Tarix: 20-05-2019 15:56
Baxış sayı: 1297
Mən Günəşə "fotoqraf" deyirəm. Tez-tez yerini dəyişməklə də, o hər an başqa cür görsənən "Kaspar" evinin sanki şəklini çəkmək istəyir. Bu evdəki doqquz mərtəbənin doqquzu da, anbaan tərpəşib-sayrışan asılı paltarlarla qurama janrında bəzəklənib.
Küləklərdə paltarlar köndələninə yellənir; köynəklər adamlar kimi rəqs edir. Üzündə təbəssümlər çiçəkləmiş cubbulu qız bir də gördün "beş"dəki eyvanda görünüb yox oldu. Siçanquyruğu hörükləri bu evin ən zərif naxışlarındandır. Ya görürsən dördüncü mərtəbədən yerə top düşür. Bəlkə də evə rəssam köçdüyündən, təzəlikcə də "doqquz"dan havaya rəngli kağızlar uçur. Xəzri hərdən örtülü pəncərələri qəfil açır, iç qapıları naqafil örtür. Bu evdən dəfələrlə şüşə sınıb yerə tökülüb. İncəvara, hələ bir sınıqlıq görsənməyib. Keçən yay da mübarək burnumun ucundaca həyətə bir tas su əndərmişdilər. Neynək, dedim, mədəniyyətləri oracan çatır.
"Kaspar" evinin kölgəsi ən azı bir hektar sahəni tutur. Bu "hektar" dəyişkən, qarmon kimi də yığılıb-açılandır. Kölgə gün ərzində cürbəcür həndəsi fiqurlar şəkli alır: paralelepipeddən tutmuş trapesiyaya qədər. Qəribədir, prizma formalı evin kölgəsi bəzən hətta üçbucağa oxşayır. Bəlkə də kölgəni işlədən hansısa motor mövcuddur. Günəş zenitə qalxanda kölgə dördbucağa çevrilib yerə gömür. Onda ev ayaq üstə durmuş meyidə çevrilir. Kölgəsiz ev vəhşət doğurur. Sən demə, kölgə də həyata dəlalət edən şeydir.
İndi "Kaspar" evinin ən hərəkətsiz yeri bizim mərtəbədir. Artıq ordan paltar-palaz şəfəqlənməz.
Mən oğluma həndəsəni evimiz üzərində öyrətmişəm. Kölgəsini eyvandan ona göstərər, tez də içəri dartıb zorla rəsmini çəkdirərdim. Onun kölgələrə dair ayrıca rəsm dəftəri vardı. Mən yaşın yeddisini təzəlikcə adlamış bir uşağın az qala sıxıb suyunu çıxarırdım. Ancaq həndəsi fiqurlarla bir çox mənəvi problemlər də üzə çıxmışdı. "Üçbucaq"da, nədənsə, oğlum məni adam yerinə qoymadı. "Bura gəl", dedim, qaçıb "ora" getdi. Hökmüm yerimədi. "Dördbucaq"da onun zır səfehliyinin şahidi oldum: beynində bir çevrə sanki başının yumruluğuna uyğun çarx kimi fırlanırmış - götürüb elə onu da çəkdi. Dediyimi eləyib dördbucaqlı çəksəydi, ondan çevrə düzəltmək elə də çətin iş olmayacaqdı. Yanları dart, bucaqlar hamarlanıb itsin, dördbucaqlı olsun çevrə. Di gəl, trapesiya onun üçün girməli kol deyildi. Onu həmişə dördbucaqlı kimi çəkdiyindən, bir-iki yol qulağını çəkmişdim.
Tifağı dağılan, çırağı sönən, ailəsi perik düşən insanda xatirələr əsasən ayrılığın səbəbləri səmtə yönəlir.
...Həndəsi fiqurların yaxşı göründüyü yeganə yer evin dalındakı "futbol meydançası" idi. Evin qabağında bir-iki qaraj, onlara bitişik daş hasar, birininsə tinində solğun bayraq yellənən, alçaq-hündür dəmir yolu idarələri yerləşir. Əlbəttə ki, fiqurlar onlar üzərində sınıb formasını itirəcək. Uşaq da bu deformasiyalı şeylərdən heç nə götürməz.
Bir səhər "meydança"nı diaqonal kəsib aptekə dəyəsi oldum. "Paralelepiped" görən saat anasına qoşulub getmiş, məni tərk etmiş oğlumun havası başıma vurdu. Onu yamsılayıb, paralelepipedin qıraqları ilə addımladım. Qollarım da yanlara qanad kimi açılı. Bir qolum işıqlı, biri kölgəli idi. Eləcə qədim Roma mifindəki Yanus kimi - üzüm də. İnişiləcən oğlum işıq-kölgə xətləri üzərində akrobatlar kimi hoppanaraq yeriyər, müvazinətini də qolları ilə tənzimləyərdi. ...Kim pəncərədən boylansa, məni dəli biləcək. Deyəcək, yazığı arvadı atıb, havalanıb. Tək bir talağı verilmiş arvada görə də ağlın başdan çıxması ayıbdan ayıb işdi. Əslində mən xatirəni təkcə içimdə çəkməyib, onu həyatda da əyani və mənzərəli tərzdə yaşamaq istəyirdim.
Bu evdə xəzri hərdən örtülü pəncərələri qəfil açır, iç qapıları naqafil örtür. İncəvara, bundan hələ bir sınıqlıq görsənməyib.
Ailəmizin kiçik alış-veriş işlərini oğlum tindəki dükanda edərdi. İkilikdə ona ad vermişdik - "kənd dükanı". Ondakı hər şey oğlumun yadında qalmış olar: peçenye-vafli qoxusundan tutmuş, pəncərə qabağına düzülü rəngbərəng "meyvə şirələri"nəcən.
Yalan olmasın, azı bir kilometr uzunluğundakı "Kaspar" evimizin bu, ya digər üzünü mən aylarla görmürəm. Yolum əksərən günbatandan düşür - dəmir yoluna çıxıb "elektriçka"yla özümü şəhərə çatdırıram, bununla da iş bitir. Üstəlik, evdən çıxanda, bir də qayıdanbaş yeyin gedir, bəzən hətta yüyürürəm. Sanki məni evdən çölə, çöldən də evə qovurlar. Boynuma alıram, qaraqabağam, qız kimi də - utancaq. Qərbdə "mizantrop" adlanası adamayovuşmazam. Evdə qayda-qanun bir balaca pozuldumu, gözlərim hədəqədən çıxar. Mən ailədə dəmir intizam tərəfdarıyam. Ayaqqabıları girişdə cüt görmədimsə, evdəkilərin işi fırıqdı. Savaş təbilləri çalınacaq. Dəftər burda, kitab orda, ya qələm mizin altında - belə şeylərlə qəti yoxam. Allah göstərməsin, çanta yerində əyri dura! Mən qapıdan içəri ayaq basan kimi də süfrəni hazır görmədimsə, "41-45" başlanmalıdır.
İndisə damcılayan krana baxdıqca, ürəyim sancır. Oğul kimi axıracan onu düzəltdirmədim. "Nəğməli" kran mənə bütün kəm-kəsirlərimiz kimi, elə onlarla bağlı da çox əziyyətlər görmüş, artıq "keçmiş" sayılan arvadağanı xatırladır. İçimdə bir damar var, daim onun barəsində atır. Zoqquldayır. Rəngi hələ onun vaxtında solmuş ətənə dəsmallar, qulpu sınıq çaynik, hətta irili-xırdalı iç-içə boşqablar da onu yada salır. İşə bax, baxmayaraq ki, onun kimi sulayıram, dibçək güllərinin yarpaqları becid tökülür. Sanki mənə etiraz edirdilər. Onun gördüyü - elə həmişə qara işlər olub. Dünyada paltar yumaqdan da əclaf iş yoxmuş. Qədribilinməz, həm də darıxdırıcıdan darıxdırıcı. O indiyədək arvadım yox, sadəcə, hambalım olub. İxtiyarı özünə çatmayıb. Etiraza iqtidarı olmayıb. Adicə qatıq almağı da mənimlə məsləhətləşərdi. Ətini didməkdə, başını döyəcləməkdə heç özüm də bilmirəm ondan nə istəyirmişəm. Qızım da beş yaşınacan anasını döydüyüm bütün məqamları görmüşdü. Ay nə ola, hamısını unuda. Anasını eşşəkcə çırpıb, sanki əvəzində onun üzündən maç edərkən, çöhrəsində məcburi-ürkək, sardonik təbəssümlər görsənərdi. Hətta yetkin aktyorlar kimi, məharətlə gülərdi də.
İndi hər hansı filmdə qadın döyüləndə, gözlərimi döyə-döyə qalıram. Hər dəfə öz vəhşiliklərim göz önünə gəlir.
Ayın 7-də evin qabağı ilə ATS-ə dəyəsi oldum. Buralardan çoxdan keçməyibmişəm. Hər şey təmiz dəyişilib. Haçansa uşaq gördüyüm qızlar sanki qəfil böyümüşdülər. Hətta bir-ikisi qızlar bulağından su da içmişdi. Bay, şamama kimi məmələri çıxıb. Tindən baş küçəyə burulanda, motosiklçilər eskortu burnumun ucundanca vıyıltı ilə ötdü. Güman, dövlət başçısı haradansa qayıdır. Ya ölkəyə böyüklərdən kimsə qonaq gəlir. Əlbəttə, mənim üçün artıq belə şeylərin bir isti-soyuğu yoxdu. Yadıma gör nə düşür: haçansa oğlumla anasının yanında döşümə döyüb öyünməyim. Bəh, aeroport yolu evimizin yanından keçir! Respublikaya hörmətli qonaqlar məhz bu yolla gəlir. Bir dayanın, mən hələ güllə kimi səkən eskort fonunda şəkil də çəkdirmişəm. Arxam motosiklçilərə, üzüm - həyətə. Fotoqraf vacib anı yaxşı tuta bilmişdi. İndi hərdən şəklə baxıram: əcəb günlərimiz varmış. Düzdü, fotodakı eskort əhatəsində ordan kimin keçdiyi bəlli deyil. Onsuz indi bunun elə bir əhəmiyyəti yoxdu da. Hər halda, öz ölkəsinin nüfuzlu şəxsiyyəti idi. Həm də bu cür şeylərə məndə artıq həvəs qalmayıb. Hər şey sönüb. Ruh ölüb (onu aparıb basdırmaq gərək). Təkcə xatirələr qalmaqdadır. Evimin hər tinində bir xatirə yatır və təkcə mən ora çatanda oyanırdı.
Küləklərdə paltarlar köndələninə yellənir; köynəklər adamlar kimi rəqs edir.
Amma respublikaya gələn qonaqlara görə oğul-uşaq yanında kişiləşməyimin xəcalətini indi də çəkirəm. Özümü bağışlaya bilmirəm. Gələcəkdə uşaqlarımın bu cür dingiliş və miskin atanın goruna söyməyə ixtiyarı çatacaq. Di gəl, goruma söymək üçün onlar mənim haçan öldüyümü necə biləcək? Görsəm ölürəm, gərək onlara xəbər göndərəm; bunu kiməsə vəsiyyət edəm. Goruma söyülməsinə şərait yaratmaq mənim atalıq borcumdu. Qoy onlar heç də tərbiyəli qalmasınlar: atalarını yaxşı söymək naminə yaxşı da söyüşcül olsunlar. Allah hayandadı, kaş o vaxtacan doqquzmərtəbəli söyüşlər öyrənələr.
Küçəni aşıb iki cüt bir tək ağacı olan parka adladım. Orda qızımın surəti içimi yandıran dördbucaqlı közə çevrildi. Mən ətcə balamın ördək kimi yan basa-basa yeriməyinin səbəbini niyə gec bildim. O, parkda qaçışan uşaqların heç birinə çata bilməzdi. Qohum-dost, əmi-dayı - əfsanə şeylər imiş. Onun müalicəsində hamı yaxasını qırağa çəkdi. Mən qızımla tək qaldım. Onda qızım mənimlə ikilikdə təkdi, ayrılığımızdan sonra isə - təklikdə təkdi. Qızım şikəst ikən onlardan ayrılmağımın dərdi mənim axırıma çıxacaq. Palıd kimi lapdan yıxılacağam. ...Əl-ələ gəzişəndə, bir-birimizə nələr danışmazdıq. Şeytanın dili də şirin. Hələ bəbə sayılası uşağın da xatirələri olarmış. Mənim xatirələrim acı, onunkular - şirindi. Ancaq mən də ona xatirələrimin acılarını yox ki - şirinlərini danışardım. Sanki əvəz-əvəz olurduq. Yox, elə dediyimdi, park məni öldürəcək. Bəlkə də bu heç park deyil, "Kaspar" evinin tinində Əzrayılın məni güddüyü yerdi.
..."Kaspar" evinin dörd yanını bir gündə gəzib başa çıxmaq müşkül işdi. Buna heç lüzum yoxdu da. Üstəlik, hər tində bir xatirə oyanıb məni altına basırsa. Ən arxayını, şəhərə xatirələrin qıt yerindən sivişib keçməkdi; bu yeri də hələ axtarıb tapmaq gərək.
Bu saat "Kaspar" evində ən ölü yer mənim mənzilimdi. Artıq onun eyvanından paltar-palaz şəfəqlənməz. Ancaq əslində ölü yerlər də qurama janrının sənət çaları sayıla bilər.
13.VIII. - 11.XII.1999