Tarix: 25-03-2015 10:54
Baxış sayı: 2636
Bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevin müsahibəsi dərc olunmuşdu internet portallarında. Başdan sonadək yanlış arqumentlərə əsaslanan bu müsahibədə mərhum yazıçı Rafiq Tağı haqqında münasibətsiz fikirlər səslənmişdi.
Rafiq Tağını mənasız bəyanatlara görə (Fizuliyə “şarlatan”, Mirzə Cəlilə “vətən xaini” dediyinə görə, halbu ki Rafiq M.Cəlil haqqında belə bir söz deməyib, sadəcə M.Cəlilin bütləşdirilməsinə qarşı tənqidi fikirlər səsləndirib və bu açıqlamaları da o, 90-cı illərdə verib) AYB-dən xaric edildiyini dilə gətirib. Rafiq Tağının yazıçılar Birliyindən xaric edilməsinin əsl səsbəbi isə onun Anar və Rəsul Rza haqqında səsləndirdiyi fikirlərə görə olub. 2004-cü ildə yayınlanmış həmin müsahibədəki sərt tənqidi Anarın bu günədək həzm edə bilmədiyi göz önündədir. Rafiq Rəsul Rzanı “ədəbi mağmun” adlandırmışdı. Ədəbi istedaddan məhrum olan bu “klassik” şairin adının zorla əbədiyyətə dütrtülməsini tənqid etmişdi. Aşağıda Rafiq Tağının həmin müsahibəsindən bəzi fraqmentləri Kultura.az oxucularına təqdim edirik. Rafiqin 8 il əvvəl söylədiklərinin öz aktuallığını bu qədər dəqiqliklə saxlamasına heyrətlənməyin. Bu Rafiqin uzaqgörənliyinin nəticəsi olmaqla yanaşı, AYB-də 8 il ərzində heç nəyin dəyişmədiyini göstərməkdədir.
Rasim Qaraca
Azərbaycan Yazıçılar Birliyinin növbəti qrultayı ərəfəsində, həmin təşkilatın üzvü, yazıçı Rafiq Tağı ilə görüşüb söhbət etdik. İlk sualımız belə oldu:
- Rafiq bəy, AYB-nin XI qurultayı yaxınlaşır. Mətbuatdan aldığımız bilgilərə əsasən deyə bilərik ki, yazıçıların bu yeganə rəsmi təşkilatı hələ də islahatlara açıq deyil, baş verəcək qurultayda da yeniləşməyə doğru hər hansı dəyişikliklərin aparılacağı inandırıcı görünmür. Son günlər istedadlı gənclərin AYB-ni tərk etməsi də bu fikri təsdiq etməkdədir. Siz, Yazıçılar Birliyinin üzvü olaraq, bu gün özünüzü necə hiss edirsiniz?
- Açığı, bu saat Yazıçılar Birliyinə aid məndə elə bir hiss-həyəcan, ya sən deyən hər hansı ötəri duyğusa da yoxdur. Əslində də, ölü bir idarə insanda nə duyğu oyadacaq ki? Üstəlik, mən YB-nin nominal üzvüyəm. Sadəcə, ümumi siyahıda varam, vəssalam… YB kabinetlərinin ən populyar adamları çingizabdullayevlərlə hüseynbalamirələmovlardır. Qarğalar bülbüllərə cəh-cəh dərsi keçir. Ədəbiyyata «maral»lar gəlməkdə, YB goreşənləri onları eşməkdə. Rəhbərlik əbədiyyətə soxulmaqla məşğul. Meyarlar itib. Daha doğrusu, meyarların tətbiqi gəlirsiz olduğundan, fərəhsiz və gülünc bir işə çevrilib. Kim YB-yə tez-tez gedir, gedib orda «şeş-beş» atırsa, yazıçı da odur. Ancaq mən bunları giley üçün demirəm. Sadəcə, soruşursunuz, cavab verirəm.
YB sovet dövrü dədə-baba iş üslubundan əl çəkənə oxşamır. Bu saat Yazıçılar Birliyi adlanan qurumun ədəbiyyata, tutalım, Azərbaycan Dəmir Yolu idarəsindən az dəxli var. Vallah, dəmiryolçular sözü, məsələn, Qabildən və Fikrət Qocadan daha düzgün dəyərləndirməyə qabildirlər. Qabil özünü füzulilər-nəsimilər cərgəsində görür, neyləsin, «səhv düşüb də-ə yeri»…
- Sizcə, bütün məsələ AYB-nin indiki rəhbərliyindədir?
- Yaxşı, qoy indi deyəcəklərim artıq dediklərimə əlavə olsun. YB-nin poeziya, nəsr, ya digər şöbələrində anbar müdirlərini xatırladan adamlar oturub. Yeri gəlmişkən, YB-də hamı rəhbərdir. Yalnız dərəcələri müxtəlifdir. Arif Əmrahoğlu, ya ola bilsin, bir-iki başqasını da çıxmaqla, mənim onlarla heç bir doğmalığım yoxdur. Barı parlaq sima deyillər də ki, özüm gedib onları tapam, onlarla işıqlaşam. Mən ədəbiyyat adamını göydə tanıyıram. YB rəhbərliyindəkilər, Allaha şükür, nə A. Çexov, nə də Əbdürrəhim bəy Haqverdiyevdilər. Onlar ədəbiyyatdan min ağac uzaq, lakin müəyyən ədəbi biliklər və vərdişlərə malik işbazlardır. Can- cəsədlərindən mənfi enerji yüksəlir. Əslində onlar haqda hər şey gün kimi aydındır. Anar sover dövründə süni yaradılmış və artıq naftalin qoxusu verən şöhrət içərisində boğulmaqda. Gözlərimizin qabağındaca Nobel mükafatçısı gümanından adi ictimai-siyasi bir qəzet mükafatçısı səviyyəsinə endi. Ədəbi qüdrətsizliyi ilə çoxdan barışıb. Çinovnikliyi bunun kompensasiyası üçündür. Vəzifə böyüklüyü böyük yazıçılıq illüziyası doğurur. Yaradıcılığını, ikinci dərəcəli bildiyindən, bürokratik işlər arasına pərçimləyir. İctimai xadim – bax, bu onun əsas peşəsidir. «Dəstədən geridə qalmamaq üçün» yazır. Yazıçılıq boynuna düşüb. Xalq yazıçısı olduğundan, yazılarıyla hər il bu adı doğrultmağa borcludur. Yazı barəsində «beşillik»lərə bənzər illik planları var. Di yaxşı, kimdir Anar? Dünya ədəbiyyatı təqlidçisi. Artıq o, şöhrətin ən ucuzuna da qanedir. Çörək ağacı olan və müdafiəsindən qonorar aldığı Azərbaycan klassiklərinin şilləvuranıdır. Ancaq belə şilləvuranın gözləri qabağındaca hər hansı klassiki tutub zorlamaq da mümkün. Anar yazıçı yox, bu rolun mahir ifaçısıdır. Onda əxlaq qeyri-adi fobiya törəməsidir. «37» nişanı üstündədir. YB sədri olaraq həmişə ölkə prezidentinin kəbinlisi kimi görsənib. Sərhədlər bağlı olanda Türkiyəyə-zada gedib-gəlmək imkanına görə aristokrat idi. Özünü bəy nəslinə calayır. Amma mən deyirəm; keçmişlərdən üzü bəri Azərbaycanda bəy ən «padles» adam olub. «Bəy» titulu həmişə də haram mal sahiblərinə verilib. Azərbaycanda bəylik heç vaxt mənəviyyatla bağlı olmayıb. Əlbəttə, bu heç.
Anar ədəbiyyata dair abortiv biliklərə malikdir. Bu biliklər indikindən min qat artıq olarsa da, əxlaqa gətirib çıxarmaz. Anar divara mıx vurmağı bacarmayan vunderkind təsiri bağışlayır. O, Saltıkov-Şedrindəki qarınlarını «mujik» doyduran iki generaldan biridir. Son 20-25 ildə tamam-kamal «toy generalı»na çevrilmişdir. Milli Məclisin Mədəniyyət Komissiyasına sədrliyi dövründəsə mədəniyyət bekar arvadların müğənniyə çevrilməsi şəklində «çiçəkləndi». Milli Kitabxana «Literaturnaya Qazeta»nı ala bilməmək iqtidarsızlığına endi. Orta statistik kitabxana işçisi 50-60 min manat maaşla gözəlcə vərəmləyir. Mən «Axundov»un direktoru Leyla Qafurovanı şor-çörəklə nahar edən görmüşəm.
Anar ədəbiyyatı mafiozlaşdırdı. O, ədəbiyyatı gücü çatdıqca yedi. Xüsusən də «Dədə Qorqud»u. Anar Dədəmiz Qorqudu teniarinxoz qurdu kimi sordu. Onun fiziolojisi ədəbiyyat qazanclarından hərəkətdə. Amma mənəviyyat manipulyasiyalarından pul qazanılmaz. Mən hələ 3-4 il əvvəl üstüörtülü şəkildə yazmışdım ki, Azərbaycanda Dədə Qorqud kannibalları yaşayır. İndi həmin kannibalların adlarını mmnunluqla açıqlayıram: biri bizim Anar, biri də, əlbəttə ki, Kamil Vəli Nərimanoğlu. Bu da heç.
Anar zəifdən zəif şair ata-anasının kölgəsində bitmiş solğun bir yazıçıdır. Rəsul Rza Anarın Axilles dabanıdır. Divin canı şüşədə olduğu kimi Anarın da canı Rəsul Rzadadır. Rəsul Rzasız Anar – yarımçıqdır. Ancaq rəhmətlik də yaman uzaqgörən olub, özündən sonra zurnaçılar dəstəsi qoyub gedib. O, gəncliyə əl tutmağında öz gələcək şöhrəti maraqlarını güdüb. Amma istedadsız gəncə kömək əslində ədəbiyyata ziyan vurmaqdır. Rəsl Rza 90-cı illərin ictimai-siyasi kataklizmləri dövründə süni surətdə aktuallaşdırılıb. Atası olanda nə olar, insan da Rəsul Rza kimi ədəbi məğmunu ömrü boyu təbliğ edər, ya etdirərmi? Anar ədəbiyyatı bioloji-fizioloji dominantlar səviyyəsinə endirdi. Bu saat Rəsul Rza ədəbi aləmdə «kostıl»larla gəzdirilir. Lakin gəlin qulaqlarımızda sırğa edək: qoltuqağacılarla əbədiyyətə gedilməz. Əbədiyyət oğurluğu mümkünsüz bir iş. Anar Rəsul Rza yaradıcılığı ilə xalqın zövqünü kifayət qədər korlamışdır. Bu poeziya təmizcənə «beyin suyu»dur; sanki yəhudi təfəkkürü məhsuludur.
Anar millət vəkili olaraq «ljedmitri»dir. O, «millət işləri»ylə candərdi məşğuldur. Əksinə, mən Anarın canı və yaradıcılığında millətə nifrət görürəm.
- Rafiq müəllim, hər halda AYB rəhbərliyində təmsil olunan digər yazıçılarımız, dünya şöhrətli Çingiz Abdullayev və tanınmış şair Fikrət Qoca öz təşkilatlarında sağlam atmosfer yaratmaqdan ötrü kifayət qədər demokratik insanlardır.
- Mən belə düşünmürəm. Fikrət Qoca ömrü boyu şarlatanlığa yaxın işlərlə məşğul olub. Mərkəzi və Cənubi Amerika inqilabçılarına poemalar həsr edib. «Kuba Amerikaya yan alan Kreyserdir» - təxminən bu cür əttökən misralar müəllifidir. YB-dəki gülünc vəzifəsi naminə öz gənclik dostu Əkrəm Əylislini tapdalayıb keçdi. Dostluqda bu cür qırdı-qaçdı adamın poeziyasından nəyi əxz etmək olar? Mənəvi ucalıqlar belələri üçün paz effektlidir. O, yıxılana baltaçalandır. Onun «Yaşa, Prezidentim, yaşa» deyimi «Padşah sağ olsun» deyiminin analogiyasıdır. Varlılara həyat, kasıblara ölüm arzulayandır. Ağalara qul, qullara ağadır. Yalançı əxlaq və vətənpərvərlik carçısıdır.
Fikrət Qoca poeziyası oxucuda degeneratlıq təəssüratı oyadır.
Keçək kosmopolit Çingiz Abdullayevə. İndiyədək kommunist olaraq qalmış, ədalətdən bixəbər, azadlığın üzünə loppayla tüpürməyə qadir bu insanın yaradıcılığı ədəbiyyat yox, beynəlxalq lotuluq növüdür. Çingiz Abdullayev ədəbiyyat şeyxnəsrullahıdır. Ümumiyyətlə, detektiv də ədəbiyyat növü sayılandan fırıldaqçıların fəaliyyət dairəsi genişlənib, onların azadlığı artıb. Detektivə soxulmaq, orada yazıçı cildinə girmək olduqca asan işdir.
- Rafiq müəllim, sizin portret janrında xusisi qabiliyyət sahibi olduğunuzu əvvəldən də bilirdik. Lakin hiss olunur ki, son dövrlərdə tünd boyalara aludəçiliyiniz bir qədər artıb. Sizə soracağımız son sual isə AYB-nin yaxınlaşmaqda olan qurultayı ilə bağlı olacaq. Ümumiyyətlə, nə gözləyirsiniz bu qurultaydan?
- AYB qurultayı deyilən şey Anarın bir daha və təzədən sədr seçilməsi üçün quraşdırılan oyundur. Amma insan da 1987-dən üzü bəri YB sədri olaraq qalarmı? Məncə, «aristokrat»larda da həya-abır yaxşı şeydir.
YB mafioz-korrupsiyalaşmış bir dövlətlə Siam əkizidir. Simbiozdurlar. Mən deyirəm, Azərbaycan Yazıçılar Birliyi heç də ümumbəşəri və yüksək milli dəyərlərimizin daşıyıcısı deyil. YB həmişə regionçuluq yuvası olub. Bir vaxtlar orada «qazaxşina» at oynadıb. Naxçıvan regionuna həmişə üstünlük verilib. Sonra qrupbazlıqlar işə düşdü. İndisə korrupsiyaçıların çaldığı havaya sındırırlar. Anardan soruşan gərək: sənin padşahlarla nə alış-verişin?
Hə, söhbət uzandıqca uzandı. Mən YB-də kosmetik dəyişikliklərdən savayı heç nə gözləmirəm. Artıq müasir ənnik-kirşanlar müşavirələr şəklində yan-yana düzülüb. Əfsus, YB ruhu etibarıyla zamandan çox geri qalıb. Biləsiniz, zaman mühafizəkar qurumların başı üzərindən ötür. Əlbəttə, mən Yazıçılar Birliyində «dlya qaloçki» yığıncaqlar yox, əsl qaynar həyat görmək istərdim. Sonda bir təklifim var: bu dəfə və elə gələn dəfə də, Allah eləməmiş, haq dünyaya qovuşandan sonra da, Anar təkrar-təkrar YB sədri seçilsin. Çünki ondan savayı bütün yazıçılar bacarıqsız və eşşəkdirlər.
- Rafiq müəllim, deyəsən ürəyiniz dolu imiş, heç yaradıcılıq məsələlər haqqında danışmağa vaxtımız qalmadı. Hə isə, qalsın gələn səfərə,…müsahibə verdiyiniz üçün sizə öz təşəkkürümü bildirirəm, neçə belə müsahibələrə…
İradə Dəstərxanlı,
Alatoran