Tarix: 20-05-2019 15:29
Baxış sayı: 1277
Beşdə-üçdə İdris müəllimlə rastlaşıb vağzalacan bir getməyimiz var. Ya vağzaldan - evə gəlməyimiz. "Elektriçka"da kasıbçılığımızı çalxalayırıq. Bircə dayanacağa "bliskriq" dərdləşməkdən heç olmaz. Hərdən də susur, gözü yol çəkir. Onda fikrini dağıtmaq üçün ortalığa əndrabadi sözlər atıram:
- "Elektriçka" nəqliyyatın klassikasıdır.
Gəl bundan baş aç!
- Təyyarədən pisi yoxdur, - o, yuxulu kimi dillənir. Amma deyən, sözümü başa düşüb.
- Görən, velosiped də nəqliyyat sayılırmı? - onun cavabı qarşısına bir sual diyirlədirəm.
Uca boyu gənclikdən ona hörmət gətirib. Ölüdüsə, bu hörmətlərlə dirilib. Hələ indi canı düşüb; camış kimi iricə sümükləri qalır. Şux çağlarında özünü istənilən məclisin şahı sayarmış. Harda oturdusa, hamı gözünü onun ağzına dikməli imiş.
"Cəfər Cabbarlı"nın yanında:
- Sən hara? - soruşacaq. - Beləyəmi?
Əl-qol hərəkətləri onun üçün fikir izharının köməkçi vasitələridir.
- Hə, mən beləyə.
Müəllimlə "bəli-xeyr"lə danışarlar, mənimkisə - "hə-yox"du.
- Mən - bu yana, - o, başını çöndərdiyi səmtə əlini də uzadır.
- Onda hələlik, - mən tez deyirəm.
İdris müəllim "kəmağıllar məktəbi"nin direktorudur. Həmişə zarafatla nə qədər belə deyibsə, bəlkə öz məktəbinin dürüst adını unudub da. Onun məktəbində tədris axıracan ibtidaidir. Riyaziyyat hesab səviyyəsindən yüksəyə qalxmaz. Hərfləri uşaqlara heyvanlar kimi, heyvanlarısa hərflər kimi tanıdırlar. Məsələn, dovşanı göstərib bığ yeri təzəcə tərləmiş bir "öküz"dən soruşurlar - "Bu nədir?" "D", - "öküz" deyir. Ordakılara Azərbaycanın ölkə olduğunu hələ də anlada bilməyiblər. Ölkəyə dair heyvan şəkli yoxdur. Bəziləri elə bilir Azərbaycan yeməli şeydir. Dərsin ortasındaca alma-heyva təpişdirər, fısıldaşa-fısıldaşa yerkökü gəmirtləyərlər. Dərs onlar üçün kollektiv oyun yeridir. İdris müəllim özü çoxdan onların tayı olub. Bir tək uzaqdan salamlaşmağını görən, "bunun başı çatmır", deyər.
- E-e-a-a-e! - bu onun məni səsləməsidir. Bəlkə onunla artıq dostuqsa da, deyən, hərif adımı bilmir.
- Ay salam! Salam! - bu da mən.
- İı-ü-e? - lalın dilini anası bilər - bu, "nə var, nə yox?" mənasındadır. Ya ola bilsin - "necəsən?" Ancaq "nə var, nə yox" elə "necəsən"in sinonimidir. Onsuz mənim həyatımda heç bir şeyin onun üçün əhəmiyyəti yoxdu; odur ki, cavabdan vaz keçirəm.
- Bə sizdə nə var, nə yox? Beləyə gedirsiniz? - guya onun hara yol ölçməyinin də mənə bir isti-soyuğu var. O, uzun qolunu razılıq əlaməti olaraq, həm də "otur" işarəsi verən kimi yuxarı qaldırıb, aşağı endirir.
- "Sınız, siniz!"
Müəllim ki müəllim, dilimdə süni səslənən şəkilçiləri gör necə tutdu.
Məktəbdə ağıl gərək olmadığından, o, həyatın hər sahəsində ağlın və sözün rolunu minimuma endirib. Axı, ağız-dodaq əyişdirməklə cavab vermək olursa, sözə nə hacət. Düşüncələrində məntiqə yer ayırmır da. Dilinin ucuna birinci nə gəldisə, söhbəti onun əsasında quracaq. Ancaq əsas mövzu kefəhvallaşmağımızdı. Bununsa qiyməti mahiyyətcə sıfıra bərabərdir. Onun da, mənim də "yaxşıyam" cavablarımız bir-birimizdən xilas şansı kimi dəyərləndirilə bilər.
Bizim onaltımərtəbədən onların yastı-yapalaq birmərtəbələri ovuc içi kimi görsənir. Birmərtəbələri kəsən həyət dar bir dəhlizi xatırladır. Sağ-soldakı evlərin adamları yuvalarına girib-çıxan siçan-siçovul təsiri bağışlayır. Damı qır basılı mənzillərə yay cəhənnəm kimi gəlir. Xəzri bu cəhənnəmin üstündən əsir. Müəllim özü boynuna alır: qır beyinlərini əridib. İnan, deyir, kəllə olmasa, beynimiz həlməşik bir maye kimi süzülüb gedər. O hər söhbətində kəlləyə minnətdarlığını bildirir. Bunu da boynuna alır ki, heç vaxt düz-əməlli məktəbdə işləyə bilməzdi. Kəmağıllar - alnına yazılıb. Normal şagird onun üçün qəbuledilməzdi.
"Dəhliz" gedib-gedib dəmir yoluna dirənir. Yük və sərnişin qatarları qulaqlarının dibindən ötür. Onda pəncərələri cingildəşir. Kim daş kimi yata ha, yenə diksinəcək, qıncanıb-zarıyacaq. Ya kimsə bir böyrü üstündən digərinə aşacaq. Stansiya nəzarətçiləri kimi də yatdığı yerdəcə gələn-gedən qatarları sayır. "Bakı-Moskva" adamın qulağına qıyıq kimi sancılır. Yalnız ara sakitləşəndə mürgü döyər. Evdə yatmağı işdə yatmaq kimi bir şeydir. "Məndə dəmir yolu xəstəliyi var", deyir. Diksinə-diksinə yatmaq bunun ən birinci əlamətidir. İndi belə çıxır, zəqqum rəngli sərnişin və alabəzək yük qatarlarından yalnız ölməklə qurtulmaq mümkündür. Ancaq hər necə ola, İdris müəllim yenə dəmir yolunu tramvay xəttindən üstün tutur. Əşi, tramvay adamın canını alır; hər ötüb-keçəndə, deyirsən, həyətdə zəlzələ qopur. "Montin"dəki tramvay xətti üstündə qədim bir dostu qalır; əsl zəlzələni tanımaz. İdris hər işdə özünü onunla ölçür. Guya ondan qat-qat xoşbəxtdir. Bu xoşbəxtliyi riyazi hesablamaq da olar: keçən tramvayların sayını qatarlarınkına bölməklə. Hə, tramvay onları qırıb-çatmaqda. Tramvay xətti üstündəkilər dəmir yolundakılara həsəd aparar. Dostunda qan təzyiqi ondakından həmişə yüksək olur. "Ürəyimə damıb, o məndən tez öləcək", - İdris deyir. "Allah eləməsin", - bu mənəm. "Canı da çıxacaq", - İdris dil boğaza qoymur. Görünür, zarafatları var. "Mən hələ 20 il qabaq Bakının cənnət bir guşəsində ona ev tapmışdım, qudurdu. İndi qoy ölsün orda, ona haqq olur". Mən axıracan mədəni qalmaqdayam - "allaheləməsin"ləri sapa düzmüşəm. Güya mən üzünü görmədiyim dostunu onun özündən çox istəyirdim.
Müəllim get-gedə qoca palıda bənzəməkdə. Yəqin qəfil yıxılacaq. Düzü, mənim gözüm yıxılası adamları uzaqdan alır. Bu barədə "ispisəlist" olmuşam. Ən çox da nəvələrini qucağına alıb məlul oturmalarından, dünyanı çalıb-çapanlar barəsində naəlac danışmalarından.
* * *
Bir gün obaşdan taxta-dəmir səsinə oyandım. Günəş hələ yatmışdı. Hava işıqlaşanacan birmərtəbələrlə bizim "onaltı"mız arasında brezent bir mağar artıq hazır idi. Hər halda, onu toy üçün qurmamışdılar. Girişdə keşikçilər sayağı görsənən iki iri samovar adamın canına üşütmə salırdı. Eyvandan içəri cumub qışqırdım - "Orda kimsə ölüb!" Ancaq sonra gördüm yersiz qışqırmışam. Tələsmişəm. Əksinə, bu ölüm həmişəkilər kimi mənə məmnunluq gətirməli idi. Az keçmədi, gətirdi də. Arvad da eyvana tez-tez girib-çıxır, faktı sakitcənə təstiqləyirdi - "Hə, orda ölən var". Şükür kəramətinə, İlahi, bu şoğərib də mənim sözümü göyərdərmiş. Onunla daim didişmədəyik; indi barışan kimi olduq. Həm də sanki hərəkətlərimiz artdı. Nədənsə, ölüm adı eşidəndə, adam civəyə dönür. Hə, arvadla sözümüz yalnız ölənlərin təsdiqlənməsi barəsində düz gəlirdi. Deyirəm, kaş elə həmişə kimsə ölə, mən onun sözünə "hə" deyəm, o - mənim. Bu həm də sevgiyə bənzəyərdi. Ölən kimdisə, yaddı. Çünki bizə bir zəng-zad gəlmədi. Təki yad olsun, doğma olmasın. Yad ölümü evə bayram kimi gəlir. Dayan, qoy yaddaşımı təzədən qurdalayım: axı, bu həyətdə bizə simsar kim olar? Yəqin müəllim. Ondan savayı heç kim. Bəlkə heç o da yox. Nə olsun ki, hərdən rastlaşıb dağdan-bağdan danışmağımız vardı. Hətərən-pətərən sözlərə nə verərlər. Biz min il rastlaşıb söz söyləyək, yenə doğma olmarıq. Ölüb-ölüb də-ə - burda nə problem ola bilər. Hamı haçansa ölməlidir; bu indi ölür.
Mağar gecəyəcən durası idi. Amma bu gün uşaqların həyətdəki futbolu qaldı. Bir növ, yas Azərbaycan futbolunun tərəqqisinə əngəl törətdi.
Zarafat öz yerində, ölən birdən çaşıb İdris müəllim olar. Əvvəl bir az narahatlıq keçirdimsə də, sonra tez özümü ələ aldım. Bayaq dedim: nə olsun İdrisdi? Ölüb, lap yaxşı edib. Qoy yadımdan çıxmamış deyim ki, Allah ona rəhmət eləsin. Özü də məsləhətdisə - qəni-qəni. Guya bir az gec ölsə, dünya düzələcək? Ya tez ölərsə, dünya dağılacaq? Allah şeytana lənət eləsin, bu saat mən bayağı fəlsəfəçiliyə yuvarlanmaqdayam. Amma ölən odursa, nə canı qurtardı! Mənim də onunla görüşlərimizdəki vaxt itkilərinə son qoyuldu. Əngə verincə, yolda "ceyran"ları seyr edərəm; onlardan gözüm doymur. Hə, İdris müəllimin ölümü mənim üçün yox yerdən qazanc idi. Hazıra nazir olmuşdum. Dayan, burda bir iş var, iki əməl: tutaq, heç doğma-zad da deyil, bir həyət qonşusu kimi mən İdris müəllimin hüzürünə getməliyəmmi? Ümumiyyətcə, görən, bu dünyada mənə də əziz olan bir insan varmı? Sən bir sözə bax - "əziz". Qohum-əqrəba bəlkə də eləsindəndi. Özü də maşallah, it ölüsü, köpək sürüsüdülər. Görən, onlardan hər hansı biri ölərsə, buna yanarammı?