Sülh mentalitetli xalq

Tarix: 20-06-2018 10:36
Baxış sayı: 2114

 

         Azərbaycan türkü sülhə dair xalqlardandır, ancaq müharibələr girdabına atılıb. Müharibənin sonu hələ görünməsə də, biz sanki onu qurtarmışıq. Atəşkəs rejimləri bizi qane edir. Müharibə fəlsəfəsi bizə yaddır. Di gəl tərslikdən sülh dövründə özümüzü aqressiv göstərməyi sevirik. Heç kimi yox, sülh mentalitetimizi aqressiv "qəhrəman"larımızla özümüz korlayırıq. Durub qəhrəmanlığa dair bütün yazdıqlarımızı doğru-dürüst araşdırsaq, görərik ki, həqiqətdə heç vaxt heç kəsə qalib gəlməmişik. Qalibiyyətin dadı hələ damağımıza dəyməyib. Faşizm üzərində qələbədə də qonaq sifətində bulunmuşuq. Bütün bunlar sülh mentalitetimizdən irəli gəldiyindən, əslində təhqirə yox, təsvibə layiqdir. Bunlar alilik, arilik xüsusiyyətidir. Yetkin xalqlarda müharibə həvəsi minimum həddində olur. Almanlarda müharibə meyli genetik defektdir. Onlar tərəqqiyə yalnız məcburi sülh dövründə çatır.

         Azərbaycan türkü bəlkə də kosmosun ayrı guşələrində yaşamalı idi. Biz kosmik xalqıq. Maddi nəyimiz varsa, verməyə hazırıq ki, əbədi sülh olsun; instinktiv sülh mentalitetimiz bunu tələb edir. Xarakterimiz özünə müvafiq şərait axtarır. Kosmoqonik sülh mentalitetimizi dünyaya sübut edə bilsək, heç kəs bziə güldən ağır söz deməz. Alnımıza neytrallıq yazılıb. Hərbi bloklara qoşulma perspektivləri bizi fatal uğursuzluqlara düçar edər. Güclü hərbi qüvvələr adımıza yaraşmaz; hərbi qüvvələrimiz simvolik olmalıdır. Biz müharibələri öyrənə, yaxud təqlid edə bilmərik. Bu, kosmoqonik sülh mentalitetimizə zidd olardı. Yaraq-əsləhələri cingildətmək ibtidai insanlara xasdır. Sülh mentalitetli xalqları Tanrı özü qoruyar.

         Xarakterimizdəki kosmoqonik sülh elementləri öz şərhini gözləyir. Onlar uydurma yox, obyektiv reallıqdır. Patetik mütəxəssislərimiz tariximizi müharibə mentalitetli xalqların tarixinə oxşatmaqda səhvə yol veriblər. Bu metodoloji səhv bizə baha başa gəlib - ətrafımızla rəftarı bilməmişik, həmişə şəkər əkmişik, duz bitib. Kosmoqonik olduğundan, sülh mentalitetimizdə Allahın dəst-xətti aydın görünür. Biz heç də əfəl, məğmun, ya natamam millət deyilik, sadəcə barbarlarla müqayisədə elə nəzərə çarpırıq, yaxud barbarlar bizi elə adlandırır. Dinc kosmik varlıqlarla müqayisədə hər şey əksinədir. Kosmoqonik xarakterlər bitkindir. Göylərdə sadaladığımız epitetlər yoxdur. Müharibələr kosmik dünyalardan arxaik görünür, yarımçıq, naqis canlıların həyat tərzi sayılır. Müasir dünyanın ən güclü, yüksək texniki təchizatlı müharibələri ibtidai mübarizənin yalnız parlaq növü hesab oluna bilər.

         Kosmoqonik sülh mentaliteti Azərbaycan türkünün xilas şansı, qaraçuxasıdır. Millət indiyənəcən bunu anlamayıb. Əlbəttə, aqressiv dövlətlərin əhatəsində sülh mentalitetinə uyğun həyat qurumu müəmmalı görünə bilər. Ümumiyyətlə, dünya təcrübəsində mövcudluğun bu tipi hələ intişar tapmayıb. Bəlkə Avropanın neytral dövlətləri timsalında bunun işartıları seçilir. Sülh mentalitetli həyat tərzi bəşəriyyətin kosmik dünyalardakı mövcudluğa bəlkə də ən yaxın ehtiyat yaşam modelidir, hərçənd bu modelə güman azdır. Küll halında bəşəriyyət üçün sülh mentaliteti xarakterik deyil.

         Kosmoqonik sülh mentaliteti bizə dünya mədəniyyətində elitarlığı vəd edir. Bizdə siyasi üslüblar da bu fonda formalaşmalıdır. Hələlik elə bir siyasətçimiz yoxdur ki, onun üslubu dəruni sülh mentalitetimizdən xəbər versin. Yox, bəlkə də var: M.Ə.Rəsulzadə bu barədə ilkin deyil; məhz Əbülfəz Elçibəy Azərbaycan türklərinin kosmoqonik sülh mentalitetinin ilk siyasətçi təzahürüdür. Onun bütün "aqressiv"likləri sünidir, təqlid çalarlarıdır. XXI əsrdə Azərbaycanın taleyini bu tipli siyasətçilər həll edəcək. Biz "müharibə"lərlə özümüzü sivilizasiyalı bəşəriyyətə oxşatmalıyıq. Bəşər sivilizasiyası səhv yönümdə təşəkkül tapıb. Təqlid – müharibələr bizim yolumuz deyil. Rusiyadan idxal etdiyimiz imperiya biçimli hərbi vətənpərvərlik gənclərimiz üçün yaddır. İndiyənəcən kosmoqonik sülh mentalitetimizə məhəl qoymamışıq, amma nə qədər gec deyil, ona rəğmən tərbiyə üsulları tapmalıyıq. Əxlaqımızdakı defektlər bu əsasda silinməlidir.

         Kosmoqonik sülh mentaliteti daxilən əbədiliyi, həmişəyaşarlığı nəzərdə tutur. Bəlkə elə ona görədir ki, bizdə esxatoloji duyum sönükdür, yaxud heç yoxdur. Düşmən nahara-şama oturarkən atəş açmırsa, artıq sülhün bərqərar olmasına inanırıq. Bizdə müharibələr barədə əvvəlcədən heç kəsdə şübhə olmur; hətta Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarında da.

         Diş qıcatmaqla heç kəsi qorxuda bilmərik; həm də bu tərz hərəkət psixoloji səhvimiz olardı. Azərbaycan türkü yaşamını özünün kosmoqonik sülh mentalitetinə uyğun qura bilsə, onun torpaqlarındakı müharibələr istənilən vaxt uşaq savaşları kimi asanlıqla yatırılar.

 

Yeni müsavat, N°30, 17/10/1995

 

Digər xəbərlər

Rafiq Tağının ikinci qatili

BEŞ ŞƏ­KİL

Rafiq Tağının "Xural"a müsahibəsi

“Mübarizə ruhundan uzaq yazı” Konspekt

İmam Hüseyn və qardaşım

Şərhlər