Monqol

Tarix: 25-03-2015 11:31
Baxış sayı: 2143


Sadıq Mustafayev il on iki ay anasının ölümünü gözləyir, di gəl, o, pasport üzrə, ya elə-belə üzdən qocalıb-həpriyibsə də, hələ bir yeri ağrımırdı. Ay camaat, görün kaftarda xəstə­lik olmaz?! Yox, ancaq hərdən "az danış, başım ağrıdı", de­məyi var. Oğlu deyinəndə guya başının ağrıması onun yega­nə xəstəliyi idi. İlahi, başqa cür xəstələnməməkdə bu heç insana oxşamır! Barı hər­dən sancılana, ya köpü ola, deyəsən, hə. Ölkəni bürüyən qrip epidemiyaları onda burnunun ucundakı qızartı ilə təzahür edəcək, vəssalam.

Zarafatsız, qocalanacan saz qalmaq heç bir məntiqə sığmır. Çaşıb ölməz - evi yıxılar. Bir dəfə sanki ölüm payı göndərirmiş kimi, göz-başı qaynaya-qaynaya, çaynik qapa­ğını ona sarı necə tolazladısa, zərif dəri ola - sol qaşının üstü köndələninə çapıldı. Hər­çənd bu zaman gördü ki, onda arvad elə bil ona göz vurdu. Hər halda, çapılma da xəstəlik sayıldığından, onda bir az insana oxşarlıq alındı. İndi onun ölümünü qaşın üs­tündəki bapbalaca yaradan gözləmək mümkündü.


Sadıq anasının xəstələnməməsində həm də bir əxlaqsızlıq görür: axı, bu arvad niyə dərd çəkməsin? Ayıb deyilmi? Uşaqlıqda gördüyü min bir azar-bezarın bircəciyi bun­da iz qoymamışdı. Barı əsəbi pozula, ayda bir-iki qorxunc yuxu görə. Yox, bu, div kimi yatacaq! Daş ondan narahat yatır. Yumru gözlərinin çevrəsindəki yelpinc qırış­lar ingilissayağı məsud idi. Sadıq get-gedə anasının varlığından utanır, həm də artıq ondan çimçəşirdi. Yadına gəlir, rəhmətlik atasındakı xəstəliklər anasında ər adlı məx­luqa nifrət törətmişdi. Hərçənd nifrət özlüyündə onun qarşıdakı ölümündən doğan se­vinclə neytrallaşırdı. Ona görə də ər ölümü onda atılıb ərə getməsindəki kimi xoşbəxt duyğular oyatdı: yasa kim gəlirdi, ya orda bir az əvvəl gördüyünü təzədən görürdüsə, onunla yenə marçamarç öpüşürdü.

Ata ölümü bir macəra idi ki, bu əsnada anasını yaxşı tanıya bilmişdi. Ata ölümü ona əvvəlki səbəbsiz nifrəti söndürüb, məhəbbəti yandırmış, anaya nifrətisə yandırıb, ona əvvəlki məhəbbəti söndürmüşdü. Bu yanıb-sönən məhəbbət və nifrətlər onun həyatın­dakı zülmətdə reklam lampaları kimi közərirdilər. Anasının acığına atasındakı xəstəlik­ləri hətta sevmişdi də: istərdi özü də həmin xəstəliklərdən ölsün - dodaqları göyərsin, üzü qaralsın. İstər ki ölümü sönük rənglərlə başa varsın.


Sadıq sonralar anasına nifrətə vərdiş elədi və bu nifrət adi bir şeyə çevrildi. Nifrət da­ha qanını qaraltmırdı. Nifrətlər içində hətta arvada salam da verib keçirdi. Anadı də-ə, neyləyəsən. Ancaq daha onun sapsağlam canında şərin yuva qurmasına şəkk-şüb­həsi yoxdu. Hərçənd düzü, o, şəri öz gözləriylə görmək iqtidarında deyildi. Qaç, qur­tar - qadının bu cürəsindən hər şey gözləmək mümkündü. Qanunla müqəddəs analar da məkri-zənən ola bilər. Spartalıların etiqad səviyyəsinəcən şişirtdikləri sağlamlıq in­sanda natəmiz əməllərlə nəticələnir.


Ana və bala - onlar ailədə ikicə nəfərdi və Sadıq görürdü ki, bu kiçik ailənin bir it oğ­lu itin yanında hörmət-izzəti yoxdur. Yasa da xalaxətrinə gəlmişdilər. Adi bir başsağlı­ğı zəngi arvad üçün toy-bayrama çevrilirdi. Yəqin ailəni bihörmət eləyən səbəblərdən biri elə onun öz qıyıq gözləri idi. Axı, onların nəsli-cəddabasında belə şey gö­rünməyib. Doğrudan da, durduğu yerdəcə insanın gözləri niyə qıyıq, yanaqları niyə çı­xıq olmalı imiş? Hər halda, bu, nəcib əməlin nəticəsi deyildi.


"Yəqin bunun anası bir vaxt Tatarıstanda qonaq olub", - hələ uşaqlıqdan yekə-yekə kişilər onun qıyıq gözlərinə sataşardılar.


"Mən Tatarıstan yox, Monqolustan deyərdim. Çünki Sadıqbala tatardan daha çox monqola oxşayır".


"Ə, sənin o qəşəng anan necədi?" - bir dəfə də tənəffüs vaxtı məktəbin cavan müəl­limi ondan soruşmuşdu.


"Yox, bunun anası əntiqə şeydi! Əsas da buraları," - başqa müəllim də ona züy tu­tmuşdu. Ancaq "buraları" deyəndə, Sadıq bu müəllimin haraları nəzərdə tutduğunu bil­­məmişdi.


Anasının göyçəkliyi Sadığın başına qaxınc idi və get-gedə də onda qeyrət alovlandı­rırdı.


Ona uşaqlıqdan "monqol" demişdilər. Deyəsən, rəsmi ata-ana yox, qeyri-rəsmi bam­başqa bir xətt üzrə kökü, həqiqətən də, gedib monqol-tatar istilasına çıxırdı. O, qə­dim bir zorlanmanın əlaməti kimi, həm də uzun illər atasının uşağı olmayandan sonra dünyaya gəlmişdi. Hər halda, bu, anadakı əxlaq saflığından xəbər vermirdi. Əlbəttə, ata əvvəl çox burcuxdu, çox atılıb-düşdü, axır dərddən xəstəlik tapdı və sonra da xəstəlik bir daha onu atılıb-düşməyə qoymadı.


"De görüm, bu bədbəxtin gözləri niyə qıyıqdı?!" - atası qışqıra-qışqıra anasından mil­yon kərə soruşdusa da, onu qane edən bir cavab eşitmədi.


"Mən neynim, get onu öz ulu babalarından soruş".


Yox, kişi bu dünyadan köçməyi üstün tutdu.


İşə bax, buranın da yox, Rusiyanın monqol-tatar istilasından ötüb keçən neçə yüz il­lərdən sonra camaat bu istilaya qarşı çıxır, Sadığa qız vermirdilər. Zaman gizli, ya aş­kar - hər hansı zorlama faktını neytrallaşdıra bilməmişdi. O, ömrün xeyli hissəsini çü­rüdən sarsaq əsgərliyini də çəkdi, şanlı bir institutu da qurtardı, ancaq “monqol” ləkə­si üzdə eybəcər qara xal kimi ondan heç cür çəkilib getmədi. Sadıq özlüyündə mon­qollarla qohumluğunu həm də atlara sevgisindən bilirdi. Atlar qanad taxıb respublika­dan qeybə çəkiləndə, Sadıq onları qiyabi sevəsi oldu. Mənzilində divarlardan at boy­da at şəkilləri asmışdı. İncəvara, divarları atdan hündür, atdan uzundular.

* * *


Sadıq Mustafayevin bəxti onda gətirdi ki, Şövqi Həsənova rast düşdü. Tale onun üzünə zavodlarının akt zalında güldü. O hələ taleyi üzə gülən görməmişdi; sanki Mark Şaqalın fırçasından çıxmış uzunsov bir təbəssüm tapança kimi ona tuşlanmışdı.


- Siz monqolsunuz? - hesabat-seçki yığıncağının axırında Şövqi müəllim onu yanına çağırtdırıb birbaşa soruşdu.


- Xeyr. Monqol deyiləm, - bu incik cavabdan görsənirdi ki, deyən, sual bir qədər ko­bud səslənib.


- Fikrinizə özgə şey gəlməsin. Mənim monqollara qanım qaynayır. Divarlarımı görəsi­niz - büsbütün monqol üzlərilə bəzəmişəm. Monqolsunuzsa, deyin. Zərər tapmazsı­nız.


- Monqol deyəndə - bir balaca...


- Baxma, insan zahiri əlamətlə də ucala bilər. Mən Monqolustanda Brejnev-Seden­bal vaxtlarında işləmişəm. Orda bir qız sevmişdim - ildırım vurub öldürdü. İndi onun xatirinə sizi ucaltmaq istəyərdim. Evimi görəsiniz, monqola oxşar pişiklər əlindən yer yoxdur - qızın xatirinə saxlayıb, onlara qulluq göstərirəm.


- Düzü, pasportda adım azərbaycanlı gedir, amma əslində monqol kimi bir şeyəm. Üstəlik, gözümü açandan hamı mənə monqol deyib.


- Monqol deyiblərsə, demək, elə monqolsunuz da-a, - kişi bu yerdə sevindi. - Cama­at dəli deyil ki! Həm də monqolun buynuzu-zadı olmur ki. Üzünüzə deyəcəyəm, siz monqol xaqanlarının törəmələrindənsiniz. Bu necə və nə cür olub - işə dəxli yoxdur. Özü də monqolluğunuzla fəxr etməlisiniz.


- Bilirsiniz, adam qalır iki daş arasında: monqol adını üstümə götürsəm, Avropadan avtomatik uzaq düşmüş oluram. Halbuki mən Avropanı sevirəm, istərəm həmişə av­ropalı sayılam.


- Onsuz Azərbaycan - Avropa deyil. Nə olsun ki, iki qitə arasından çəkilən və heç də mövcud olmayan xəyali xətt, mən ona həqarətlə “cız” deyirəm, Azərbaycanı təsa­düfən Avropaya qatıb. Özü də monqollar dünyaya şəfəq saçanda, avropalılar hələ fil qulağında yatmışdılar. Avropa Asiya ilə müqayisədə dünən əmələ gəlib.


Şövqi müəllim söhbət əsnasında "tatar" adını dilinə də gətirmədi, eləcə "monqol" de­yib durdu. Sadıq doşab almışdı, bal çıxdı: onu bircə həftəyə irəli çəkdilər. Amma vər­diş eləyənəcən, bu təsadüfi "hündürlük"də başı xeyli gicəlləndi. Sonralar bir də görüş­mədilərsə də, Şövqi Həsənovun nəzərləri onun üzərindən əskik olmadı. İldırım vur­­muş monqol qızının ruhu ona dirək oldu. İndi respublika qəzetlərində say-seçmə in­sanlar sırasında bir monqoloid şəkli peyda olmuşdu.

* * *


Sadıq Mustafayev Şövqi Həsənovun tamam əksi olan bir adamdı. Şövqi müəllim mə­həbbətini reallaşdırırdısa, o, bütün qadınlara, həmçinin anasına nifrətini real formalar­da üzə çıxarmağa tələsirdi. Vəzifəyə çatan kimi Allah var-dövləti başından tökdü; bir növ, onda nifrət üçün "maddi baza" yarandı. Əvvəlki həyata dair xatirələri indi ona gülünc görünürdü. Hə, uşaqlıqda velosipedə, təzə məktəb formasına necə sevinmişdi­sə, gənclikdə də zavodda işə düzəlib cındır bir yataqxanada yer almağına elə sevinər­di. İşə bax, Şövqi müəllim akt zalında təsadüfən onu görməsəydi, tale uzunsov təbəs­sümlə onun üzünə baxmasaydı, elə bu xırda sevinclərlə də ömrü yelə verəcəkdi.


Çox dedilər, az dedilər, axır Sadıq Mustafayevdəki zahiri monqolluq daxili monqol duyğularıyla nəticələndi. O artıq monqolcasına düşünür, qədim istilalar tarixi onu se­vindirirdi. Onda monqol tarixi gec çiçəklər açmışdı. Yuxudaca Rusiya çöllərində at çapır, hətta nə qədər bərk yata, ayaqlarında at çaparkən törənən ağrılardan oyanırdı. Bir dəfə Çingizxan haqqındakı bilikləri yuxuda fantastik tarixi süjetlərdə düzümlənmiş­di.


Onun qorxusundan evdə kölgə kimi dolanırdısa da, Sadıq gülən gözlərindən görərdi ki, anası xoşbəxtdir. Ancaq hər hansı qurbağaya bəxş edəcəyi xoşbəxtlik bəlkə onu sevindirərdi də, di gəl, ana adlı bu adamcığın xoşbəxtliyinə biganə idi. Axı, necə olub ki, onun uşaqlıqdan çəkdiyi ağrı-acılar bu arvadın birçəyində bircəcik ağ tükləsə əks olunmayıb. O nə bunu, nə də onun sevgisinə məhəl qoymayanları unudub. Nə oldu, indi ocağının başında şöngüyən tapıldı?

Get-gedə artan varidatı monqol-tatar zorlamaları faktını zərərsizləşdirmiş, ondakı bü­tün "tarixi" eyiblərin üstünü örtmüşdü. Var-dövlət namussuzluqları heçə endirən, lotu­luqlara müqəddəslik namı qazandıran şey imiş. Ona ərə gəlmək istəyənlər arasında artıq hər gün dava qopurdu. Axır birinə "hə" dedi. Amma qəribədir, o, gərdəyə girər­kən, qızı uçub şirəyə qonmuş milçək yerində gördü. Qaraca da bir qızdı; burnunu tut­san canı çıxardı. Elə həmin gecədəcə ona "milçək" dedi.

"Bu gündən, - dedi, - sənin adın milçək qalır". Qız dinmədi. Həmin gecədən yadda saxlamağa bir öpüş nədi - o da olmadı. Tfu! Əşyaların tığ vurulduğu, təzəlikcə topda­ğıtmaz olmuş evi bu milçək üçün onun özündən qiymətli imiş. Qəhərdən boğulurdu. Arvad ona yox, əşyalara gəlmişdi (doğanda da qorxasan əşya doğa). Ancaq bir gün bəhanə tapıb artıq arvad olmuş dünənki qızın qulağının dibinəcə ürəkdən tikan çıxar­dan bir yumruq ilişdirdi. İnsafən, daşdan səs çıxdı, ondan yox. Əksinə, sonra bu hadi­səni gülməyə saldı. Təzə qohumlardan da ona güldən ağır söz deyən tapılmadı; hələ bəlkə günahı öz qızlarında gördülər. Amma əvvəlki vaxtlar olsaydı, ona hökmən qu­laqburması verdirərdilər.


Monqol təzə peşə tapıb: işdən tez-tez gəlir, evdə mərəkə qoparır və təzədən rədd olub gedir. Əlbəttə, özü də bilir ki, bu mərəkələr tutduğu yüksək vəzifə ilə heç cür uyuşmur. Bir gün də qışqıra-qışqıra:


- Bax, qoy bu rumın mebeli sənin ərin olsun! Mən getdim! - dedi.


Dedi və həqiqətən, çıxıb getdi. Gəlin gözlərini döyə-döyə qaldı. Bəlkə də kişi xeylağı belə olmalı idi. Sadıq harda batdısa, düz bir həftə evə dönmədi. Axır gəlib çıxanda, qızı yenə mebellə yan-yanaşı gördü. Deyəsən, zənni düz çıxır. Arvadı güllü əsgiylə mebelin üzünü elə silir, deyirsən, onunla sevişir. Yox, məhz elə bu fakt intiqam üçün kifayətdi. Qadınlardan, hətta anadan alınası intiqam get-gedə onun qayəsinə çevrilir­di. Yoxsa əsas da bu arvadın sağlamlığı axır onu dəli edəcək. Barı anası oğlunun onu öldürməsini gözləməyə, özüciyəz ölüb gedə. Düzü, Sadıq qadın tayfasından kimlərin ölümünü dumanlı şəkildə planlaşdırırdısa da, anası barəsində elə fikri yoxdu: qoy özü öz əcəli ilə ölsün.


Evdən kənar yerlərdə bir-iki saatlığa, bəzən bir gecəliyə satın aldığı qadınların ona bəxş etdiyi bol-bol gülüşlərdən də artıq çiyrinmişdi. İnsandakı ən saxta cəhətlərdən biri gülüşdür. Ümumiyyətlə, insanda gülüş yasaq olunmalıdır. Axı, bu nəyə lazımdır! O, gözəl qadın əndamlarını yataqda gah bu, gah digər səmtə çöndərdikcə, keçmişdə olsaydı, onların ona ərə gəlməyəcəklərini düşünürdü. Təbəssümlərini görməsin deyə, üzlərinə baxmadığı gözəlçələr ona canlı ət çappalarını andırırdı.

Ətdə gülüşə nə lüzum! Ətdə gülüş çəhrayı yarlığa bənzəyir. Kasıb çağlarında qadın­larda gördüyü məğrurluq tamam boş bir şey imiş. Qadınlarda məğrurluq illüziyadır. Hayana dönə, yenə kişilər! Heç kəs qısnamadı - Şövqi Həsənov özü onu gənclikdə sevdiyi, ildırım vurmuş adi bir monqol qızının xatirinə göylərə ucaltdı. Bir təmənna güdmədən.


Amma bircə qadınınsa boğazını quş boğazı kimi üzə bilsə, bəlkə onda ürəyi soyuyar, həm də bu ləzzət ona ömrü boyu bəs edərdi. Onu yandıran əsas şey bu qara qarğa­nın ona ölçü-biçi və hesabla ərə gəlməsi idi. Üstəlik, daim onu silib-əzizlədiyi rumın mebeli ilə bir tutur. Yox, bəlkə bunun uşağı mebeldən olacaq; uşaq elə mebelə ox­şayacaq.


Sadıq Mustafayev şər təcəssümü bildiyi qadınların ikicəciyini evində saxladıqca, qan təzyiqi, hər gün ölçdürür, dəmbədəm yüksəlməkdə idi. Mahnılardakı kimi də, deyir, evində ilanlar bəsləyir. Lakin artıq nə ananı ana bilir, nə arvadı - arvad. İkisi bir sifət­də - cizgilər yumaq olub bir-birinə qarışmışdı. Daha onlarla bir mənzildə nəfəs çəkmək də dözülməzdi - astmalılar kimi boğulurdu.



***


Bir gecə Sadıq Mustafayevgilin pəncərələri səhərəcən, az qala tavana çatan işıq sü­tunları ilə bəzəklənmişdi. Elə bilirdin içəridə dirəkləri qızıldan olan qəsr ucaldılıb. Nə­hayət, qızıl dirəklər sübhün qıpqırmızı şəfəqlərindən solub görünməz olanda, sürücü­sü mənzilinə qalxıb onu kişilər haqqında həmişə oxuduğu kitab üstündə tutdu. Bir-bi­rindən seçilməyən, qapqara yanmış iki məxluq döşəmənin tən ortasında yan-yana uzadılmışdı.

- Bu kömür insanları gördünmü? Həminkilərdi: anamla arvadım. Di get, lazımi orqanlara xəbər elə. Qorxma, şərəfsizliklərini tərtəmiz yumuş insanın hamı qarşısında alnı açıq, üzü ağdır, - o, bu sözləri qeyrətli monqolların şanlı tarixi içindən çıxmış na­muslu bir monqol kimi söylədi.

Sadıq Mustafayev pasportunda "azərbaycanlı" yazılmış monqol kimi tutuldu.



1997, may-iyun

Digər xəbərlər

Nərmin Kamal : "Rafiq Tağı və neft"

Rafiq Tağı ilə Həmid Herisçi arasında sərt İran polemikası

“Azərbaycan ədəbiyyatşünaslığında riya elementləri” İntibah həsrəti.

Bəxtiyar Vahabzadəni mənim qədər nəhəng görən olmayıb

ŞAH­­­ZA­­­DƏ Dİ­­­PEND­­RA­­­NIN MƏ­­­HƏB­­­BƏ­­­Tİ

Şərhlər