Satiraya Rafiq Tağı baxışı

Tarix: 07-07-2024 18:59
Baxış sayı: 31

Satira ədəbiyyatı bu gün çoxlarımızın sevimlisidir. Tənqid edilməyi millət olaraq
sevməsək də, satira bizim üçün çox vacibdir. Bu mövzuya dair yazmaq ciddi
ədəbiyyatşünaslıq təcrübəsi tələb edir. Məhz bu səbəbdən Rafiq Tağının
“Azərbaycanda imperiya satira ədəbiyyatı effekti” məqaləsini sizlərə təqdim
edirəm:
 
Milli ədəbiyyatlarda satira imperiya siyasətinin nəticəsi olaraq ortaya çıxır və bu,
ədəbiyyatda imperiya üslubu adlandırıla bilər. Çataçat söyləməyimiz gərək:
Azərbaycan ədəbiyyatında satira XIX əsrdə – Rusiya Quzey Azərbaycanı ilhaq
etdikdən sonra formalaşıb. Satiranın məhz Azərbaycanın Quzeyində
“çiçəklənmə”si də ictimai fikrə Rusiya imperiyası təzyiqlərinin parlaq təzahürü,
danılmaz sübutudur. Azərbaycan ədəbiyyatında satira millətimizin qalxınışı yox,
çöküşü idi. Minillik ədəbiyyatımız iflasa uğramış oldu; bu özü ondakı idraki
qüsurları üzə çıxardı. Rus şovinizmi Azərbaycan insanını ona yox, özünə gülməyə
vadar etdi. Bu, gülüş də yox, kölə hırıltılarıydı. Məqsəd insanımızı yüksəltməkdisə,
satirayla onu alçaltmaq nəyə lazımmış.
 
Satira ədəbiyyatı milli özünəqəsddir.
 
XIX əsrdə satira nümunələri siyasi aktlaşmalar sonrası ilk ədəbi təslimçilik
sənədləri idi. Doğrudan da, bu asanlıq və tezlikdə aldanış, satiraya qaçatbasdı
keçid milli təfəkkürümüzdəki boşluqlardan xəbər verdi. Üstəlik, köləliyə hər an
müntəzir durmağımızdan, qul olmağı faciə sanmamağımızdan. Ümumən, satira
milli psixologiyamıza aşılayıcı-aşağılayıcı təsir göstərdi.
 
Dediyimiz kimi, satira əsasən imperiyalara xasdır və azsaylı millətlərin
assimilyasiyası, yaxud artıq bu proses varsa, onun gücləndirilməsi üçün düşünülüb.
Ədəbi satira siyasi məkrin mabədidir. Heç bir sısqa-cılız, ya inkişafca zəif millət
satira həmlələrinə tablamaz və tezliklə də öz kimliyini bilmərrə unudar, ondan vaz

keçər. Satirik ədəbiyyatla millət yaxşılaşmaz, yüksəlməz, əksinə, korazehin və
qorxacaq olar. Satira fərd, ya toplumun gələcək yaşamına açıq təhlükədir. Satira
yaşamı yox, məhvi, olumu yox, ölümü nəzərdə tutur. Satirik ədəbiyyatın təşrih
etdiyi naqisliklər əlahiddə hal kimi heç vaxt yalnız bir fərd, ya bir millət üçün
səciyyəvi ola bilməz. Növi-bəşər birdir və aşağı-yuxarı hər cəhət hamıda var. Axı,
Z.Freyd bunun psixoanalitik düsturunu çoxdan verib. Mahiyyətcə heç bir millət
başqasından üstün deyil. Sadəcə, müvəqqəti sənaye-texnoloji irəli-geriliklər
mümkündür. Burnunu dik tutan, özünü yüksək sayan millətlərin hər hansı dağıdıcı
zəlzələ, ya qasırğadan sonra çapovula-qarətçiyə çevrildiyini çox görmüşük. Milli
özünüyüksəltmə ideyaları eləcə milli şizofreniya əlamətidir, həmişə də tənəzzüllə
bitir.
 
Sadə bir həqiqət: insan mədəniyyət yarada bilən heyvandır.
 
Satira həmişə biryönlü və subyektiv dəyərləndirmədir. Palitrada müsbət çalarları
da görməmək ədalətsizlik olmazdımı? Bəşər varolumu facianədirsə, bu fonda
satira yaradıcılığı yöndəmsiz-yersiz deyilmi? Ona qalsa, “qah-qah” yazarlarımız
özləri də satira personajlarıdır. Azərbaycan satira ədəbi məktəbinin banisi
M.F.Axundov XXI əsr uzaqlığından çar polkovniki qiyafəsində gülməli
görünmürmü?
 
Dediyimiz kimi, Rusiya imperiyasının Azərbaycan adlı əyalətdə ilk satira ədəbi
effekti M.F.Axundov komediyaları oldu. Bu effekt imperiya üçün sevincdən qəşş
ediləcək qədər böyük uğur idi. Millətin qanına özünüifşa virusu yeridilməklə,
imperiyanın bu məkanda gələcəyi indidən təmin edildi.
 
Siz fələstinlilər, ya çeçenlərdə satira ədəbiyyatı təsəvvür edirsinizmi?
 
M.F.Axundov yaradıcılığı Rusiya imperiyasının antimilli siyasətinin böyük
uğurlarındandı. Siyasət öz ədəbiyyatını doğurmuşdu. Bununla da imperiya Şərqə
şər atmağa başladı. Şərq insanı alçaldıldı, gözdən salındı. M.F.Axundov I Pyotrun
ruhunu şad elədi. Axtarsan, Azərbaycan satira ədəbiyyatının I Pyotr islahatları ilə

göbək ciyəsi bağlılığı var. Satirik ədəbiyyatla Azərbaycanın keçmişi və gələcəyi
arasında çat yarandı. Çat da yox, uçurum. Keçmiş – xalqın həyatından silindi.
Gələcəksə ancaq keçmiş üzərində qurular. Bugün fəsadlaşmış keçmiş kimi qələmə
verildi. Millətə yalnız qondarma-sintetik bir gələcək saxlandı. Yüzillərin insanı
məhəbbətə sövq edən, Tanrıyla bağlı ilişgiləri silinib atıldı. Ədəbiyyatda təbii
oluşmuş elitarlıq itdi. Onun yerində çığırğan, sosiallıqda dişlərini ağardan, hələ bu
azmış kimi də, bataqlıqda başını qovzayıb əbədiyyətə boylanan, barbar bənzərli
satiriklər gəzişməyə başladı. Sosiallıq ədəbiyyata soxuldu, bununla da ədəbiyyat
vulqar xarakter aldı. Tarix ədəbiyyat üçün maraqsız oldu. Satirik ədəbiyyat
dairəsində uca türk tarixi unudulmağa məhkum edildi. Xüsusən də, Azərbaycan
türkü bu tarixdən uzaqlaşdırılıb təkləndi. Rus-türk savaşlarının intiqamı öz satirik
ədəbiyyatımızlaca alındı.
 
Sosial həyatdakı çatışmazlıqların satirik həlli yolu böyük anlaşılmazlıqdır. Satirik
ədəbiyyat ictimai həyatın səhvi, ümummədəniyyət defektidir. Ədəbiyyat
təsərrüfat idarəçiliyi metodu deyil. Mirzə Cəlil, Sabir və Ü.Hacıbəyovda şahə
qalxmış ifşa ruhu Azərbaycan coğrafi ərazisindəki insanların kökünü kəsməyə əsas
verirdi. Onların yaradıcılığı Azərbaycan insanını bəşəriyyətin axırıncı sıralarına
itələdi.
 
“Molla Nəsrəddin” ədəbi məktəbi Azərbaycan türklərinin ümummilli fəlakətidir.
Bu fəlakəti Azərbaycan mədəniyyətinin təşəkkülü kimi qələmə verənlər yanılırlar.
“Molla Nəsrəddin” ədəbi məktəbi mütəmadi olaraq insana nifrət aşılamış və
özünüdərkimizin qarşısını almışdır. Bizi Qərbdən islam ayırmışdısa, Şərqdən
“Molla Nəsrəddin” ədəbi məktəbi ayrı qoydu. Eləcə arada qaldıq. M.F.Axundov
yaradıcılığı Rusiya imperiyasının Şərqə iri yumruq zərbəsi idi. Şərq müvazinətini
itirdi. Harmoniya, homeostaz yox oldu. Bunun günahları bütünlüklə Azərbaycanın
üstündədir. Azərbaycan öz satirik ədəbiyyatı ilə Şərqi imperiyaya satmış
məmləkətdir.
 
Azərbaycan imperiya satira ədəbiyyatı tərəqqi artefaktıdır.
 

Ədəbi satiramız zaman-zaman millətə natamamlıq kompleksi aşılayıb. Əsas da elə
bu səbəbdən torpaqlarımız əldən getdi. İndi onları geri qaytarmağasa cürətimiz
yox. Milli iqtidarımız qırılıb. Hərbi maskulinizasiyamız müəmmalı və şübhəli
görünür. Mən deyərdim, satira ədəbiyyatı Azərbaycanın taleyində cinayətkar rol
oynamış, onun belini qırmışdır. Bugünəcən milli ideologiyamız düz-əməlli
işlənməyib. Biz torpaqlarımızı da istəmiriksə, görən, onda nə istəyir və niyə
yaşayırıq? Göründüyü kimi, beynəlxalq sionist-mason təşkilatlarının qloballaşma
planı da Azərbaycanda asanca yeriyir. Çünki satira ədəbiyyatımız öz mənhus
rolunu oynamış, Azərbaycan insanının müqavimət ruhunu öldürmüşdür. Satira
ədəbiyyatımız bizi gözüqıpıq böyüdüb, uydurma naqisliklərimizə özümüzü
inandırıb da. Qəhrəmanlıq bizə yaraşmaz, deyilib, inanmışıq. Qarabağın açarı
fövqəldövlətlərin əlindədir, deyib də, qollarımızı yanımıza salmışıq. Rusiya
imperiyası başımıza gətirdiyi bəlaları öz satira yaradıcılığımızla törətmişdir.
 
Satira ədəbiyyatımız Rusiya imperiyasının əyalətlərdəki antimilli, antimədəniyyət
proqramının bir komponentidir.
 
Satira hədsiz realist-dünyəvi hadisədir və onun göylərlə qəti bağlılığı yoxdur. Allah
insanlara bəxş etdiyi talantın satiraya məsrəfini istəməzdi. Satirik ədəbiyyat
insanlığa metodoloji səhv yanaşmadır. Satira düşmənçilik mənbəyi, insanın insana
nifrəti faktıdır. Komediya həmişə faciə prelüdüdür. Satira təhqiqatları bəşər üçün
təhqiramizdir. Satira əxlaqa ziddir, əxlaqsızlıqdır.
 
Müstəqil dövlət quruculuğumuzda satira ədəbiyyatımız tamam əhəmiyyətsiz və
yersiz, hətta olduqca ziyanlıdır. Satira şeytani bir nəsnədir və insanlığa layiq
ədəbiyyat deyil. Satirik ədəbiyyat həmişə hiperbolik səciyyəli olur; milli-mənəvi
dəyərlər onunla təhriflərə məruz qalır. Bir tək savadsızlığın ləğvi, yaxud təhsilin
yetkin halı Mirzə Cəlil yaradıcılığını mənasızlaşdırar, onu heçə endirərdi. İstənilən
dövlət savadsızlığın ləğvi minimumlarıyla satirik ədəbiyyata yox deyər.
Ümumiyyətcə, satira ibtidai inkişaf pilləsində qurdalanan xalqlar üçün daha
səciyyəvi ədəbiyyatdır. Yumşaq desək, satira millətə qarşı ədəbi xuliqanlıqdır.
Kobud bir misal: hüquq-mühafizə sistemi sərrast işləyərsə, bu torpaq üstündə
şeyxnəsrullahlara yer olmaz. Ədəbiyyatın hüquq-mühafizə orqanlarının
funksiyasını öz üzərinə götürməsi nə dərəcədə doğrudur? Dərrakəli insanlar

toplumu satirik baxışları özündən rədd edər. Ədəbi sənətkarlıq xüsusiyyətlərini bir
kənara qoysaq, Mirzə Cəlil yaradıcılığı ancaq və ancaq milli cinayətlərin barmaqla
göstərilməsi, onların sadalanmasıdır. Ədəbi yaradıcılıqsa cinayətlərin ardınca
sürünməməlidir. Cinayət mədəniyyətlər dışı hadisədir və bu səbəbdən də ədəbi
kitablara yox, yalnız kriminalistlərin qeydiyyat kitabçalarına düşməyə layiqdir. Yeri
gəlmişkən, detektiv  əsərlər ən az ədəbiyyat, ən çox biznes sahəsi faktlarıdır.
Millət Şeyx Nəsrullah kimi bir fırıldaqçının əlində giriftar qalmamalı, hələ durub
ona xüsusi ədəbiyyat həsr etməməli, bu ədəbiyyatı oxumağa yüzillərini
xərcləməməlidir. Qısa və konkret: şeyxnəsrullahlar məqamında qolubağlı
qazamata atılmalı və dərhal unudulmalıdır. Bunun üçün satira ədəbiyyatının yox,
polis-kriminalistika sahəsinin inkişafı yetərlidir. Şeyxnəsrullahların ədəbiyyat
yoluyla islahı mümkünsüzdür. Şeyxnəsrullahları teatrlarda seyr etdikcə, onlar
azalası deyil. Əksinə, bəlkə arta da bilər; “sarsaq nümunə yoluxucudur”. Mən sizə
bir sirr açım: Mirzə Cəlil özü Şeyx Nəsrullaha rəğbətlə yanaşıb, “gündə bir xurma”
yeməsinə onun paxıllığı tutub. Əlbəttə, bu, mətnlər üzrə induktiv-deduktiv
psixoloji araşdırmalar tələb edən şeydir və əslində, sübut oluna bilər də.
 
Publisist Üzeyir Hacıbəyov Mirzə Cəlilin zəif bir variantı kimi zaman boyu
irəliləməkdə. Ü.Hacıbəyov musiqidə millətə nə qədər fayda gətirmişsə, satira
yaradıcılığıyla bir o qədər zərər yetirmişdir. Satira Üzeyir bəyin ruhuna qəti uyğun
olmayıb və təqlidi xarakterlidir. Ü.Hacıbəyov komediya yox, faciə dühasıdır.
 
Bir başqa cəhət. Azərbaycan satiriklərinin yaradıcılığı jurnalistika effektlidir və
bizdə nəsrin sən deyən təşəkkül tapmamasını göstərir. Bu ədəbiyyat əbədi deyil və
gələcəkdə aktual olmayacaq. Adicə maarifin güclənməsi lağ-loğaza son qoyacaq.
Min Mirzə Cəlil bir təhsil islahatının yerini verə bilməz.
 
Şəksiz, ədəbi satira məktəbi ədəbiyyat tariximizdə öz layiqli yerini tutmalıdır, hətta
artıq o yeri tutub da. Lakin ondan bihuş olmaq, ondan nicat gözləmək bihudədir.
Bizdə imperiya satira ədəbiyyatı qədərindən artıq şişirdilib-qabardılıb və ola bilsin
də ona yox deməyin vaxtı çatıb. Bəlkə ancaq onda Azərbaycan öz utancaq başını
ucalara qaldıra bilə. Baş yalnız göylərdə məğrur görünür.

Digər xəbərlər

ŞƏRQ­Lİ­­YƏ OX­­ŞA­­MAQ

“Həcv mövzuları” (Baba Vəziroğluna)

Külək ağzında yarpaq

“Azərbaycan siyasətində aryerqardçı düşüncələr” Konspekt.

Düşmən dostlar

Şərhlər