Tarix: 25-03-2015 11:31
Baxış sayı: 2020
Etibar Axundovun bədənində canilərdən yadigar çapıqlar qalmışdı; atəş açılanda silah fotoaparat kimi şaqqıldayır, ona göndərilən ölümlərin güllə yarası şəklində surəti alınırdı. İndi fincan dərinlikdə, nəlbəki yastılıqda; düz yola bənzər, ya da noxud böyüklükdə çapıqlardan bədəni ala-bəzəkdi; kələ-kötürlükdə deyirdin onu həvəskar heykəltəraş hörüb.
Canilərin heç biri öldürmək üçün düzgün nöqtə seçməmişdi. Bunun üçün gərək anatomiyanı biləsən. Savadsızdan nə cani! Onları ölüm kimi ali bir işə kim buraxır...Gör biri gülləni onun harasına vurmuşdu - baldırının şirin ətinə. Öldürən ustadırsa, ölən bir göz qırpımında ölər. Ölməyə layiqdirsə, niyə də ölməsin?
O, özü də canilərin anatomiyanı bilməmələrindən sağ qalmışdı. Nədənsə onu da ölümə layiq bilirdilər.
Hələlik oturmaq bilməyən uşağı ağlayanda, qurşağacan soyunub ona alabəzək bədənini göstərirdi. Onda uşaq susub zəndlə baxar, barmaqlarının hamısını birdən çapıqlara uzadıb nəsə qığıldayırdı.
- Oğul bala, ata detsin, onnlaı tutsun? - Etibar uşaq dilində onu oxşayırdı. Uşağın bir də qığıldamağı cavaba oxşayırdı: "Hə det tut".
-Ay-y, bilmədin. Ata onnalı çoxdan dutub. İndi qapqalanlıq bil yeldə otulublal.
Uşaq uğunub gedirdi.
- Ədə sən onunla əməlli dildə danış, indidən hərifləri yeyib çaşdırma, - arvad öz işlərini görə-görə ona tapşırdı. Uşağın düzgün danışmağı da onun ev işlərinə daxildi.
Etibar Axundov indiyəcən tutduqlarının heç birini sonra görməyib, elə bil tutduqları dibsiz quyuya düşürdülər. Əslindəsə nəinki həbsxanadan çıxır, hətta bəlkə sonra onunla hər gün rastlaşırdılar da. Ancaq o elə bir dövlət işilə məşğuldur ki, nəticədə insan tanınmaz hala düşür. Cinayətkar sonra xalqa qarışıb onun hər gün gördüyü adamlardan biri olur.
Etibar cinayətkara guya pislik edir, əslində isə yaxşılıq edir, onu nahaq dünyadan haqq dünyaya qovuşdurur: dustaqlıq elə o dünyadır. İnsan o dünyanın heç cənnətinə də öz xoşuna getməz. Əzrail hamını o dünyaya göndərir, bəlkə də ona görə ki, hamı cinayətkardır. Ən qatı caniləri Axundov götürür, yüngülləri - Əzrail. E.Axundov Əzraildən qüvvətlidir. Bəlkə də bir gün Allah onu öz yanına mələk götürəcək.
***
O çox cinayət qurbanıydı. Cinayətkara qarşı da gərək cinayət işlədəsən - rüşvət verəsən ki, sənin yüksəlməyinə razı ola (cinayəti cinayət kartı ilə vurarlar). O da vermirdi ona görə idarədəki "şəxsi iş"i özü kimi nazikdi.
O, cinayətə qarşı bircə cinayət bilirdi - tutmaq, uzaq başı öldürmək. Bəlkə də cani ona atəş açır ki, onu tutanın cinayətini qarşısını alsın, yəni ki, onu tutmasın. Caninin (cani özünsən) məqsədi yaxşı yaşamaqdırsa, onun məqsədi yaxşı yaşamağa qoymamaqdı. Guya cani çalışmalıydı pis yaşasın. Ey dad-bidad, bəlkə onu dəmləyib caninin izinə salır, arxasıyca da buynuz çıxarıb gülürlər. Bəlkə rəis onu şəngülüm bilir. Hə, yeganə cinayətkar elə o özüdür, bəlkə ona görə də artmağa qoymurlar. Hansı canidən soruşsan deyər dövlət özü canidir. Əvvəl dövlət adamlardan oğurlayır, sonra adamlar dövlətdən. Canilər dövlətdən xəsarət çəkənlərdir.
Bu dünyada cani dövlətlər zindanı ola, bizimkini də aparıb salasan ora!
Arada Etibarın bir oğlu da oldu. Daha uşaq oxşamaqda da təcrübəliydi. Ancaq birincini caniləri pisləməklə sevindirmişdi, ikincini onları tərifləməklə sevindirirdi. Danışığında da onların sözlərini işlədirdi.
- Ata, cəl cedək bank yalaq.
Körpə bərkdən güləndə əmziyi düşürdü yerə.
- Zəlgəl dükanını çapıb qızılalı cətilək evimizə.
- Ədə, uşağa sözləri düz öyrətsənə! - bir də görürdün ana mətbəxdən qışqırdı. Onun üçün vacib şey uşağın sözləri düzgün tələffüz etməsi idi. Qalan şeylər kişi işidir.
"Çənlibel" qəzeti, fevral, 1993-cü il.