Həyatın Dibində

Tarix: 13-06-2024 00:25
Baxış sayı: 129

(“Qədim kitab” hekayəmə təsadüfi şərhlərimlə)

 
İnsanlarımız əsəb tiklərinə mübtəla. Elə mən özüm bu yaxınlaracan hamıya qeyri-
iradi göz vurardım. Soldan göz vurduğum sağımdakı və sağdan göz vurduğum
solumdakı qadınlar məni heç cürə başa düşməzdilər. Bir gün nişanlısına “göz
vurduğum” oğlan gözümün altına “lampa” qoymaqla məni bu bəladan təsadüfən
xilas etdi. Lakin sonra təzə işə düşdüm; bu dəfə üzümdəki mimik əzələlər səhv
yığılmağa başladı. Gah bu üzümdə kədər, o üzümdə sevinc əmələ gəlirdi, gah o
birində kədər, bu birində sevinc. Üstəlik də, bunların qəlbimdəki kədər və
sevinclərlə qəti bağlılığı yox. Əvvəl-əvvəl uşaqlarım mimik sevinclərimdən sevinər,
mimik kədərlərimdən kədərlənərdilər. Axır gördülər mimik sevinc və kədərlərim
boş işdi, onda boş güman edib, artıq əsl sevinc və kədərlərimə də vız atmadılar.
      Qardaşlar, Azərbaycanda hamı bu cür-bu sayaq xəstə və onu da deməliyəm və
deməməli deyiləm ki, acdır. Orta statistik azərbaycanlı ölkəni qarnı quruldaya-
quruldaya gəzir. Gecə-gündüz hortuldatdığı “kraskalı” çaylar mədəsinə termit
şəlalələr şəklində axır və orda sarımtıl-narıncı şəlalə stalaktit və stalaqmitləri
törədir. Biz hələ “Sovet”dən yığdığımız piylərlə sağ və salamat varıq. Yoxsa
bağrımızdan qan tökməyə amadə Kox çöpləri Azərbaycan xalqını çoxdan aşırmışdı.
Fikir vermişəm, əzələlərim səhər idmanından harmonik şişmir, eləcə tək-tük quru
ağaclar şəklində dümdüz qalır. Soyuducumda içi su dolu üçlitrlik pota bankadan
savayı bir şey tapmazsan. Soyuducumdakı üçlitrlik banka indiki neft Azərbaycanını
tam xarakterizə edə bilər. Deyirəm, bizi paxla-badımcan, qarpız-yemiş aldadır,
qoymur inqilaba qalxaq. Bizdə bol təbiət üsyanları “nol” səviyyəsinə endirir.
Azərbaycanlı qarnından kəsib əyninə verir, əynindən kəsib də - bala-bulasının
qarnına. Ətağa cəddi, vicdanımız çox güclüdür, biz bala qarnından ötrü başımızdan
keçənlərik. Papaqdan qırtıb şalvar alar, şalvardan qırtıb toya-yasa gedərik. Allah
şad günlərini mübarək eləsin, ancaq ailə quranlar evimizi yıxmaqda. İkiqardaş
ilana bənzər toy-yaslar bu dəqiqə milləti çalmaqda. İslam Azərbaycanda sünnət
toyları şəklində daha qabarıq təzahür edir. Yeri gəlmişkən, islamı qorxaqlığımızdan
qəbul etmiş, sarsaqlığımızdan indiyə kimi saxlamış, övladlarımızın alçaqlıq
məşğuliyyəti üçün də gələcəyə ötürməkdəyik. Əlbəttə, bunlar heç.
           

Gedək o yana. Heç bir bədən üzvünə aid edə bilmədiyimiz mənəvi dəyərlərimiz
artıq lüzumsuz olub. Nəfs Azərbaycan xalqını türmələrə salmaqda. Hamımız türmə
və minnətli əfv məktəbi keçməkdəyik. Quldurlarımız aclarımızla düz mütənasib
artır.
 
Bizdə quldur qastronomik Koroğlu şəklində ortaya çıxır. Biz təsadüfən şəhid
olanlarıq. İndicə dedim, quldurlar - qəhrəmanlarımızdır, bütlər - gəlir mənbəyimiz.
Bütlərə etiqad hər birimizin ictimai özünütəsdiq yoludur. Düzdür, artıq bu yol
arvad-uşaq saxlamağa yetmir. Azərbaycanda yaşam yalnız cinayətlərlə
mümkündür.
 
      Burda mən yazımı 1991-dəki “Qədim kitab” adlı hekayəmə kiçik şərhlə davam
etdirəcəyəm. Orda ideya nədir: öləndə hamı kimi ayaqlarını uzadacaqsansa,
sağlığında atılıb-düşməyə dəyərmi? Açıq deyəcəyəm, atılıb-düşməklik
şöhrətpərəstlikdir. Mən uşaq vaxtı hündürlüyə tullanmaqla şöhrətə çatmışdım.
Həyata atılan kimi bu şöhrəti hamı unutdu. İndi həmin şöhrət bir tək öz içimdə
qalıb və məni fəlsəfi düşüncələrə sövq edir. Yayın bu cırhacırında illüzor
prezidentlərə qapı-qapı səs yığmaqlıq da şöhrətpərəstlikdən başqa bir şey deyil.
Əslində bütün ictimai ideyalar fərdi maraqlar üçündür. Vladimir Lenin qardaş
qanını yerdə qoymadı, Romanovlar sülaləsindən sosializmlə şəxsi intiqamını aldı.
Kommunizm ideyasını yəhudilər bəlkə də talanlardan qurtulmaq üçün
düşünmüşdülər. Qloballaşma Qərbi Şərqi yoxetmə siyasətidir. Artıq Qərb
bəşəriyyətə vəhşətlər yaymaqda. Qədim Romadan üzü bəri aristokratiya Qərbin
əxlaqsızlıq göstəricisidir. Fövqəlinsan ideyası Qərb mədəniyyətinin patoloji
yönümünü tam aşkarladı. “Vətən haqlı olsa da, haqsız da - mən onun
tərəfindəyəm” - ingilis centlmeninin bu komik əxlaq maksimasında antibəşərilik
var. Qoy tez hökmən onu da deyim ki, ingilis xisləti insanlığa ziddir. İngilislər
Azərbaycanın ənənəvi qansoranlarıdır. Əlbəttə, bəlkə bunlar da heç. Gələk bu
yana.
           
Yenə deyirəm, hekayəmdə söhbət ondan gedir ki, insanlığın bütün çabaları dünya
şöhrəti uğrundadır. Bəşər hələ şöhrətdən dadlı şey tanımır. Amma öləndə hamı
ayaqlarını eyni cür uzadırsa, mən orda deyirəm, atılıb-düşməyinə dəyməz.
Həqiqətən də, atılıb-düşməkliyin şöhrəti tez silinib gedəndir...

 
 
(Məqam – Politika)
 
№48  12-18 iyul 2003-cü il

Digər xəbərlər

“Mübarizə ruhundan uzaq yazı” Konspekt

Ədəbi müsahibə

Qatardan düşən kimi

Əks-səda ilə oyun

MOL­­LA

Şərhlər