“Həcv mövzuları” (Baba Vəziroğluna)

Tarix: 24-01-2017 05:31
Baxış sayı: 387

Azərbaycan uğrunda çeçen olmaq istərkən ağcaqanadlarla bəzəkli qaynar yay məni əkəyə göndərdi. Əkəliyimlə də ləngəm-yuxu məni Qarabağdan bərk çəkir. Tərifli-namlı Qarabağda maqnit xüsusiyyəti yoxmuş. Həm də əkə olubən avropalı sayılmaq namümkündür. Yumrugüzgü üzlər Avropada qəbuledilməzdir. Moskvadan ta axıracan qərbə “monqol-tatarşina”lıq rəmzidir. Ancaq bunlar heç və məncə, sonra deyəcəklərim də.

 

Həri, qardaşlar, biz coğrafilikdən hədsiz asılı millətik. İradəmiz konyuktur bir şeydir; onu bizə şərait diktə edir. Hətta inqilablarımız da atmosfer təbəddülatlarına bağlıdır. Daş kimi bərk isti, polad kimi sərt soyuqlar Azərbaycanda sosial-siyasi sabitlik illüziyası törədir. Camaatımız hərcayi buluddan qorxandır. Azərbaycanlı inqilab və müharibələri travmatizmi səbəbindən xoşlamaz. Təbriz və elə onun qardaşı Bakıda də həmin səbəbdən inqilablarımız həmişə yarıyacan, müharibələrimiz məğlubiyyətəcən olub. Həm də indiyədək biz inqilabı məişətdə xuliqanlıqlarımızın yüksək forması bilmişik. Qarabağı bədənlərimizin təhlükəsizliyi baxımından düşmənə saxladıq. Mitinqlərimiz köndələn yağışdan pozulandır. Filhəqiqə, yer sürüşkən olanda biz dədə-babadan evdə oturmuşuq. Hərçənd bekarçılıqdakı fiqli-miqli və flirtlərlə on qəməri, yaxud doqquz elə-belə aydan sonra hərəmizin bir-iki bəbəsi dünyaya gəlib. Qardaşlar, məni məzur tutun, filosofluq dəmi çatdı, bax, bu saat ağzımın köndələn çağıdır... Bəşər təbiətə təsadüfən düşmüş kimidir. Onun təbiətdə taleyi perspektivsizdir.

Bəşər təbiəti eşşək kimi heç vaxt anlamadı, onda yaşamını qura bilmədi. Evi həmişə müvəqqəti tikdi. Onun dərrakəsi daim ancaq təbiətdə harmoniyanı pozmağa çatdı. Təbiətdə harmoniya bəşər üçün hələ də özündəşey səciyyəlidir. Bir az əyri oturub düz danışaq, Yer indi-indi zəlzələlərlə təkmilləşir. Biz ancaq zəlzələdən sonrakı mənzərələrin səttarbəhlulzadələriyik. Hər zəlzələdən sonrakı palıd və fıstığın öz musayaqubu var.  Onu desəm olar, deməsəm olmaz ki, beləliklə təbiət bizim üçün şöhrət mənbəyidir. Biz daim əsasən onunla yüksəlmişik. Fokus göstərib şimaldan xəritə boyu üzü aşağı dığırlatdığımız Quba alması cənubda Lənkəran limonu şəklində üzə çıxıb. Kartof və nar, Hövsan soğanı, qarpız və əncirimiz olmasaydı, dərimiz beş qəpiyə dəyməyəcəkdi. Qərbin də bizə neftə görə gözü düşüb. Həri, biz həm də təbiətdən uzunömürlülük umur, bunu ondan əxz edir, ona bunun xatirinə hörmət qoyuruq. Məndə üstüörtülü şey olmaz, açığı, Türkiyə zəlzələsində insan təbiətdən əməllicə qorxdu. Həmçinin insan təbiətə bir az da yadlaşdı. İnan, hərçənd hələ inanmasan da olar, indidən belə mən təbiətə-zada ekskursiyaya getmərəm. Ekskursiyalarda adamın qabağına şir çıxa bilər! Əslində təbiətin hər guşəsi ölüm təhlükəlidir. Mən haçansa misirmərdanov olmuş olsam, inşallah, məktəblərdə təbiətşünaslığı ləğv edəcəyəm. Mən həm də istərəm təbiət elmləri başlı-başına qalsın. Qoy təbiət mədəni yox, həmişə qeyri-mədəni sayılsın! İstərəm ingilis bağlarında ağacların başı qırxılmasın!

 

Həri, ilahi deprem türk dünyasında feodal-siyasi butaforiyanı tarmar etdi. Gözəlliklər tonlarla enkaz altında lüzumsuz göründü. Romantika real qanlar içrə çabalar yapdı. Teatrlar təbiətlə rəqabətdə faciə janrını uduzdu. İstanbulun Sodom və Homorra taleyi gerçəkləşdi. Tanrının böyüklüyü, insanın kiçikliyi bir daha təsdiqləndi. Türkiyə prezidenti oyuncaq krallara bənzədi. Hərçənd imdad ekipləri onun qara üzünü bir az ağ elədi. Qardaşlar, türkçülük bir hap-gop imiş! Ondakı patetika və pafos gözlərimiz qabağındaca ölüb insan cəsədlərinə qarışdı. Türk dünyasında oda-oratoriyalar dövranı keçdi. Ondan ayıb nağara gumbultuları əskildi. Qardaşlar, adi bir ekskavator min bir qeyri-adi kamilvəliüstəlik – nərmanoğludan gərəli imiş! “Azərbaycanlı” yerinə “türk” yazıb, türkün sözü, “türk”ün dalıan yüz nidadan pazlar düzməklə iş aşmazmız (miş, muş, müş). Həri, saxta qəlb dostluqları və qəlp “dostum-qardaşım”ları erası bitdi – bəlkə XXI yüzilə təmiz çıxaq, inşallah! Fatal zəlzələ naqqal bir dövlət qurumunun ibtidailiyini sübut etdi. İbtidai icma quruluşunda depremlər indiki Türkiyədəki kimi olub – insanlar onda da dünyanın bərk şeyləri altında yiyəsiz-köməksiz qalardı, indi də eləcə bağıra-bağıra qaldı. Minillər bu məkanda boşuna işləyib. Ancaq İstanbuldakı Yer zəlzələsi Ankarada səltənət zəlzələsinə çevrilməsə yaxşıdır. Səltənət zəlzələsində tac daz başdan çataçat yerə düşəsidir. Tər qoxulu bu taca yumurtalar düzüb üstünə toyuq oturtsan, 21 günə əlvan cücələr çıxarar. Əlbəttə, səltənət depremində yalnız lotu-potu qırılacaq. Yəqin bilmiş olar, bilməmiş olmazsınız ki, lotu-potu qırğını da bu dünyada ən ləziz şeydir.

 

Qardaşlar, türk dünyasında yüzillərin həmd-sənası yelə getdi. Hər şey fıs çıxdı. Allah yalan və saxta duaları götürmədi. İslamın türklə allah arasında dəllallığı baş tutmadı. Türk dünyasında “Allah” olsa-olsa leksikoloji vahid imiş. Ələlxüsus bizdə “Allah”ın leksikoloji vahidlikdən uca qiyməti yoxdur. Bizdə “Allah” söz düzümünün vacib komponentidir. “Allah”sözü olmasaydı, dilimizdə boşluqlar yaranardı. Biz – keçmiş ateistlər üçün teizmlə ateizmin fərqi “teizm”də bircə hərfin azlığındadır. A-teizm teizmdən “a” həcmində çox mürəkkəb işlədir. A-teizm iqtisadi cəhətcə zərərlidir. Əlbəttə bunlar heç, məncə, əvvəl dediklərim də. Onsuz hər şeyin riyazi axırı “sıfır”, bədii sonu “fanilik”dir. İnan, ya hələ inanmasan da olar, mən fanilikdə sezdiyim ədaləti heç nəyə dəyişmərəm. Vallah, yəni Allah haqqı, üstəlik, Ətağa cəddi!...

 

“Hürriyət”, 04.09.1999

Digər xəbərlər

İçi lirikalı polad

Rafiq Tağı və Qan Turalının Sabir davası

Üç dayıqızı

Kiçik ailə xronikası: Xanhüseyn, Güllü, Sədəf, Əlihüseyn

Güzgü

Şərhlər