"Münsiflər məşhurlardan yox, vicdanlı adamlardan seçilməlidir"

Tarix: 25-03-2015 10:54
Baxış sayı: 2183

 

Yazıçı Rafiq Tağının ANN.az saytına müsahibəsi 


- Rafiq bəy, necə gedir işlər?

- İşlər gedir, ancaq “halım məmləkətin halı”(Rüstəm Behrudi). Açığı, ədəbiyyatdan qıraqdakı uğurlarım gözümdə deyil.

Gödən naminə pərvazlanmaq olmur. Tutalım, lap, qiyməti milyonlarla ölçülən mal-mülküm var, noolsun?

Ölənəcən mənim olası şeylər ancaq müvəqqəti sevinclər törədir. Həqiqətən də, dünyanın malı dünyada qalır, sadəcə, onun məsuliyyəti müvəqqəti kiminsə boynuna qoyulur.

Baxın, dünya malı gözüac ərəb “lider”ləri üçün ilana çevrilmədimi?

Allah kitabını qızıl quranqabılarda saxlayan ərəb diktatorları islam fonunda canilərdir.
Bir sözlə, bəhrəsi-nəticəsi geridə, dünyada qalası işlər getdikcə məni daha az çəkir.

Qorxuram da, bu, fəlakət həddinə çata – dünya işlərindən tamam əl götürəm.
Yalnız əbədiyyət maraqlıdır.

…Sizi gördüm, dərdim açıldı. Ancaq səhv etdim: getdikcə çiçəklənən bir xanıma bu kəsafət saçan, qarabatdaq şeyləri deməməli idim.

- Neçə vaxtdır ki, gündəmdə yeni müzakirə mövzusu var. Hansısa əsəri elektron versiyada oxumaq yaxşıdır, ya kitabdan?

Gənclər birinci, yaşlı nəsilsə ikincinin tərəfdarıdır.

Maraqlıdır, ruhən gənc olan, 60 yaşını tamamlamış Rafiq Tağı necə düşünür?

- O gün “dayaq.org” İnternet saytı üçün Tural Balabəyli də oxşar mövzuda sorğu eləmişdi – “Facebook-un həyatınızda rolu”.

Dedim, İnternet və “facebook” həyatımın vacib komponentləridir. Hə, günlərin bir günü bir gənc elə “facebook”daca məndən soruşur: bu yaşda nə əcəb belə yerdəsiniz?

Mən də ondan soruşuram: bəyəm bura nədir – “priton”dur?

Kor tutduğunu buraxmır – “Axı, bu yaşda…” “Bəlkə bu yaşda ayaqlarımı uzadıb ölməliyəm?”

Yəqin həmin “qoca” gənc statistik orta ömürdən sonra mənim yaşamağımı artıq bilirdi. Neyləsin, elə bilib Azərbaycanda orta ömür 60-dır. Yox, əzizim, 71-dir. Qarşıda hələ cabəca 11 ilim durur.

Bu illər bir-iki dəfə də həbs olunmaq üçün tam yetərlidir. Əsas hay-küylər, qalmaqallar qabaqdadır.

Düzdür, dərhal da bu sərt cavaba görə ondan üzr istədim. Deyir, axı, mənim babam-nənəm belə deyillər. Babam axşamacan Heydər parkında nərd atır. Dilimi dişlədim. Bax, belə.

Sovet dövrü psixolojisi adamlarımızın içindən pas kimi getmir.

Bəzi yazıçılarımız da hələ əsərlərini əllə yazmaqları ilə öyünür; ünsiyyətdən qaçmalarını böyüklükləri ilə izah edirlər. Amma insanlarla ünsiyyət yoxsa, böyüklük nəyə gərək…

Qaldı ki… mən bütün əsas informasiyaları İnternetdən alıram. Xəbər acıyam. Hər halda, bu sarıdan yazılı və elektron KİV-lərdən ən azı bir gün irəlidəyəm.

Əlbəttə, əldə kitab olarsa, ekrandansa, kitabdan oxumaq daha yaxşı olardı.

Ancaq mən əsasən elektron versiyada oxumalı oluram, çünki ətrafımızda kitab çoxdursa da, əslində yoxdur.

Təzə makulaturanın köhnədən fərqi parıltılı olmasındadır.

İndi hətta Milli Kitabxanamız belə İnternet qarşısında Nuh əyyamından qalma kitab topasına bənzəyir.

Az.TV-də belə şeylərə “günün reallığı” deyilir.

- Rafiq bəy, sizcə, mütaliə etməkçün xüsusi siyahı mütləqdir? Ya istənilən vaxt istənilən kitabı oxumaq olar?

- Bu köhnə sual həmişə təzədir: hər nəsil dəyişimində yenidən ortaya çıxır. Yəqin pedaqogika da bu nəsil dəyişmələrindən doğur. Burası belə.

İstənilən vaxt istənilən kitabı oxumaq insanın cəmiyyət içində tərbiyəsizlik etməsi kimi bir şeydir.

Tərbiyə təkcə böyük görəndə, durub ona salam verməkdən ibarət deyil ki. Əlinə keçəni oxuyan qabaqcadan özünü məhvə düçar edir.

Mən bir həkim olaraq, həyatda elə insanlar görmüşəm ki, təbabəti professordan da yaxşı bilir – öz sənəti qalıb, peşəsi tibbi ədəbiyyat oxumaqdır.

Həkimə məsləhət verir. Bir iş var ki, o, professor, ya həkimdən çox bilə bilər, ancaq iynə ucu boyda da həkim olmaz. Çünki təhsili sistematik deyil.

Necə deyərlər, poçt yolu qalıb, ömrü boyu atı şumluğa salıb.

Ədəbiyyat-sənət adamı da nə oxuduğunun fərqində olmalıdır. Məsələn, bizdə XIX-XX əsr rus ədəbiyyatından heç nə oxumamış “görkəmli” nasirlər var.

Mən 1979-cu ildə atımı Moskvaya çapanda, özümə qəti söz verdim ki, eksperiment üçün, azından beş il o dövrün Azərbaycan müəlliflərini, ümumən, sovetin sayılası yazıçıları oxumayım.

Elə də etdim. Bu, özünütərbiyə idi. Effektini də gördüm. Yazı üslubum yerlə göy qədər dəyişdi. Nə isə.

- Azadlıq Radiosunun elan etdiyi müsabiqə də bitdi. Birinci yer Musa Əfəndinin, ikinci yer Azad Qaradərəlinin, üçüncü yer Rəhim Əliyevin oldu. Bu müəlliflər arasında imzasına ilk dəfə rast gəldiyiniz varmı?

- Dəqiqləşmə: Rəhim Əliyev də ikinci oldu. İki ikinci vardı. Mənim üçün yeni imza Musa Əfəndidir. “Onları yol apardı” hekayəsini də bəyənmişdim.

- Rövşən Qəmbərov “Pen Klub”da dedi ki, mənim favoritim Şəhriyar Hacızadə idi. Sizdən ona səs verməyinizi istədimi heç?

- Haşa və kəlla. Rövşən Qəmbərov elə əxlaqın yiyəsi deyil. Təmiz tərbiyə görüb o. Elə bir şey hətta nəzəri cəhətcə də mümkünsüz idi.

Nədənsə, biz insanları yaxşı tanımırıq. Nərmin xanım, nə əcəb sizdə bu fikir yaranıb?

Əksinə, Rövşən bəy axıracan məxfiliyi saxladı. Zatən, şəxsən mən, qaydalara uyğun, bilməyə borclu olmadığım şeyləri bilmərrə unutmağa çalışdım. Ədalətlə görülən işlər mənə hədsiz maraqlı gəlir.

Yalan-palanla qazanılan, ya qazandırılan uğurun şəhdi-şəkəri olmaz.

Əyri bir iş görəndə, özümə yer tapmıram. Birinin haqqını başqasına verəndə özümü bivec sanıram.

- İkinci yerə çıxan Rəhim Əliyevin hekayəsi birinci turda, demək olar ki, səs toplamamışdı, amma ikinci turda ona yüksək bal verildi. Səbəb?

- Kim bunu dedi? Bax, informasiya dəqiq olmayanda, bu cür şayiələr baş qaldırır. Şayiə də ilan kimi şeydir – hökmən kimisə çalacaq.

Örtülü bazar dostluğu pozar. Mənzərə baş-ayaq olmasın deyə, gəlin, bu işləri təzədən analiz edək. Birinci mərhələdə Rəhim Əliyev, əksinə, hamıdan çox bal toplamışdı: 25.

Sonrakı ballar belə idi: Azad Qaradərəli – 20, Musa Əfəndi – 18 və sair. İkinci mərhələdə əlavə ballar üçün oxucu mexanizmi işə düşdü. Açığı, Rafiq Tağı kimi mən, sanki demokratik olan bu mərhələni xoşlamıram.

Bu “oxucu mərhələsi”ndə hipotetik oxucu əslində qıraqda qalır, zirək müəlliflər özü “xod”a düşür. Zirəklik də talantla düz mütənasib deyil. Müəlliflər imam övladı deyil ki: bəzisi dərhal fəndgirliyə qurşanır.

Sovet dövrünün pambıq “pripiska”sı sindromu üzə çıxır. Cəmiyyət sağlam olmadığından, harda sıyrıntı, ya kiçik bir yara oldusa, ora infeksiyalaşacaq. Azadlıq Radiosu buranı Qərb kimi təsəvvür edir, ancaq məncə, hələ tezdir.

Əminəm ki, Avropada bu üsul çox vacib və keçərlidir. Mən Rövşən bəyə fikrimi bildirdim: bizdə bu ikinci mərhələ obyektivliyə xələl gətirir.

Kimin İnternet resursları güclüdür, o da əlavə ballar qazanacaq.

Onda daha bu yazıçılıq olmadı ki – cadugərlik oldu. Ağır təbiətli bir insan – Rəhim Əliyev cakitcə oturub evində, nəticə gözləyir, digər müəlliflər isə altdan-altdan qohum-əqrəbanı, dost-tanışı bu işə cəlb edib.

Məhkəmə təcrübəsində ata-ana şahid sayılmadığı kimi, burda da qohum-əqrəba oxucu sayıla bilməz.

Bunları aydınlıq üçün dedim.

Maraqlısı nə idi: Pərviz Cəbrayıl da, mən də, bir-birimizdən asılı olmadan, Rəhim Əliyevə 10, Musa Əfəndiyəsə 9 bal vermişdik. Mən 9 və 10 balları kimə vermək barəsində çox tərəddüd etdim.

Axırda bu qərar üstündə dayandım. Rəhim Əliyevin canlı-qanlı “Zabitəli kişinin arvadı” hekayəsi beynimə möhkəm həkk olub. Burdan Rəhim bəyi qutlamaq yerinə düşər.

- Səhv etmirəmsə, keçənilki müsabiqədə də münsiflər heyətinin üzvlərindən idiniz. Belə bir fikir var ki, keçən müsabiqə daha obyektiv keçirilmişdi…

- Ürəyinizi buz kimi saxlayın, “Oxu Zalı” müsabiqəsi keçən il də, bu il də obyektiv keçirilib. Azadlıq Radiosu nə Mədəniyyət və Turizm Nazirliyidir, nə də Azərbaycan Yazıçılar Birliyi – onun yeganə amacı ədalətdir.

Həmişə də demişəm: müsabiqələrdə ekspertlər-münsiflər məşhurlardan yox, vicdanlı adamlardan seçilməlidir.

Əlbəttə, burası müşküldür: hardan və necə biləsən, kimin vicdanı hansı ölçüdə və harayacandır? Vicdan nə qafanın, üzr istəyirəm, nə də “dal”ın yekəliyi ilə ölçülür.

- Bir az bundan qabaq “Milli Kitab Mükafatı” müsabiqəsi də başa çatdı. Builki nəticə necə, razı saldımı sizi?

- Razı saldı. Obyektivlik qorunmuşdu. Alqış, bu dəfə Nigar Köçərli aldanmadı. Keçən il kor atı minib köndələn çapanlar bu il məyus oldu.

Maxinatorluq keçmədi. Əbədi Ostap Bender olmaq mümkün deyil. Ədəbiyyatda ömrü uzun olan ostapbenderliyin həyatda ömrü qısa olur.

Pərvizin qələbəsi həm də sanki mənim idi – axı, onun ilk ”Öləngi” kitabına ön sözü mən yazmışam. Döşümə döyməyə haqqım çatır.

- Sizi tez-tez kitab təqdimatlarında görürəm. Bəs, siz nə vaxt toplayacaqsız oxucularınızı yeni kitabınızın başına?

- Tələsmirəm. Hərçənd ölkədə bir yaradıcı ölən kimi qaçaqaça düşürəm: vay dədəm vay, kitab buraxdırmalıyam. Birdən tarp yıxıldım: bə yazılarımın taleyi…

Hətta projektorluğa qurşanır, təzə kitablar üçün planlar qururam.

Ölənin qırxı çıxan kimi də planlar uçub gedir.

Mənimki ancaq təzə yazılar ortaya qoymaqdır. Elə bilirəm, kitab haçan olsa olar.
Bax, deyirəm, bir gün görsəniz kitabım çıxıb, bilin ki, bu, kiminsə qırxınacan olub.

Ölümüylə xeyirxah iş görəsi həmin adama indidən rəhmət diləyirəm.

Hələ ağzım gen yerdədir.

Bu saat dörd-beş kitablıq yazım yığılıbsa da, “mən tələsmirəm”(S.Vurğun).

- Sonda, oxuculara həkim məsləhəti…

- Düzü, həyatda iki şeyi xoşlamıram: ədəbiyyatın təbliği və səhiyyə maarifi.

Lakin burda çoxdan arzuladığım bir şeyi demək istərdim: bir həkim, terapevt-kardioloq olaraq, məni tanıyıb-bilənlərə, oxucularıma da, işdə, ya işdən kənar, gecə və gündüz, tam təmənnasız kömək göstərməyə hazıram (055-561-18-02). Dağlar vəd etmirəm: qüvvəm çatdıqca.

İndiyəcən susurdum, qorxurdum deyələr: görən, bunun nə fırıldağı var.

Əfsus, Azərbaycanda humanizm əksərən fırıldaqla assosiasiya olunur.

Söhbətləşdi: Nərmin Hüseynzadə
ANN.Az

 

http://www.azadliq.org/content/article/24246379.html

Digər xəbərlər

Şərif Ağayar: "Ona saplanan bıçaqlar..."

Rafiq Tağı üç, Samir Sədaqətoğlu isə dörd il müddətinə həbs edildi

Həmid Kazımlı – “Axı sən nə istəyirsən, Rafiq Tağı?” Sənədli yumoresko

Tüfəng səsi

"KLASSİKLƏRƏ QARŞI ÇIXMAQ QƏBAHƏT SAYILMAMALIDIR"

Şərhlər