Şərq – Qərb əsəb tarixi (unudulası yazı)

Tarix: 07-07-2024 19:00
Baxış sayı: 160

Azərbaycanda ölümün imkanları hədsiz çoxalmışdır. Bir zaman tarixi-ümumbəşəri
təqlidlə mən onu skelet şəklində, əlində də dəryaz təsəvvür edərdim. Sən demə,
ölüm sonradan xeyli kökəlmiş və göyçəkləşmişdir. İndi ölümə toxunan elə san
göyçək qıza təmas edir. Mən rəssamlara XXI yüzildən ölümü əndamlı çəkməyi
məsləhət görərdim. Skelet bir obraz kimi ölümə heç cür uyğun gəlmir. Üstəlik,
artıq şairlərimiz də onu çox istəyirlər. Onlar yəqin ölümdən erotik effekt duyurlar.
Həri, ölüm Azərbaycan şairi üçün evdəki soğan-sarımsaq qoxulu arvadağadan min
qat sevimlidir.
 
Qardaşlar, ölümü sevməyənlər yalnız həkim-zad dövrəsində hərlənənlərdir ki,
mən onların sağalmaq həvəsində min cür  naqislik görürəm. Denən ölməyib
neyləyəcəksən – bic-bic işlər görməyəcəksən?! Azərbaycanda kim uzun yaşamaq
istəyindədirsə, bil ki, onun məşğul olduğu bic-bic işlər həddən ziadədir. Yox, yəqin
Azərbaycanda yaşamağı ləğv etmək və zamanı rahat buraxmaq vaxtı çatmışdır.
 
Amma heç nə də yox, şairlərimizin elə təkcə ölümə sevgiləri gələcək intiharların
əlaməti sayıla bilər. Kim nə deyir desin, ölüm arzusu sosial hadisədir.
 
Azərbaycanda ölüm əsasən arıqlamaqla hasilə gəlir. Ağır təbiətli azərbaycanlılar
çəkicə yüngülləşməklə gorbagor olurlar. Ancaq həm də bununla Yer şarı bir növ
lüzumsuz yükdən qurtulmuş olur. Qardaşlar, azərbaycanlılar tonnajı yüngül
xalqlardandır. Hayıf, insanlarımız arıqlamasaydılar, onlar millət kimi formalı
qalacaqdılar. Köklük milli varlıq şərtidir. Ta qədimlərdən ərazimizdə millət əsasən
köklərdən təşəkkül tapıb. Sizə bir hikmət söyləyim: kim millətdirsə, deməli, tarixdə
kökləri çox olub. Arıq millətlər tarix səhnəsindən həmişə tez silinib gediblər. Eh,
mağıl mütəmadi kökələ-kökələ birtəhər buracan gəlib çıxmışdıq. Lakin daha
yaman üzülmüş və yoxluq təhlükəsi ilə üzləşmişik. İçimizdə vərəm çöplərinin
xüsusi çəkisi artmışdır. Yenə deyirəm, mən köklüyü məzlum millətlərin mövcudluq
şərti bilirəm. Qaça bilməyən kökləri torpağından qovmaq namümkün işdir.

Arıqlarımız sürət səksən, “povorot” doxsan Qarabağdan çıxdılar. Bəy sən demə, 
Qarabağda hamı arıq imiş.
 
Qardaşlar, aclarımız get-gedə insan sifətindən dönüb meymuna oxşamaqda,
həmçinin humanitar yardımlı Qərbi xoşlamaqdadır. Şərqli Qərbi aclıqda bəyənir və
onda artıq qərbli arvadlarına fahişə demir. Filhəqiqə, Qərb mədəniyyəti aclığa
qarşıdır. A kişilər, Qərb mədəniyyəti gör necə quraşdırılıbsa, gödəniyyəti də nəzərə
alır. Yəni bu mədəniyyət realistcə-materialistcədir.
 
Şərqdəsə mədəniyyət hələ də gülə-bülbülə dair söz səviyyəsində qalıb. Şərq
fəlsəfəni şirə şəklində hələ də güldən-bülbüldən çəkir. Şərq sözə ilişib qalmış,
Qərbdəsə söz çoxdan arxada qalmışdır. Həri, Azərbaycan Qərbi yaman gündə
tanıdı və indi ondan beşəlli yapışıb. İnan, Qərb desə xristian ol, Azərbaycan olar.
İslam Azərbaycan üçün çoxda ürəkaçan deyil. Qərb Azərbaycanın bir növ xilas
yeridir. Antarktida əriyəndə, Qərbi orda sel-su basarsa, burda Azərbaycan quru
yerdəcə batasıdır. Azərbaycan Şərq cəngəlliklərində aza bilər. Şərq mədəniyyəti
Azərbaycanı assimilyasiyaya meyillidir. Azərbaycan təkcə despotuyla Şərqə oxşar
qalmışdır. Mən deyirəm, diktatura siyasi mədəniyyətsizlikdir. Öz aramızdır, Şərq 
demokratiyanı anlamaq qabiliyyətində deyil. Məsələn, İrandakı Quran mənşəli
demokratiya araq, ya heç pivə içilməsinə kifayət etmir. Azərbaycanda hətta siyasi
aclıq çəkəni döyüb öldürə bilərlər. Həri, Şərqdə demokratiya rudiment halındadır.
Şərqin ən gözəl sənətləri də mənim üçün soyuq və darıxdırıcıdır. Nədənsə,
miniatürlərə heyran oluramsa da, tez də soyuyur və onlardan qurtulmağa
çalışıram. Şərq sənətində görünən yeganə bəşəri şey məhəbbətdir ki, onu da
klassiklər çeynəyib maraqsız etmişlər. Klassiklərimiz məhəbbətdən yazmaq üçün
Leyli və Məcnundan savayı obraz tapmayıblar. Şərqdə hikmətlər insanın ram
edilməsi naminədir. Həri, mənim fikrim budur. Şərq hələlik, Qərbin dırnağına
dəyməz. Mən Şərq mütəfəkkirlərinin qədim təxmini fikirləri önündə heç də ikiqat
olası deyiləm. Şərq öz qədim tarixini yas yerləri kimi xalçalarla bəzəmişdir. Şərqdə
keçmiş ölmüşdür. Qardaşlar, Şərqdə gələcəyin bütünlüklə Qərbin əlinə keçməsi
təhlükəsi var. Qərbdə hər şey canlıdır və bayaq adını çəkdiyim bülbül kimi cəh-cəh
vurur. Qərbdə bülbüllər qəfəssizdir. Onda rəqslər də azadlığa uyğundur. Qərb
rəqsində “pa”ların amplitudası böyükdür. Həm də bu rəqslərdə hoppanmalar çox
müşahidə olunur. Qərbdə hoppanışlar bəşər oyanışları şəklindədir. Onu deyim ki,

qərblilər hoppanarkən çox vaxt əngin səmalara uçub gedirlər. Qərbdə azadlıq dini
təzyiqləri  istisna edir. Şərqdəsə din yaşamağa əngəldir.
 
Mən Qərbə İsa  peyğəmbərin qədrini bildiyinə görə hörmət edirəm.
 
Müharibələri tüğyan etsə belə mən Qərbi Şərqdən həmişə üstün tutacağam.
Müharibələrdə qayda-qanunu Qərb ixtira etmişdir. Humanizm Qərb İntibahına
məxsusdur. Mən təkcə orda doğulmağım səbəbiylə haq-nahaq Şərqi öyən
deyiləm. Biofizioloji tərəfkeşlik mənə yaddır. Zorakılıqlar sahəsində Qərb Şərqin
yanında toya getməlidir. Qərbdə müharibələr Şərqdəkilərlə müqayisədə bir
muştuluqdur. Əyləncədir. Avropa müharibələri qanuniləşdirilmiş qəşəng
toqquşmalardır. Qərbdə elə müharibələr olur ki, onda söyüş söymək qadağandır,
camaatın ana-bacısı var. Öldürmək olar, söymək yox. İnsanlar bir-birini söyüşsüz
qırıb-çatır. Düzü, mən Qərb müharibələrinə heyranam. Şərq müharibələrindəsə
söyüş seksoloji biabırçılıqdır. ...A kişilər, Napoleonun Borodino altındakı
döyüşlərini, necə incə və zərif olubsa, ruslar indiyəcən hər il səhnələşdirib elə
həmin yerdəcə göstərirlər. Avropa müharibələri səhnəyə asan gəlir. Şərqin
naturalist müharibələrinəsə yalnız göz yummaqla baxmaq mümkündür. Qərbdə
müharibələr gecələr yatıb, səhər oyanır. Qərb müharibələrində hətta əsgərin
dincəlməsi qeydinə qalırlar. Qərbdə müharibə adicə bir işdir, fəlakət deyil.
 
Qardaşlar, azərbaycanlıların ayıbını təbiət örtür. Azərbaycanlı doqquzqurşaq
təbiəti içi dolu rəngli nimçə kimi qabağına qoymuşdur. Azərbaycanda hər şey öz-
özünə bitir; azərbaycanlının işi zəhmət çəkib həmin şeyi dərib, hop , ağzına
atmaqdır. Di gəl neyləyəsən ki, bunu da bacarmır. Nədənsə, biz heç nədə
püxtələşmirik.
 
Qərb Azərbaycanın mürəbbiyəsidir.
 
Gedək o yana. Azərbaycanda dövlət polis əməyinin məhsuludur. Azərbaycanda
tayfa başçısı təsadüfən dövlət başçısı olub; ordan natəmiz oyunçu bir göz

qırpımında “damka”ya çıxıb. Bizdə dövlət başçısı tayfa başçılığından irəli gedə
bilməyib. Tayfa təfəkkürlü dövlət başçısı vətəndaş müharibəsini labüd edir.
 
Gələk bu yana. Məni siyasətə, adı nədi – Qoyya itələyib saldı. Onun sosial
məzmunlu bir rəsmində eşşək beli əyili bir insanın boynuna minib şax oturmuşdur.
Mən deyirəm, siyasət eşşəklərin boyundan düşürülməsi sənətidir.
 
Qardaşlar, avtoritarizm siyasi tərbiyəsizlikdir. Avtoritarizmdə siyasi həyat saxtadır.
Görərsiniz, bu il Azərbaycan prezidenti beynəlxalq müşahidəçilər tualetə gedərkən
seçiləcək.
 
Deyəsən, burda sözüm qurtarır. Ancaq bir daha xatırladıram : Azərbaycanda
köklük fəzilət növüdür.
 
 
P.S – Nəğmə
 
Düzü yazılarımı senzorların bir daha oxumayacaqlarını eşidəndə, gözlərim doldu.
Onlar mənə doğmalaşmışdı. Minimum oxucularım onlardı; onlar getdi, mən bəlkə
də oxucusuz qaldım. Mən onlara olduğu kimi onlar da mənə nifrət etmirdilər. Biz
sadəcə siçan-pişik oyununa düçar idik. Hayıf, mən onlarla şəxsi tanışlığa
çalışmadım. Yanlarında günahkaram, mən onları Ezop dilimlə çox aldatdım. İqtidar
da dövlətçiliyi qorumaları adıyla onları daim aldadırdı. Ömrü boyu şərəfsiz-şərəfsiz
işlərə məcbur edilmiş, hamı tərəfindən aldadılıb atılmış insanlara mən bu gündən
qardaş deyir, onlara əlimdən gələn köməyi  əsirgəməməyə söz verirəm. Əlləri heç
yerə çatmasa, ünləri bir yana yetməsə - mən hazır. Gərək olsam – baş üstə.
 
...Senzorlarım getdi, mən bəlkə də oxucusuz qaldım. Minimum oxucularım onlardı.
 

                                                                                          "Yeni Müsavat" 1998.

Digər xəbərlər

İNTİBAH HƏSRƏTİ. AZADLIQ VƏ KÖLƏLİK

Heyvanlar üçün karvansara

Bəşəriyyətin islam haqqında dediklərinə əlavələr

Rafiq Tağı mükafatının qalibləri bəlli oldu

"Qoy bir dəfə də məni çəksinlər..." fotojurnalist Elxan Kərimov haqqında elegiya

Şərhlər