Tarix: 25-03-2015 10:54
Baxış sayı: 2176
“Neftimiz yanıb tükənən, ədəbiyyatımız əbədi parlayan dəyərdir”
- Rafiq Tağı onu oxuculara necə təqdim etməyimizi istərdi? Yaxşı həkim, yoxsa tanınmış yazıçı? Ümumiyyətlə, Rafiq Tağının “ağır basan” peşəsi hansıdır?
- “Tanınmaq” sözünü atmaqla – yazıçı kimi. Məndə yazıçılıq “ağır basır”. Həkimlik kütləvi sənətdir: yaxşı orta məktəb, ya repetitorlar, Tibb Universiteti – buyur, həkimsən. Yazıçılıqsa tədrislə alınmır, ya kimsə onu satmır. Plan qurub yazıçı olmurlar. Burda daldan itələnməklə qabağa getmək olmur. Mən gənclikdən bəri nə qədər adam görmüşəm ki, bu iddiada bulunub, hətta kitablarının sayına görə bizi ötüb keçiblər də, ancaq indi onların yalnız surətləri xatirimdə qalıb. Adları kitabları kimi unudulub. Zaman öz işini görüb: hərdən qabaq-qabağa gələndə də tanımaq olmur, anışdıra bilmirsən bu kimdir.
Talantı olmayanlar ədəbiyyatda tez yorulur. Talantlı insan daimi yaradıcılıq sevincləri içində olursa, bunlar cəhənnəm əzabı çəkir.
Ədəbiyyata həvəsli cavan bir tanışım vardı, bir gün mənimlə görüşmək, məsləhət almaq istədi. Dedim, yaxşı. Görüşürük. Nədi, bala? Sən demə, hekayə yazıb. Orda qızlardan birini oturdub otaqda, ikincisini darta-darta çıxarıb balkona, indi bilmir onunla neyləsin. Elə belə də dedi: bilmir qızın başına nə iş gətirsin. Gördüm, bu adamın gözü qızıb, hekayəsi maraqlı olsun deyə, qızı ya zorlamaq, ya da yeddinci mərtəbədən aşağı tullamaq niyyəti var. Dedim, sən hələ qıza toxunma, bir şey fikirləşərik. İncəvara, böyük-kiçiklik mentallığına görə, mənim sözümlə qızı rahat buraxmışdı.
Ucuz ölümdən, ən azı zorlanmaqdan xilas etdiyim qız bu saat onun hekayəsində hələ də sağdır, ancaq müəllif özü yolla getdiyi yerdə başına daş düşərək həlak olmuşdur.
Əlbəttə, burda mən belə insanları qınamıram da. Pis iş tutmurlar ki – yazmaq istəyirlər. Yeri gəldi, bunları dedim. Söhbətdi də, edirik.
Ədəbiyyat ilğım kimi aldadıcı, talantsızlara qarşı insafsızdır.
Mən həkimliyimi həmişə gizlətmişəm. Bir gün Sokrat adlı bir yazarla Muxtarov küçəsində rastlaşırıq. O mənə: “Hayandan belə?” Mən ona: “Belədən”. Süküt. Yenə o mənə: “Buralarda yaşayırsınız?” Mən ona: “Yox, oralarda”. Kəsəsi, ona bildirirəm ki, xəstə üstündən gəlirəm. O, 15 illik tanışının birdən-birə həkim olmağına mat qaldı. “Düzü, elə bilirdim filosofsunuz”. “Bir az o da var”. Ancaq hayıf, görürdüm də ki, onun nəzərindəki filosofluğum yavaş-yavaş yox olur. ...İşdə də çox adam yazıçı olduğumu bilmir. Bəzisi qiyabi tanıdığı yazıçı Rafiq Tağını qulağının dibindəki həkim yoldaşı Rafiq Tağıyevlə uzlaşdıra bilmir.
Bir adamın nəzərində iki adam şəklində yaşamaq məzəli və maraqlıdır.
- Söhbətlərinizdə özünüzü “Azərbaycanın bəlkə yeganə titulsuz yazıçısı” hesab edirsiniz. Sizcə, bu, yaxşı yazıçılığın göstəricisidirmi? Yaxud çoxlu titulu olan insan yaxşı yazıçı ola bilməzmi?
- Titullu yazıçı, ya titulsuz – bizdə bu iki halın ikisi də anormaldır. Azərbaycanda “titul” haçansa baş vermiş yaltaqlığın nişanəsidir. Titulsuzluq bunun əksidir. Saxta ad və san insana ləzzət eləməsin gərək. İnstitutda avaralanıb həkimlik diplomu almış şəxs gedib ağır xəstənin başını sığallamaqdan savayı heç nəyin karı olmur. Bunları mən görmüşəm.
Bizdə qurdlar-quldurlar var ki, ədəbiyyata gələn “marallar”ı-şikarı güdür, özlərinə ev-maşın alıb tanqah quranacan onu tərifləyib dağ başına qaldırırlar.
Azərbaycanda əti atın, otu itin qabağına qoymaq köhnə vərdişdir.
Düzgün iş bu millətin başının daşıdır.
- Siz tez-tez Qərb dəyərlərindən ağız dolusu danışırsınız. Sizcə, bizim xilas yolumuz bu dəyərlərdənmi keçir?
- Qərbə gözübağlı vurğunluğum yoxdur. Sadəcə, Qərb dəyərlərinin faydalılıq əmsalı yüksəkdir, zənnindəyəm. Qərb dəyərlərinin faydasını qlobusdan azacıq böyük olan Yer kürəmizdə hamı duyur, görür, bilir. Bəşəriyyətin can atdığı azadlıq və demokratiya Qərbdə qanunlarla təsbit olunub. İnsan haqlarının bərqərar olduğu Avropa mənim gözümdə əxlaq mücəssəməsidir. Bugün Azərbaycan yalnız Avropaya üz tutduğuna görə az-çox maraqlı görsənir.
Müasir dünyada nəhəng elmi kəşflər əksərən Qərb insanına məxsusdur. Bu kəşflər bütövlükdə bəşəriyyətin həyatı və esxatoloji xilası üçündür: bax, əxlaq bundadır, üzünü örtüb, baldırını açmaqda yox.
Müsəlman Şərqində tərəqqi büsbütün Qərbdən köçürmədir. İnan, bu məkanda neft olmasa, insanlar acından qırılar, necə ki Afrikanın müsəlman ölkələrində milçək kimi qırılır.
Dini süjetlərlə yaşayış quran Şərq bir gün çökə bilər.
Dövlətimiz davamlı şəkildə Avropaya inteqrasiya yolu tutub. Sevindiricidir ki, məndən başqa da Azərbaycanın xilas yolunu bilən başlar var.
- Deyirlər, AYO bir dalğa idi – gəldi və getdi. Sizcə, AYO nəyi bacardı ki, heç bir birlik onu edə bilməmişdi?
- AYO müstəqillik nişanı, çağdaş Azərbaycan insanının düşüncə tərzidir. Heç də görünüb-itən dalğa deyil. AYO Azərbaycan ədəbiyyatına dünya praktikasını gətirdi. AYO ədəbiyyatımızda dünya ilə həmahənglik yaratdı. AYO sovetizmdən qurtulmuş cəmiyyət qarşısına yeni ədəbi estetika qoydu. AYO cəmiyyətlə dialoqa girməyi bacardı, onun inkişafında dinamizm yaratdı. AYO ədəbi pessimizmə yox dedi.
Bu proses hələ davam edir.
AYO bu anlamda başqa ədəbi birliklərdən köklü fərqləndi.
- Azərbaycan oxucusu “Ən Yeni Ədəbiyyat” seriyasından çıxan kitabları nə üçün oxumalıdır? Ümumiyyətlə, Rafiq Tağı “Ən Yeni Ədəbiyyat” seriyasını necə görür?
- Kitabı nə üçün oxuyurlar: estetik baxışları formalaşdırmaq, incələşdirmək və heyvan səviyyəsindən çıxmaq üçün. Kim dediyim səviyyədə qalmaq istəyirsə, oxumasın – məcbur edən yoxdur. Özü də təkcə bu seriyanı yox ki. Bu yaxınlarda Aydın Xanın, düzdü, bir az köndələn tərzdə dediyi, fikri çox xoşuma gəldi – “Camaata oxu deməkdən yorulduq. Oxumursunuz, cəhənnəmə oxuyun, özünüz də, oğlunuz da cani olacaqsınız”. Doğrudan ha, düşündürücüdür. Fikir veribsinizsə, Azərbaycan insanı get-gedə quldura oxşamağa başlayır. Artıq ziyalı tipi ayıb sayılır. Başında Allah ideyası olmayan, humanizmdən bixəbər, ideyalar dünyasından yan keçmiş insandan nə desən gözləmək olar. Durduğum yerdə bıçağı qarnıma soxsalar, şəxsən mən təəccüblənmərəm. Cani Raskolnikov idi: bizimkilər artıq vicdan əzabı çəkməyi tərgidib. Qabaqlar fəxr edərdim ki, bizdə cinayətlər əsasən əxlaq motivləri üzrə baş verir. Bu sarıdan Azərbaycanı nadir bir ölkə sayırdım. İndi yox. İndi alçaqcasına, bilərəkdən edilən cinayətlərin sayı artıb.
Kitab təkcə biznes maraqlarına görə çap olunmamalıdır. Məqsəd Azərbaycan insanını yaxşılaşdırmaq, əxlaqı ona calaq etməkdir. Pul qazanmaq naminə insanların beynini detektiv, ya digər hətərən-pətərən şeylərlə doldurmaq yaramaz.
Kitab əyləncə vasitəsi deyil, mədəniyyət daşıyıcısıdır.
Kitaba xor baxan ailə məhv olar.
- AYB-dən başqa digər ədəbi qurumlar Milli Kitab Müsabiqəsini baykot etdilər. Keçən MKM-in iştirakçısı kimi, necə düşünürsünüz, vəziyyət bu qədərmi acınacaqlıdır?
- Azərbaycanın faciəsi təki bu cür xırda çətinliklər olsun.
Keçən müsabiqədə bəzi münsiflər ictimaiyyətin gözü qabağında vicdanını Şeytana satdı. Keçən MKM insanın Şeytana satılması mənzərəsi idi – bunu bir də harda görəcəyik, hər halda, mənə maraqlı gəldi. Hə, insanlar yalanı bir dəfə görüb, təzədən onun iştirakçısı olmaq istəmirlər. Kobud, həm də incə mənalı bir məsəlimiz var: eşşək girdiyi palçığa bir də girməz. Təzədən bu yolu getmək üçün gərək başdanxarab, ya debil olasan.
Ancaq hayıf Nigar Köçərlidən.
- Azərbaycan ədəbiyyatında son dövrlər ”roman bumu” yaşandığını iddia edənlər var. Sizcə, bu, ədəbiyyatımızın xeyrinədir, yoxsa ziyanına?
- Şübhəniz olmasın, xeyrinədir. Cinayət sayılmayan hər bir əməl məqbuldur. “Roman bumu” həm də ölkədə pozitiv maraqların artdığını göstərir. Millət depressiyadan çıxır. Müharibədən doğan uğursuzluq kompleksi aradan götürülür. Ədəbiyyatdakı nikbinlik cəmiyyətə də sirayət edə bilər ki, bu da qələbəyə gətirib çıxaran yollardan biri olar.
- Oxucular Rafiq Tağını kəskin mövqeyi olan yazar kimi tanıyır. O, şəxsi həyatda da elədir, yoxsa...
- Həyatda həliməm. Üstəlik, sevgilərə meylliyəm. Ancaq prinsipial məsələlərdə yenə kəskin olaraq qalıram. Xüsusən satqınlığa dözmürəm. Aldadılanda uzun müddətə relsdən çıxır, özümə gəlmirəm. Amma səhvləri tez də bağışlayır, kiçik nöqsanlara göz yumuram.
Qarışqanı fil eləməkdən uzağam.
Həyatımı İsa Peyğəmbərin əxlaqına uyğun tərzdə qurmağa, özümü ona uzlaşdırmağa çalışıram.
- Həm də peşəkar bir oxucu kimi bu gün Rafiq Tağını heyrətləndirə biləcək gənc yazarlar varmı? Varsa, kimlərdir və onlar nə yazırlar?
- Onlar çoxdur. Ad çəkmirəm. Təcrübə göstərir ki, ad çəkəndə, kimlərsə özünü aşağı tutulmuş sayır. Ancaq nə ola-ola, qoy bir-ikisini deyim. Aqşin Yeniseylə Kəramət Böyükçölün romanları məni təəccübləndirmiş və sevindirmişdi.
Daim gənclərin arasındayam. Arxayınlıqla deyirəm ki, onların yaradıcılığını dünyaya çıxarmaq olar və lazımdır. Amma bu iş dövlət qurumlarının vəzifəsidir.
Neftimiz yanıb tükənən, ədəbiyyatımız əbədi parlayan dəyərdir.
- Yaxın vaxtlarda Əli Əkbər müsahibələrinin birində dilimizin statikliyindən gileyləndi və bildirdi ki, bu dildə ciddi əsər yazmaq mümkün deyil. Sizcə, öz dilimizdə ciddi əsər yazmaq mümkün deyil?
- Əli Əkbərin bu fikri kökündən yanlışdır. Bu dostumuz xalqın içində olmayıb, tanımır onu, onun necə danışdığını eşitməyib. Əli Əkbər özü Azərbaycan türkcəsinin yalnız ən quru, qəzet variantında yazır. Əksinə, dilimiz hədsiz dinamikdir. Bu dildə ən müxtəlif ədəbi üslublar qərar tuta bilər. Dilimizin gözəlliyinə dair bir-iki misal. Qışın təsvirində Əli Əkbər “ev çox soyuq idi” yazardısa, xalq bunu “ev kişnəyirdi” kimi deyir. Əli Əkbər - “öldü” deyər, xalq – “yer yedi” deyir. Əli Əkbər - “Sən kiminləsə görüşübsən”, xalq – “Üzündə göz izi var”. Əli Əkbər (“Artuş və Zaur”da): “Yəqin ki, məni başa düşmədiniz”. Xalq belə deyərdi: “Fikrimi tutmadın”.
Sevimli Əli Əkbər bayatılarımıza, Azərbaycan aşıq poeziyasına, az qala sonsuz sayda xalq yaradıcılığı üslublarına, muğamlarımıza nifrət edib də hələ bu dildə bir şey yazırsa, böyük işdir. Əlbəttə, mən onun əməyini əskiltmirəm. Sadəcə, onda və onun kimi bəzi yaradıcı gənclərimizdə yersiz nihilizm məni əsəbiləşdirir. Di yaxşı, təklif nədir, Azərbaycan türkcəsində yox, ermənicə yazaqmı? Dilin imkanlarını mənim kimi, Əli Əkbər kimi yazıçılar genişləndirməlidir. Mirzə Cəlildə Azərbaycan türkcəsi bir cür, Səməd Vurğunda başqa cür üzə çıxmadımı? Dinamizm yaradıcı insanlardan gəlir. Rus dilinə Şoloxov bir cür, Andrey Platonov başqa cür təkan verməmişdimi?
Bir gün həkim yoldaşım olan bir xanımla söhbət edirik. “Rusdilli” azərbaycanlı xanım deyir: “Rafiq müəllim, muğam səsi eşidən kimi oğlum məndən radionu keçirməyi tələb edir – o ulartını kəs”. Mən günahı uşaqda yox, bu xanımın özündə gördüm.
Əli Əkbərdi, Firudin Allahverdi və Elmir Mirzəyevdi – təəssüf, yüksəl intellektual saydığım bu insanlar da muğamı ulartı şəklində eşidirlər. Mən bəstəkar Firudin Allahverdinin günahını onun müəllimi Xəyyam Mirzəzadədə görürəm. Mütəkəbbir Xəyyam Mirzəzadə öz tələbələrinə muğam sevgisi aşılamır və elə bilir bununla yenilik edir.
Söhbətləşdi: Cəlil Cavanşir
“Mərkəz” qəzeti
11.01.2001