Tarix: 20-05-2019 15:32
Baxış sayı: 1262
O, Vahidlə belə danışıb: əmanəti verir, özü çəkilir qırağa. Paytaxta kimin xahişi ilə, kimin əmriylə düzələcəyini bilmir, heç bilmək də istəmir. Qorxur deyilənlərə inanmaz, ümiddən düşər. Tərs kimi də Vahid hər dəfə gözünü yumub, ağzını açır: vədə xilaf çıxsalar, deyir, yediklərini boğazlarından çıxaracaq. Onda Sahib şübhələnir, qanı it qanına dönür.
"Bakının açarı - pul-paradır," - bu açıqca sözü uşaqlıqdan eşidir.
Şəhərə gedəsi günü Sahib yuxudan oyanıb göy üzünü arıdan buludlu gördü. "Bulud"un kölgəsi həyətdə qarmon kimi yığılıb-açılırdı. Hə, atası bal kəsir. Körük basıb, arıları tüstüylə pətəkdən qovmuşdu. Kişi - libasından "meksikan"lara oxşayır. Fetr şlyapasının yanlarından sallanan, üst-üstə geydiyi köynəklərin boynuna saldığı tor da güya üz-gözünü arıdan qoruyur. Pijamasının balaqları uzunqıç "morskoy" çəkmələrdəydi. Yeriyəndə iri əlcəklərinin barmaqları yellənir.
- Başın batsın! Dedim hanı ləyən?! ...Bay, mirət yenə sancdı! - kişi əlini çiynində necə şappıldatdısa, güman, arının beş-onunu birdən gəbərtdi.
- Tutun böyründədi! Sola bax! Ağ tutun böyründədi!
Anasının səsi gah ordan, gah burdan gəlir. Kişisinin əmriylə həyəti eninə-uzununa ölçürdü.
- Ana! Ay ana!..
- E-eyy! Siz də ölün içəridə! - o, qapıdan marıtdayan, xorla onu çağıran qızlara bir ağız çımxırdı. Həmişə acığını onların üstünə tökər.
- Deyin ki, mən çağırıram! - otaqdan Sahibin səsi gəldi.
- Səni Sahib çağırır! Biz yox!
Arvad oğlunun adı gələndə, həyət boyu evin çıxacağı səmtə yüyürdü. Başını da per-pencəklə bürümüşdü ki, arılar onu neştərləməsin. Amma elə bil yağışdan qorunurdu.
- Nə işdi? - içəridə nəfəsini dərib, Sahibə baxdı.
- Bir az çay-çörək gətir, zəhərlənək. Bakıya tələsirəm!
- İşin var... orda?
- Yox, oynamağa gedirəm!
İldə bircə dəfə bal kəsilir, tərslikdən o da gəl bu vacib günə düş. Arı sancanda üzü elə şişər, gözləri elə örtülər ki, bir şey oxumaq istəyərsə, gərək barmağını soxa, göz yerində xüsusi deşik aça.
- Bəlkə sabah gedəsən?
- Allahu-əkbər! Arvad, mənim işlərimə burun soxmayın! Sizə milyon dəfə demişəm!
- Kim burun soxur? Heç kimin sənnən işi yoxdu.
- Ora getmə, bura getmə! Bu gün getmə, sabah get! Bə bunlar nədi? Bezmişəm daha!
- Bezmisən, bezmə, - qızcığaz şeytan-şeytan bunu deyib qaçdı yükün dalına.
Anası üçün Sahibin Bakı səfərləri bir müəmma, sirri-xuda idi. Hərçənd qulağı çalmışdı ki, deyəsən, oğlu şəhərə can atır. Axı bu yaşda gedib neyləyə biləcək. Harda qalacaq. Tələbəlikdə mağıl yataqxana vermişdilər; çünki borcları idi. İndi deyərlər salamməleykim, sən kimsən? Ev alanacan da həyatı zəhərə dönər. Hayıf, övlad da qocalır. Vaxtında da evlənmədi. Oğlana söz deyirsən, alçı durur. Beşaçılan kimi açılır. Acıb-susamağını da qorxa-qorxa soruşurlar.
- Ay qız, gəlib çıxsana, harda öldün!..
Evdə Sahibin şəhərə məhz bu gün atlanacağını bilmirdilər. Sahib də balın bu gün kəsiləcəyini fərz eləməzdi. Ailədə iki cüt bir tək adamdılar, bir-birindən xəbərləri yox.
- Get gör o yenə niyə bağırır!
- Bala, atandı, ədəbli ol.
- Yaxşı, olaram, get.
- Arı vursa, çinlilərə oxşayacaqsan, - qızcığaz qardaşına yenə söz atıb, bu dəfə qapının ağzına qaçdı. Həm istəyir qaqaşının hirsini soyutsun, həm də ondan şillə yeməsin.
- Vallah, sənin də Araz aşığındandı, Kür - topuğundan.
Arvad eyvana çıxıb:
- Nədi? - soruşdu.
- Harda batıbsan?
- Sözünü desənə! Yox bir, gərək acılaya!
- Şoğəriblər yenə daraşıb canıma. Korsan görmürsən?
- Sənə dedim pijamanın üstündən şalvar gey, qulağına almadın. Günah özündədi.
- Gəl! Tez gəl, ləyəni apar!
- Ora necə gəlim! Onda bir az bəri itələsənə!
Qəşəm çəpərin o üzündə, öz həyətlərində, bir tək maykadaca dayanıb, tutduğu arıları qarın-qarına toqquşdururdu.
- Xala sənə qurban, gəl o dolu ləyəni sürü bəri.
Qəşəm məhəllədə adıbəlli Koroğlu idi: onu arı-marı iynələməz. Lap pöhrə verəndə də. Baş-bədəninə dəyib vızzadan ötərlər. Deyirdilər güya qanı acıdır. Bəzilərinin kəşfinə görə, yetişkənlikdə oğlan uşağına arı dəyməz.
O, ləyəni sürütləmədi, kişi-kişi qaldırıb, altını yerə vura-vura olsa da, evin dibinəcən gətirdi. Sonra qırıq şana qonan kötməcə bir arını tutub, qanadlarını dibdən qoparıb, havaya fırıldatdı. Arı göydə vızıltıyla balaca bir qövs cızıb, vurulmuş təyyarə kimi yerə gəldi. Tül qanadları özündən sonra endilər.
Arvad balı üst gözə apardı.
Qızlar:
- Ur-ra-a! - qışqırışdılar.
- Qaşıq!
Taxçadan Sahibə balaca qaşıq gətirdilər. O, şanlardan süzülən sapsarı məcundan götürüb ağzına qoyduqca, anası sevinirdi - atası kəsən baldan dadmaqda, oğlan bəlkə də onunla barışır.
- Səndən soruşurlar: məni arıdan ötürürsən?
- Bəlkə getməyəsən?
- Məni ötürürsən, ya yox?! - Sahib bu dəfə dözməyib qışqıranda, arvad səssizcə sürüşüb günbatan gözdən bir qucaq köynək, dəsmal və mələfə gətirdi. Oğlunun boyun-başını sarımağa başladı. Qurtarıb zəif yerləri də əliylə tutdu ki, açılmasınlar. İkisi birdən pilləkənləri endikcə, Qəşəm həyətdə gülməkdən qəşş edirdi.
- Xala, sən elə bil Sahib əminin qulağını dartırsan.
Kişi də dikəlib doqqaz tərəfə gedənlərə baxdı. Üz-gözündən tər çeşmələnirdi.
- Ay-y səni!
- Bax, arı o yazığı yenə köpürtdü!.. - anası təəssüflə arxaya çönəndə, Sahibin başındakı köynəklər, gəl açılasan. Çoxu çiyninə düşdü; bəzisi də yerə. O saatcana iki-üç arı onun peysərinə yapışası.
- Vaayy!
- Öləsən, canım, uşağımı da sancdılar!..
- Arvad, kor gözlərin hara baxır? Yoxsa ərinə tamarzısan? - Sahib özündən necə itələdisə, anasının başından yaylıq havaya uçub, paraşüt kimi soğanlığa endi.
Əvvəl onun qulaqları şişib yanlara uzandı. Üzü də elə bil qırmızı şardı, get-gedə püfləyib doldururdular.
- Yox, mən elə bu xarabada da çürüməliyəm!
* * *
Sahib o gecə qorxunc yuxular gördü. Arıları cəm halda metro girəcəyinə qonmuşdu. Müşketyorlarınkına bənzər uzun və nazik ayaqcıqları arasında narıncı bir gilavar dolaşırdı. Girib-çıxanlar ortadan cığır açmışdılar. Cavan milisioner də, ona necə öyrədilibsə, eləcə səkidə gəzişir, baxır, pusur, bu işin son-nəticəsini gözləyirdi.
Vahid "əmanət" dalınca ora gələndə, qabağına əməllicə bir "ordu" çıxdı. Arılar onu dövrələyib, dəyirman çarxı kimi fırlanmağa başladılar. Axır başı gicəllənəndə, Vahid protezə oxşar qıçlarından birini irəli atdı. Bircə təpiyə bunların yarısını xəşilə döndərmək istədi. Onda arılar baş-gözünə daraşmadılar bə. İynələri nizələr kimi sancılırdı. Milisioner göz qabağındaca kirpiyə dönən məxluqu tirtap yerə gələn görəndə, nizamnamə üzrə havaya bir güllə buraxdı.
1982 - 2003