Tarix: 25-03-2015 10:48
Baxış sayı: 2330
Xoş halına,
Rafiq Tağı!
Adam adamı çap olunan şeirinə,
Ad gününə,
Nəvəsinə elədiyi sünət toyuna görə təbrik edər.
Eşitdim,
səni öldürdüklərinə görə
qeyrətli müsəlman qardaşlar
bir-birini təbrik edirlər.
Xoş halına,
Rafiq Tağı!
Mən də bütün müsəlman qardaşlarımı təbrik edirəm!
Müsəlman qardaş
müsəlman qardaşı öldürməsə,
nə müsəlman qardaşdı ki?
Sən Allah,
Yalandan ölmə,
Altı bıçaq zərbəsi nədir ki?
Portfelində özgə dindən olan
qardaşının kitabını zərbələrdən qorudun.
Düşündün ki,
bir millət kimi bizə nə deyərlər?
Məgər millətimin içində
Öldürüləsi adamlar yoxdu ki?
İndi də durub kitabları bıçaqlayırlar?
Bir həkim kimi
özün öz halına qiymət verdin:
“Mənim vəziyyətim stabil-ağır”.
Nəyə işarə verdin, ay saqqalı ağarmış?
(Nə yaxşı ki, saqqalını ağarmağa qoymadılar)
Bu gün nə qədər namuslu qələm əhli var,
Onların halları stabil-ağır.
Bilməmiş deyilsən,
Kütlə fitə uyandı.
Hansısa bir fit verənin –
Fitva verənin qorxusundan
Tiflisin qərib bir məzarlığında
Gecə dəfn etdilər Mirzə Fətəlini.
Yasinsiz...flansız.
Sən də gecə vuruldun
Özü də necə?
Sonra da durub deyirsən ki,
şairlərin dostudur gecə.
Xoş halına,
Rafiq Tağı!
Səni gündüz dəfn elədilər,
Yasinli, falanlı.
Fəqət
az qala
Allahsız deyirlər sənə
Əlləşib nəyəsə edirlər müncər.
Ay Allah,
Nə qədər dindaş gizlənib
Quran arxasında
Əlində xəncər.
Xoş halıəna,
Rafiq Tağı!
Ölüb getdin –
Dostlarını kam almağa qoymadın.
Nəsimini soyan bıçağı
korşalmağa qoymadın.