Tehran Əlişanoğlunun Rafiq Tağı ilə söhbəti

Tarix: 25-03-2015 10:54
Baxış sayı: 984

 

2010-cu il avqust ayının 5-də yazıçı Rafiq Tağının 60 yaşı tamam oldu. Əlində qələm, durmadan günün gerçəklərini ədəbiyyata gətirən ədib üçün bu rəqəm nə önəm kəsb edir? Rafiq Tağının yubiley aktlarına loyal, hətta apatiya ilə yanaşdığını mətbuatdan da bildiyimizdən, yazıçı ilə söhbəti dolayı şəkildə qurmağa qərar verdik.


Rafiq Tağı:  “Allah var deyə əxlaq olmalıdır”

“Yazıçının borcu ümumbəşəri əxlaqı intensivləşdirməkdir”

“Ateistin də mömün qədər şəfqətə ehtiyacı var”

T.Ə - Bir insan ömrü var bu dünyada, adı - Rafiq Tağı. Ədəbiyyatdan belə görünür: 1970-ci illərin sonu, 1980-lərin əvvəli ilk hekayələri mətbuatda diqqət çəkir; 1987-ci ildə “Yanaşı ulduzlar” kitabı ilə seçilir, o qədər ki, həmən kitabdan hekayələr bugünəcən də mətbuatda təkrar dərc olunur. “Düşmənimin xatirinə” (1991) və “Pozitiv. Neqativ” (1996) kitabları Rafiq Tağının ədəbiyyatımızda hekayə ustası kimi qəti yerini müəyyənləşdirdi. 1990-cı illərdən bəri mətbuatda ardıcıl publisist çıxışları Rafiq Tağının yazıçı obrazını bütövlədi, cəmiyyətə daha yaxından tanıtdı. 2005-də ekstremal şeirlər və hekayələrdən ibarət ikicildlik isə artıq dünya ilə dialoqu baş tutmuş bir ömürdən xəbər verir, adı - Rafiq Tağı... Kənardan çox adi görünən bu süjeti bəs Siz özünüz necə cızardız: əslində, göründüyünə rəğmən, elə yox, belədir deyə...

R.Tağı - Rəhmətlik Bəxtiyar Vahabzadə sanki mənim üçün deyib: bircə ondan razıyam ki, özümdən narazıyam. Bir vaxt gördüyüm işlər azdısa da, qarşıda vaxt çoxdu. İndi qarşıda iş çoxdu, vaxt az. Gördünüz ki - belə çıxır, keçmişdə də elə bir iş görülməyib, gələcəkdə də buna ehtimal azdır. Çağımız isə fələklə əlbəyaxada keçir. Fələklə əlbəyaxa olanların, Puşkin də ola, yaradıcılığa vaxtı qalmaz. Aleksandr Puşkin nə deyirdi - “Talant ne lyubit suetı”. Ağlamıram. Sıtqamıram. Məbada bunları şikayətə yozasınız. Sözüm odur ki, sanki bir göz qırpımında ömrü 4:3 nisbətində itirmişəm. Hələ onu demirəm ki, olmuş 4:3 nisbəti real, qalmış 4:1 irrealdır. Ölüm qaşla göz arasında; bugündən sabaha güman yox. İçində soxulcanvari bir-birinə suvaşıbmış kimi təqaüd manatları gorsənən bu “4:1” mozaik xəstəliklərlə bəzənmiş olacaq.
Qısası, zaman məni aldatdı. Zaman onun əyləncəli keçirilməsini, yüklənməməsini sevən imiş. Zaman ciddi adam tanımır; hamını asanlıqla boşluğa yuvarlatmağa can atır.
Yalnız dahilər zamana qalib gələnlərdir.
Bunlar azmış kimi, səriştəsiz siyasi xadimlər ömrümüzə balta çaldı. Mən bu yaşacan dövlətin insana arxa durmasını görməmişəm. Daim başımızdan basıblar. Necə deyim, ölənləri dövlət öldürüb, qalanları Allah saxlayıb. İnsanlar həmişə heyvanlar kimi yaşayış vasitələri tapmaqla məşğul olub. Uşaqlarının ağzına bir şey atmaq üçün valideynlər dəridən-qabıqdan çıxıblar. Bir qarnı ac, bir qarnı tox yaşayıb, toxqarına gülüb, acqarına ağlayıblar. Həmişə də dünyadakı mövcud dövlətçilik ənənələrindən vaz keçilməklə, elmsiz dövlətçilik eksperimentlərinə üstünlük verilib.
Mən artıq ekstremal tədbirlərə əl atmışam. Zamanla zahirdən görünməyən cidala çıxmışam. Əvvəlcə əbədiyyətdən ömürdən qalan vaxtımın uzadılmasını dilədim. Əbədiyyət hələ susur, ola bilsin, razıdır. Yelə verdiyim zaman boyda imkanı təzədən əldə etmək, onu gələcəyə tətbiq etmək fikrindəyəm. Sağlamlığı qorumaqla xəstəliklərə sərf ediləsi vaxtı ixtisara salmaq. Qəlbdə nifrətə yer vermədən, dostları saf-çürük etmək, onlarla görüşləri birəbeş azaltmaq. Öz timsalımda həbs tarixçəm məhək daşı rolu oynaya bilər. Başqalarının da həyatında məhək daşı rolu oynayası “dar gün”lər yetərincədir. Bir sözlə, vaxt mənbələri çoxdur. Kim istəsə, gələcək həyatına təzə bir orta insan ömrü yerləşdirə bilər.
Əlbəttə, qarğa ömrü arzulamıram; bir də ki, onsuz Allah nə yazıbsa odur. Bu çabalarım əslində Allahın yazdıqlarını reallaşdırmaq istəyidir. Məqsəd ömür çatışmazlığını yaradıcılıqla az-çox uzlaşdırmaqdan ibarətdir.
...Bu saat Rafiq Tağıdakı yeganə qocalıq əlaməti bu ekstremal tədbirlərə əl atmağıdır.

T.Ə - Hər bir yazıçının Ədəbiyyata gətirdiyi olur; bir ədəbiyyat bilicisi olan Mehdi Bəyazid “Pozitiv. Neqativ” kitabı çıxanda demişdi ki, Cəfər Cabbarlıdan sonra ədəbiyyatımıza Rafiq Tağı qədər rəngarəng tipajlar gətirən ikinci birisi yoxdur. Siz özünüz bu məqam barəsində nə düşünürsüz; nə qədər təvazökar olsanız belə, bir yazıçı kimi ədəbiyyatda gördüyünüz iş hamıdan çox özünüzə bəllidir...

R.Tağı - Zarafat çıxmasın, yaratdığım insanların hesabını itirmişəm. Özü də mən bu insanları say etibarı ilə Azərbaycan xalqına əlavə edirəm. Hələlik qoy millətim çox olsun, sonrasına baxarıq. Açığı, mənim insanlarım reallıqdan uzaq kimidirlər. Bu anlamda Don Kixot bənzərliləri də var, sadistik xarakterliləri də. Diapazon genişdir. Ancaq bütün olanlar əslində bəşəriyyətin tanıdığı Xeyir və Şər qütbləşməsi arasında olur. Onsuz bəşəriyyətin həyatı Allahla Şeytan arasındakı uzaqlıqla məhdudlaşır. Azadlıq bu qədərdir və bu, insana bəs edir də.
Mənim yaradıcılığım mahiyyətcə insanlığı əxlaqa sövq edir. Allah var deyə əxlaq olmalıdır. Mən bütün çirkablar içərisində insanlığın əxlaq icad etməsinə həmişə heyran olmuşam. Lakin insanlar əxlaqın dəyərini bilirsə də, əksərən ona biganədir. Fərdi yaşam çırpıntıları bəşəriyyətin həyatından üstün tutulanda, əxlaq gərəksiz olur. Onda “Allah” da çeynənmiş sözə çevrilir. Yazıçının borcu ümumbəşəri əxlaqı intensivləşdirməkdir. Həm də əxlaq yasaqlardan xilas olmalıdır. Bir misal. Rahibələr konqreqasiyası olan, yalnız kasıb və xəstələrə xidmət göstərən katolik Şəfqət Ordeninin yaradıcısı Tereza Ananın əxlaqı intensivləşmiş əxlaq idi. Onun humanizmində məhdudiyyətlər, yasaqlar yox idi. İdeyasının əsasında milli, dini, irqi ayrı-seçkilik olmadan insana sevgi dururdu. “Mürtəd”, “zindiq”, “kafir” - onun anlamında bir kimsə bizdəki kimi bu cür “zorən günahkar” deyildi. Yalnız damğalara, yarlıqlara tabu var. Edamlar absurddur. Ümumiyyətlə, pis adam yoxdur. İnsana naqisliyi cəmiyyət inyeksiya edir. Ateistin də mömün qədər şəfqətə ehtiyacı var. Mənim bu fikirlərimə köhnəlmiş deyəsi insanları indidən yanılmış sayıram. Humanizm köhnəlmir. Əxlaq iprənmir.
İnsanlıq indiyəcənki qəddar həyat dəst-xəttindən əl götürməlidir.
Mənim obrazlarım Azərbaycan insanına estetik həyəcanlar bəxş edir. Yaradıcılığımın öz arxitektonikası, hər bir hekayəmin öz struktur gözəlliyi var. Onların quruluşunu sxematik çəkib göstərmək də olar. Təbii gəlişən bu sxemlər bir-birinə qəti oxşamayacaq. Nəsə. Söz çoxdur.

T.Ə - Cəmiyyətdə “yazıçı mövqeyi” deyilən bir məsuliyyət var; ölçüsü həqiqəti nə qədər ifadə eləməsindədir. Müsahibələrinizin birində iddia eləyirsiz ki, çağdaş Azərbaycanın gedəcəyi yolu daim əvvəlcədən xəbər vermisiz. Və qeyd edirsiz ki, Azərbaycanın gələcəyi Avropa yoluna bağlıdır. Əslində, bir çoxlarının da demokratik dəyərlərlə bağlı bu yola üstünlük verdiyi halda, sizin burda məxsusi qabartmaq istədiyiniz nədir, bir qədər açıqlaya bilərsizmi?

R.Tağı - Mən həmişə demişəm, indi də deyirəm: Avropa bütün bəşəriyyətin uğurudur və bəşəriyyət haqlı olaraq da bu uğurdan bəhrələnməkdədir. Avropa - dünyəvi inkişaf stimuludur. Bir vaxt Şərq Avropanın idi, indi  Avropa Şərqindir. Bəşəriyyətin təkotaqlı mənzili adlandırdığım bu Yer kürəsində coğrafi ayrı-seçkilik fəlakətdir. Bu sayaq süni törədilən fəlakətlərə son qoymaq üçün şəxsən mən qloballaşmanı vacib sayıram. Gəlin, balaca bir planetdə həyatımızı birgə quraq. Yeri gəlsə, dünyəvi iməciliklər keçirək. Onda heç bir xalq əziyyət çəkməz. Hər bir işimiz sülhə rəvac versin. Müharibələr insanlığın ən eybəcər cəhətidir. Fateh dediyimiz tarixi quldurları unutmamız gərək. Tarix onların tədrisində səhv edir. Bəzən mən müharibələrə bu cür həvəsli bəşəriyyətin mədəniyyət yaradacağına inanmır, buna şübhə ilə yanaşıram.
Dediyiniz məsələləri “Avropa və biz” adlı essemdə az-çox araşdırmağa çalışmışam. Avropanı qabartmaq istəyim Azərbaycanda bu məsələyə hələlik barmaqarası baxılması səbəbindəndir. Siyasətçilərimizdə Avropaya inteqrasiya istəyi dildədir, səmimi deyil. Bu yalan dəb xatirinədir. Əslində onlar həm də Avropa dəyərlərindən qorxur, bu dəyərlərin Azərbaycana tətbiqini ləngitməklə məşğuldurlar. Korrupsiyaya bulaşmış dövlətlərdə Avropa dəyərləri ziyanlı sayılır, keçərli olmur. Özümü öldürməyim hazır Avropa dəyərlərinə sahib çıxmağımızdan yanadır. Ən azı bəşəriyyətin bir parçası olaraq da buna haqqımız çatır. Biz velosipedi hər dəfə niyə təzədən icad etməliyik ki. Məncə, bu saat Şərqdə insan haqları ən ibtidai durumdadır. Daha insanlığa qan udduran taxtabaş padşahların dövranı keçib; bunu bilməmiz gərək. Şərq bəşəriyyətin ayağından ağır daş kimi sallanıb. Fiziki və mənəvi əzablar çəkə-çəkə mən bunları deməyi özümə borc bilirəm. Neynək, dözərik. Çoxların xoşbəxtliyi naminə təklərin bədbəxtliyi indilikdə ən optimal variantdır. İdeal variant axtarışları yersizdir. Ona vaxt itirmək əbəsdir. Sadəcə, bu variant hələlik yoxdur.

T.Ə - Bildiyimiz kimi, yaradıcılıq təkamülü hər bir yazıçıya xasdır. Mən bir vaxt yazmışdım ki, Rafiq Tağı realizmi keçib, modernizmi yaşayıb, indi də postmodernist istehzayla məşğuldur. Yaradıcılığınızın təkamül trayektoriyası bir tənqidçinin bu sxeminə nə dərəcə uyğundur. İndi də təkamül gedirmi?

R.Tağı - Təkamül daimidir. Gənclikdən üzü bəri. Bu yaxınlarda Qan Turalı ilə söhbət zamanı, onun “Atatürkün qəzəbi”, “III Molla Nəsrəddin və II Axundov” yazılarını oxuyub da, yaradıcılığında keyfiyyət dəyişiklikləri baş verdiyini dedim. Mənim öz yaradıcılığımda da təxminən hər üç aydan bir fərqli keyfiyyətlər yaranır və özüm bunu görməyəndə çox narahat oluram. Belə olmasa, əvvəlki tempdə yüz hekayə, ya roman “istehsal etsəm” də, bu mənim könlümü açmaz. Onda dünyanın ən bədbəxti olaram.
Yalnız içində fasiləsiz təkamül prosesi gedən yazıçılar cəmiyyətə maraqlıdır. Cəmiyyət bunu fəhmlə duyur. Yaradıcılıqda təkamül daim təzələşən təbiət effekti doğurur. Qalaq-qalaq kitablarıyla, yəni təkcə sayla öyünən yazıçılar perpetuum-mobile bənzərli bu yaradıcılıq mexanizmindən bixəbər insanlardır.

T.Ə - Oxucu reaksiyasına münasibətiniz. Bu reaksiyanı necə duyur, görürsüz? Hekayələriniz ədəbi saytlarda gərəyincə oxunsa da, adətən şərh yazanlar az olur. Oxucu dəstəyinin yaradıcılıq ovqatınıza, yazılarınıza, yazı prosesinə təsiri olurmu? Rafiq Tağı kiminçün yazır, həmsöhbəti kimdir? Oxucularını görürmü, onlar konkret bügünün insanlarıdırmı?

R.Tağı - Mən həbsdə olan zaman Əkrəm Əylisli yazmışdı: “Yazıçı olaraq Rafiq Tağının yeganə qüsuru qarşısındakı oxucusunu görməməsi, onu nəzərə almamasıdır”.  Fikir maraqlıdır, lakin ondakı “yeganə qüsur” dolayısıyla yanımızdakı oxucunun nəzərə alınması təklifidir . Yazıçı  zamandaşı olan oxucunu düşünüb də dahiyanə fikirlərini qayçıladısa, daha ona senzor nə gərək. Bildiyiniz kimi də senzor mənim başımın daşıdır. Həm də axı, bugünün oxucusu sürətlə dəyişə bilər; sabah onun qınağından necə qurtularsan. Yazıçı da 10-15, ya əlli-yüz ilə köhnələrmi! Yazıçı təkcə ölkəsinin bugünkü oxucusu üçün yox, umumən, insanlıq üçün yazır. Ya mifik, hipotetik bir  insan üçün. Bu insan dünyanın axırında, ya zamanın ortasında, qurtaracağında da yaşaya bilər. Belə deyək, çağdaş oxucu zaman və məkan baxımından ən zəifi, ən zöqsüzüdür. Şəksiz, günümüzdə gələcəyin oxucusuna bənzərləri də yaşayır. Bax, onlarla ixtilat asan baş tutur. Yazıçının bugünün oxucusunu nəzərə almaması elə bugünün oxucusu naminədir. Sən onu nəzərə almadan nəzərə almış olursan. Onda həmin oxucu yazıçı səviyyəsinə yüksəlmiş olacaq. Yazıçının yeri yüksəklərdir.

T.Ə - Maraqlı söhbətə görə təşəkkürlərimizi qəbul edin .

R.Tağı - Sağ olun. Var olun.

“Ədəbi həftə”
“Həftə içi”nin şənbə əlavəsi

Digər xəbərlər

MARI YAXŞI YERDİ

"KLASSİKLƏRƏ QARŞI ÇIXMAQ QƏBAHƏT SAYILMAMALIDIR"

Müharibədə Şopen prelüdləri

Meqapolis qonağı

Ramin Cabbarlı: "Bəlkə Rafiqi "bəlkə"lərinə görə öldürdülər?!"

Şərhlər