RAFİQ TAĞI müasirimizdir
ÖLÜMÜ İLƏ ÖLÜMSÜZLÜYƏ QOVUŞDU... (dost xatirəsi)
“Əziz dostum, gəncliyi mənim qərib gəncliyimə bənzəyən gözəl nasir Rövşən Həsənliyə xoşbəxtlik arzularıyla. Tağıyev Rafiq. 22.01.1991” Bu sözləri Rafiq 1987-ci ildə çap olunmuş “Yanaşı ulduzlar” adlı ilk kitabını mənə bağışladığı zaman üz qabığının arxasına yazmışdı. “Əzizim Rövşən Yerfiyə. Xoşbəxtlik arzuları ilə kiçik xatirə olaraq. R.Tağı. 30.05.2010” Bu avtoqrafı isə Milli Kitab Mükafatı onluğuna daxil olmuş “Hekayələr” kitabına qeyd etmişdi. İndi onun xətti olan hər iki kitab evimdəki yüzlərlə kitabın içində dost xatirəsi kimi ən qiymətlilərinə çevrilib. Cümlələrə nəzər yetirəndə gülümsər çöhrəsini xatırlayıb yoxluğuna inana bilmirəm... Bıçaqlanandan sonra xəstəxanada yatarkən haqqında ürəyimin hisslərini “Sadə, səmimi, mehriban Rafiq Tağı” adlı kiçik yazıda müəyyən qədər ifadə etməyə çalışmışdım. (Yazdığım cümlələri yenidən təkrarlamaq istəmirəm.) Gözləyirdim bir az yaxşılaşsın yanına gedim. Hazırlaşmışdım görüşəndə zarafatla deyəm: “Elə Mirzə Ələkbər Sabiri qınayırdın ki, milləti söyüb. Hə, de görüm Sabir haqlıdır, yoxsa sən?..” Heyf ki, soruşa bilmədim. Qaldı haqq dünyasında görüşənə... Xasiyyətinə bələd olduğumdan təxmin edirəm ki, o, fikrindən dönməyəcəkdi. Yenə “bu millət gözəl millətdir” deyəcəkdi... Rafiq millətini çox sevirdi. Baxmayaraq ki, “Tanrı türkü qorusun”, “Türkün türkdən başqa dostu yoxdur” ifadələri ilə heç cür razılaşmırdı. Onun üçün haqq, ədalət hər şeydən uca idi. Allah adamı idi, ancaq, dinə baxışı dözülməz idi. Qısa desəm, onun özünəməxsus, heç kimdə olmayan qəribəliyi, özgürlüyü vardı: Allahdan aşağı hər kəsdə nöqsan tapırdı. Çərçivələri sevmirdi, ehkamlara, tabulara, kimlərinsə bütləşdirilməsinə qarşı idi. Düşündüyünü gizlətmirdi, necə qarşılanacağından qorxmurdu, düşündüyü sayaq da yazırdı. İqtidarı tənqid edirdi, ey6 ni zamanda müxalifəti də tənqidləyirdi. Adi halda mələk kimi olan bu insan yazılarında qəddarlaşırdı. Dost, qeyri-dost fərqi yox idi. Özü üçün yazılan, deyilən əks fikirləri də sakit, təmkinlə, küsmədən qarşılayırdı. Qibtə ediləsi yüksək mədəniyyəti vardı. Azad rəy, azad fikir mədəniyyətinin yaradıcısı kimi çağdaş ədəbi publisistikamızda heyrətamiz nümunə idi. Elə buna görə də Rafiqin xətrini çox istəyirdim, iradlarından incimirdim. Bilirdim ki, yazılarımın bir çoxunu bəyənmir. Görüşlərimizdə mən də həvəslənib onun hekayələrini tənqid edirdim: ”Rafiq, bu qədər terminləri, postulatları, əndirəbadi fikirləri hardan tapırsan?” Gülümsəyirdi: “Onun üçün çoxlu mütaliə etmək lazımdır”, deyirdi. İki hekayəm daha çox xoşuna gəlmişdi: “Milçəklər”, bir də “Şanssız”. Sonuncunu oxuyanda telefonuma mesaj göndərmişdi: ”...qəhrəmanın halına acıdım”. İlk dəfə hekayələrimlə tanış olanda mənə belə demişdi: “Sənin istedadın var, demirəm istedadsızsan. Gəl ki, istedadın bilirsən nəyə bənzəyir? Bir otaq boyda torpağın içində bir ovuc qızıla. Qızılı artırmaq üçün sən gərək tonlarla torpaq eşəsən...” İllər keçdikcə dostumun sözündəki dürüstlüyə əmin oldum. Son görüşümüzdə demişdim: “Gözün aydın, məni də yoluxdurdun, başlamışam süjetsiz hekayə yazmağa...” Rafiqin yüksək cəhətlərindən biri də həmişə gənclərə, özündən cavanlara diqqət, qayğı göstərməsi idi. Oğlumu tanıyandan sonra hər görüşəndə, zəngləşəndə mütləq onu soruşar, salam çatdırmağı tapşırardı. Gənclər Rafiqi nahaqdan sevmirdilər, diqqətinə cavab olaraq onu “canlı korifey” adlandırırdılar. Gənclərlə ünsiyyətinin nəticəsi idi ki, həmyaşıdlarından fərqli olaraq internetdən fəal istifadə edirdi. Bir il əvvəl – 22.11.2010-da Facebookda səhifə açmasını təbrik etmişdim: “Rafiq, qədəmlərin uğurlu, səhifən mübarək!” Az bir müddət ərzində özünə minlərlə şəbəkə dostu qazanmışdı. O, öldürülməyindən qorxmurdu. Qorxsaydı Rafiq Tağı olmazdı. Azad düşüncə yolunda, azad fikrə görə şəhid oldu, 21-ci əsr olsa da belə. Onu iki dəfə qətl etdilər: birini bıçaqla, digərini səhlənkarlıqla, laqeydliklə... Rafiq Tağı ölümü ilə xalqın qəlbində ölümsüzlüyə qovuşdu: Mikayıl Müşfiq kimi, Şıxəli Qurbanov 8 kimi, Əli Kərim kimi... Onu öldürənlər, əslində Rafiqi əbədi yaşadacaqlarını dərk etməmişdilər... 12.2011 (Kulis.az)
ESSELƏR SADƏ, SƏMİMİ, MEHRİBAN – RAFİQ TAĞI
Rafiq Tağını 1991-ci ilin ilk günlərindən – iyirmi ildən çoxdur tanıyıram. Səhiyyə Nazirliyinin orqanı “Tibb qəzet”inin başlanğıc nəşri olan “Şəfqət”in hazırlanmasında redaksiyadan yazılarını əsirgəmirdi. O zaman Rafiqin Moskva xatirələri hələ soyumamışdı. Boş vaxtlarımızda onun maraqlı söhbətlərini dinlər, bəzən isə dini mövzularda mübahisələr edərdik. Məndən on beş yaş böyük olsa da, onu çox vaxt öz yaşıdım hesab edərdim. Rafiqdə olan sadəlik, səmimilik, mehribanlıq sözlə ifadə ediləsi deyildi. Sözündə bütöv idi. Bir sifəti var idi. Haqqı sevərdi, heş vaxt haqqı danmazdı. Bəlkə də elə buna görə idi ki, ötən illər ərzində “Şəfqət”dən sonra işlədiyim doqquz kollektiv içərisində nə qədər dostlarım çıxdaş olsa da Rafiq Tağı ürəyimdə öz yerini qorudu. Mən inanıram ki, o, ömründə heç vaxt kiməsə yaltaqlanmayıb. Kimsənin də nahaqdan qəlbinə dəy10 məyib. Amma, həmişə haqq sözünü deməkdən də qorxmayıb. Mən inanıram ki, o, ömründə haramı özünə yaxın buraxmayıb. O insanda tamah, paxıllıq yox dərəcəsində idi. Yazıçılar var əsərləri sevilsə də şəxsiyyətcə yazdıqlarına layiq deyillər. Rafiq isə bir hərtərəfli kamil insan kimi əsərlərindən də yüksəkdə duran yazıçıdır. Bu mənim qənaətimdir. Ola bilər hansısa hekayəsini oxucu kimi bəyənməyim, ancaq, ziyalı vətəndaş kimi Rafiq Tağı ilə bağlı irad tapmağa acizəm. Allah da onu sevir. Ağır bıçaq zəbələrindən sonra Rafiqi yaşatmaqla ona hücum edən ŞEYTANın tör-töküntülərinə yazıçıya olan sevgisini sübut etdi. Alçaqlığından qalmayan bu şərəfsizlərin isə qazancı minlərlə Rafiqsevərin nifrəti oldu. Heyhat, bu sevgini də ona çox gördülər... Rafiq o qədər tərif xoşlayan da deyildi. Onun mənim tərifimə və ya bu yazıma heç ehtiyacı da yoxdu. Görünən dağa nə bələdçi... Onsuz da hamı Rafiq Tağını yaxşı tanıyır. Mənim isə münasibətimi bildir11 məklə məqsədim yazıçı-vətəndaş, yazıçı-şəxsiyyət qarşısında sadəcə vicdanımın tələbini ödəməkdir... 11.20011 (Kulis.az)
AD GÜNÜN MÜBARƏK ... Rafiq Tağının xatirəsinə...
Avqust ayının beşinci günü mərhum yazıçı dostum Rafiq Tağının ad günüdür. Sağlığında sadəliyindən istənilən təntənəni, özünə ad günü keçirməyi sevməzdi. Həbsdən çıxandan sonra hər il ad günündə telefon nömrəsinə mesaj yazardım. (Vəfatından xeyli keçməsinə baxmayaraq nömrəsini hələ də telefonumda saxlamışam: nə zəng edə, nə də poza bilmirəm...) İki il əvvəl “Oxu zalı”nda altmış yaşı münasibəti ilə dərc edilən müsahibəyə təbrik şərhi də yazmışdım. Ötən il isə onu Facebook səhifəsində təbrik etmişdim. Üstündən iki həftə keçəndən sonra mənə təşəkkürünü çatdırdığı məktubunu oxuyanda təəccübləndim. Səbəbini öyrənəndə məlum oldu ki, ad günü ilə bağlı göndərilən təbriklərin sayı minlərlə olduğundan, onların hər birinə cavab yazan Rafiqin siyahısında, demə mənə indi növbə çatıbmış... Mən heyrət etdim: saysız hesabsız insanın ona olan hörmətinə və həm də Rafiqin qarşılıqlı, birəbir diqqətinə... Bu günlərdə onun haqqında düşünərkən, yazdığı “İlk düşmənim” memuarı yadıma düşdü. Qəribədir ki, həmin memuarında, o, hər ad günündə Həsənağanı unuda bilmədiyini qeyd etdiyi sayaq, biz də bundan sonra Rafiqi ananda daim qatilini də xatırlamalı olacayıq. Xüsusilə, xəstəxanada verdiyi son müsahibəsində, onu bıçaqla vuran adam barədə dedikləri heç yadımdan çıxmır: “...tövşəməsindən hiss olunurdu ki, peşəkar deyil...” Bu sözləri deməklə Rafiqin sanki, qatilinə yazığı gəlmişdi, halına, peşəkar olmamasına acımışdı. Mən yüz faiz əminəm ki, etdiyi cinayətə görə, o qatil nə qədər pul, ənam, vəzifə alsa da, ölən gününədək Rafiqi bıçaqlamağı yadına düşəndə mütləq yenidən həyəcanlanacaq, təntiyəcək, ən azından yuxularında tövşüyəcək, qaranəfəs olacaq... Hər kəsə qayğıkeş yanaşan səmimi, mehriban insanı diqqətsizliyimizin, laqeydsizliyimizin ucbatın14 dan itirdik. Allah bədxahlarının “əcirini” versin, Rafiq. Ad günün mübarək, əziz dostum... 05.08.2012 (Kult.az)
RAFİQ HAQQINDA YADIMDA QALANLARDAN..
O günlərdən, onu son dəfə görməyimdən on ildən çox vaxt keçib. Hərdən dünən olubmuş kimi inanmağım gəlmir illərin ötməsinə. Zaman dəyişsə də, düşüncəmdə Rafiq Tağı necə vardısa, elə də qalıb. Sanki, zamanın Rafiqə dəxli yoxdur, O, zamandan ucadadır. Dünyasını dəyişmiş bütün sevdiklərim sayaq həmişə mənə elə gəlir ki, nə vaxtsa yenə onunla görüşəcəyəm. Qulağımda, yaddaşımda qalan özünəməxsus səsini, diksiyasını, gülüşünü eşidəcəyəm. Yenə nəyisə müzakirə edəcəyik, mübahisəyə girişəcəyik, axırda məndən böyüklüyünü və səmimiliyini nəzərə alıb fikirləri ilə qismən razılaşacağam. Çox xoşlayırdım Rafiqlə saatlarla söhbət etməyi. Məndən onbeş yaş böyük olsa da, münasibətində böyük yaş fərqini hiss etməzdim. Heç vaxt özünü çəkib yüksək tutmazdı, yaşıdı kimi zarafatlaşardı. Bildiyini əsirgəməzdi, bacardığı köməyi etməyə çalışardı, tənqidə açıq idi. Riyakarlığa nifrəti vardı, kimsə16 dən çəkinməzdi, nə qüsuru varsa, adamın üzünə deyərdi: sən busan! Ona görə də, hər yeni nəsə yazanda çox istəyərdim ki, o, oxusun, tənqid etsin, zəif olan yerləri gizləməyib açıq desin. Bilirdim ki, onun tənqidi qərəzli deyil, duyduğunu, düşündüyünü deyir, Əksinə, tənqid olmayanda, “pis deyil” sözü ilə kifayətlənəndə pərt olurdum, deyirdim ki, “Rafiq, demək yaxşı yazmamışam, xətrimə dəyməməsi üçün yola verirsən.” İndiki “İçərişəhər” metro stansiyası ətrafında, Sahil, Nərimanov bağlarında birneçə dəfə görüşmüşdük, uzun-uzadı söhbətləşmişdik. Sahil bağında bir görüşümüz daha çox yadımda qalıb. Rayonda olan toyumdan sonra işə çıxmışdım. Rafiq məni Sahil bağına çağırdı. Hal-əhval tutdu. Sonra toyda iştirak edə bilmədiyinə görə üzrxahlıq edib astaca pəncəyimin cibinə pul qoydu. Mən gözləmirdim, götürmək istəmədim, bilirdim ki, elə də çox qazancı yoxdur: “Rafiq nə edirsən, çox sağ ol, lazım deyil,” –dedim. O, gülümsünüb: “elə mən lazım olanı edirəm”, -dedi.
Əvvələr ev telefonu ilə, 2003-dən sonra mobil telefonla tez-tez danışar hal-əhval tutardıq. Nəhayət, 2010-nun payızından feysbuk ilə də, ünsiyyət qurmuşduq. Fb-də Rafiqin ona aid hər şərhə, təbrikə diqqət ayırması, cavablaması məni heyrətləndirirdi. Olduqca nəzakətli və mədəni idi. Təəssüf ki, ən az münasibətimiz elə feysbukda oldu. Hər ikimiz profil səhifəsi açıb fb-də bir-birimizi izləməyimizin bir ili tamam olacaqdı, qatillər imkan vermədilər, onu cərgəmizdən, aramızdan apardılar... Fb-də yazışmalarımızın bir neçəsiinin şəklini çəkib əziz xatirə kimi saxlamışam:
22/11/2010 22:33 Rovshen Yerfi Rafiq, qədəmlərin uğurlu, səhifən mübarək ! (Mən sentyabrdan, Rafiq isə noyabrdan Fb-yə qoşulmuşdu, bu münasibətlə yazmışdım.)
20/12/2010 18:34 Rovshen Yerfi Litparad: Arxasında müxtəlif niyyətlər gizlənən “ədəbi şou.
20/12/2010 19:16 Rafiq Tağı Yazını oxudum. Düzgün fikirdir. İstənilən müsabiqə tam obyektiv keçirilməyəndə, mənasız bir oyuna çevrilir. 10/09/2011 23:23 Rovshen Yerfi Rafiq salam. Kultazda "Ağılsızlar.." hekayəmə baxmısan? Etiraf edirəm 18 ki, belə yazılarm sənin hekayələrindən sonra "cücərməyə" başlayıb...
11/09/2011 11:33 Rafiq Tağı Rövşən bəy, salam. "Ağılsızlar"ı və "Öncə türk..."ü oxudum. Sizə bir daha uğurlar diləyirəm. Oğlunuz necədir? Sağ olun. Var olun. (O, gəncləri çox sevərdi. Oğlumla toplantıların birində tanış olandan sonra, hər dəfə onu soraqlayardı.)
11/09/2011 13:27 Rovshen Yerfi Təşəkkürlər !...
16/10/2011 16:12 Rovshen Yerfi Rafiq salam. Uğurlar arzulamağınızdan belə başa düşdüm ki, əvvəlki yazılar uğurlu alınmayıb. Kultaz-dakı "Yaşılımtıl"a da bax. Sizin diqqətiniz mənim üçün qiymətlidir. Bu, fb-də Rafiqə son ismarışım oldu. Onun dərc edilmiş axrıncı yazılarım barədə qısaca uğurlar diləməyi məni qane etməmişdi. İradlara, tənqidlərə, düzəlişlərə vərdiş olmuşdum. Bu səbəbdən mobil telefonuna zəng vurub bir bazar günü onunla görüşmək istədiyimi dedim. Razılaşdıq ki, boş və xoş bir istirahət günündə görüşək. Heyhat, qismət deyilmiş... Xəstəxanada yatarkən də, düşünmüşdüm ki, bir az özünə gəlsin, həftənin şənbə günü işdən sonra yanına gedib dəyərəm. O da mümkün olmadı...
Rafiq Tağı haqqında yadımda qalanlar bunlarla bitmir, ömür və zaman imkan verərsə, xatirələrim yenə də olacaq. 10.2021 (Edebiyyat.az)
HEKAYƏLƏR
Bu hekayəmi Rafiq Tağı öz istəyi ilə 12 mart 1991-ci ildə Masallıda çıxan “Qala” qəzetində dərc etdirmişdi. 2014-cü ildə çap edilən “Şanssız” adlı hekayələr kitabımda hekayəni sağlığında göstərdiyi dostcasına münasibətinə görə xatirəsinə həsr etdim. MÌLÇƏKLƏR Rafiq Tağının əziz xatirəsinə.... Nahar təzəcə qurtarmışdı. Əkrəmì sex rəìsìnìn yanına çağırdılar. Sex rəìsì Ağagül yenə kìmìnləsə telefonda şìrìn-şìrìn söhbət edìrdì. Əkrəm onu bìr qədər gözləməlì oldu. Söhbətì qurtaríb telefonu yerìnə qoyandan sonra Ağagül soruşdu: Nə oldu? Qamìdovìçìn “ukazanìya”sını etdìn? Qamìdovìç bütün ìdarənìn şefì ìdì. Adam nə qədər “ukazanìya” verər. Əkrəmìn lap zəhləsì getmìşdì bu “ukazanìya”lardan. Ona görə də şefìn adı 21 çəkìləndə az qalırdı özündən çıxsın. Ağagül ìsə zövq alırdı səhərdən-axşamadək şefìnìn adını dilində bayrağa döndərməkdən. Ağagül başa düşdü kì, “Qamìdovìç” sözü yenə Əkrəmì cìn atına mìndìrəcək, tez mülayìmləşdì: Qardaş, de da ba, Kìyev döngəsìnə getdìn, yoxsa yox? Hə, getmìşəm. Necə demìşdìz, elə də etmìşəm. “Paradnı”ya nìyə zibil töküb pis günə qoymusuz? “Zammìnìstrìn” arvadı zəng eləyìb şefə kì, sìzìn ìşçìlər “paradnı”nı zìr-zìbìlləyìb gedìblər. Qutunu asmaq üçün dìvardan açdığım deşìklərdən yerə cəmì bìr ovuc toz tökülə-tökülməyə, başqa heç nə tökməmìşìk. Yox, heylə deyìl axı, o “paradnı” ìlə o bìrì bìnaların “paradnı”larında fərq var? Var. Elədìr, ora par-par parıldayır, dìvarlarına mərmər lövhələr çəkìblər...
Ay sağ ol. Sən özün çox “paradnı”lar görmüsən kì, donuzu döysən də ora gìrməz. Amma, Kìyev döngəsìndə hamısı nəhənglərdìr. Ìndì ayrı yol yoxdur, mənìm kabìnetìmìn süpürgəsìnì Zərxanımdan al, bük bìr kağıza, bìlìrəm mən də cavan olmuşam, süpürgə ìlə avtobusa mìnmək tutmur. Al, bu da pul, taksì ìlə get, qayıt. Qutunu da, aralı düşüb, təzədən “zammìnìstr”ìn qapısına yaxın vur. Xeyr. Qutunu təzədən vuraram, ancaq, süpürməyəcəyəm. Mənìm üçün hamısı eynìdìr. O sìzə “zammìnìstrdìr”, mənə qalsa kim olmasının fərqi yoxdur. Eh... Heylə guruldayan vaxtındır. Aìləlì olarsan, sənì vəzìfəyə çəkərlər, onda baxaram sənə. Elə yumşalacaqsan ha, özün-özünə məəttəl qalacaqsan. Ìnan, ìndì vacìb ìşìm olmasaydı, özüm gedərdìm, qutunu vurardım. Həm də süpürərdìm. Axı, burada nə ayıb ìş var? Oranı süpürsəm yoxsa medalımı alarlar, hə? Əkrəm müəllìm, adam gərək bu günün sabahını da düşünsün. Sənə nə var, subay oğlansan, dünya da hələ qulağına deyìl.Bir boğazındı, bir də... Görürəm sözlə yumşalan deyìlsən, get çağír Mìrbalanı.
Əkrəm Mìrbalanı təmir sexindən çağırıb əvvəlkì yerìnə qayıtdı. Mìrbala ondan on beş-on altı yaş böyük olardı. Mìrbala, Ağagül onu yanına çağırdı, götür bu göy beşlìyì, mìnìn taksìyə, gedìn Əkrəmlə Kìyev döngəsìnə. Qutunu təzədən bìr az “zammìnìstr”ìn qapısına yaxın vurun. Bu cavan oğlan şənìnə sığışdırmır, sən yerə tökülən zìbìllərì də süpürərsən. Taksìyə mìnməmìşdən qabaq, al, bu da sənìn ìkì qəpìyìn, avtomatdan mənə xəbər ver, mən də şefə “doklad” eləyìm. Yaxşımı? Hə, tez eləyìn, tərpənìn, şef gözləyìr. Kìyev döngəsìnə çatan kìmì Mìrbala Əkrəmə ìmkan verməyìb qəzet qutusunu əvvəlkì yerìndən çıxarıb “zammìnìstr”ìn bər-bəzəklì qapısının lap yanından səlìqə ìlə vurdu. Yerə tökülən tozları da təzəcə süpürüb atmışdı kì, mənzìlìn qapısı açıldı. Sapsarı saçları olan, sìnəsì açıq, yarıçılpaq don geyìnmìş on altí-on səkkìz yaşlı qız onlara tərəf boylanıb dedì: “Mama skazala, çto pust naşu musoru toje taşut”. Mìrbala Əkrəmə baxdı. Əkrəm göz-qaş etdì kì, mənìm ìşìm deyìl. Naəlac qalan Mìrbala otağa gìrìb, qucağı zìr-zìbìl dolu kağız kìsəsì ìlə qayıtdı. Əkrəm tez lìftì açdı. Ìçərì gìrdìlər. Qapılar örtülən kìmì Mìrbala başladı söyməyə: Ə, belə də heyvərəlìk olar, qapılarının ağzını süpürməyìmìz bəs deyìl, hələ zìbìllərìnì də atdırırlar... Əkrəm şaqqanaq çəkìb gülürdü: Götürməyəydìn, nìyə götürürdün? Yaxşı deyìl axí. Sonra, çatar şefìn qulağına. Üç dənə balam var, neynìm, gərək hamı ìlə bìrtəhər dolanam. İşsiz qalsam kim mənim ailəmi saxlayacaq? Eh... Mìrbala qucağındakı kağız kìsənì zìbìl tökülən yerə aparanadək zamministrin var-yoxuna söydü. Üst-başını çırpıb küçədəki sıralanan avtomat-telefonlardan bìrìlə Ağagülə şefìn göstərìşìnìn yerìnə yetdìyìnì xəbər verməyə tələsdì. Əkrəm ìsə yaxınlıqdakı taksofon budkasına söykənìb onu gözləyərək düşünürdü kì, qərìbədìr, bunları bu günə salan, yazıq edən doğrudan da, aìləlì olmaqdır, yoxsa...
Avtomatlardan bìrìnìn yuxarısını hörümçək toru bürümüşdü. Tora ìkì-üç dənə təzə mìlçək düşmüşdü. Əkrəm uşaqlıqdan sevìrdì hörümçək toruna tamaşa eləməyì. Çox keçməmìş ìrì, şìşman hörümçək görsəndì. Mìlçəklər bunu hìss edìb canlarının dərdìndən onun şərəfìnə səs-səsə verìb oxumağa başladılar. Hörümçək cəld onları bir-bir “sakìtləşdìrdì”. Mìrbala fəxrlə Ağagülə raport verərək telefonun dəstəyìnì yerìndən asıb, xoş əhvalla Əkrəmə yaxınlaşdı: Nəyə baxırsan elə maraqla? Şefə. Nə? Şef? Hanı?! –təəccüblə udqundu. O, tordakı “işini görmüş” özündənrazı hörümçəyì göstərdì. Yekəpər hörümçək Mirbalanın xoşuna gəldìyìndən ləzzətlə, ürəkdən güldü: Ə, mən ölüm, başdan-ayağacan məzəsən. Ay sənìn toyun olsun, düşəsən bìzìm günümüzə, hə... 1989
“BADBAXTLAR...” (süjetsiz hekayə) Rafiq Tağı sayağı...
Neçə aylar idi əyalətdəki qəsəbəyə yeni icra başçısı təyin olunmuşdu. Özünü bu kiçik şəhərə bərabər böyük qəsəbənin xanı hiss edən başçını yerli əhali öz aralarında “ehtiram” əlaməti olaraq Yekəxan müəllim adlandırırdılar. Yəni yekə, böyük xan. Həqiqətdə ölkədə ondan da böyük xanlar mövcud olduğundan BÖYÜKLƏR-in xətirlərinə dəyməməsi üçün böyük sözünü yekə ilə əvəzləmişdilər. Yekəxan müəllim əvvəllər başqa kiçik qəsəbələrdə icra başçısı işləyəndə aktiv, fəal məmur kimi ad çıxarmışdı. O, təkcə pul yığmaq yox, pulun yerini axtarıb tapmağı da bacarırdı. Odur ki, işlədiyi qəsəbəyə başçı təyin ediləndə pulyığmaq qabiliyyətinin nəticəsi olaraq heç nəsiz post tutmasına ürəyində xeyli sevinmişdi. Bu elə bir zamanda baş vermişdi ki, “korrupsiyaya qarşı geniş mübarizə” kampaniyası başlanmışdı. Amma, heyf ki, Yekəxan müəllimin sevinci uzun çəkməmişdi. Təyin edilən gündən bir həftə sonra BÖYÜKLƏR-dən biri kabinetinə çağırıb ona haqq-hesabı xatırladıbmış. Necə deyərlər: ”slujba” öz yerində, “drujba” öz yerində”... Haqq-hesab da nə qədər olsa yaxşıdı – təzə maaşın on ili həcmində!.. Deyilən pulu Yekəxan müəllimin birdəfəyə vermək imkanı çatmadığından möhlət istəmişdi. .. O, korrupsiya – filan söhbətlərinə baxmayaraq işin gec-tez belə olacağını uzun illərin məmuru kimi gözəl anlayırdı. Başqalarından əvvəlcədən alındlğı halda, ondan təyinatdan sonra haqq istənilməsini, ona qarşı BÖYÜKLƏR tərəfindən edilən jest, hörmət hesab edirdi. Məlum idi ki, az müddətə, necə var, etimadı doğrultmalıydı. Təcrübəsindən bilirdi nələri etmək lazımdır. İdarəsinin baş mühasibinə göstəriş verdi ki, onun icazəsi olmadan dövlətdən ayrılan büdcədən bir manat belə işlədilməsin. “Guya” büdcənin qayğısına qalmaq adı ilə bütün maddi ayırmaları – güzəştləri, yardımları, mükafatları, xeyirsiz ictimai tədbirlərə pul köçürmələrini dayandırdı. (Özünə sərf edən qaydada “əritmək” üçün.) Belə xeyirxah iş28 lərə daha çox məhəllə başçılarının daxili imkanlarından istifadə edilməsini göstəriş verdi! Sonra, abadlaşma adı altında qəsəbəki parkın təmirinə başladı. Qəsəbədən keçən yolların, mərkəzi küçələrin ətrafındakı mağaza və ticarət köşklərini sökdürdü. Küçələri sağdan və soldan yarım metr böyüdəndən sonra, yenidən yol kənarlarını əvvəlki obyekt sahiblərinə təzə qiymətlə satdı. O, “aylıq pulun” artırılmasından narazılıq edən, özlərini qəsəbənin “ziyalıları, elitası” sayan obyekt sahiblərinin hamısına pulyğma işini tapşırdığı müavini vasitəsilə ismarıc göndərdi: “Ağıllı olun. Birdəfəlik anlayın, başınızı aşağı salıb sakit çörəyinizi qazanmaq istəyirsinizsə hər ay müəyyən edi-lən haqqı ödəmək vacibdir!.. Xətir-hörmət itməməlidir. Necə deyərlər: “slujba” öz yerində, “drujba” öz yerində...” Elə bu ismarıcın ardınca qəsəbədə qanunsuzluq, ədalətsizlik başlamışdı “at oynatmağa”. Baş verən “hərki – hərkilikdən” Yekəxan müəllimin xəbəri vardı, heç vecinə də deyildi. Nə də özünü günahkar saymırdı. Çünki, “yuxarı” ondan ədalətdən öncə “haqq” tələb edirdi. Təkcə ehtiyatlandığı, çox da ağ eləyib BÖYÜKLƏR-in qınağına tuş gəlməmək idi. Əsas məsələlərdən biri də BÖYÜKLƏR keçən küçələrin tez-tez rənglədilməsiydi. Xüsusilə, kasıblar məhəlləsindəki yoxsulluğu, səfaləti onların görməməsi üçün, “daxili imkanlar hesabına” küçələr boyu üstü bəzəkli, hündür divarlar tikdirmişdi. Aylar, illər keçdikcə camaat da yaranmış haqsızlıqlara artıq alışmış, vərdişini almışdılar. Alışmayıb neyləyəsiydilər ki... Əvvəlki başçının dövründə səsini qaldıranlar olmuşdu. Nə dəyişilmişdi? O zaman etirazçıların hərəsini bir yolla yerində otuzdurdular. Narazılar yuxarıların diqqətini çəkmək üçün piket, mitinq eləmək istədilər. Başçı polis dəyənəyi ilə iştirakçıları döydürüb meydanlardan qovmuşdu. Bir növ başa salmışdı ki, sərbəst toplaşmaq azadlığı yalnız onun icazəsi ilə mümkündür, vəssalam. Əks halda anarxiyaya imkan verməyəcək. Əslində isə anarxiyanı özü yaratmışdı. Sakinlərin dərdi-səri, kasıb-küsubu ilə maraqlanmaqdansa, qəsəbənin ən gəlirli işlərini öz adamları arasında ata 30 malı kimi bölüşüb pul toplamaqla məşğul idi. Piket, mitinqdən bir iş çıxmayacağını anlayanda camaat BÖYÜKLƏR-ə şikayət məktubu yazıb yüzlərlə, hətta minlərlə imza topladılar. Vəziyyət o dərəcəyə gətirilmişdi ki, köhnə başçı daha artıqlaması ilə xərcini çıxarmış, yuxarıdakılar da ondan gələn şikayətlərdən yorulmuşdular. Belə olduğu üçün BÖYÜKLƏR vətəndaşların tələbinə uyğun problemin həllini tapdılar: başçıların yerlərini dəyişdilər. Yekəxan müəllimi bu qəsəbəyə, köhnəni isə onun yerinə təyin edilməklə məsələ yoluna qoyuldu. Bir başçını, daha doğrusu bir pul “sağıcısı”nı digəri əvəzlədi... Yekəxan müəllim ilyarım işləyəndən sonra camaat yağışdan çıxıb, yağmura düşdüyünü dərk etdi. Özbaşınalıq azalmaqdansa artmışdı. Keçmiş başçı rüşvəti qazancı olanlardan istəyirdisə, yeni gələn ucdantutma bütün obyektləri “nəzir-niyaz” verməyə məcbur edirdi. “Bacarmırsan, yerini ver, bacarana. Xoşun gəlmir, köç başqa yerdə yaşa”. İnsafən, Yekəxan müəllim heç də özünü tam ağa saymırdı, Başçılıq etdiyi əraziyə bütövlüklə icarəyə götürdüyü obyekti, “müəssisəsi” kimi baxır, özünü buranın müvəqqəti baş icarədarı duyurdu. Onun ən ümdə vəzifələrindən biri vaxtlı-vaxtında yuxarılara icarə haqqını ödəmək idi. Yekəxan müəllim də əvvəlki yerli başçının yolu ilə gedərək kənarda yaşayan qohum-əqrəbasını başına yığıb “komandasını” düzəltmişdi. Aşkar idi ki, o, buralı deyildi. Deyilənə görə Yekəxan müəllim Məmmədhəsən əminin eşşəyini əlindən alan Xudayar bəyin nəslindən imiş. Xudayar bəyin nəvə-nəticələri isə ölkədə o qədər törəyib artmışdılar ki, onlarla nəinki, hər qəsəbədə, az qala hər məhəllədə də rastlaşmaq olardı. Narazı olsa da, camaatın yenidən etiraz aksiyalarına başlamağına tamam həvəsi sönmüşdü. Başçının dərəbəyliyinə dözmək istəməyən, özlərini “elita” hesab edənlər təzədən BÖYÜKLƏR-ə müraciət üçün imza toplamaq çağırışı etdilər. Gəl ki, hər təzə gələn başçının əvvəlkindən də insafsız olduğunu görən camaatın “HALAL” başçının mümkünlüyünə inamları tamam itmişdi. Bir yolu vardı, onu özləri seçmək. O halda da BÖYÜKLƏR-i qəzəbləndirərdilər ki, siz başçı seçənsinizsə, onda biz nəyə gərəyik?! Bir çoxlarını da Yekəxan müəllim dolanışıqlı işlə, ev növbəsi, xüsusi imtiyazla əl-qollarını bərk-bərk bağlamışdı, səslərini çıxara bilmirdilər. Baş aparan bir neçəsini də “xuliqan” adı ilə həbs etdirmişdi. Ona görə də başçının “radikal müxalifət” adlandırdığı ədalətçilər deyilən dəstənin təşəbbüsü ilə yazılan məktuba güc-bəla ilə cəmi vur-tut, qırxdan bir az çox imza toplanmışdı. O da aydın olmuşdu ki, həmin adamların xeylisinin pasport qeydiyyatları qəsəbəyə aid olsa da, həqiqətdə kənar şəhərdə yaşayanlardır. İmzaların ötən dəfəkindən min dəfələrlə az yığıldığını görən etirazçııların öndə gedən lideri aksiyanın təxirə salınmasını məqsədə uyğun saydı: -Nəticədən belə çıxır ki. vətəndaşlar öz başçısının özbaşınalığından hələ yetərincə narazı deyillər və çoxluq başçının dəyişilməsini istəmir. Onları belə yaşamaq təmin edir. Demək, qəsəbənin camaatı özünə layiq “sevimli başçısını” tapıb... Sakinlər başa düşürdülər ki, bu xan olmasın, başqa xan olsun, nə dəyişəcəkdi? Bəlkə bunun gözü ötən vaxtda bir az doyar. Nahaqdan onu “əvəzolunmaz yekə” adlandırmırlar. Məsələdən hali olanda Yekəxan müəllim qıçlarını özünəməxsus qaydada bir-birinin üstünə aşıraraq başçı kreslosuna yayxanıb piyli qarnını qaşıyaqaşıya, niyyətləri baş tutmayan etirazçılara doyunca gülmüş, uğunduğundan amanı olmayıb, ürəkdən bircə kəlmə söz deyə bilibmiş: -Badbaxtlar... Başçı haqlı idi: heç demə bu boyda xoşbəxt qəsəbənin ən bədbəxtləri bu narazı zavallılar imiş... Çünki, mövcud “yekə həqiqət” onlara hamıdan gec çatmışdı... 08.2011
“ANALOQSUZ” İMİTASİYA VƏ YA “KİTAYSKİ” ÖMÜR... (süjetsiz hekayə)
Allah Rafiqə rəhmət etsin.. Səhər erkəndən bir yerlisinin zəngindən eşitdiyi pis xəbər kefini pozmuşdu. Həmkəndlisi Səməd ötən gecə rəhmətə getmişdi. İllərlə çəkdiyi yaşamaq əzablarına daha dözməyib intihar etmişdi. “Hə, həyatdır da, bu gün varsan, sabah yox”... Hər dəfə tanıdığı adamın ölüm xəbəri eşidəndə belə düşünərdi. Ona elə gələrdi ki, belə xəbərlər ölümü hər dəfə ona da bir addım yaxınlaşdırır. Səməd elə də çox qoca deyildi. Yaşı altımış beş ya olardı, ya da olmazdı. Ayağını altına yığan, dincələn çağı idi, Allah onu həmişəlik dincəlməyə apardı. Səmədi axırıncı dəfə üç ay əvvəl bir qohumunun yasında görmüşdü. Uzaqdan uzağa başlarını tərpədib salamlaşmışdılar. Kim o zaman deyə bilərdi 35 ki, Səmədin üç ayı qalıb? Lap elə bu gün də kimin nə qədər ayı qaldığını bilən varmı?.. Nədənsə uşaqlığından xatirinə həkk edilən kiçik epizodlardan biri də Səmədin toyu ilə bağlı idi. Otuz beş il qabaq olan toyun üstündən sanki, çox yox, beş il keçmişdi. O vaxtlarda toy üç gün çəkərdi. Sonuncu gün nahardan sonra mağarda, bər-bəzəkli xonçaların əhatəsində toyun bəyini əyləşdirib bəy tərifinə başlayardılar. Yayın axırları olmasına baxmayaraq, hava qəfildən soyumuşdu. Yay geyimində, bəy paltarında xalça önündəki bəy stolunda oturan Səmədin canına üşütmə düşdüyündən tir-tir əsirdi. Yanındakı sağdışı, solduşu onu birtəhər qızındırmaqla titrəməsini ört-basdır etməyə çalışırdılar. Amma Səmədin üşüməsi tay-tuşlarının gözündən qaçmadığından kənardan ona söz atmağa başlamışdılar: -Bu indidən belə əsir, axşam işi çətin olacaq... -“Peçi istiləşənəcəndi”, qızdımı, əsməsi dayanacaq...
Axşamüstü yaxınlıqdakı məhəllədən Səmədə gəlin gətirdilər. Uşaqlara qoşulub o da Səmədgilin evinə yol alan gəlin maşınının ardınca qaçmışdı, gəlinin arxasınca ağlayanlara baxıb onun da gözləri yaşarmışdı.. Səmədlə nə qohumluğu, nə də hansısa yaxınlığı yox idi, adicə həmkəndlisi idi. Kənddə kimsə qalmamışdı, hamı “tərəqqi” üzündən köçmüşdü hərə bir yerə. Səməd də Abşeronun uzaq qəsəbəsində yaşayırdı. Ora gedənəcən üç ya dörd avtobus marşurutunu dəyişməli idi. Əlbəttə, özünü dəfnə çatdırmağı yaxşı olardı. Camaat içində görsənərdi, aylarla görüşə bilməyən adamlarla görüşüb hal-əhval tutardı. Gəl ki, gedib kimə baş sağlığı verəcəkdi? Səmədin atası, qardaşlarından qalanı yox idi, hamısı rəhmətə getmişdi. Uşaqlarını da tanımırdı. Bir vəzifədə olan qohumu-filanı da yox idi. Belə vəziyyətlərdə həmişə yadına bir məsəl düşürdü. Xəbər yayılır ki, filan yerdə bəyin nökəri ölüb. Digər yerlərin bəyləri yığışaraq gedib bəyə baş sağlığı verməyi qərara alırlar. Deyirlər, getməsək, bəydən ayıbdı. Yola düşürlər. Yolun yarısında xəbər tuturlar ki, demə ölən nökər yox, bəyin özü imiş. Tez yoldan dönüb geri qayıdırlar. Deyirlər, daha bəy ölübsə hara gedirik, nökərə baş sağlığı verməyəmi?.. Qısası, üzbəüz gələndə utanılası bir adam yox idi. Qalırdı bir Səməd, Səmədlə də Qiyamət günü qaçhaqaçda çətin ki, üzbəüz gələ... Şübhəsiz günlərin birində dünyadan köçəndə onun üçün də belə fikirləşənlər olacaqdı. Dünya ona da borclu qalmayacaqdı... Cibində pulunun az olduğu vaxtda tək yola çıxmağa heç həvəsi gəlmirdi. Bəlkə, yasa maşını olan birisinə qoşulub getsin? İki yerlisinə zəng vurdu, işləri olduğuna görə gedəni olmadı. Görünür başqaları da onun kimi düşündüklərindən öz işlərini daha vacib sayırdılar. Neynəsinlər, qınamalı deyildi. Öləndə də gərək şənbə, bazar günləri öləsən ki işləyən adamlar üçün də narahatlıq yaratmayasan. Kim razı olar çörəyini azaltsın, işin tapılmadığı indiki çətin dövrdə işini itirsin, sonra da axtara-axtara qalsın...
Necə ki, o, əvvəlki işindən xəstəliyinə görə təqaüdə çıxandan bəri neçə illər idi özünə ən adi bir iş tapa bilmirdi. Hara müraciət edirdi ya yaşlılığını, ya da ixtisasını bəhanə edib razılıq vermirdilər. Kömək edəcəklərinə ümidi olan keçmiş dostları, qohumları da yararsız, etibarsız çıxmışdılar. İş haqqında danışmamaqdan ötrü onunla görüşməkdən qaçınırdılar, qarşılaşanda isə bığlarının ağarmasından, saçının tökülməsindən bilərəkdən söz sala, dilxoşluq edərək çəkindikləri mövzudan yayınmaq istəyirdilər. Üzə salıb kabinetinə getdiyi keçmiş dostu isə belə demişdi: -İngilis və rus dilini bilsən sənə iş taparam. Qayıdıb ona deməyə üzü gəlməmişdi ki, guya sən bu dillərdən bircəsini bilirsən? Bəhanə etdiyini anlayaraq dostunun xətrinə dəyməmək üçün susmuşdu. Daha yaşı əllini keçdiyindən bundan sonra hər hansı ortabab iş tapacağına da ümidi qalmamışdı. Adamsız, rüşvətsiz, öz gücünə nəsə əldə edə bilməyəcəkdi. Gözünə neçə gündür televizorun üstündə gözdağı olan toy dəvətnaməsi sataşdı. Uzaq qohumlarından biri gələn həftəyə toya dəvət etmişdi. Hansı pulla gedəcəkdi, özü də bilmirdi. Çünki, ayın sonuna alacağı təqaüdü artıq nisyələrlə “xərcləmişdi”. Kiməsə gərək üz vurub borc götürməliydi. İndiki dövrdə borc verən də olmurdu. Nə etsin, olmaya toya getməsin? Eybi yox, hərbi xidmətdə olan oğluna nə vaxtsa toy edəndə o qohumu da gəlməz... İş barəsində kimdənsə dəstək gözləməyə dəyməzdi, insanların xasiyyəti dəyişmişdi. İndi məmurdan başlamış sahibkaradək hər kəs imkanı çatdıqca yalnız talamaq məqsədi ilə çalışır, təkcə öz qazancına görə narahatlıq keçirirdi. Eh.., deyəsən ömrünün qalanını da bu güzəranda, daimi ehtiyac içində yola verməli olacaqdı... İstədi görəndə qanının qaralmaması üçün dəvətnaməni cırıb harasa tullasın. Ürəyi gəlmədi, hələlik televizorun görünməyən arxa tərəfinə atdı. Fikrini qarışdırmaq məqsədi ilə televizorun düyməsini basdı. İş günü təzə başlasa da telekanalların böyük əksəriyyətində şadyanalıq, çal-çağır idi. Haqq verib oxumaqlarını reklam edənlər xalqının “xoşbəxt gününə” qol açıb oynamağındaydılar. Daim birinciliyi ilə qürrələnən kanalda isə teleulduza dönmüş tanınmış məmur ağzı köpüklənə-köpüklənə ölkədəki analoqu olmayan inkişafdan, yüz minlərlə açılan yeni iş yerlərindən, qonşu ölkələrdəkindən üstün kütləvi rifahdan danışırdı... Bekarçılıqdan çıxışçını dinlədikcə ekrandan yayılan huşyar edici illüziya onu da xeyli duyğulandırmışdı. Düşündükcə bu köpük kimi içi boş, parıltılı qabarcıqlara bənzəyən illüziyanın təsirindən, o, özünü elə bil, qeyri-müəyyənlikdə, çəkisizlikdə hiss edirdi: nə tox deyildi, nə də ac, nə xeyirə getməyə imkanı yox idi, nə də şərə – heç birində var ola bilmirdi, həm mövcud idi, həm də yox kimiydi... Həqiqətdə isə dolanışıq qiymətləri bahalaşdıqca aybaaydan borcları da çoxalırdı, Təqaüdünün artması yenə gələn seçkilərə qalmışdı. İllüziyadan ayrılıb öz-özünə düşündü: bu yaşamaqdımı?.. Əslində isə bu sabahları xoş ümidlərlə gözləyən və “yüksək tərəqqi” şəraitində onun sayağı milyonların yaşadığı “analoqsuz” həyat imitasiyası idi. Necə deyərlər, bir çox malların olduğu kimi ömrün də “kitayski” surəti... “Hə.., – o, qəmginliklə razılaşdı, saxta hər zaman bivec olur, nəliyindən, kimliyindən asılı olmayaraq... Nə etmək, ailəsini düşündü, imitasiyanı davam etdirmək lazımdır. “ Digər “birinci” kanalda ötən sutka ərzində “kitayski” ömürə dözməyənlərin növbəti intiharları göstərilirdi... 02.2014
XALQ YAZIÇISI (süjetsiz hekayə)
Məkanın cənnət olsun, Rafiq Tağı! Uzun illərdi yüksək dərəcəli məmur və deputat olan məşhur yazıçı – nasir, dramaturq, tərcüməçi, publisist Yurdsuz Elli yeni kitabının təqdimatına hazırlaşırdı. Kitabın təqdimatı yaxınlarda açılışı olmuş, son modern üslubda tikilmiş iri ticarət mərkəzinin geniş, izdihamlı salonunda təşkil olunacaqdı. Əlbəttə, ona yaraşmazdı ki, “mən də yazıçıyam” deyən hər yerindən duran cızma-qaraçılara qoşulub yazıçılar idarəsinin kiçik, darısqal salonunda kitabını ictimaiyyətə təqdim etsin. O, böyük bir xalqın ziyalı adamı, ictimai xadimi, deputatı, yüzlərlə pərəstişkarı, oxucusu olan yazıçısı idi. Bu təqdimatda onun deputat yoldaşları, siyasətçilər, alim adı “alanlar”, biznesmenlər, oliqarxlar, ən tanınmış şəxslər iştirak edəcəkdi. Yeri gəlmişkən tədbirə yüksək cəmiyyət üzvlərinin gəlməsi yeni ticarət mərkəzinin daha çox tanınmasına, alıcılarının çoxalmasına, satış dövriyyəsinin artmasına təkan verəcəkdi. Ən əsası isə təqdimatdan sonra ticarət mərkəzinin balaca restoranında xüsusi dəvətnamə paylanmış dəvətlilərə müəllif tərəfindən qonaqlıq veriləcəkdi. Çünki, o, başa düşürdü ki, təkcə kitabla təqdimat mərasimi samballı alınmayacaqdı. Dəvət etdiklərinin böyük əksəriyyəti qonaqlığa görə həvəslə gələcəkdilər, ürəklə kitab alıb, onu bəh-bəhlə tərifləyəcəkdilər. Əks halda vaxtın azlığı işin çoxluğu kimi cürbəcür bəhanələrlə tədbirə gəlməkdən yayınacaqdılar. O bir qədər xərcə düşsə də, havayı yemək fürsətini qaçırmaq istəməyən binəvalara ürəyində “ay qarınqulular” deyib güləcəkdi. Sonra da özlərini şəstlə ziyalı sayanların oxumağa həvəsləri olmayan kitabın nəfis cildinə baxıb “paçka-paçka” tərif demələrinə qulaq asaraq özünü zamanının “xalq yazıçısı” duyacaqdı... Qayda-qanunla bu fəxri ad ona çoxdan düşürdü. Axı onun nəyi, hansı cəhəti çatmırdı? Yaşı altmışı ötmüşdü. Nəşr olunan kitablarının sayını unutmuşdu. Bakıdan qeyri Moskvada, İstanbulda, Təbrizdə, Tiflisdə, Berlində kitablarını çap etdirmişdi, Yazdqlarını ona yaxın xarici dilə tərcümə etdirmişdi. Artıq “Seçilmiş əsərlər” adı ilə iri həcmli küllüyyatının çapına başlamışdı. Haqqında ən “bərk gedən” tənqidçilər qalın-qalın kitablar yazmışdılar. Ötən yubileyində barəsində verilişlər və sənədli film hazırlanmış, iki pyesi tamaşaya qoyulmuş, bir romanına isə bədii film çəkilmişdi. Dəfələrlə müxtəlif mükafatlara “layiq görülmüşdü”. Qəzetlər, saytlar televiziyalar növbə ilə az qala hər ay ondan müsahibələr alırdılar. Adı dərsliklərə salınmışdı, dövrün ədəbiyyat tarixində yaradıcılığı ilə bağlı ayrıca oçerk yazılmışdı. Qısası, xalqın yazıçısı yox, “xalq yazıçısı” olmaq üçün hər şeyi etmişdi. O, özündən əvvəlki məşhur olan, sonra öləndə unudulan yazıçıların talelərindən ciddi nəticə çıxarmışdı: xalqa, hökumətə arxayın olmamalı, həyatda ikən imkanlarından maksimum istifadə edib özün-özünü bacardığın qədər “əbədiləşdirməlisən”. Odur ki, əlinə düşən hər vasitədən yararlanmağa çalışırdı. Ədəbi mühitdə ətrafına (dəstəbazlıq hesab edilən) çoxlu tərəfdar yığmışdı. Molla Pənah Vaqif demişkən xeyli “daneyi xərmöhrəni dürrə bərabər” etmişdi. Onun himayəsi sayəsində onlarla nasirlər, şairciklər və “şairə” xanımlar, katibələr yazarlar birliyinə üzv olmuş, mənzil, yaradıcılıq təqaüdləri almışdılar. Mövqeyinin hesabına maşın, bağ evi, üç dəfə mənzil qamarlamışdı. Qohumlarından bacısı uşaqlarını, ən ümdəsi isə qızı və oğlanlarının hər birini işlə, evlə təmin etmişdi. Qızına işlədiyi institutda eimi dərəcə almışdı. Çox arzulayırdı ki, üç oğlundan biri səfir işləsin, işlədiyi ölkələrdə onun kitablarını çap etdirsin. Amma nə etsin ki, oğlanlarının heç biri səfir olmaq istəmədi, polisliyə, gömrükçülüyə üstünlük verdilər. Hətta sağ ikən keçmiş əlyazmalarını, sənədlərini dövlət ədəbiyyat arxivinə verib kartotekada özünə yer, fond da, açdırmışdı. Adətən məşhurlar üçün bunu dünyasını dəyişəndə edirdilər. Özü var ikən niyə də etməsin? Özündən sonrakılara elə də etibarı yox idi. Kim onun xatirəsini özü qədər qiymətləndirəcəkdi? Görə-görə gəlmişdi vəzifədən çıxan kimi, ya da ölən kimi tamam unudulanları. İstəyirdi ki, oğlanları və qızı kimi nəvələrinə də faydası dəyənədək unudulmasın. Ondan sonra unudulsa belə sərfəsinə deyildi, “qurdla qiyamətə qalmayacaqdı ki”.. Əlyazmalarını arxivə daşıyarkən xəlvəti orda işləyən qızların pıçıldaşmasını eşitmişdi: -Xeyir ola, ölməmiş əlyazmalarını gətirib? -Yəqin evində darısqallıqdır, evini gərəksiz kağız-kuguzdan təmizləyir.. Qazandığı ədəbi “nailiyyətlərinə” görə paxıllığını çəkənlər də çox idi. Ən çox da yaşıdları və özündən yaşlı yazıçılar. Cavan yazarları öyrədib onların dili ilə hədyanlar yağdırırdılar. Daha ikisi mütəmadi köşə yazılarında onu kitabları qarışıq yıxıb sürüyürdülər. Əslində belə yazılar ona şöhrət gətirirdi, onu daim gündəmdə saxlayırdı. O cavan köşə yazarlarının məqsədi ədəbiyyata xidmət yox, onu söyməklə imzalarını tanıtmaq idi. Əmin idi ki, günlərin birində tanındıqdan sonra heç nə olmayıbmış kimi “tövbə qapısından” keçib, barışığa gələcəkdilər. Cavanlığında özünü göstərmək üçün özü də bu yoldan istifadə etmişdi... Hələ ki yazırdılar: “Yurdsuz Elli cild-cild kitablar yazsa da kütlənin sevgisini qazana bilmədi, kütlə onun əsərlərini oxumur.” Təzə xəbər deyildi, kütlənin onu oxumadığını bilirdi. Buna görə ürəyində kütləyə qarşı gizli nifrəti də vardı. Amma nifrətini heç vaxt hiss etdirməzdi. Dilinə gətirsəydi sevimli xalqı ondan inciyə bilərdi, düşmənlərinə tənə girəvəsi verərdi Bəs o zaman necə xalqın yazıçısı olardı?.. “Niyə sizi hamı oxumur” sualı veriləndə, “mənim əsərlərim kütlə üçün deyil, hazırlıqlı oxucular üçündür” cavabını verərdi. Ürəyində isə “oxumurlar, cəhənnəmə oxusunlar”, düşünərdi. Ona kütlə gərək deyildi. Məmur piramidasının yuxarı dairəsinin diqqəti ona kifayət idi. Kütlənin onu sevməməsinin səbəbini anlayır-dı: bu onların istədiyi həqiqəti yazmamasından irəli gəlirdi. İstəsə belə, əsərlərində həqiqəti geniş yaza bilməzdi, istənilən problemdə xalqın özünü günahkar sayıb mövzunun ötəri qırağından keçərdi. Ən çox xarici ölkələrdən, tarixi şəxsiyyətlərdən, ya da detektiv-filan yazardı. Dövrünün həqiqətlərini yazsaydı, əldə etdiklərini yavaş-yavaş itirib özünü kütlənin içində görərdi. Elə bu səbəbdən də ona nə həqiqət gərək deyildi, nə də kütlə sevgisi. Ona ən son arzusu – “xalq yazıçısı” fəxri adını almaq lazım idi. “Xalq yazıçısı” adını alarsa qəbrinin pulsuz veriləcək yerdə Fəxri Xiyabanda olacağına doxsan faiz ümid edə bilərdi. Hətta xəyalında yazıçıların xiyabandakı dəfn edildiyi cərgədə yerini də müəyyənləşdirmişdi... *** Yeni kitabın təqdimat tədbiri böyük qələbəliklə keçdi. Təqdimat günü onlarla qəzetlər, saytlar onun təbəssüm dolu fotosunu yayımladılar. Telekanalların axşam xəbərlərində təqdimatdan qısa reportajlar verildi. Ticarət mərkəzi ilə razılığa əsasən təqdimatın keçirildiyi salonun icarə haqqı əvəzinə tədbir zamanı alınan kitabların səhifələri arasına mərkəzdə satılan müxtəlif çeşidli malların güzəşt kuponları, hədiyyələr vəd edən reklam bukletləri qoyulmuşdu. Kitab alan oxucular mərkəz tərəfindən kiçik hədiyyələr və bahalı mallara endirimlər əldə etmişdilər. “Həm qiraət, həm ticarət” adlanan bu qeyriadi tədbirdən xəbər tutan xalq ticarət mərkəzində anşlaq yaratmışdı. Kitab təqdimatına gələnlər aldıqları hədiyyələrdən, əldə etdikləri endirimlərdən razı qalmışdılar. Ticarət mərkəzi də kitabın bu sayaq təbliğatından xeyli razı idi. Rəsmi hissədən sonra restoranda verilən qonaqlıq “qarınqulu ziyalılara” da ləzzət etmişdi, səbəbkarın yaradıcılığını ağızdolusu xeyli tərifləmişdilər. Deputat, ictimai xadim Yurdsuz Elli də tədbirin sonunda məmnun görünürdü, bir neçə saat ərzində yüzlərlə kitabı satılmışdı. Demək onun kitabını alanlar, ona “sevimli yazıçımız” deyənlər hələ vardı. “Pərəstişkarları” ondan yeni “dadlı və mənalı” kitab təqdimatları gözləyirdilər. O, əlbəttə, adi, sıradan bir yazıçı yox, fəxri ada layiq “xalq yazıçısı” idi...