Keçmiş və gələcək nağılı

Tarix: 13-06-2024 00:32
Baxış sayı: 169

Mən – Rafiq Tağı, məkanca yaxıngörən, zamanca uzaqgörənəm. Teleekrandan
çılpaq göbəkləri yaxşı ayırd edə bilmirəmsə də, Vanqa kimi on əsr o yana, on əsr
bu yana – həm uzaq keçmişi, həm də uzaq gələcəyi yaxşı seçirəm. Məkanda –
komediyaları görürəm, zamanda – faciələri. Bir öncəgörən kimi deyə bilərəm də ki,
realist şeylər komedikdir, mücərrədlər – tragik. Keçmişimiz əslində olub, amma
sanki olmayıb. Gələcəyimiz olacaq, amma sanki olmayacaq. Gələcəyimiz heç vaxt
gəlib çıxmır. Onsuz biz indi keçmişlərdə fərz edilmiş gələcəkdə yaşamırıq ki.
Gələcəklərimiz onlara çataçatda məhv olub gedib. İmperiyalar xərabatlarına
sınmış maşın kimi atılır, təzə tarixlərə həmişə sınıq tərzdə çıxırıq. Taleyimizə hər
dəfə hər şeyi təzədən başlamaq yazılıb. Gözəlliklərimiz – dekorasiyalardandır.
 
Qardaşlar, bəri başdan onu desəm olar, deməsəm olmaz ki, uzaq-uzaq
gələcəklərdə cənnət-cəhənnəm də görünmür. Heç yerdə Sirat körpüsü – zad
yoxdur. Dinlər qorxulu nağıllardan ibarətdir. Müqəddəs kitablar yasaqlar
toplusudur. Ancaq gəlin, dinlərə vaxt itirmədən, yenə elmə-materializmə qayıdaq.
İdealizm bir aldanış, böyük fırıldaqçıların mənfəət yeridir. Əlbəttə, bunlar heç.
 
Həri, biz gələcəyimizi qurmuruq ki – yolda ona təsadüfən rast gəlir, yanından süst-
biganə ötürük. Gələcəyimizdə keçmiş proyeksiya olunmur. Onda keçmişimizin
təcrübəsi nəzərə alınmır. Dediyim kimi, hər dəfə hər şeyi ibtidadan başlayırıq.
Gələcəyimiz həmişə keçmişimizin oxşarı olur. Bizdə keçmiş öyrənilmir, yalnız
duyulur. Tariximiz simvolistcəsinə yozulur və yazılır. Onda mifolojilik reallıqdan
güclüdür. Tariximizdə tərbiyəvilik elmilikdən üstündür. Biz əxlaqı hara gəldi
soxuşdururuq. Gərək bir deyən və yazan ola: keçmişimizdə torpaqları ona-buna
paylamış qoyunlar yaşayıb. Totem olaraq bozqurd yox, qoyun bizə daha çox
uyğundur. Əzəldə başıaşağı-müti və müqavimətsiz olmuşuq. Keçmişdən indimizə
azadlığı rədd edən ənənələr gətirilib. Ənənələrimiz avtonom milli əsarət
vasitələridir. Həri, indimizdə hər şey ibtidai və bəsitdirsə, keçmişimiz boşuna
işləyib. Şah İsmayıl Xətai də Azərbaycana bir gün ağlaya bilmədi. Bilməzdi də.
Əlbəttə, cinsi yetişgənliyi təzəcə çatmış uşaqdan şah olmazdı. XVIII əsr xanlarından
bizə istənilən vaxt tutulub başı kəsilən xoruz xisləti, yekəbaşlıq miras qalıb.
Bəlalarımızın əsaslarından olan regionçuluq paramparça xanlıqlarımızın qalığıdır.

Qədim mədəniyyətimiz üstündə xətlər cızılmış sınıq-sökük daşlardan ibarətdir.
Klassik poeziyamız bizi real həyatdan həmişə yayındırıb. Yayındırır da. İndiki
mənəvi-intellektual ehtiyatımızla gələcəyimizi qura bilməyəcəyik. Gec-tez
qurtarası bir şey olan neftə ümid bəsləmək ağılsızlıqdır. Əslində biz gələcəyimizi
nefti nəzərə almadan qurmalıyıq. Gəlin, həm də ümumtürk kontekstində
gizlənməyək. Ümumtürk konteksti Azərbaycan tarixinin öyrənilməsində
buraxdığımız kobud səhvlərdəndir. Hər ölkənin yaxşı-pis öz tarixi olur və bu tarix
necə var, elə də öyrənilməlidir. Özümüzü hər hansı şanlı imperiyaya şərik hesab
etməklə, milləti irəli apara bilmərik.
 
... Üzü keçmişə duranda, öncəgörmələrim keçmişə dair olur, üzü gələcəyə
durandasa – gələcəyə.

Digər xəbərlər

Motsart çalınıb müstəmləkələrdə

Heydər Əliyev / QIRMIZI DASTAN

Eklektik fikirlər

AN­­­­NA KA­­­­RE­­­­Nİ­­­­NA İLƏ MƏH­­­­KƏ­­­­MƏ ÇƏ­­­­KİŞ­­­­MƏ­­­­Sİ PERS­­­PEK­­­­TİV­­­­LƏ­­­­Rİ

ŞƏRQ-QƏRB AZADLIQ YAZISI. DON JUAN VƏ KAZANOVA ASPEKTİ

Şərhlər