Rafiq Tağının kulis.az-a müsahibəsi

Tarix: 25-03-2015 10:54
Baxış sayı: 2041


- İki sahəni idarə etmək sizə çətinlik törətmir ki?

- Mən olsa-olsa iki sahədə çalışıram, onları idarə etmirəm. Qaldı ki... insan həyatda min cür işlər görə bilər, onların içində təkcə yaradıcı olanı onu yaşadır.

Qoy sizə həm yazıçı, həm də həkim olanların dünyasından söz açım. Yazıçılar öz həkimliyində kölgədə qalmağı xoşlayır. Ancaq bir həkim kimi də hamısı vicdanlı və təmiz, bilikli olur. Yazıçı həkimlikdə seçilmək, irəli sıçramaq, öz əməyini qabartmaq istəməz. Yaradıcı enerjisinin bu sahəyə getməsi həvəsində də deyil.

Yazıçılar həkimliklə qazanılan şöhrəti sevməzlər. Biri mən: öldür, həkim kimi özümü gözə soxmaram.

- Müasir Azərbaycan ədəbiyyatının mövzuları sizi qane edirmi?

- Gözlənilməzlik cəhətcə: hə. Artıq patetik-siyasi, sırf sosioloji mövzular azalıb. SSRİ dönəmindən uzaqlaşdıqca belə şeylər sürətlə köhnəlir. Qabaqlar bizdə Qarabağ mövzusu hətta ədəbiyyat meyarı idi. Halbuki istənilən aktual mövzu sənət meyarı ola bilməz.

Əsl ədəbiyyat adamı mövzunu seçmir. Mövzu özü onu tapır və yazılmasını diktə edir. Başqalarıyla işim yox, məndə belədir. Müəyyən yazıçı kütləsi üçün xüsusi mövzular olmur. Mövzu müəllifin istedad səviyyəsinə uyğun tərzdə hardasa seçilib gəlir. Məsələn, Zəlimxan Yaqubun misraları, qovalasan da, Aqşin Yenisey səmtə uçmaz. Elə mövzular var ki, təkcə məni gözü tutub. Sevinc Pərvanənin erotik etüdləri Sara Oğuzu seçməz, ya Sara xanımın “beton evdən yazılar”ı Sevinc xanımı axtarmaz.

Cəmiyyətdəki aktuallıqlar yazıçının içinə sirayət etmir. Yazıçı dünyasının öz aktuallıqları var və bunlar gələcək üçün daha önəmlidir. Qoy başqa cür deyim: yaradıcının içindəki aktuallıq əbədiyyət üçündür və cəmiyyətinki ilə üst-üstə düşməyə bilər.

Ədəbiyyatın parametrləri hədsiz genişdir. Real həyat ədəbiyyatı öz həbsində saxlaya bilməz.

- Müasir yazarlarımız taleyüklü mövzulara daha çox yer ayırır. Buna səbəb nədir, sizcə?

- Utilitar “taleyüklü” ədəbiyyat İlham pərisinin ölüm yeridir. Peqas burda çökür. Müharibə ilə ordu məşğul olsun, yoxsa poeziya? Canilərlə polis işləsin, ya Qoqol? Bəlkə, Vaqif Bayatlı Odəri irəli verək?

Belə şeylərə ancaq talantın azlığı, ya tamam yoxluğu səbəb ola bilər.

-Cənub mövzusuna müraciətlər çox zəifdir. Ədəbiyyat bütöv Azərbaycan yolunda güclü təbliğ vasitəsi ola bilərmi?

- Bütöv Azərbaycan mövzusu ədəbiyyatın məşğul olacağı səthi bir sahə olmuş olardı. Ədəbiyyat analoji problemlərə qatılanda şüara çevrilir. Bölük Azərbaycan xalqımızın əfəlliyinin nəticəsidir. Harda bizim kimi bölünmüş və hələ də birləşə bilməyən xalq var, bilin ki, o xalqın içində tənzimləyici sistem yoxdur, o xalq hələ də özünü dərk etməyib. Faciələrindən dərs götürməyən millətlərin axırı yaxşı qurtarmır. Biz kef çəkməyi milli birlikdən vacib sayırıq. İndilikdə bütün kefləri müharibədən qabağa salmışıq. Yalnız kabab çəkəndə qəhrəmana oxşayırıq. Bir-birimizi öldürəndə düşməni öldürmüş kimi oluruq.

Ədəbiyyat millətin fəlakətlərə hazırlığını təmin edir.

Ədəbiyyat xalqın siniridir, tankı-topu yox.

Coğrafi ərazi layiq olduğu qədərincə xalqındır. Adına “imperiya” deyiləndə xoruzlanan məğmun Rusiya 1867-ci ildə Alyaskanı Şimali Amerika Birləşmiş Ştatlarına su qiymətinə satanda, ədəbiyyat neyləməli idi? Eşşək boyda imperiyanın günahlarını Turgenevin-Nekrasovun boynuna yıxmaqmı olardı? Alyaska, həqiqətən, su qiymətinə satılmışdı: 1.518 800 kv.km ərazinin hər kv.km-i 4 dollar 73 sentə. Üstəlik, belə bir mif də dolaşır ki, 7,2 mln. dollarlıq əskinas yüklənmiş gəmi Rusiya sahillərinə gəlib çıxmayıbmış; yolda batıb. Onda gərək rus xalqı gedib yapışaydı Dostoyevskinin xirtdəyindən... Buyur, indi də qədim Ellada adalarını satlığa qoyub. Onda gərək yunanlar üzü keçmişə durub Sokratın-Aristotelin goruna söyə. Yox, yunan xalqı səriştəsiz və əhlikef siyasətçiləri hakimiyyətdə saxlamaqda özü günahkardır.

Azərbaycan bütöv olmadığına görə də, gəlsənə, Rafiq Tağını yerə yıxıb təpiklə masaj edək.

- Müasirlərinizdən kimləri güclü yazar hesab edirsiniz? Kimlərin kitablarına müraciət edirsiniz?

- Güclü yazarlarımız çoxdur. Lakin təcrübə göstərir ki, nə qədər ad çəksən də, yerdə qalanların heysiyyətini zədələmiş olacaqsan. Özü də durduğun yerdəcə düşmənə çevrilirsın. Gəl, bu işdən vaz keçək. Qoy hamı elə bilsin ki, yazıçılıqda ondan yaxşısı yoxdur. Bizim də hamını yaxşı yazıçı saymağımız cinayət-zad deyil ki. Zaman bitərəfdir, qoy adları o çəksin. Tutalım, XX yüzildə kimlər güclü idi soruşana təkcə Mirzə Cəlili desən, düz gəlməz. Belə çıxar, Əbdürrəhim bəy Haqverdiyev zəif imiş, ya Yusif Vəzir Çəmənzəminli. Qağa, bə XIX əsr rus ədəbiyyatında güclü kim idi: Lev Tolstoy. Onda Dostoyevski zəif olub. Bir də soruş: atam, kim idi güclü - Fyodor Dostoyevski. Bay, onda Tolstoy zəif imiş. Bütün bunlar düzgün deyil.

- Müsahibə ürəyinizcə oldumu?

- Oldu da sözdür...


Tural Balabəyli

Digər xəbərlər

Mirzə Cəlillə ayrılıq məqamı

“Konformizm “ Konspekt

Nigaranlıq

Boz inqilab

Rafiq Tağı: “Ədəbiyyatda inqilab üsulları məqbuldur”

Şərhlər