Sevirəm demişəm

Tarix: 22-07-2017 16:33
Baxış sayı: 65

Sevirəm demişəm

            Leyla bir dəfə topu ona zopaladı. Oğlan porsuq təki büzüşdü. Top kürəyində şappıldayıb əks-sədasından da tez qayıtdı. O, elə qaqqıldadı, elə bil qıdıqladılar.

-          Lila oxx, Lila! – deyib əzmələndi.

Atası Münhendə sahibkardı: özü bizim yoldaşlara demişdi.

-          Stop! – şən-şən Faiqi tutdum. O bozardı:

-          Nə arvad şeysən, ədə!

-          Avara, qoy adam seyrəlsin. Arvad özünsən!

Hava çiyələk rəngindəydi. Hərbçilər kimi şah yeriyirdik.

Faiq nənəsinin əmrilə bu payıza çırmalanıb bir qız seçməliydi. «Leyla da yaxşı eləmir» – fikirləşdim.

-          Barmaq da vursan, cinayətdir, - dedim.

-          Cinayət xəlvətdə edilər! Beş şillə vurmaq niyə cinayət sayılsın?

Qara dəniz uğuldayırdı.

-          Adamlar yalançı sevinclərə aludədir. Böyük sevinc axı olmayacaq!..

-          Necə bəyəm? – soruşdum.

-          ...Ya da sarsaqlıqdan hər şeyi unutmaq istəyirlər. Dost ölübsə, bunu niyə unudasan? İnsan belə-belə gözdən düşür.

Sahildə adam leş kimiydi. Ucunu barmaqlaya-barmaqlaya dəmi sümürən qoca türk göyümtül rənglənmiş budkada kölgələnirdi. Nədənsə, mənə elə gəldi ki, bu adam həyatda heç kəsi yamsılamaz.

Üç metr aralıda istidən dərisi yağlanan dəvə mürgüləyir: cəhəngindən su axırdı. Turistlər bir-bir türkə pul verir, dəvənin belinə qalxır, fotoaparatlar şaqqıldayırdı.

Türk motal dərisinə bənzəyən boynunu qaşıdı. Dəniz göy idi. Ancaq çimənlər bu rəngə boyanmışdılar. Yelkənli motorlu qayıqlar tırıltı ilə ötürdü. Faiq məni dümsüklədi:

-          Ə, hacıleylək, boyunu uzatma!

Uzaqda iki adam yan-yana suya batıb çıxırdı.

-          Eyy, oğlanlar!..

Üzüb çatdıq. Qorxudan sarılarını udmuşdular.

-          Hə başqa kəl tapdın?

Faiq döyüşə hazır vəziyyət aldı.

-          İyiniz-çiyiniz də yox idi!.. – az qalırdı ilan dili çıxarıb yalvarsın.

Faiq kinayə ilə güldü:

-          Bura bax, hapa-gopa basma! – dedi. Burada nə sülənirsən?!

Qız əlhəmdini çaşdı:

-          Nə olub! Nə hirslənirsən?

-          Heçnə?! Damağın islandı!?.

Çənəmə qədər suya batıb onu təpiklədim: ayağım sabunlaşmış kimi olan bədənindən sürüşürdü.

-          Başım çox islanıb? Leyla məndən soruşdu.

-          Ay çaqqal, hələ bəzək də axtarırsan! – Faiq sanki dzyu-do güləşinə hazırlaşırdı – yırğalanırdı:

-          Vaxsey! – qız qorxdu, islaq kirpikləri çırpındı. Qışqıraram! Faiq yaş əllə ona ürəkdən tikançıxardan bir şillə çəkdi.

-          Hələ bir qışqırır! Xaltura eləyib kef çəkir. Həyasız!

Faiqin Mefistofel sayağı qeyzlə gülməsini görüb tüklərim qalxırdı.

-          Gedək çimək, nazlı balıq!.. vahiməli tərzdə oğlanın qolundan elə yapışdı, yazıq bəlkə də kişilikdən düşdü.

-          Şitənmə, əşi, eh! – ona bir dürtmə vurdum.

-          Alman oğlan qəflətən cıbıllanıb daş təki suya batdı, su konsentrik çevrələr şəklində ləpələndi. Uzaqda başı çıxanda hava püykürə-püykürə sahilə daban aldı.

-          Qaçdı, a! Ölüvay! Maymaq! – Faiq quduzlanmış kimi adam qapırdı. Dərhal su ilanına dönüb ona çatıb, oğlanı dərinə çəkdi. Oğlan dartınır, lakin Faiqin əlindən çıxa bilmirdi.

-          Ə, madmazel, dəniz Münhendəki bar deyil ha!

Leylanın da biləyindən toyuq tuturmuş kimi qəflətən yapışıb məngənə barmaları ilə çıxdı.

-          Nədi, ədə, sındı axı?

Yalan olmasın, adam başı kəssəydin sahildə bilməzdilər.

-          Gəl bura, yaltaqlanma! Kişibaz! Sənin mən... zatını...

-          Nə pis ağzın var, heyvərə! Qorxut, amma söymə, - pıçıldadım.

-          Mollalıq eləmə sən! – Sözü ağzımda vurdu.

Su dərinləşdi, dəniz adamın döş qəfəsindən basırdı. Leylanın çənəsinə göyümtül iz düşmüşdü. Oğlan və qız sınıq qanadlar kimi ağırlaşırdı. Faiq yorulub dayandı.

-          Bəylə gəlin oynasın! Gəl əl çal! – məni çağırdı.

-          Axı baxırlar? – gileylə dinləndim.

Az qaldı ağlasın.

-          Oynasınlar! Sizə demirəm?? – bədbəxtlərin, mən bilirəm ki, yetişmişləri durdu, kalları töküldü.

Faiqin bəbəkləri közərib qalmışdı.

Qızbibi! – oğlanı kar adamı çağırırmış kimi bəyirtilə səslədi. Leylanın ətini kəssəydin qanı çıxmazdı.

-          Axı nə olub? – dedi. Bilirəm, qısqanırsan... Vallah inan ki..

-          Oyna deyirlər sənə! Nağıl danışma! Əlilə qızın böyrəyi tərəfdən itələdi.

-          Nə oynamaq, ədə, dəlisən?

-          Varına yaxındır – orada turba, saksofon çaldırarıq. Bu da yengə! – Qəflətən çənəmin altına elə vurdu ki, dişlərim şaqqıldadı.

-          Öz bacına de bunu, axmaq!

Faiq hopbanıb ona bir qoşatəpik ilişdirdi:

-          Danışır da bir!

Qızın gözlərinin suyu sel olub axdı.

Alman oğlan kağız qayıq kimi səssizcə uzaqlaşırdı. Faiq yaxınlaşıb onun sağ qulağından dartdı.

-          Eşşək qulağından uzun eləyərəm! – dedi.

-          Axı o nə başa düşür?! – canımın dərdindən güldüm.

-          Vacib deyil! Bunların yerində eşşəklərin qulağı uzun olmur?

Oğlan pomidor tək qızarmışdı. Faiq onun başını toyuq kimi suya basdı – qıqqıldatdı.

-          Avara, burax! Sarsaq, burax! Bambılı, burax!! – hirsdən kəsilirdim.  Oğlan çabalayıb hərdən qolu və belinin tiri suda görünüb yox olurdu.

-          Ölməyə qoymaram, qorxma, leş təhlükəli faktdır!

Oğlanı zorla quzğunun çaynağından üzdüm. Leyla da yoluq sərçəyə dönmüşdü. Faiq onu məhşər məhkəməsinə çəkdi:

-          Nə edirdiniz?

-          Nə edəcəkdik! Sən də…

-          Ay yalansa, səni doğan…

-          Söyüşünə bax, - Leyla üzünə su çırpırdı – göz yaşını yuyurdu.

-          Elə sənə cəza lazımdır – dinləndim, - tərbiyə üçün...

-          Ona sən piltə qoymusan, hə?: Satqın! – Leyla mənə düşməncəsinə baxdı.

-          Rədd ol! – Faiq qıza acıqlandı – Saça bax, keçi!

... Çimərlik Leylanı uddu. Faiqin üzünə kədər izləri düşdü. Birdən dənizin dərinliyinə, elə bil qüsullanmağa cumdu.

Məhəbbətdən xilas oldum!... – uzaqdan qışqırırdı. Həm də şübhəylə soruşdu:

-          Bu, yaxşıdırmı?

İri dalğalar akvarium kimi balıqlı, üstü qağayılı olur...

 

Rafiq Tağıyev

Həkim.

Digər xəbərlər

Tayqa xəyalları

Ucaboy liliput

Ədəbi müsahibə

Rafiq Tağı ilə "Demokrat" qəzetinin əməkdaşı, gənc yazar Xuraman Hüseynzadə söhbətləşib

Mədəniyyət və müharibə

Şərhlər