Tarix: 13-04-2021 22:23
Baxış sayı: 723
Xəstə Məstəliyev
adına şalvar deyilən trusikdə
tələsik,
ancaq həm də klassik
stildə
əsərlər bəstələr
psixiatrik klinikanın
fortepiano otağında.
Bu otağın
pəncərələri pionalı,
direktrisası
Fəridə Ocağova -
saçı şinyonlu,
"şampinyona"lı.
Prelüdləri
bir-bir
özünə ithaf
olunmuş sanır.
Əbədiyyət onun
iş saatlarından asılı...
Şənbə-bazarı,
dodağından
efirə dağıda-dağıda,
qəmli notları
xəstə Məstəliyev
pota hərflərlə
primitiv
musiqi bloknotuna
köçürər bazar ertəsi:
do-re-mi-fa.
Bəlkə bir gün
bu trusikli dahinin
adını daşıyacaq
psixiatrik klinika.
Onda
yağlı boyada
işlənmiş rəsmi
baş divarı bəzəyər
yəqin ki.
Heyran qoyar hamını
trusikinin
rəsmdəki parlaq rəngi.
28.IX.1998