Mədəniyyət və müharibə
Azərbaycanda müharibələr lokal faciələr kimi yadda qalır. Hətta bizim üçün “elnən
gələn dərd toy-bayramdır”. Ən şən insanlarımız qaçqın və köçkünlərdir. Düşməni
vecimizə də almır, onun gözü qabağındaca mal-qoyun otarırıq. Sərhədyanı,
ələlxüsus işıqsız rayonlarımızda doğum faizi yüksəkdir.
Ətağa cəddi, bir yandan bu, yaxşıdır. Xoşbəxtlik üçün qarı düşməni unutmaq
kifayətdir.
Bircə burası düşünməyə əsas verir: bizdə milli orqanizmin müharibə zədələrinə
reaksiyası mulyajlar təki mexanikidir. Barı zədələrdən biri fəsadlaşmır da ki,
bundan ibrət alaq, dərs götürək. Dağdan gəlib, bağda oturmuşuq. Eşşəkdən
düşüb, “Mersedes”ə minmişik. Kökəlməyi xoşbəxtlik sanırıq. Eynşteynləri atıb
ayətullahları tutmuşuq. Araşdırmalarımız cənnət-cəhənnəm və cin-Şeytan
mövzularındadır. Bütün bunlar, bir toplum olaraq, böyük ideallarla
yaşamadığımızdan xəbər verir. İdeal nə olduğunu dərk etmirik də.
Bizdə yenilik olsa-olsa yad mədəniyyətlərin Azərbaycanda yeriməsindən ibarətdir.
Yad mədəniyyətlər isə əksərən cinayət tərkibli olur. “Prorok”sevər Çingiz
Abdullayev kimi bütün cinayətləri ancaq fərdlərdə görürük. Fərdin cinayətlərini
görür və təsvir ediriksə də, bizə qarşı qlobal ideoloji cinayətləri görmür, onları
yazmırıq.
Həri, tərəqqimiz içdən yox, dışdan gəlir. Ta orasını deməzlər ki, həmin bu tərəqqi
də əsasən korrupsionerlərin məşğuliyyətidir. İndiyəcən əxz etdiyimiz ən böyük
yenilik yaşıl görməmişi ərəblərin dinidir. İslama rast gəlməmək üçün türklər uzaq-
iraq torpaqlardan qopmayaydı kaş. İslam dünyagörüşü inkişafımızı əsrlərcə
ləngitdi, mədəniyyətimizə adinamizm gətirdi.
Azərbaycanımızda mədəniyyətin rolu mənə həmişə qaranlıq qalıb. Heç
“burcutmadan” götürək “Leyli və Məcnun”u, ya Üzeyir Hacıbəyovun silsilə
operettalarını – millət nə hayda olub, bəstəçimiz nə hayda. Hətta dahilərimiz belə,
tarixin qarmaqarışıq dövrlərində də, ayılmır. “Atılan toplara diksinməyiriz”.
Bizimki sevgi və hırıltıdır. Elə “opera “Keroğlı” da “37” sindromuna biganəlikdən
özgə bir şey deyildi.
Mədəniyyət yaradanlarımıza millətin taleyi həmişə qanqaraldıcı görünüb.
Açıqca deyirəm, mədəniyyətimiz müharibələrin dərkinə mane olur. Bizdə
mədəniyyət funksional deyil.
Niyə beləyik? Kiçik araşdırmamız gərək.
Qardaşlar, Azərbaycanda müharibə dünyagörüşləri genişləndirmir. “Biz mədəni
millətik” kompleksi torpaqlarımızın işğalına rəvac verir. Mübarizə qabiliyyətimizin
yoxluğunu sülhpərvərliyə yozmuşuq. Milli özünüdərkimiz sıfır dərəcəsindədir.
Bizdə Vətən əxlaqdan deyil. Əxlaqı yalnız tumanbağını möhkəm dartmaqda
görürük.
Bizdə əxlaq cinsi sferaya aid dəyərdir.
Klassik ədəbiyyatımız başda - mədəniyyətimiz həmişə millətin taleyindən kənarda
və onu nəzərə almadan yaranır. Fərdin iztirablarını millətin iztirablarından üstün
tuturuq. İnandırım, Şah İsmayılımızda belə sevgi iztirabları Azərbaycanın
maraqlarından üstün idi. Axı, nələri deyim, xanlıqlara parçalanmış Azərbaycan
sonradan dövlətlərə paylanmış oldu. Nadir şah Borçalını gürcülərin bir çar
gədəsinə bağışladı. Bəh-bəhlə Rusiyanın tərkibinə daxil olduğumuzda, İrandakı
torpaqlarımızı unudası olduq. XX yüzildə bu problemi Süleyman Rüstəmin
ixtiyarına buraxdıq.
Şairlər dövlətin taleyini həll edəndə, o dövlətin ancaq buynuzları, bəlkə bir də
dişbatmaz quyruğu qalar. Şair sözünə inanan millət korafəhimdir.
Düşmənə nifrətimiz nəzərilikdən uzağa getmir. Millətimizdə müharibələr üçün
təbii səfərbərlik qabiliyyəti yoxdur. Əksinə, hətta rəsmi səfərbərlik adı gəlsə,
hamımız xəstə çıxacağıq. Onsuz da ölkə boyu milləti “əlil”ə çevirən “VTEK”
fabrikləri daimi fəaliyyətdədir.
Bizdə cihad mümkün deyil, çünki islam qanda deyil, ölkədə teatral bir rekvizit
materialıdır.
Dünyada bizim qədər öz dövlətini düşünməyən ikinci bir millət tapmazsan.
“Öz həqqimizi gözləməyə bitərəfiz biz”(Sabir).
Gəlin, bir az dərinə gedək. Müharibələrin permanent mövcudluğu mədəniyyətləri
lüzumsuz edir. Mədəniyyətlərin insanı yaxşılaşdıracağı gümanı özünü doğrultmadı.
Məncə, bəşəriyyətin indiyəcənki tarixi buna bariz sübutdur. Əksinə, mədəniyyətlər
milli təkəbbürü artırır, daha qəddar müharibələrə zəmin yaradır. Gülməlidir:
Mesrop Maştotsun b.e.-nın V əsrində yaratdığı əlifba bugün də ermənilərin torpaq
iddialarına səbəb olur. Yaxud almanlar yanlış ari ideologiyası ilə faşizmə
yuvarlanmadımı?
Hegel mədəniyyəti “insan tərəfindən yaradılmış ikinci təbiət” adlandırırdısa da,
əlbəttə, bu, süni təbiətdir. Bütün süniliklərin əsasında mədəniyyətlər durur.
İctimai fəlakətlərin qarşısını almayacaqsa, nəyə lazımdır bu.
Mədəniyyətlər insanlığın təbiətdən uzaq təxmini biliklərindən ibarətdir.
Mədəniyyətlər təbiətə heç nə əlavə etmir. Əksinə, təbiət mədəniyyətlərin artması
qədərində məhvə uğrayır. Bu anlamda bəşər əməyinə münasibətimiz
pessimistikdir. Məncə, bu qədər əzici-öldürücü vasitələrə malik bəşəriyyətə
canlıların əşrəfi demək absurddur. İnsan Allahın uğursuzluğudur. Allah insanı
mədəniyyətlərsiz yaradıbsa da, ona naqis bir şey olan eqo əta edib və
mədəniyyətlər məhz bu naqislikdən törənir.
Mədəniyyətlər insanın içindəki aqressiyanı daim gücləndirir. Mədəni cani daha
qorxuncdur.
İnsanlığın boşboğazlığı, lüzumsuz bir əyləncəsi olan mədəniyyət elə onun da
vaxtını alır və Şeytanın dərkinə sədd qoyur.
Qardaşlar və həm bacılar, gəlin, Azərbaycanımıza birgə gün ağlayaq.
Mənim zaman-zaman topluma ötürdüyüm həyəcan mesajları həmişə top-tüfənglə
qarşılanıb. Bu top-tüfəng əsasən mədəniyyət içindəki rahatlığı pozduğuma görə
olub. “Mirzə Cəlillə ayrılıq məqamı” adlı essemdə dedim ölkədə müharibədə gedir,
gəlin millətin pozitiv enerjisini üzə çıxaraq, az qaldı başımı yaralar, “Tarix
müqəddəs ölülərdən qiymətlidir” və “İki Tağıyev İlqar” adlı yazılarımda dedim ölkə
prezidenti alkaş olmamalıdır, məni təpikləmək istədilər, “Torpağımız olsun,
üstündə yüz Füzuli yetişəcək” dedim, ağzımdan vurdular, nə bilim, “Qafqazın
qartalı Şaumyan belə...” (S.Vurğun) yazımda soruşdum ki, talantlı Səməd Vurğun
Stepan Şaumyana niyə “Qafqazın qartalı” deyib, məni Yazıçılar Birliyindən kənara
tulladılar; “Avropa və biz” yazımda isə Şərq bataqlığından çıxmağı təklif etdim,
tutub qazamata basdılar... Çünki - “Öz qövmümüzün başına əngəlkələfiz biz”,
“Zülmətsevər insanlarız üç-beş yaşımızdan,
Fitnə göyərir torpağımızdan-daşımızdan...”(M.Ə.Sabir).
Burda da məqsədim toplumu mədəniyyətlərin rolu haqqında düşünməyə sövq
etməkdir.
Fikrimcə, mədəniyyətlər müharibələri asanlaşdırır, intensivləşdirir. İnsanlıq
Allahdan uzaqlaşdığı məsafəcə Şeytana yaxın olur. Mədəniyyətlər müəyyən
vaxtlarda Şeytanın silahına çevrilir.
Mədəniyyətə sahib insana heç də yaxşı demək olmaz. Həm də mədəniyyətlər
kütləyə xor baxan elitarlığı doğurmuşdur. Elitarlığın tərkibində kütləyə nifrət var.
Elitarlıq əxlaqdan kənardır. Mədəniyyətə sahib olmayan kütlə daha məsumdur.
Gəlin, birlikdə baş işlədək. Biri düşünüb, mini yeməsin.
10 – 16 iyun 2011-ci il