Siyasətdə əxlaq

Tarix: 04-04-2018 12:13
Baxış sayı: 1736

 

Siyasətdə əxlaq getdikcə qaçılmaz görünür. Hərçənd siyasət əxlaqı çətin mənimsəyə. Siyasət əxlaqı yalnız kütlə istifadəsi üçün yararlı bilir. Əxlaq kütlə malıdır. Həqiqətdə də, kütlə əxlaqa həmişə praqmatikcəsinə yanaşıb. Əxlaq kütlə üçün təhlükəsizlik qarantıdır. Həm də əxlaq maddi fayda ilə nəticələnməsəydi, kütlə onu dəyərləndirməzdi də. Onsuz kiçik istisnalarla bəşər mənəvi dəyərlərinin əksəriyyətini daim maddiliklə meyarlandırır. Siyasət əxlaqı özünə əngəl sayır. Siyasətdə əxlaq bəlkə də dini keyfiyyətdir. Halbuki özlüyündə siyasətə ateist ruh hakimdir.

 

XX yüzil artıq başa çatırsa da, bəşəriyyət əxlaqı siyasətə qədərincə çata bilməyib. Siyasətdə əxlaqa adaptasiya xüsusiyyəti yox imiş. Siyasət üçün əxlaq zorlanma aktıdır. Siyasətdə əxlaqa baryer effekti güclüdür. Lakin əxlaq hər hansı siyasi ideyanın əbədiliyi şərti ola bilərdi. Hər halda, konstitusionizm siyasətdə əxlaq təzahürüdür. Mahatma Qandinin ixtiraları sayılan dinc mübarizə üsulları siyasətdə əxlaq nişanələridir. Di gəl, hələ də "müharibələr siyasətlərin davamı" olaraq qalmaqdadır. Əfsus ki, Stalin siyasətinin də üslubuna çevrilmiş "qəhrəmanlar mühakimə olunmurlar", "qələbə üçün hər cür vasitə məqbuldur", "məqsəd vasitəyə haqq qazandırır" kimi N.Makiavelli postulatları heç də öləriyə oxşamırlar. Sən demə, siyasətdə əxlaqdan xali qanunlar əbədi inersiya üzrə işləməkdədirlər. Ancaq bəşəriyyəy bugünkü mövcudluğuna görə hər halda yenə siyasətdəki cüzi əxlaq elementlərinə borcludur.

 

Azərbaycan siyasətində əxlaq rudiment halında da görsənmir. Konstitusiyamız beynəlxalq siyasi plagiatdır. Siyasətçilərimizdə az-çox boyartımı əxlaq haqqında bunu deyə bilməzsən. Azərbaycan siyasətində əxlaq təsəvvür olunmur da. Bu bəlkə də Azərbaycanda siyasi məktəbin yoxluğu səbəbindəndir. Azərbaycanda bütün dövrlərdə tək-tək siyasətçi olubsa da, onlar siyasi məktəb qeydinə qalmayıblar. Bu gün Azərbaycanda müdavimləri üçün ölüm təhlükəli şeytani fantastik bir siyasi məktəb mövcuddur.

 

Azərbaycanda siyasətçi sosiolojidən çox təbiət hadisəsidir. Milli əxlaq siyasətdə əxlaqa transformasiya olunmur. Azərbaycanda milli əxlaq məişət səciyyəlidir və yalnız məişətdə əhəmiyyət kəsb edir. Torpaqlar gedəndə bu əxlaqın yararsızlığı tam sübuta yetdi. Milli əxlaqın bəlkə ən mənhus komponentlərindən sayılası tayfaçılıq traybalizm adı ilə siyasətə ötürülə bilib. Azərbaycan siyasətində əxlaq ibtidai icmalar biçimindədir. Çeşidli istilalar zamanı Azərbaycana heç vaxt siyasi əxlaq gətirilməyib. Azərbaycana daim diktat gətirilib. Son iki yüzildəsə Azərbaycanda müstəqil siyasət olubmu ki, hələ bir onda əxlaqdan da danışıla. Xalq bu dövrdə siyasi cəhətcə şəffaf olub. Bunun nəticəsində milli həyatda naqislik duyğusundan tutmuş ağalara plebey sədaqəti və zərərli kosmopolitizmə qədər imperiya tipində çoxlu əlamətlər üzə çıxıb. İbtidai millətlər üçün səciyyəvi olan maarifçilik ruhu Azərbaycan xalqına da aşılanıb. Rusiya imperiyası Azərbaycan ədəbiyyatını maarifçilikdən yüksəyə qalxmağa qoymaylb. Odur ki, maarifçi ədəbiyyat indi yalnız Azərbaycan şəraitində lokal əhəmiyyətlidir. Azərbaycan xalqı zamanın iki yüz ilini qızıl saat kimi salıb itirmişdir. İmperiya daxilində siyasətçilərimizdəki əxlaq kəsirləri N.Nərimanov timsalında bolşevizmlə dilbirliyə gətirib çıxartdı. Yaxud bəşəriyyət faşizmdən qan ağladığı çağlarda bizimkilər Berlində qol-qola sərbəst gəzintilərə çıxırdılar. Sovet dövrü Azərbaycan siyasətinin başında duran politikanlarınsa adı ən yaxşı halda "vassal" ola bilərdi – "Azərbaycan KP MK-nın I katibi" söz düzümü siyasi evfemizm nümunəsidir. Sovet dövrü Azərbaycan vassalları milyonlarla insanın həyatına nöqtə qoymuş siyasi cəlladların cinayətlərinə tam şərikdirlər.

 

--------- (burada müəllifin senzuradan keçə bilməyən fikirləri olub)

 

Azərbaycan xalqı fiziki yoxluq ərəfəsinədir. Mənəvi-fiziki deqradasiyaya uğradılmış Azərbaycan xalqı qüvvətli düşmənə yox, zəif xəstəliyə belə müqavimətsizdir. Sinəsindən orden-medal adlı dəmir-dümür asılmış Azərbaycan intelligensiyası qurbanlıq qoyun yerindədir. Yazarlarımız iqtidarın sağmal inək bildiyi millətin boynunu tumarlamaqla məşğuldurlar; onların idealı yubileyləridir. Yubileylərimiz "taun vaxtı eyş-işrət"ləri xatırladır.

 

Siyasətdəki əxlaq yoxluğu milli əxlaqı aşılandırır və onu keyfiyyətsiz edir. Milli əxlaq artıq ölkənin sərt tale dönəmlərinə məsuliyyət daşımır da. Ancaq siyasətdə minimal əxlaq milləti tələfdən qurtarmış olardı. Demokratiya ideyası əzəldən dünya siyasətində əxlaq görüntüsü sayılıb. Əfsus, Azərbaycan siyasətində demokratiya hələ söz-söhbət səviyyəsindən uzağa getməyib. Ancaq yenə ümidimiz onadır.

 

Müsavat, 17-18/04/1998

 

Digər xəbərlər

Pyotr Çaadayev ruhunda yazı (tryuizmlərlə)

Rafiq Tağının "TURAN"a eksklüziv müsahibəsi

İki qardaş

Həyat və Əxlaq

Hadi Qaraçay "Ölüm elçiləri"

Şərhlər