Komediya düsturunda yazı
Ura, namus-“qiryət”dən sonra azərbaycanlı üçün siyasət də vacib olmağa başlayıb.
Qorbaçov fərasətli bir ana kimi bizə neçə-neçə siyasət atası doğub getdi. Həri, öz
sözümə qüvvət, həm də bizdə “namus-“qiryət”dən bixəbər hər hansı bir kəs
“salamməleyk” eləyib siyasətə gələrsə, qabağına dərhal namus-“qiryət” diyirlədilir
ki, bu da əksərən keçilməz olur. Bizdə namus-“qiryət”dən söz söyləməyi
bacarmayan siyasətçi patriot sayılmır və boğazına çatı sala, yenə sayılmaz, həm də
siyasətçinin patriotluğunu bilmək üçün həkim kimi onun ağzını ayırıb dilinə
baxmalısan: dili qabar bağlayanını namus-“qiryət”li saya bilərsən.
Qardaşlar, namus-“qiryət” istilahları Azərbaycan siyasətində Şərq çalarlarıdır. Milli
siyasətimiz namus-“qiryət” terminlərilə müəyyənləşdirilir. Bunlar heç. Ancaq həm
də bundan sonra deyəcəklərim də heç. Əfsus və üstəlik, yenə əfsus ki, bizə
siyasətin vacibatı gec gəldi. İndiyəcən Azərbaycana siyasət qrafomanlığı bəs
eləyirdi. Müxtəlif coğrafi qütblərdən Azərbaycana padşahlar yalnız təyin
olunurdular. Özü də milli xarakterimizə uyğun və sanki, həm də yəqin
homoseksual məqamla bizi padşahlığımıza daim göyçək kişi göndərərdilər. Sən
demə, bütün dünya bizə göyçək kişi vacibliyini gözəl bilirmiş. Və həm doğrudan
da, ölkədə hamı göyçək kişi olsa, axı bunun nə ziyanı: hamı iştahla, yəni sevgilərlə
(göyçəklik sevgi doğuran şeydir) ərə gedər, sonra göyçək bəbələr doğular və bu
minvalla millət özü də göyçəkləşər. Mən istəyərəm millətim şəkildə həmişə göyçək
düşsün! Televizorda o qədər meymun millətlər görmüşəm ki, indi öz millətimi
ancaq və ancaq göyçək görmək istəyirəm. Qoy bizdə bu əsas şey olsun, qalan
şeylər düzələr. Həri, ağıl altda, gözəllik üstdədir. Səthi bir şey olsa da, gözəllik bizi
həmişə heyran edib. Biz gözəlliyi ağıldan həmişə üstün bilmişik. Əlbəttə, gözəllik
fotogenik şeydir və həm bədə düşəndə dolanacaq vasitəsidir. Gözəllik iqtisadi
depressiyalarda fahişəlik üçün nəzərdə tutulub. Həri, Azərbaycan siyasəti uzun
illər hündürboylular dövrü yaşayıb. Padşahlarımız hündür boyları ilə ədəbiyyatda
batıb əbədiyyətdə çıxmaq istəyiblər. Unutmamış onu da deyim ki, bizdə vətən
söhbətləri çox yüksək səviyyədədir. Vətəni qorumağa ona dair şirin söhbətlər
çoxluğundan macal tapmırıq. Biz sülh dövrü koroğlularıyıq. Ancaq əslində hərb
qabiliyyəti humanizm sarıdan axsaq millətlərə xasdır. Ruslara “medved”,
çeçenlərə “qurd” ayaması haqdır.
Qardaşlar, indi Azərbaycan siyasətinə beş-üç sitat, üç-beş terminlə gəlmək
mümkündür. İndi Azərbaycan siyasətçisinin bilikləri bir-iki səhifəlikdən çox olmaz.
Bir-iki səhifəlik həmin biliklərsə Bakı Dövlət marksizm-leninizm universitetində
dörd-beş ilə əxz elənir. Xoş gün eşqinə və həm də bəd gün üçün yaradılan özəl
universitetlərsə həm də və əsasən sevişmək yerləridir. Bu universitetlər sayəsində
Azərbaycan xalqı çoxalacaq, inşallah! Başınızı da ağrıdıram, bizim rayonda atıb-
vuran zirək bir oğlan inişil kolxozdan uzun bir tövlə almış və onu universitet
eləmişdir; qaranlıq, yəni erotik yerlərinin çoxluğu səbəbindən orda sevişmək
imkanı daha çoxdur. Bayaq dediyim kimi bunlar da heç.
Qardaşlar, insanlarımızda namus-“qiryət” artıq Qarabağsız formalaşır. Sən demə,
Qarabağın namus-“qiryət”ə dəxli yox imiş. Gedib-getsin, gələr-gəlsin, Qarabağ
məişət yumruqlaşmalarımızı heç vaxt əskildən deyil. Biz yumruqlaşma sarıdan
həminkiyik. Yumruqlaşmalarımızın kvintessensiyası bıçaqlaşmalarımızdır ki,
onlarda da ədalətin-zadın bərpası barəsində süni-saxta məhkəmələrdən fərqli
təbiətə uyğunluq çoxdur. Həri, biz heç vaxt ruhdan düşmürük. Həm də onsuz biz
qollarımızdakı əzələ tərpənişlərini əzəldən qüdrət mənbəyi bilmişik. Gücənib-
eləmədən qılınc qalxızan ulu babalarımız bu cür qüdrətlə gedib Avropaya
çıxmamışdılarmı! Babalarımız qılınc adamı olublar. Odur ki, onlar sevgini əsas
tutan və sanki arvadlar dini olan xristianlığı qəbul edə bilməzdilər və etmədilər də.
Tale onların alnına islamı yazmışdı və onlar islamı gözlədilər də.
Həri, hayıf, iqlimə uyğun yaxşı yetişən bədənlərimiz dünya siyasətində mal cəsədi
kimi görsənir. Avropalı başqalarından atom çıxalı əzələ ölüb gedib. Əzələ indi
qurbağa tədqiqatçısı fizioloqlar üçün qiymətlidir. Əzələ olsa-olsa pəhləvanlar
səviyyəsində şou-əhəmiyyətlidir. Qardaşlar, artıq əzələ siyasətdən bilmərrə
silinmişdir. Bir vaxt əzələlərlə çiçəklənmiş qədim tarixlərin üstündən qələm
çəkilmişdir. Artıq onların nümunəsi müasir tarixdə yerimir. Qədim tarixlərin
qanunauyğunluqları daha işləmir. Əslində də, qədim tarixlərdən adamın canına
vəhşət oturur. Qədim müharibələrdə ölüm rəmzi qorxunc insan simaları olub.
Əzələ tarixlərin barbar səhifələrini yazmışdır. Ah, nə yaxşı, qədimlərdə
doğulmamışam! Qədimlərdə mən – başa düşən bir insan, zora heç cür
dözməyəcəkdim. Hüquq iysi gəlməyən dövranlarda mənim nəfəsim kəsilərdi.
Mağıl indi Avropadan Azərbaycana təzə ət qoxusu kimi hüquq ətri yayılır. Sizə
deyirəm, burada mənə bir şey olarsa, Qərb çataçat biləsi və həm də bir tədbir
görəsidir. Buraların siyasətində hansı kopoyoğlu mənə güldən ağır söz deyə bilər.
Mən artıq adi yox, ali şeylərin tabeçiliyindəyəm. Padşahlardan Allaha keçmişəm.
Sizə bir bədyə danışım. Bir gün mən həkim sifətilə təsadüfən padşah üstünə
getmişdim. Onun qarnındakı curultunu hələ gendən eşidəndə mat qaldım. Sanki
qarnı curuldayan insan padşah yox, rəiyyətdi. Tərslikdən və yəqin həyəcan
səbəbindən öz qarnım da curuldamağa başlayanda iki curultu bir oldu. Burada
bədyə bitir. Nə demək istəyirəm: mən qarnı bizimki kimi curuldayan heç bir
məxluq önündə əyilə bilmərəm.
Qardaşlar, bəşər mədəniyyəti XX yüzildə, nə yaxşı ki, insan hüquqlarının etirafı ilə
nəticələnib. XX yüzildə mədəniyyət bu səbəbdən hörmətə layiqdir. İndi dünya hər
hansı dılğırın da, təki insan sayılsın, hüququnu bərk qoruyur. Gələn yüzildə
padşahlar-zadlar ləğv olunub gedəcək. Həri XXI yüzildə ədalətsizlik ehtimalı çox
azdır. Bəşər həyatını öz yaratdığı sivilizasiyanın düyməciklərilə tənzimləyəcək.
Sivilizasiya insanı ədalətə məcbur edəcək. XXI yüzildən zor bəşərin yalnız ədalətə
riayətində qiymətli olacaq. İndimizdən gələcəyə zorun ancaq müqəddəsi qalacaq.
Övladlarımız demirəm (tez olar), bəlkə övladlarımızın övladları zorun ədalətə
işlədiyi dövranları görə bildi.
Konspekt, 03.05.1998