Simvollarımız. Dərdlərimiz

Tarix: 20-06-2018 10:47
Baxış sayı: 1943

 

         Azərbaycan xalqı simvollarını ölüm-zülüm tapır. Simvol axtarışı məcburi akt olmaqla, onun ən ilhamsız işidir. Üstəlik, simvollara tapınma – bu ibtidai etiqad forması heç bəşəriyyətin özünü də şərəfləndirmir. Çağdaş dövrdə bu, etiqad da yox, etiqadın təqlididir. Simvollarla ən çox diktatorlar manipulyasiya edir. Hitler almanların beyninə onların bu ibtidai duyğularından soxula bilmişdir.

         Əfsus, bəşəriyyət XXI yüzilə həyati tələbat olmayan ibtidai ənənələrlə qədəm qoyacaq.

         Qardaşlar, bizi simvollarımıza sürüşkən sabun əqidəli komissiyalar qovuşdurur. Komissiyalar dəyişdikcə, simvollarımız da dəyişir. Azərbaycan xalqının simvolları tarixi-milli mərhələdən yox, siyasət gölməçələrindən su içir. Azərbaycanda qısa tarixlər boyu görsənən ən müxtəlif və həm də antaqonist simvollar millətin flüger xislətindən xəbər verir. Uzağı demirəm, Sovet dövründə çin-çəkicli gerbimizdə günəş doğardı: hələ onu demirəm ki, bütün bəşəriyyətin olan göy cismini asanca mənimsəmişdik; ancaq bə nooldu – çin-çəkic xoşa gəlmədimi? Komissiyalar çin və çəkicdə bəşəriyyətə ziyanlı bir şeymi gördülər? Çin biçmək, çəkic dəmiri-zadı döymək üçün olan zəhmət alətləridir. Gəlsənə, onda zəhmətə lənət oxuyaq! Ya onda gəlin çörəyimizi zəhmətlə yox, oğurluqla çıxaraq və gerbimizə oğru obrazı yapaq. Oğru bizə adekvat simvol olardı. ...Odu göylərdən azərbaycanlı olmayan Prometey oğurlanmışdı; Prometeydən də biz oğurlayıb adımızı atəşpərəst qoyduq. Biz bəşəriyyətin özümüzün olmayan dəyərlərinə cinayətkarcasına yiyə duranıq. Yox, əgər indiyəcən atəşpərəstiksə, onda islam nəmənə şeydir! Babəki seviriksə, ərəblərlə nə işimiz. Biz işğalçılara nifrət edib, həm də onları sevmək kimi eklektik qabiliyyətli insanlarıq. Biz bəşəriyyətdən oğurladığımız bir-birinə zidd mənəvi dəyərlərin say çoxluğunda oyunbazlıqlarla məşğuluq. Yaxşıya - pis, pisə - yaxşı, xeyirə - şər, şərə - xeyir deməyə dərhal əsaslar tapanıq. Azərbaycan ağ görünən "qara qatıq"lar ölkəsidir.

         Həri, rus klassiklərinin vəsf etdikləri və XIX yüzildə dəbdə olan qafqazlı namus-qeyrətinə fürsət tapıb biz də şərik çıxdıq. Əlbəttə, biz sonradan namus-qeyrət imitasiyası ustası olduq. Boynumuza almalıyıq: hətta bozqurd simvolunu da dəbdə olan və həm də gəlir gətirən bir şey kimi hələlik işlədirik. Mən sizə deyirəm, bozqurdçuluq Azərbaycanda təsadüfi və keçici hadisədir. Bozqurdların məkanı ələ keçmir, bizimki - keçdi. Həm də mən qoyunlarda bozqurd idealına həmişə təəccüblənmişəm. Bozqurd beyinlərindən çıxıb, qoyunların özlərini happ eləməzmi? ...Həm də mən nümunəsi heyvan olan millətlərin içini daim boş görmüşəm. Qardaşlar, bizim bozqurda oxşarlığımız onun barmaqlarımızla fəzada cızdığımız obrazınadır. Deyirəm, biz gərək çeçen görəndə yaşmağ verək, yoxsa az qala qəbirlərindən də neft fontan vuran torpaqda utanıb girməyə bərk yer tapmadıq. Həri, bozqurd bizim xarakterimizə uyğun deyil. Bizə ulaq simvolu daha çox yaraşardı. Qardaşlar, ulaq eşşək deməkdir. Sizlərə balaca bir bədiyə danışım: bir dəfə bir eşşək (ulaq) Qarabağda minaya düşüb öləsi... Mən onu qəhrəman adlandırmaya bilmədim. Madam ölüb və meyar ölməkdirsə, niyə də adlandırmayım. Düşmən "leş bir yana, baş bir yana" elədikcə, başımızı bədənimizin yanına qoyub, özümüzü qəhrəman elan etmək bizim şəkərimizdir. Ölüm fərmanı göylərdən, qəhrəmanlıq fərmanı yerlərdən gəlir. "Adını demirəm, eldən ayıbdır", özünü də bozqurd sayan bir nəfər bozqurdların savadsız və hır-zır qanmayanlarına aşiqdir. Bir cüt oğlunu da o ruhda böyüdür. Onun fikrincə, bozqurd qanmazlığında yenilməz olur. Onun "bir cüt"ü də nə fizika-kimya, nə xeyir, nə şər bilər. Şer oxumazlar, nəşədən qorxmazlar, hərçənd yerlərinə də çiş eləməzlər. Böyüyüb dinc adamlara təpik atacaqlar. Danışıqlarındakı pafos buna haqq qazandıracaq (burda bədiyə bitdi). Qardaşlar, mən deyirəm, dinc yerlərdə qəhrəmana oxşayan eləsi Qarabağda dediyim ulaq (eşşək) şəklində şəhid olasıdır. Bu cür şəhidlikdən ölkə-vətənə yalnız meyit üfunəti yadigar qalar. Mən Qarabağda özümün yox, düşmən şəhidlərinin çoxalması tərəfdarıyam. Ay qardaşlar, diri qalmağı ayıb bilməyin - qədimlərdə dirilik suyu axtarmış əcdadlarımız axmaq olmayıblar. Ay aman, biz yumru bir şeymişik: dirilik suyu axtarışlarından ölüm arzularınacan diyirlənmişik. Şairləri həyatdan zəhləsi gedən millətin axırı puçdur.

         Şəhid çoxluğu xalqın hərb işinin yarıtmazlığı əlamətidir.

         Mifik qəhrəmanlarımızı da, ola bilsin, başqa xalqları "tərəzidə aldatmaqla" qazanmışıq. Biz ağban evlərimizi qazandıqlarımızla yox, oğurladıqlarımızla (gec-tez oğru simvolumuz olacaq) tikirik, odur ki, gec-tez hamısı viran qalır. Mən üzüqırmızı adamlar yaşayan boz yurdlarımızın xarabazara çevrildiyini öz lupaya bənzər gözlərimlə görmüşəm. Mən hələ bazarında əsgərə patron satıldığını eşidəndə, "Ağdam gedəcək" demişdim. Getdi də. Mən işğal proqnozçusuyam. Biz təbiətindən sui-istifadə edib kərənaydan oxuduğumuz Şuşada yalnız yastı-yapalaq evlər qoyub çıxdıq: düşmən yanında xəcalətli qaldıq. Biz Azərbaycanın özümüz yaratmadığımız nemətlərilə öyünməyə adətkərdəyik. Mən əminəm ki, biz gözəl təbiəti Allahın əlindən qapıb almışıq. Əlbəttə, bu sarıdan afrikanlardan irəlidəyik.

         Burda yazım bitdi: sözlərimi təbiətin seyrinə çıxarıram. Həyatla rəmzlənən təbiət yəqin sözlərimə əbədi dirilik gətirər.

 

 Yeni müsavat, N°64, 26-29/10/1997

 

Digər xəbərlər

Homeostaz. Köhnəlmiş Mədəniyyətlər Səmtində Düşüncələrim

Azərbaycanda hüquq idilliyası həsrəti

Britaniyalı jurnalist Qərbi R.Tağıyla bağlı susqunluğa görə "yıxıb-sürüdü"

"Qafqazın qartalı Şaumyan belə..(S.Vurğun)

ŞƏRQ­Lİ­­YƏ OX­­ŞA­­MAQ

Şərhlər