Tehran Əlişanoğlu – Bizdə “şeytan ayələri”

Tarix: 24-01-2017 07:31
Baxış sayı: 138

Mən Rafiq Tağıdan nə zaman qorxmağa başladım... Əlbəttə, onda yox ki, öz zəif, sısqa, cüssəsi ilə guya Mirzə Cəlil ağırlığında nəhəngi yıxacaqmış; bunun ardınca bütöv bir sıra hərəkətə gəlib, hərəkat qoparanda hələ, Mirzə Cəlilin ruhu şad, sevinmişəm də: - deyən tərpənir üstündəki yorğan, ölməyib – ha! Heç rəfiqi-əziz özünü unudub, sözünü tutub gəldi-gəlmədi, bildi-bilmədi: - dörd yanımız qaranlıq, xox! – deyib savaş axtaranda belə qorxmamışam, yox, sözdür də, bu gün bizdə sözün bazarı ucuz; hər kəs öz qaranlığından keçir, - həmişə Rafiq Tağının əyalətindən Ədəbiyyata nabələd yollar yoran isti, balaca qəhrəmanlarına pənah aparmışam... Amma bu günlərdə Rafiq Tağının “Hürriyyət” qəzetində (11 sentyabr 1999) bu dəfə bütünlükdə ədəbiyyata qarşı açdığı anti-ədəbiyyat atəşini görüb, mən qorxdum, qorxmağa başladım... “Hürriyət”ə nə var, dərhal anti-ədəbiyyat ətrafında ədəbiyyat diskussionu təklif etdi. Bəs Ədəbiyyatın özü, iç strukturu, daxilindən gələn hərəkət və hərəkat?..

 

Bizdə son illər ədəbiyyatının ümumiləşmiş tənqid obrazını – orda qıcıq, burda qıcıq, - Rafiq Tağı verir, həm də stixik olaraq... Amma mənim nəzərimdə bu illər tənqid romanının əsas fiquru Həmid Herisçidir; şerdə, nəsrdə, eləcə də rəsmi və qeyri-rəsmi ədəbi koridorlarda qəfil və ani görünüb-çəkilən iç gəzişmələri ilə, məhz şüurlu olaraq! Ən çox da yığıb-yığıb yağdırdığı, öz ifadəsi ilə desək, “yazılmamış ədəbiyyatı” ilə... Gəl diqqət edirsənmi; nə bir səs, nə “yazılmamış cavablar”...

 

Lənət şeytana, hərdən fəhmim mənə belə deyir ki, ədəbiyyatda aldığımız hava da kənar; kənardan daxil olur, - balaca “fortoçka”dır, açırlar, təzələndi; yenə açırlar, yenə...

 

“Hürriyyət” elə, Rəhim Əliyev bu dəfə ədəbiyyat söhbətini qeyri-ədəbiyyat məkanı – “İmpuls” qəzetində başladı, amma onu elə qeyri-ədəbiyyat tərzində apardı ki, - (niyə?) – aparıb qeyri-ədəbiyyat məkanına çıxardı. Amma qəribədir, həmin günlərdə “Ədəbiyyat qəzeti”nə maraq birə-iki artmışdı: niyə? Lənət şeytana: görək indi Ədəbiyyat İmpulsa (yəni qıcığa) cavab verəcəkmi? – marağındamı?

 

Düzü, mən “Şeytan ayələri”ni oxumamışam və inanmıram bizdə kimsə bunu oxumuş ola. Hər kəs də istədiyi tərzdə - Şeytana şərik qoşulmaq deyə yozur. Amma qəzet yazarlarımızdan birisi durub Rafiq Tağını Salman Rüşdiyə timsal vermişdi. Nə yaxşı ki, hələ Rafiq Tağının hekayələrinə nağdı əlimiz yetir... 

 

“Bizim əsr” qəzeti, 23.10.1999

Digər xəbərlər

Azərbaycanda siyasi idilliya ərəfəsi

Rafiq Tağının “Mərkəz” qəzetinə müsahibəsi

“Demokratiya-diktatura oyun növü” yazımdan qalan fikirlər və onlara əlavələr. Konspekt

Rafiq Tağının "Xural"a müsahibəsi

Rafiq Tağının cinayət işi dayandırıldı

Şərhlər