İçi lirikalı polad

Tarix: 25-03-2015 11:24
Baxış sayı: 2686

Əjdər Ol mənə, kənardan təəccüblü görünəcək tərzdə, yaxın insandır. Xarakterimiz yerlə göy qədər fərqli; yəqin elə bizi birləşdirən də vəhdətdə olan bu dialektoloji əksliklərdir. Təsadüfi coğrafilik-zad yox, onu mənə “Alın yazıma düzəliş”(1991) kitabı doğma etmişdir. Şeirlərini oxuyub, sanki dostluğa gecikərəm deyə, tez-tələsik özüm onu tapdım.

Əjdər Ol zahirində bəlkə maraqsızdır da, batinindəsə vacibən maraqlıdır. Zahirdə hökümlü-imperativ, dövlətinki, batindəsə zərif-həssas, bizimkidir. Bax, Əjdər bu yerdə deyə bilər: bəs dövlət də sizinki deyilmi? Doğrudan da, onun dövlətçi və dövlətcil olmağı dolayısıyla bizim kimi xalq insanlarına xeyirlidir. Şəxsən mənim adım həmişə “xalq” məfhumu içində gedir və mən bundan fəxarət duyuram. Bilirik və çox arxayınıq da: Azərbaycana bir şey olsa, Əjdər Ol çataçat onun yanındadır. Azərbaycan hay desə, o, huy deyəcək. “Azərbaycana olan olub, ta indən sonra nə olasıdır?” – haqlı-haqlıca söylənə bilərlər. Ancaq bu haqlı-haqlıcanın içində mülki şəxsdən hərbi şücaət gözləmək nahaqcası var. Şeirlərindən görübsünüz: onun sevdiciyi - Azərbaycandır. O, əlini ağdan-qaraya vurmayanlarımıza bənzəməz, əksinə, Azərbaycanın nəfinə ən qarasından ən ağınacan – hər işin qulpundan can-başla yapışar. Özü də bir təmənna güdmədən. Lakin ən çox amiranəliyə maildir və inzibati-təşkilati işlərdə özünü suda balıq kimi hiss edir. Məni qınağa çəkməyin, ictimai həyatda inzibati-təşkilati işlər də, məsələn, bənnalıq-dülgərlik, həkimlik-dəlləklik qədər qaçılmaz və vacibdir. Onun gördüyü, ya görəcəyi işləri mən bacarmır (deyə bilərlər: səndən söhbət getmir), üstəlik, heç xoşlamıramsa da, bacaranlara və xoşlayanlara dilimdən ancaq alqış eşidilər. İnzibati-təşkilati şövqlü işlər heç də poeziyadan əskik deyil. Saltıkov-Şedrin yaxşı bir çəkməçini yüz Puşkindən üstün tuturdu. Hələ Dostoyevski – o, bəşəriyyətə çörək daşıyan arabacığı Rafaelin Madonnasından faydalı sanırdı.

Əjdər Ol Azərbaycanın təşkili işlərində poetik uçuşludur. Ondakı vəzifə canatımları əslində öz vətənsevərliyini dolğun reallaşdırmaq cəhdi, birbaşa Azərbaycanın dərdinə yanmaq istəyindəndir. O, mistik-melanxolik, asketik-hücrə dərdəyanmaları anlamır, bu insanlarsız-mücərrəd çabalara yaddır və kökündən belə yalanların əleyhinədir. Vəzifə onun üçün fəaliyyət arealının genişlənməsi, əməkçi azadlığı imkanıdır. Vəzifə tanıtımı Cəbiyev Əjdər olan dostum hamımızın arzuladığı, görmək istədiyi yeni tipli dövlət məmurlarındandır. Ay balam, vəzifə başında bir əzazil-qansız oturunca, qoy qəlbi qəlbimizdən olan Əjdər otursun daa. Onusa burunlamayaq! Tərtəmizimiz Əbülfəz Elçibəy nümunəsindəki səhvlərimizisə təkrarlamayaq.

Əjdər bəyin vəzifə kürsüsünü poeziyası rövnəqləndirir. O, Azərbaycana - “belə upuzun adın yaxşı yatır dilimə”, “həmişə ərk et mənə, özünküyəm, balanam”, deyir. O, deqradant dekadentlərimiz sayağı ağlamağı-sıtqamağı xoşlamır. Mən onun fikrindən keçənləri sözə çevirirəm: siçovullar da andeqraunddur. Əjdər Ol “Mersedes” oxşarlı partylərdə əyləşən üzü və özü qırmızı siyasilərimiz kimi də gözbağlıcalığı-rəmmallığı yox, belə deyək, vəzifə hambalçılığını peşə seçib və bu dəqiqənin özündə “oturub palanın üstündə hambal”(S.Vurğun).

Açığı, 15 ildən çox olar, az olmaz ki, mən onun dövlətçilik tərbiyə məktəbinin müdavimiyəm. Təhsilimizin vermədiyi dövlətçilik tərbiyəsini mənə Əydər bəy verib. Onun sayəsində mən artıq (söhbət səndən getmir, hökmən deyəcəklər) nihilistlərə qəşəng-qəşəng sözlər söyləmək imkanındayam: Vətən bizim evimiz, müstəqil Dövlət milli uğurumuzdur; biz dünyanın ən nəcib millətlərindənik.

Kim düzgün həyat “rels”lərinə düşmək istəyirsə, gərək Əjdər Olla dost ola; əgər Əjdərin bu dostluğa vaxtı çatarsa. Çünki artıq çoxdandı o, biz köhnə dostlarını da növbəylə və reqlamentlə danışdırır. Sanki həyatı çatışmır, ömrü ona azlıq edir deyə. Biz ondan incimirik, qorxumuzdan incimərik də. Buna haqqımız-icazəmiz yox. Onsuz sonradan könlümüzü alacaq, axı, boş-boşuna niyə inciyək?

Deməliyəm və dərhal deyirəm də ki, Əjdər bəy üzdən ancaq xoş günün dostu kimi görsənir, əslindəsə yalnız ağır günün dostudur. O, xoş günündə bəlkə sənə vaxt tapmaz da, amma agır günündə mütləq tapacaq. Yazarlar arasındakı 3-dən 2 “yıxılana balta çalan”larımızla müqayisədə Əjdər Ol xeyirəməl dahisi, Comolunqma mərdlik zirvəsidir. Burda zəiflik göstərib şəxsi həyatımdan bir misal çəkmək istərdim. Cild-cild qalınüz kitablarıyla insanda, ya elə inək-dana, at-eşşək başında da, qapalı kəllə-beyin travması törətmək mümkün olan, balaca respublikada tez-tez rastlaşdığımızdan, artıq dost qələmində gedən gönüqalın birisi mən həbsdən çıxandan bir ay sonra “mobil”imə çağrı atası: qoy ona zəng çalım, o da məni şit-boyat sevinclərlə təbrikləsin. Konturlarına qənaət edib. Vallah, dünyanın ən şortu arvadları da bunu eşitsə, gülər – “utanaq yerinə”, ona deyər. İndi mən çəkilim qırağa, siz qiymət verin, bu cür molyuskların əsərlərini ədəbiyyat adıyla şərəfləndirmək dürüstdürmü? Onları hansı həvəslə və niyə oxuyasan? Qardaşlar, insanların vaxtını alan kitabları müəllif  ədəbsizliyi adlandırmaq daha düzgün olar. Bəli, vaxt gəlir, vədə yetişir, dar gündə sınaqdan çıxmayan, ömrü boyu sənə istismarçı burjuy gözüylə baxmış psevdodostlarla vidalaşmalı olursan. Qoy girib-çıxmış yoldaş kimi də bəyan edim ki, bu, insana cənnət yüngüllüyü gətirir.

Psevdolara dair xatirələrsə də daha şirin olmur.

Artıq mən əxlaqı naqis ədəbiyyat məxluqatından iyrənirəm. Onlar məni qurbağalar kimi çimçəşdirir.

Əxlaq bəşəriyyətin ən vacib, ən nəhəng kəşfidir və mən onun aludəsiyəm.

Yenə sağ olsun dünyanın hörmətli təkləri, insanı ölməyə-itməyə qoymayanları! Əjdərolları!

Əjdər Ol həm karlı vətəndaşdır, həm barlı şair. Lakin məncə, onun poeziyası vətəndaşlığından önəmlidir. Burda Əjdər bəy deyə bilər: bəs poeziya da vətəndaşlıq  təzahürü deyilmi? Düz sözə nə deyəsən. İlk poetik tumurcuqlar həmişə Vətən ağacında tin vurur. Gəl, burasını da vurğulayaq ki, elə biz də onun kimi vətəndaş ola bilərik, kim demiş, hətta buna borcluyuq və bəlkə onun kimi, ya bir az ondan fərqli, varıq da. Ancaq onun kimi sərt-lirik şair olmaq mümkünatımız xaricindədir. İstəsək də, ola bilmərik, çünki belə şey istəməklə olmur. Onun poetik dünyası bizimkinə bənzəməz. Onun poeziyasının Azərbaycan ədəbiyyatında əlahiddə və çox mühüm yeri var.

 

         Elə xoşum gəlir, eyvanımızda

         Sakitcə oturub oxuyum, yazım.

         Bir qom çiçək olsun güldanımızda,

         Çiçəyin ətrini qoxuyum, yazım.

        

         Görəm bir kəpənək – köynəyi mil-mil,

         Uzaqdan bilinir şehdə çimdiyi.

         Görəm ki, misramın üstündə deyil,

         Altından xətt çəkib sərçə dimdiyi.

        

         Günüm çiçəklərdən yoğurulanda,

         Ətəyim yarpaqdan, yaxam kağızdan.

         Elə xoşum gəlir, çağırılanda,

         Boylanam qələmdən, baxam kağızdan.

 

Əjdər Ol zahirində soyuq mərmər sütunlu, batinindəsə olduqca təbii, təzəcə şumlanmış torpaq ətirlidir. Duyğuları - sımsıcaq. Onun özünə də batini daha xoşdur. Batinində azad, zahirindəsə dustaq kimidir; ancaq hər ikisindən həvəslə danışacaq.

Onun azadlıgı, hər zaman gözlənilməz güllər açırsa da, dustaqdır.

Əjdər Ol zahirlə çörək qazanır, batinlə - əbədiyyət. Dostum çörək də qazana bilir, əbədiyyət də.

...Əjdər Ol taleyin zərbələrindən az yeməmişdir. Lakin mən onu şaşdırası zərbəni qəti görmədim. Mənim nəzərlərimdə o, hiperşəxsiyyətdir. Bəlkə qəzavü-qədər özü onun qarşısında təhriflərə, demontaja uğrayar da, heyrətdən şoka düşər. Onun polad iradəsiylə müqayisədə qəzavü-qədər şaltay-baltay, formasız-ləng bir şeydir. Əjdər bəy alın yazısı üzrə hərəkət etmir, belə şeyi sevmir də. Yeri gəlsə, alın yazısı tabeçiliyinə düşənləri aciz-avara, bir az da irəli gedib şalğam-çuğundur adlandırar. İkimizin də dostu Qorxmaz Şıxalıoğlu demiş, o, kökü dərinlərə işləyən, torpaqdan qoparmağın müşkül bir iş olduğu, ya qoparılarkən əli didib-qanadan çöl-səhra bitkiləri kimi hədsiz yaşarıdır. Aramızda sevə-sevə “çinovnik” adlandırdığımız bu adamı - dəyirmanın boğazına ölü at, diri çıxacaq, deyirik. Əlbəttə, bu bir aksiomdur və mən bir dəfə yazmışam da ki, diribaşlıq ölüvaylıqdan mütləqa üstündür. Düzü, bizdəki milli ölüvaylıq artıq beynəlxalq ikrah doğurur. Əksər şairlərimizdəki düzəlməz ölüvay poza isə çox dözülməz və həm yalançı qaraçı şikəstliyi kimi idbar bir şeydir. Əjdər Olu sındırmaq namümkündür. O, içi lirikalı poladdır. Polad içrə lirikası həmişəlik yaşıl sular kimi cilvələnir.

Mən onu qardaşının ölüm xəbərini alan anlarda görmüşəm. Əjdər bəy özünü heç nə olmayıbmış kimi aparırdı. Əslində də, axı, nə olmuşdu – qardaşının ruhu sanki bir quşdu, uçub bir budaqdan başqasına qonmuşdu. Əjdər sal qaya duruşuyla, baş barmağı sərt yana, qalan dördü bitişik, “dayan” işarəli, kəsici-yastı bir sağ əl tənzimi ilə dekorativ sel-suyun, şorhaşor axası timsah göz yaşlarının qabağını kəsdi. Onun qardaşı haqqında lirik həqiqətləri polad içində bir tək mənə görsənirdi.

 

        Qəni-qəni rəhmət olsun,

         Yuxumuza girmişlərə!

         Dərib cənnət baxçasından

         Bizə buta vermişlərə.

 

         Onlara kimdən danışım?

         Hansı tilsimdən danışım?

         Qəm nədir, qəmdən danışım

         O dünyanı görmüşlərə?

        

         Açılıram puçur-puçur,

         Könlüm haqqa uçur-uçur.

         Haqq sirrini kimə açır?!

         Səfillərə, dərvişlərə.

 

Hərdən mən Əjdər Olun özünü sancıramsa da, poeziyasına heç cür toxuna bilmirəm. Ürəyim gəlmir. Etiraf etməliyəm də ki, mən onun bu lirik ricətini ağlaya-ağlaya, ağlamağımı evdəkilərdən gizlədə-gizlədə oxumuşam. Tənqidçilər ağlamağı, ya ağlatmağı poeziya meyarı saymırlarsa da, oxucular sayır. Yeri gəlmişkən, ən avam oxucu ən savadlı tənqidçidən müdrikdir. Bu barədə çəkişmələri sonraya saxlayaq.

Onun lirikası mənim üçün rəngi skeletə çalan ağ-məşum, olduqca qorxunc, insanlara cəhənnəmin daha çox vəd edildiyi bu dünyada yaşıl budaq kimi sevimlidir.

Mən üstü həyat naxışlı yaşıl budaqların heyranıyam.

 Əziz dostum Əjdər Ol haqqında bu sözləri mən sanki qəriblikdə  yazdım.   

                                                                       2000 (+2008)

Digər xəbərlər

Bəşəriyyətin islam haqqında dediklərinə əlavələr

SAL­­YAN "DUS­­TA­Ğ"I

Rafiq Tağının şlyapa söhbəti

Rüstəm Behrudi: "Azadlıq, romantizmin süqutu, Şərq və Qərb"

Həmişəlik dinc tramvaylı şəhər

Şərhlər