç birinə ağıl sahibi demək olmaz.
- Elə yanarsan! Yan!
- Allaha qurban olum, indiyəcən bizim çörəyimizi verib, verəcək də!
Gün çıxanda imarətin kölgəsi Balagülün evini basırdı altına. Yayın oğlan çağlarında belə Balagülgildə adam köynəkcək üşüyürdü; otaqlar elektrik plitəsi ilə qızardı. İmarətin kölgəsi çox soyuq kölgəydi. Balagülgilin otaqları günortayacan elektrik işığıyla işıqlanardı. Onlar üçün səhər günorta çağı açılırdı. Və onda divarlardakı kölgə dəri xəstəliyi kimi yavaş-yavaş çəkilirdi.
Palçıq kərpicli bu divarlar günçıxanda ot bitirdiyindən gələn-gedən qoyun-quzu onlara ağız atardı, ona görə də çox yeri qoç buynuzundan oyuq-oyuqdu.
Balagül işdən dönəndə üç qızının hərəsini bir şeylə sevindirirdi. Böyüyü qələm-dəftərlə. Ortancılı şirniyyatla. Kiçiyi özüylə. Şeytana heç nə lazım deyildi-bircə o. Onu görəndə az qalırdı uça. Elə ki, paltarının ətəkləri qıçlarına dolaşa-dolaşa qaçardı Balagülün qucağına, ikisi də keçinərdi gülməkdən. Balagül gah onu boynuna mindirirdi, gah belinə. Az qalırdı yeyə. Bu da ki, xoşbəxtliyə çox oxşayırdı.
Balagül işdə relelərin dibini döyəcləyəndə belə o, qəfil gəlib dururdu gözlərinin önündə. Elə bil şpalların dibindən bir quş “pırr” eləyib qalxırdı…
- Ayağı necədi uşağın? – axşamlar Dilarədən soruşardı.
- Tamam sağalıb, -sözlər yox, arvadının qaşı-qabağı deyirdi ki, işlər xarabdır.
- Mənimlə müəmmalı-müəmmalı danışma!
- Bilirsən ki, həmin –həmindir, niyə gündə soruşursan?
Onda Balagülün dili olmurdu bir söz desin. Bu zibil ağrılar nəmişlikdəndi. Yorğan-döşək daim yaş olur. Günahkar da özüydü. Atası rəhmətlik zəmanənin ağır vaxtlarında ona ev qoyub getmişdi. İndi onun da övladlarına borcu abırlı bir tikiliydi.
O, hökumətə dair borclarını asanlıqla ödəmişdi, ailə borclarınasa gücü çatmırdı.
İnşallah, qismət olsa, alçaq-alçaq evlərin qonşuluğunda yurd götürmək niyyətindəydi. Paşanın imarəti yanında yaşamaq xəcalətdi.
İldə bir dəfə Balagülgildə yeməyə ürəyin istəyən hər şey tapılar. Bahar bayramı günü sübhün gözü açılandan ta yatanacan uşaqların ağzı işlədi. Ona görə Dilarənin kefi sazdı. Ondan çıxmayan iş, hərdən ərinə sataşırdı da. O gün Balagülün ev günüydü, hər həyətə düşüb yuxarı çıxanda o da ağzına bir şey atırdı. Ona görə toxluqdan həmin gecə səhərəcən işi yuxu görmək oldu. Gördü ki, Paşa köçüb rayon mərkəzinə. Və indi çaydan keçəndə birinci ev onunkudur. Özü də abırlı bir evə oxşayırdı. Gördü ki, səhər onlarda da səhər çağı açılır. Onların evində daha quzey yer yoxdur! Günəş qızının həkimi oldu-daha uşağın oynaqları şişmirdi.
Yuxuda, ya aşkarda-nə fərqi, Balagül xoşbəxtdi.
Oyananda hər şey alt-üst oldu. Paşanın imarəti dağ kimi günün qabağını kəsmişdi. Otaqda nəmişlik qoxusundan baş çatlayırdı. Pəncərələr tərləmişdi. Qapını açıq qoyub, buğlana-buğlana təmiz havaya çıxdı.
O gün işdə yoluq cücə kimi gəzdi.
Yenə şam vaxtı əlinə nə düşdüsə ötürdü içəri. Ona görə yuxulayan saat xoşbəxtliyin çeşməsi təzədən açıldı. Səhər çağısa Paşanın imarəti iri daş kimi çeşmənin gözünü tutdu.
Yaxşı ki, gecələr Balagül hər şeyi geri ala bilirdi. Belə-belə o, xoşbəxtliyə vərdişkar oldu və daha onsuz yaşaya bilmirdi. Axşamlar uşaqlara kitab oxumağı da tərgitdi. Onlardan əvvəl özü yatırdı. Elə bil o öz həyatından tezliklə yaxa qurtarmaq istəyirdi.
Çox sorğu-sualla zəhləsini tökdüyündən xoşbəxtliyin sirrini Dilarəyə də açdı. Dilarə əvvəl ona güldü.
- Bərəkallah ağlına!
- Balam, istəmirsən səhər bizdə də səhər çağı açılsın?
- Bizdə səhər heç vaxt səhər çağı açılmaz. Mən sənə urcah olalı bunu görməmişəm…
-Axır görərsən,-Balagül bir az kədərlə, bir az inamla, bir az da hirslə dedi.
Onun təkidilə Dilarə o gün cücə-plov asdı. Elə bil bayramdı. Uşaqlar şad-xürrəm şam eləyib kəlləni atdılar yerə. Özləri də süfrə yığışılandan sonra yerlərinə girdilər. Ancaq Balagülün yuxusu ərşə çəkildi; ikilikdə xoşbəxt olmaq ona çətin gəlirdi. Bir yandan dab u qorxu ki, Dilarə xoşbəxt olanda uşaq ağlayar, anasını çağırar.
Fevral, 1984; sentyabr, 1986.