Sima Ənnağı . Psixoloji təhlil : Rafiq Tağının “Kaspar evi”

Tarix: 22-10-2015 06:33
Baxış sayı: 923

Ön söz. Hörmətli yazarımız Rafiq Tağının humanistliyinə güvənərək, onun “Kaspar evi” hekayəsini təhlil etməyə cürət edirəm və inanıram ki, bu addımım yanlış anlaşılmayacaq.

 

Təhlilə keçməzdən əvvəl bir məqamı dəyərli oxucularımızın nəzərinə çatdırmaq istəyirəm. İstənilən əsərin mətni (tekst) bilavasitə üç müstəviyə ayrılır: pretekst, tekst və kontekst. Bu anlayışlara aydınlıq gətirək:

 

Pretekst – oxucunun şəxsi təsəvvürləri, anlayışları, biliyi, savadı, zövqü və s. deməkdir ki, məhz onlar həmin tekstin qavranmasına bir körpü kimi çıxış edir.

 

Tekst – müəllifin yazdığı mətnin özü deməkdir.

 

Kontekst – bu mətndən (mətnin “kərpicləri” hesab edilən cümlələrdən) çıxan məna deməkdir.

 

Pretekstlər fərqli olduğuna görə, eyni əsər fərqli oxucular tərəfindən fərqli surətdə dərk edilir.

 

                                                                                              ***

 

Hekayədə göstərilən obrazların lüğətçəsi:

 

Ev – yaşayış yeri, geniş mənada vətən anlayışı;

 

Qəhrəman - ənənəylə barışan adi vətəndaş;

 

Qəhrəmanın arvadı - ənənəyə etiraz etmiş adi vətəndaş;

 

Ata – sabitliyi, ənənəni qoruyub saxlamağa çalışan Köhnə;

 

Uşaq – fərqli baxış bucağına malik olan Yeni...

 

Əsəri doğru-düzgün anlamaq üçün hekayədə oxuduğumuz  obrazları lüğətçədə verilmiş mənadan dərk etmək tələb olunur.

                 

                                                                             ***

 

“Kaspar evi” qəhrəmanın yaşadığı evdir. Bu evdə zahiri, görünən həyat da var, gizli, gözə görünməyən həyat da. Nədən bu ev qəhrəmanı bu qədər məşğul edir? Çünki o, bu evə bağlıdır. O qədər bağlıdır ki, hətta evin kölgələrinin sahəsini, formasını çox diqqətlə izləyir, sanki alim mikroskop altında elmə hələ məlum olmayan cücünü tədqiq edir. Bu evdəki həyat o qədər sabitdir ki, dəyişkənlik küləkləri sabitliyi azacıq tərpəşdirsə də, kökündən heç nəyi dəyişə bilmir.

 

Qəhrəman evə olan marağını oğluna da aşılamaq istəyir, valideyn öz nüfuzu gücünə uşağı evin kölgələrinin rəsmini çəkməyə məcbur edir. Valideyn-uşaq qarşıdurması baş verir: valideyn (Köhnə) uşağı (Yeni) məcbur etməyə çalışsa da, uşaq tələbləri yerinə yetirmək istəmir, atanın gördüyünü uşaq görmür, çünki baxışlar da fərqlidir, baxış bucaqları da.

 

Evin görünən yeri digər evlərdən heç nə ilə fərqlənmir – eyni standart qarajlar, hasar və idarələr. Arxada isə futbol meydançası var - əyləncə, sərbəst hərəkət yeri, müvəqqəti olsa da, insanın gündəlik dar çərçivədən azadolma yeri.

 

Qəhrəman nə qədər avtoritar görünmək istəsə də, içində bir cocuq yaşayır, zahirən ciddi görünən insan uşaq kimi əl-qolunu açıb kölgələrin xəttiylə yeriyir, sanki çoxdan bəri içində gizlətdiyi sərbəstliyi, uşaqlıq ruhunu (bəlkə də saflığı) canlandırmağa çalışır, bircə anlığa olsa da...

 

Bütün günü gündəlik qayğılarla çarpışan qəhrəman bəzən həyatının məğzini, mənasını unudur. Özünü qaraqabaq və qız kimi utancaq hesab etsə də, zəhmli görünmək istəyir, zəhm arxasında kövrək qəlbini gizlədir. Ailə başçısı olduğu üçün bu “vəzifədən” irəli gələn rolu həyata keçirir – ailə üzvlərinin ən kiçik yanlış hərəkətinə belə belə dözülməz təpki göstərir – heç olmasa bununla valideyn nüfuzunu qoruyub saxlasın. Başqalarına qarşı təpkili, tələbkar olan şəxs, nədən ailəsi dağılandan sonra özünə tələbkar yanaşmır? Demək, özünə qoyulan tələb fərqlidir, başqalarına qoyulan tələb fərqli.

 

Ər-arvad münasibətlərində də qəhrəman stereotip davranışdan kənara çıxmır: axı “əsil” müsəlman kişisinə arvadını sevdiyini göstərmək yaraşmaz. Bəs nədən o, hər gün gülləri sulayır, ətrafdakı hər əşya arvadını xatırladır? Demək, nə vaxtsa, arvadının qayıdacağına ümid bəsləyir, onu unutmaq istəmir. Tək qalmış qəhrəman, nəhayət, anlayır ki, arvadı onun hambalı deyil, onun kimi bir şəxsiyyətdir. Fəqət nədən qadın kişinin təzyiqlərinə dözürdü, ona etiraz etmirdi, məsləhətsiz bir addım da atmırdı? Çünki o da stereotip rolu – arvad rolunu qəbul etmişdi. Qəhrəman bunu bildirməsə də, əslində, qadını lal-dinməz, fağır görmək istəmir, ona müqavimət göstərə biləcək güclü qadın arzusundadır. Arvadının mütiliyi kişini o qədər əsəbləşdirir ki, o, zor gücünə bu qadını  “ayıltmağa” çalışır.

 

Və artıq 5 yaşlı qızı da, atasının “qəhrəmanlığını” görüb, təcavüzə məruz qalmamaq üçün özünü şən və razı göstərməyə, yəni kiçik yaşından rol oynamağa məcbur olur. Bu faciə deyilmi? İnsan kiçik yaşından ölənə qədər öz ürəyinin səsiylə deyil, ictimai rəyin təzyiqi ilə yaşamalı,cəmiyyətin ona sırıdığı  miskin rolu oynamalıdır.

 

Qəhrəman ətrafında baş verən hadisələrlə də maraqlanır, fəqət bu maraq səthidir. Hadisələrin mahiyyətinə varmadan zahiri atributlara diqqət kəsilmək və özünü bu həyatın nüfuzlularına azacıq da olsa, yaxın hiss etmək – bax, budur onun marağı (məsələn, adını da bilmədiyi nüfuzlu şəxsi müşayiət edən motosikletçilərlə fotoşəkil çəkdirmək epizodu).

 

Bütün bunlara rəğmən, qəhrəman yanlış hərəkətlərini də anlayır, peşmançılıq hissi də duyur. Peşmandır ki, yaxşı ata olmayıb, öz xırda ambisiyalarına o qədər aludə olub ki, qızının şikəst doğulduğunu heç bilməyib, biləndə də yenə öz gücünə deyil, qohum-əqrəbaya güvənmək istəyib. Demək, qəhrəman  bir şəxsiyyət kimi zəif iradəli, qətiyyətsizdir, çətinliklərdən qaçandır, çünki özünə güvənmir.

 

Tək qalan qəhrəman sanki ölümünü tezləşdirmək istəyir, xatirələri nə qədər şirin olsa da, ona əzab verir, o özündən də, xatirələrindən də qaçmaq arzusundadır, amma bacarmır. Artıq qəhrəman öz vəziyyəti (tənhalıq, atılmışlıq) ilə barışır. Fəqət nədən bu tənhalıq onu üzsə də, o, həyatını dəyişmək, ailəsinə qovuşmaq üçün cəhd etmir? Faciə də bundadır: qəhrəman gözlənti mövqeyini, passiv həyat fəlsəfəsini üstün tutur.

 

P.S. Mətnin bir xüsusiyyətini nəzərə çatdırmaq istəyirəm. Cümlələrin bəzi sözləri hecalara ayrılaraq verilir ki, bu da həmin sözün xüsusi məna yükü daşımasına, müəllifin nəyi vurğulamaq istəməsinə işarədir.

 

Son söz. Diqqətinizə təqdim edilən  psixoloji təhlil mənim subyektiv təəssüratlarıma əsaslandığından, onların tam, dəqiq olmasını heç iddia etmirəm. Mən bu hekayəni belə anladım, belə qavradım.

 

Sonra İsveçrə psixoloqu Karl Yunqun bir fikrini qeyd etmək istəyirəm: “Obraz yaradan müəllif artıq öz ali vəzifəsini yerinə yetirmiş olur. Obrazın təhlili isə digər insanların və gələcəyin işidir. Görkəmli sənət əsəri yuxugörmə kimi bir şeydir, o, əyani olsa da, özü-özünü heç vaxt izah etmir və heç vaxt bir mənalı şərh edilə bilməz”.

 

Redaksiyadan: Xatırladaq ki, Rafiq Tağının “Kaspar evi” 17 iyun tarixində “Kitab.net” qəzet-kataloqunun ilk sayında çap olunub.

 

Digər xəbərlər

Azərbaycanda hüquq idilliyası həsrəti

Gözəllik və əxlaq mövzusunda yazıb unutduqlarımın davamı

Millətin qaçqına çevrilməsi halı

54 ziyalı Rafiq Tağı ilə bağlı beynəlxalq təşkilatlara müraciət etdi

"AYO-çulardan başqa hamı ad günümü qutladı" (24saat.az-a müsahibə)

Şərhlər