“Həcv mövzuları” (Baba Vəziroğluna)

Tarix: 13-06-2024 00:22
Baxış sayı: 133

Azərbaycan uğrunda çeçen olmaq istərkən ağcaqanadlarla bəzəkli qaynar yay
məni əkəyə göndərdi. Əkəliyimlə də ləngəm-yuxu məni Qarabağdan bərk çəkir.
Tərifli-namlı Qarabağda maqnit xüsusiyyəti yoxmuş. Həm də əkə olubən avropalı
sayılmaq namümkündür. Yumrugüzgü üzlər Avropada qəbuledilməzdir.
Moskvadan ta axıracan qərbə “monqol-tatarşina”lıq rəmzidir. Ancaq bunlar heç və
məncə, sonra deyəcəklərim də.
 
Həri, qardaşlar, biz coğrafilikdən hədsiz asılı millətik. İradəmiz konyuktur bir
şeydir; onu bizə şərait diktə edir. Hətta inqilablarımız da atmosfer
təbəddülatlarına bağlıdır. Daş kimi bərk isti, polad kimi sərt soyuqlar
Azərbaycanda sosial-siyasi sabitlik illüziyası törədir. Camaatımız hərcayi buluddan
qorxandır. Azərbaycanlı inqilab və müharibələri travmatizmi səbəbindən
xoşlamaz. Təbriz və elə onun qardaşı Bakıda da həmin səbəbdən inqilablarımız
həmişə yarıyacan, müharibələrimiz məğlubiyyətəcən olub. Həm də indiyədək biz
inqilabı məişətdə xuliqanlıqlarımızın yüksək forması bilmişik. Qarabağı
bədənlərimizin təhlükəsizliyi baxımından düşmənə saxladıq. Mitinqlərimiz
köndələn yağışdan pozulandır. Filhəqiqə, yer sürüşkən olanda biz dədə-babadan
evdə oturmuşuq. Hərçənd bekarçılıqdakı fiqli-miqli və flirtlərlə on qəməri, yaxud
doqquz elə-belə aydan sonra hərəmizin bir-iki bəbəsi dünyaya gəlib. Qardaşlar,
məni məzur tutun, filosofluq dəmi çatdı, bax, bu saat ağzımın köndələn çağıdır...
Bəşər təbiətə təsadüfən düşmüş kimidir. Onun təbiətdə taleyi perspektivsizdir.
Bəşər təbiəti eşşək kimi heç vaxt anlamadı, onda yaşamını qura bilmədi. Evi
həmişə müvəqqəti tikdi. Onun dərrakəsi daim ancaq təbiətdə harmoniyanı
pozmağa çatdı. Təbiətdə harmoniya bəşər üçün hələ də özündəşey səciyyəlidir. Bir
az əyri oturub düz danışaq, Yer indi-indi zəlzələlərlə təkmilləşir. Biz ancaq
zəlzələdən sonrakı mənzərələrin səttarbəhlulzadələriyik. Hər zəlzələdən sonrakı
palıd və fıstığın öz musayaqubu var.  Onu desəm olar, deməsəm olmaz ki, beləliklə
təbiət bizim üçün şöhrət mənbəyidir. Biz daim əsasən onunla yüksəlmişik. Fokus
göstərib şimaldan xəritə boyu üzü aşağı dığırlatdığımız Quba alması cənubda
Lənkəran limonu şəklində üzə çıxıb. Kartof və nar, Hövsan soğanı, qarpız və
əncirimiz olmasaydı, dərimiz beş qəpiyə dəyməyəcəkdi. Qərbin də bizə neftə görə
gözü düşüb. Həri, biz həm də təbiətdən uzunömürlülük umur, bunu ondan əxz

edir, ona bunun xatirinə hörmət qoyuruq. Məndə üstüörtülü şey olmaz, açığı,
Türkiyə zəlzələsində insan təbiətdən əməllicə qorxdu. Həmçinin insan təbiətə bir
az da yadlaşdı. İnan, hərçənd hələ inanmasan da olar, indidən belə mən təbiətə-
zada ekskursiyaya getmərəm. Ekskursiyalarda adamın qabağına şir çıxa bilər!
Əslində təbiətin hər guşəsi ölüm təhlükəlidir. Mən haçansa misirmərdanov olmuş
olsam, inşallah, məktəblərdə təbiətşünaslığı ləğv edəcəyəm. Mən həm də istərəm
təbiət elmləri başlı-başına qalsın. Qoy təbiət mədəni yox, həmişə qeyri-mədəni
sayılsın! İstərəm ingilis bağlarında ağacların başı qırxılmasın!
 
Həri, ilahi deprem türk dünyasında feodal-siyasi butaforiyanı tarmar etdi.
Gözəlliklər tonlarla enkaz altında lüzumsuz göründü. Romantika real qanlar içrə
çabalar yapdı. Teatrlar təbiətlə rəqabətdə faciə janrını uduzdu. İstanbulun Sodom
və Homorra taleyi gerçəkləşdi. Tanrının böyüklüyü, insanın kiçikliyi bir daha
təsdiqləndi. Türkiyə prezidenti oyuncaq krallara bənzədi. Hərçənd imdad ekipləri
onun qara üzünü bir az ağ elədi. Qardaşlar, türkçülük bir hap-gop imiş! Ondakı
patetika və pafos gözlərimiz qabağındaca ölüb insan cəsədlərinə qarışdı. Türk
dünyasında oda-oratoriyalar dövranı keçdi. Ondan ayıb nağara gumbultuları
əskildi. Qardaşlar, adi bir ekskavator min bir qeyri-adi kamilvəli üstəlik –
nərmanoğludan gərəli imiş! “Azərbaycanlı” yerinə “türk” yazıb, türkün sözü,
“türk”ün dalından yüz nidadan pazlar düzməklə iş aşmazmız (miş, muş, müş). Həri,
saxta qəlb dostluqları və qəlp “dostum-qardaşım”ları erası bitdi – bəlkə XXI yüzilə
təmiz çıxaq, inşallah! Fatal zəlzələ naqqal bir dövlət qurumunun ibtidailiyini sübut
etdi. İbtidai icma quruluşunda depremlər indiki Türkiyədəki kimi olub – insanlar
onda da dünyanın bərk şeyləri altında yiyəsiz-köməksiz qalardı, indi də eləcə
bağıra-bağıra qaldı. Minillər bu məkanda boşuna işləyib. Ancaq İstanbuldakı Yer
zəlzələsi Ankarada səltənət zəlzələsinə çevrilməsə yaxşıdır. Səltənət zəlzələsində
tac daz başdan çataçat yerə düşəsidir. Tər qoxulu bu taca yumurtalar düzüb
üstünə toyuq oturtsan, 21 günə əlvan cücələr çıxarar. Əlbəttə, səltənət
depremində yalnız lotu-potu qırılacaq. Yəqin bilmiş olar, bilməmiş olmazsınız ki,
lotu-potu qırğını da bu dünyada ən ləziz şeydir.
 
Qardaşlar, türk dünyasında yüzillərin həmd-sənası yelə getdi. Hər şey fıs çıxdı.
Allah yalan və saxta duaları götürmədi. İslamın türklə allah arasında dəllallığı baş
tutmadı. Türk dünyasında “Allah” olsa-olsa leksikoloji vahid imiş. Ələlxüsus bizdə
“Allah”ın leksikoloji vahidlikdən uca qiyməti yoxdur. Bizdə “Allah” söz düzümünün

vacib komponentidir. “Allah”sözü olmasaydı, dilimizdə boşluqlar yaranardı. Biz –
keçmiş ateistlər üçün teizmlə ateizmin fərqi “teizm”də bircə hərfin azlığındadır. A-
teizm teizmdən “a” həcmində çox mürəkkəb işlədir. A-teizm iqtisadi cəhətcə
zərərlidir. Əlbəttə bunlar heç, məncə, əvvəl dediklərim də. Onsuz hər şeyin riyazi
axırı “sıfır”, bədii sonu “fanilik”dir. İnan, ya hələ inanmasan da olar, mən fanilikdə
sezdiyim ədaləti heç nəyə dəyişmərəm. Vallah, yəni Allah haqqı, üstəlik, Ətağa
cəddi!...
 
“Hürriyət”, 04.09.1999

Digər xəbərlər

Əsəd Qaraqaplan: "Rafiq Tağının sağlığına!!!"

“Moskva dəftəri”

Günəşlə gəzintidə

Bəxtiyar Vahabzadəni mənim qədər nəhəng görən olmayıb

“Siyasi üslubda təbiət söhbəti” Konspekt

Şərhlər