QA­LA­MİR­ZƏ­NİN ƏDƏ­Bİ OB­RA­ZA DÖN­MƏ­Sİ MƏ­QAM­LA­RI

Tarix: 26-05-2024 18:19
Baxış sayı: 195

 Yazıçı Qorun kök-tösmərək Qalamirzəni gözü tutub. Qalamirzə onun ədəbiyyata gətirəcəyi son adam­­lardandı və ətli-xeylitli dodaqları ilə, gözlərinin bulaqların­­dakı ağ göbələklərlə, Akademiyada «aerodrom» kepqasıyla yeganə nüsxə idi. «Saboun xeyir» deyəndə, deyirsən sənin­­lə zarafat edir. Pıspısa kimi də elə zəhərli qoxu saçar ki, ya­­nında durmaq olmaz. Ancaq neylədiyindi, yumbalanıb ədə­­bi əsərə düşmək ərəfəsindədir. Ədəbi əsər dərin olmuş olsa, ora tappıltıyla düşəcək. Hələlik ədəbi əsərin dışındadır. Ya­­zıçı Qor onu casus kimi izləməkdə. Onunla salam-kalamı da tədqiqat məqsədi güdür. Açığı, onu ədəbiyyata, ən azı kiçik bir hekayəyə gətirmək də elə asan iş deyil. Hər halda, ona çətin gəlirdi. Düzdü, bəlkə də ədəbi obrazı həyatdakı ada­­ma fotoqrafik oxşatmaq da kifayət idi. Bu, realizm adlanar və elə də müşkül iş olmaz. Onsuz həyatdakı simalara ədəbi əlavələr yamaq kimi bir şeydir; lüzumsuz və artıq görünər. Bir iş var ki, ədəbi obraza çevrilmək Qalamirzənin yatıb yuxusuna da girməz. Bunu fərz eləmir də. Ona görə ki, öm­­rü boyu bircə bədii əsər də oxumayıb. Ədəbiyyatın həyata gətirdiyi insanlardan bixəbərdir, halbuki onları bir yerə yığ­­san, böyük bir xalq alınar. Ancaq elə yaxşı olub oxumayıb. Bu, Yazıçı Qora sərf eləyir. Bir şey oxumuş olsaydı, olduğu kimi yox, ondan artıq görünməyə çalışacaqdı. Yəni oldu­­ğu kimi yox, göründüyü kimi olardı. Hər hansı hekayəyə 37 addımlamağın da min üsulunu bilərdi. Hökmən oyunbaz­­lıqlar edəcəkdi. Kim nə deyir-desin, hekayədəki (ya roman olsun) ədəbi obrazlar oyunbazdırlar. Heç biri həyatda elə olmayıb; hər birinin üstündə bir biclik damğası var. Ədəbi obrazların əksəriyyəti ədəbiyyata bələd insanlardır və ədə­­biyyata da tam süniləşib giriblər. Don Kixot özünü kitab qəhrəmanlarına bənzətmirdimi? Onun da bütləri orta əsr cəngavərləri idi. Kitab oxumasaydı, Don Kixot ədəbiyyatda başqa cür boy göstərəcəkdi. Ya bəlkə ədəbiyyata heç girmə­­yəcəkdi də. Eləcə adı itib-batacaqdı. Ədəbiyyatdakı saxta­­lıqlar get-gedə faş olur. Təbii-natural adam Yazıçı Qorun öz qəhrəmanları arasında da azdı. Çoxu idealistdi. İdealizm də əksərən kitab məhsuludur. Qınamayan ola, indiyəcənki qəhrəmanlarından bilmərrə üz döndərər. Ancaq qınayarlar: öz yazdıqlarındı, yeri gəlsə, onlara görə cavab verməlisən. Saxta-cındır insanlarla xalqı aldadıbsan, ona deyərlər. Artıq ölkədə özünü onlara oxşadan babal-binəvalar yaşayır. Bun­­dan qaça bilməzsən! Yazıçı Qor şəxsi sirlərini ört-basdır et­­məyi üstün tutdu. Bə nə, özünü ifşa etsinmi? Bir tərəfdən baxanda, yazıçının özünüifşası bəlkə müsbət hal kimi yo­­zular da. Ancaq buna nə bir həvəsi, nə də vaxtı vardı. Belə şeylər qoy sonraya qalsın. Etiraf qoca çağların işidir. Yazıçı Qor ilkinində onun bədən quruluşunu ədəbiyyata yerləşdirmək, bəzək-düzəyinisə sonradan vurmaq niyyətin­­dəydi. Hə, qadın kimi – döşləri var. Vallah, elə bir tək bu gi­­nekomastik döşlərə görə ədəbiyyatda koloritli görsənəcək. Köynəyinin yaxalığına diqqət yetirək: bir qanadı qalxıb, bi­­ri salxıb. Biri yuxarıdır, biri aşağı. Elə bil vurulmuş təyyarə göydən yerə gəlir. Əyninə dar olan bu göy köynək gövdə­­sinin bütün çala-çuxurunu üzə çıxarır. Piy qatları köynə­­yin ütüsünü qatbaqat pozur. Yeri gəlmişkən, əbədiyyətə tək 38 köynəklə də getmək mümkündür. Əbədiyyət – onun tilsi­­mini qırmağı bildinsə, asanca ordasan. Əbədiyyətə eşşək kimi işləməklə getmirlər ki. Hə, Qalamirzənin bu üçdüymə göy köynəyi ilə gələcəkdə bu dövrün toxuculuq sənətini də tədqiq edə biləcəkdilər. Bədii əsərin belə faydaları da var. Yazıçı Qor köynəyi bir az da ətraflı təsvir edər ki, gələcək tədqiqatçıların işi yüngülləşsin. Yazıçı Qor Allaha dua edir; ədəbiyyata salınanacan Qalamirzə köynəyini dəyişməsin. Ancaq inşallah, dəyişməz, təzələməz. Hələ bir cırıq-sökük yeri gözə dəymir. Təzə köynək bütün təəssüratı korlaya bi­­lər. Bütün konstruksiya dağılar. Bə nə, artıq konstruksiya hazırdır, təkcə onun hekayəyə yerləşdirilməsi qalır. Hekayə sanki tərsimi həndəsə materialından ibarət olacaq. Harda qaldım? Qalamirzə ütü izini dərhal rədd edən dopdolu fil ayaqlarla gəzir həyatda. «Saboun xeyir»lə adamları «dolaya-dolaya». Ədəbiyyatdan kənarda – hələlik azad-asudə bir adamdır. Hərçənd ədəbiyyatda da ona hərə­­kət məhdudiyyəti qoyulmayacaq. Ən balaca hekayədə be­­lə onun burnu sərhəd tellərinə toxunan deyil. Sadəcə, ədə­­biyyatda illərlə görünməyə bilər, çünki ona dair hekayəni oxumaya bilərlər. Düzdü, məntiq üzrə ədəbi obraz belə şeyi hiss etməməlidir. Qarşıdakı zaman sonsuzluğu hekayədəki məkan darlığını unutdurar. Həri, Qalamirzə həyatda ədəbi xammal sayılır. Kim bilir, bəlkə də bu, böyük bir bədbəxt­likdir. Hər halda, o, ədəbiyyatın sərhədlərinə lap yaxın idi. Burada nə danışılacaqsa, Yazıçı Qorun əsərində əks oluna­­caq. Söhbətlərin interpretasiyası ən müxtəlif variantlarda üzə çıxacaq. Hekayəni oxuyarsa, öz ədəbi surətindən nələ­­risə öyrənər, əxz edə bilər. Özündən xoşu gələcək. Ancaq öz taleyinin müəyyən məqamları onu kövrəldər də. Öz taleyi­­­ 39 ni, demək olar, unudub. İndisə xatırlamalı olacaq. Bir növ, hekayə onu insanlığa qaytaracaq. Qalamirzə ədəbi əsərdə respublikaya addımlayasıdır. Startda dayanıb. Hekayədən onu televizor ekranındakı ki­­mi ən müxtəlif peşə sahibləri görəcək. Hekayə ona şöhrəti daddıracaqsa da, əfsus, bu, illüzor dad olacaq. Şöhrət – büs­­bütün müəllifə çatır. Prototipə «kukiş» göstərərlər. Prototip işlənib atılan bir kimsənədir. Obrazının ədəbiyyata gətiril­­məsinə görə ona cüzi qonorarısa əsirgəyərlər. Ədəbi əsərdə prototipin başına min oyun açılır. Onu istədikləri kimi, is­­tədikləri səmtə yönəldir, dəyişdirirlər. Prototip sonradan ədəbi obrazında özünü tanımır da. Amma o istəyər ki, özünü əsərdə tanısın. Heç olmasa, bir az fəxr eləsin. Bu anlamda realistik üslub onun üçün daha məqbuldu. Hə, onu hekayədən filmə, ya teatr səhnəsinə darta bilərlər. Bax, bu məqamda azad deyil. Hansı janrasa daxil edilib-edilməyəcəyini ondan dilucu soruş­­murlar da. Üzr istəyirəm, axırı harda gəldi kol dibinə dartışdı­­rılan qız gününə salınacaq. Ancaq artıq öz ədəbi taleyini izlə­­məli də olacaq. Belədə maraq istər-istəməz yaranır, ədəbiyyat və sənətdən nə qədər uzaq olmuş olsan da. Özünə dair «yeni materiallar» axtaracaq. Çaşıb «kompromat»ları da üzə çı­­xar. Elə əsas da bundan qorxur. Həyatının bir-iki qaranlıq məqamı var ki, onların əbədən «ölü yük» olaraq qalmasını istərdi. Öləndəsə ədəbi-bədii və kinematoqrafik qalamirzə­­lərlə vidalaşacaq. Ədəbi-bədii obrazlar prototiplərdən uzun yaşayır. Vidalaşarkən Qalamirzə öz obrazlarına baxıb ağla­­yar da. Obrazlarısa ona soyuqqanlı yanaşacaq. İntiqam alır­­mış kimi prototip də ölərək onlara soyuq olar. Yazıçı Qor onun törəliyini xasiyyətiylə tutuşduracaq. Araşdırmaların nəticəsi ona qabaqcadan maraqlıdır. Toppuş 40 adamların xeyirxah olmasına dair əfsanə bir daha yoxlanmağı­­na dəyər. Yazıçı Qor burda özünü müfəttiş kimi aparacaq. Bir gün Qalamirzə hekayənin parlaq şüşəli pəncərəsin­­dəncə içəri aşmaq istədi. Bəlkə də özü istəməmişdi, onu pəncərəyə sarı itələmişdilər. Ola bilsin ki, Yazıçı Qordan başqası da onun ədəbi qəhrəman ola biləcəyini duyub və itələməklə də sanki ona yaxşılıq edib. Hər halda, Yazıçı Qor ona oğru kimi baxası oldu. Oğrudu ki, köhnə vərdiş üzrə pəncərədən içəri soxulmaq istəyib. Bəyəm qapı-zad yoxdu­­mu? Bay, doğrudan da, hekayənin qapısı olurmu? Olursa, harasındadır? Proloq, ya epiloq səmtdəmi? Yoxsa simmetri­­ya naminə – tən ortadaca qoyulub? Əlbəttə, heç ola bilməz ki, hekayənin qapısı arxitektur binalardakı kimi standart yerlərdə olsun. Güman, hekayələrdə qapı sirri-xuda bir şey kimi xəyala gəlməyən yerlərdədir. Belə olmasa, kim gəldi soxular, ora hamı doluşar. Hekayə elitar bir yer olmaqdan­­sa, həsənsoxdu dəyirmanına dönər. İndiyəcən Qalamirzə onu ədəbiyyata gətirəsi adamı Ya­­zıçı Qor təxəllüsü ilə yox, eləcə pasport adı ilə tanıyır: Bö­­yükkişi Heydərli kimi. B.Heydərli desə ki, o, həm də «Ya­­zıçı Qor»dur, Qalamirzənin gözü kəlləsinə çıxar. Nə? Qor? Nəmənə şeydi o? Yeməlidirmi? Lakin təxəllüsünün eləcə gizli qalması məsləhət idi. Yazıçılığını bilsə, qız kimi əzi­­lib-büzülər, özünü tamam başqa cür aparar. Mahiyyət təhrif olunar, o, əsərdə qeyri-təbii çıxar. Ədəbiyyatda müsbət qə­­ləmdə getsin deyə, özünü ədəbli aparar, «nümunəvi şagird» olmağa çalışar. Gəl indi bütün təhriflər içərisindən də onu təzədən ara, tap. Həyatı zəhərə dönər. Öz asan işini niyə çətinə salasan ki. Hə, müəllifin yanında çox yeməz, çünki sadəlövhcəsinə elə bilir ki, müsbət qəhrəman az yeməlidir. Ədəbiyyata qarınqulu şəkildə düşməsini öz aləmində pis bir 41 iş bilir. Üstəlik, qarınqulu tərzdə ədəbiyyata girərsə, əbə­­diyyət boyunca gec-tez gedib düşəcəyi kütləvi aclıq dövrlə­­rində biabır-bədnam olasıdır. Hamı ac, bu isə tox. Daim at kimi gövşəyir, hey içəri basır. Sanki motal doldurur. Aclıq dövrlərində onu həqiqətən də motal, ya kosaraya, ola bilsin də, qarnı iri toy samovarına bənzədə bilərdilər. Ancaq onun nəzərində ədəbi obrazın sağlamlıq durumuna da heç bir söz olmamalıdır. Prototip də az qala kulturistə oxşamalıdır. Getdikcə də Qalamirzəni Yazıçı Qorun ədəbiyyata salacağı ehtimalı güclənirdi. Buna güman çoxdu. Gecələrin birində qəflətən onu həyatdan qoparıb ədəbi əsərdə oturdacaq. Öz aramızdır, bu, adam oğurluğu kimi də tövsif olunar, vətən­­daş hüquqlarının pozulması kimi də. Hekayədə Qalamirzə adı – vacibən dəyişdirilməli. Məsələn, Baləmi, ya Ağabala – istənilən ad yazılarsa, heç bir qorxu gözlənilmir. Yoxsa Qalamirzə Yazıçı Qoru (Böyükkişi Heydərlini) məhkəməyə verər də. Ad dəyişmiş olarsa, məhkəmə hərəkəti heç baş­­lanmamış dayanar. Qalamirzə özünün oğurlanıb hekayəyə salınmasını görərsə də, «Baləmi», ya bir başqa ad onun bü­­tün planlarını alt-üst edər. Əlbəttə, ədəbiyyata gətirildikdən sonra çox atılıb-düşsə də, istər şıllaq atsın, xeyri olmaya­­caq. Tiraj köşklərə çıxandan sonra əli hara çatar? Salamməleykim, Yazıçı Qor adam oğurluğuna aludə imiş və həyatda bacarmadığını ədəbiyyatda reallaşdırırdı. Hələ arsız-arsız da bunu bəşəriyyətə xidmət sayır. Əsas da Qalamirzənin xəstə anasının yanında gördüyü əhvalatını yazacaq. Naturadan təsvirlər bir hekayə materialı kimi xirtdəkdən bəsdi. Yaranmış situasiya özlüyündə fanta­­ziyanın törədəcəklərindən qat-qat maraqlı idi. Budur, ananı iflic vurub. Bunu bir ziyalı olaraq «insult» kimi yazmağa da ixtiyarı çatır. Arvad danışanda altı-beş vurur. Dili topuq ça­­­ 42 lır. Sözlər ağzından çeynə-tüpür şəkildə çıxır. Bu yerdə ana mövzusunu bacardıqca qabartmaq olar. Ana kimdir – əbədi bir obraz. Ona heç kəs ağız büzməz; ona dair yazı nə qədər ənənəvi görünərsə də. Sən gücü anaya ver, heç nədən qorx­ma. Axı, ananın kimə nə ziyanı! Anaya görə heç kəs heç kəsi tənqid atəşinə tutmaz da. Hamının anası var, ya haçan­­sa olub. Hər kəs öz anasını xatırlayar və ana haqqında ən yarıtmaz yazıya da göz yumar. Ana xətrinə sənətkarlıq-zad nəzərə alınmaz. Mövzu anadandırsa – di haydı, yazı getdi çapa! Hə, ananı şar kimi bacardıqca çox şişirt, onun mü­­qəddəsliyinə dönə-dönə toxun. Onda sənə gözün üstə qaşın var da deməzlər. Ümumiyyətcə, burda cürbəcür müqəddəs­­likləri qatıb-qarışdırmaq, hər şeyi bir daha ələk-vələk elə­­mək, onun hər cəhətini yazmaq mümkündür. Düzdü, ölçübiçi gözlənilsə yaxşıdır. Ana haqqında bədii informasiyanı vur-tut beş-altı cümlədə yerləşdirmək lazım gələcək. Nədən ki, ana mövzusu çox işlənib. Təzədən onun şitini-şorunu çıxarmağa nə hacət. Həm də axı burda ana, onu nə qədər müqəddəs biliriksə də, epizodik rolda gedəcək. Məqsəd – Qalamirzədir. Müqəddəs – heç də həmişə baş qəhrəman de­­mək deyil. Deyildiyi kimi, bu hekayədə müqəddəs ana qey­­ri-müqəddəs Qalamirzənin ədəbiyyata gətirilməsi üçün bir vasitə rolu oynayacaq. Qalamirzə obrazı da onsuz əvvəldən öz-özünə cızılmaqda idi. Onun əsas cizgiləri robot səciy­­yəli ictimai davranışından doğurdu. Yuxarıdan əmr gəldisə, onun üçün hər hansı icra mexanizmi avtomatik işə düşürdü. İcra – onun anadangəlmə talantı sayıla bilər. Əmr verildi­­sə, fikir yürütmək heç ağlına gəlməz də. Diktat – heyranlıq səbəbidir və onda harmoniya törədir. Onun iç dünyasında səfərbərlik baş verir. Diktat – etiqad doğurur. Diktaturalar – qalamirzələrdən ibarətdir. Bu fikir, Qalamirzənin bitkin 43 obrazı naminə, hələ bir az çox da qabardıla bilər. Ancaq in­­didən bu niyyətdən vaz keçir. Bu cür insan bütün zaman­­larda ola bilər və olub da. Birində çox, birində az. Hər şeyi diktaturaların boynuna yıxmaq insafdan deyil və heç düz­­gün iş sayılmaz da. Yeri gəlsə, diktatura demokratiyadan üstündür. Diktaturada kosmos elementləri var. Açığı, onda harmoniya bariz görsənir. Bir dılğırdan ötrü, demokratiya­­lardakı kimi, kütlənin hüququmu tapdalansın? Haya-küyə getmək yaramaz. Hüquq baxımından bir nəfər və çoxluq di­­lemması varsa, kütləyə üstünlük verməyə məcbursan. Kütlə hara, bir nəfər hara! Yazıçı Qor burada heç bir siyasət güd­­mür, onun məramı yalnız ədəbiyyatdır. Ədəbiyyat yoluyla da – əbədiyyət. Əslində Qalamirzə də siyasətdən uzaqdır, ancaq deyildiyi kimi – həm də ədəbiyyat və əbədiyyətdən. Əbədiyyət yatıb onun yuxusuna da girməz. Əbədiyyəti bir­­təhər anlada bilsən də, bəlkə onu qorxunc bir şey sanar. Akademiyada əmrlərin icraatından elmi iş özü təsadü­­fən ortaya çıxırdı. Alimliyi gözbağlıca kimi bir şeydi. Dəqiq davranış qaydaları isə həyatındakı müəyyən uğurlarla nəti­­cələnirdi. Uğurları adətən kiçik olur və bu kiçik uğurlar onu qane edir də. Müəmma bundadır ki, o potalıqda insan kiçik uğurlarla necə dolanır? Kiçik uğurlar onun qarnını doydu­­rurmu? Lakin onsuz bəzən hətta uğurun böyüyü də qazanczad gətirmir. Ən böyük uğuru sovet dövründə ev növbəsinə durmağı olmuşdu. Düz 20 il sevinc içində yaşadı. Axırı nə oldu – hər şey fıs çıxdı. Ölkə də dağıldı, ev növbələri də. Qalamirzə ömrünün az qala yarısını namizədlik dissertasi­­yasına məsrəf edib. Yazıçı Qor burada həcvə yer verməyi planlaşdırır. Bunun məqamıdır. Axı, hürə-hürə it olmağın nə əhəmiyyəti! Quyuya su tökməklə sulu olmaz. Yazıçı Qor həcvin hansı şiddət dərəcəsinə üstünlük verəcəyini hələ özü 44 də bilmir. Hə, Qalamirzənin düzgünlüyü bir satira möv­­zusudur. Dediyi vaxta barı bir-iki saniyə də gecikməz. Bu vasvası düzgünlük görünməz biabırçılıq idi. «Almanam», deyir. Niyə almanların yerişini yeriyəsən? Sən ayağını yor­ğanına görə uzat. Adam balası haçansa bir səhv etməzmola? Dəmir intiza­­ma qul kimi tabedir. Eşitmək istəmir də ki, dəmir intizamda yaradıcılığa yer yoxdur. Başıma balta çal, beləsini sevmək olmur. Düzü, səhv edən insan daha sevimlidir. Qadın da ən çox kişidəki səhvlərə vurulur. Səhvdə xatırlanası şeylər var və bu, insanlığa dəlalət edir. Yazıçı Qor gözləyir: Qalamir­­zə bir səhvə yol versin, bu da sevinsin, onu bərk sevsin. Ancaq bir iş var, iki əməl: Qalamirzə «alman dəqiqliyi»nə görə sevilmirdisə də, ədəbi obraza girmək iqtidarındaydı. İnsanda gərək bəxt ola. Onda vardı. Amma oğlan ördək ye­­rişiylə hekayədə məzəli görsənəcək. Yazıçı Qor indiyəcən fil qulağında yatıbmış. Hər itdən-qurddan yazıb, bu boyda (balacalıqda) Qalamirzənisə unudub. Harda qaldıq? Qalamirzənin anası ölüm ayağındadır. Oğlu ona həkim gətirir. O, həkimə həkimlik öyrədir: əgər öləcəksə, bəlkə daha ona əziyyət verməyək? Deyən, o, ölüm ayağında dava-dərmana qənaət etməklə irəli düşmək fikrindədir. Yəqin onun üçün ana artıq elə bir əhəmiyyət kəsb etmir. Onun ana ölümünü məqbul saydığı məqamlar Yazıçı Qor üçün çox qiymətli fakt idi. Ana nə qədər tez ölərsə, Qalamirzə bu işdən minimal psixoloji-mənəvi ləkə­­lərlə qurtulmuş olar. Arvad yaşadıqca, bunun bir oğul kimi buraxdığı nöqsanlar get-gedə çoxalar, Qalamirzənin başına qaxınca çevrilər. Qalamirzə qardaşı arvadından soruşası: 45 – Dükan tərəfə gedirəm; ət lazımdı? Nə qədər alım? Bir kilo bəsdimi? – Bulyonluq istəyirdim. Neynirsən çox alıb? Elə yarım kilo, – yox, gəlin onun xasiyyətinə uyğunlaşıb. Bunlar hələ müşahidələr sayılır. Yazıçı Qor bu yerləri bəzəyəcək, ətə-qana dol­­­duracaq. Qalamirzə dükana tez dəyib-qayıdır və aldığı əti nazik sellofan torbada anasının burnu ucuna qaldırır. – Bax, ətdi bu! Ana can hayında; bu sözlərdən bir şey qanmır. – Gördünmü? Sənə almışam. İndi bir şey bişirtdirəcəyəm. Qalamirzə oğulluq borcundan «ləyaqətlə» çıxmaq üz­­rəydi. Bunu hamının görüb-bilməsi gərəkdi. Yaxşılıq – itibbatmasın. Həri, ana görməlidir ki, bu cür şanlı oğul doğubboyüdüb. Qoy rahat ölsün. Anaya yaxşılıqlarından biri də onu vaxtında üzü qibləyə uzandırmağı oldu. Yazıçı Qor bu qiblə məqamına xüsusi fikir verdi; özü də vaxtında. Qalamirzə artıq hekayəyə girmiş kimidir. Yazıçı Qor dünya ədəbiyyatının bu toppuş obrazını indi-bu saat yap­­maq üzrədir, onun surətini aydınca görür. O, Qalamirzənin bircə adını dəyişəcək. Tutalım, «Vərağa» qoya bilər. Ya bir başqa ad. Oxuyub özünü tanımasın deyə. Yoxsa qeyrət ba­­şına vurar, beyninin qurdu tərpənər, müəllifin üstünə hü­­cum çəkər. Səhərisi arvad keçindi. Qalamirzə anasının dəfnində – Yazıçı Qor bu səhnəni də görərsə, onun simasının bütün ça­­larları tamamlanmış olar. Çox da yox, bir-iki detal ona bəs edəcək. Son akkordlar qəbiristanda çalınacaq. ...Kim nə deyir-desin, Yazıçı Qor realistdir. «Saboun xeyir». 21 yanvar – 13 may 2003-cü il

Digər xəbərlər

Qaraçuxa

Rafiq Tağının kulis.az-a müsahibəsi (3) Rafiq Tağı kulis.az-a verdiyi bu müsahibədə ədəbiyyatdan başqa bütün mövzularda danışır...

PSİ­­Xİ­­AT­­RİK KLİ­­Nİ­­KA­­DA FOR­­TE­­Pİ­­A­­NO OTA­­ĞI

Əlləri yaşıl

Gənc Qraf Kenterberiyski

Şərhlər