ALMANLAR HAQQINDA HƏQİQƏTLƏR. Alman (faşist) xalqının psixoloji portreti

Tarix: 20-06-2018 10:02
Baxış sayı: 2099

ALMANLAR HAQQINDA HƏQİQƏTLƏR

Alman (faşist xalqının psixoloji portreti)

 

Bəşəriyyət almanlara münasibətdə böyük etik çərçivələr gözləmədə. Amma nahaq. Bir vaxt faşizmi milli firavanlıq vasitəsinə çevirmiş millətə yüksək etik yanaşmalar yersizdir. Faşizm alman xalqının XX yüzilin birinci yarısında üzə çıxmış milli keyfiyyətidir. Faşizm – tarixdə görünməmiş, dözülməz bir əxlaqsızlıq idi və alman xalqı bu əxlaqsızlığa həvəslə qurşanmışdı. İnsanlığa qarşı cinayətlərin almanlarda gələcəkdə də, yeni modifikasiyalarda bir daha boy göstərməyəcəyini heç kəs deyə bilməz. Qaçılmaz qlobal cinayətlər alman ruhunun məntiqi nəticəsidir. Xolokosta görə Almaniya yəhudilərə təzminat ödəyirsə də, günahların bu cür materialistcəsinə yuyulması, yaxud günahların maddiyyatla bu cür ləğvi mümkünsüzdür. Cinayətkar bir millət niyə də hələ öz layiqli cəzasını almasın? “Faşist” və ”alman” – bunlar sinonimik sözlərdir. İndilikdə “faşist”lə ”alman”ı fərqləndirmək və ayırmaq riyakarlıq olardı. Alman xalqının faşizmlə bircə dəfə vüsəti onun əbədi lənət obyekti olması üçün kifayətdir. Alman xalqı antibəşəri ideyalar daşıyıcısıdır. İnsana nifrət – alman xalqının kəşfidir. Avropada İntibah dövrünün məhsulu olan, XVIII əsrdə zirvə həddinə qalxmış humanizmin axırına alman xalqı çıxmadımı? Öz milli ədəbiyyatındakı humanizmi də almanlar ayıb bir şey kimi rədd elədilər. XVIII yüzil romantik ədəbiyyatındakı humanizmin sonrakı dövrlərdə davamı olmadı. “Romantik və xəyalpərəst almanla qəddar və qəsbkar alman arasında bağlılıq tapmaq müşkül işdir” (N.Berdyayev). Alman ədəbiyyatında humanizm artıq yalnız tarixi faktdır. Bütün bəşəri nəsnələr arxivlərə gömülüb; qapılarından da ağır kilidlər sallanır.

Bəşəriyyətin almanlara münasibətdə təzahür edən etika riyakarlığı, çox güman, yeni germanizm təhlükəsindəndir. Germanizmin məntiqi nəticəsi müharibələrdir. Germanizm – humanizmin məhvindən törənib. A.Şveytserin təbirincə desək, almanlarda hazırkı “psevdoetika humanizm qurtaran yerdə yaranıb”.”Germanizmin yenilməsi – Avropa mədəniyyətinin qələbəsi olardı” (F.Nitsşe). Almanlar tez aqressivləşən, ekstremal vəziyyətlərdə tez də cəzm olub özündən çıxan, insanlıq simasını itirərək, vəhşiyə çevrilən insan kütləsidir. Almanın uşaqlıqdan ən çox sevdiyi şey silahdır. Almanlar hədsiz darıxdırıcı, cansıxıcı millətdir. Alman – böyük Avropa bürokratıdır. Alman xalqının bütün uğurları əslində onun mənəvi köləliyindən nəşət tapır. “Qanun diktaturası” – onun köləliyinin mədəni adı budur. Alman Roma imperiyasında layiqli qul olardı. Almanlarda demokratiya riayət olunmaması qəbahət bilinən bir Avropa dəbidir. Alman dövlətində həqiqi demokratiya yoxdur və ola da bilməz. Demokratiya alman xarakterinə ziddir. Demokratiya alman xalqının yuvarlanacağı uçurumdur. Almaniyanın texniki yüksəlişini həmişə yalnız diktatura təmin edə bilər. Faşizm dövründə olan və elə indiki texniki tərəqqi də diktatura göstəricisidir.

Hə, cinayətkar bir millət hələ cəzasına çatmayıb. Yox, II Dünya müharibəsindən sonra Almaniyanın parçalanması çox yüngül cəza idi. Alman (faşist) millətinə xristiancasına rəhm bəşəriyyətin ən böyük səhvlərindəndir. Cəzasıqlıq hər hansı millətdə aqressivliyi şərtləndirən və onu gücləndirən haldır. Əlbəttə, bu başqa bir söhbətin mövzusudur ki, canilərə rəhm aşılayan xristianlıq özlüyündə anormal düşüncə tərzidir və əslində növbəti cinayətlər üçün əlverişli şərait yaradır. Xristianlıq cəmiyyətdə və fərddə antiinsani meylləri gücləndirir. Xristianlıq yəqin ən çox canilərin xoşladığı və elə onların da yaydığı dindir.

Almanlar instinktlər səviyyəsində manipulyasiyaları xoşlayır və milli varlıq olaraq da instinktlər gücünə mövcuddur. Müharibələr onun sifətidir. Dağıdıcılığı quruculuğundan qat-qat üstündür. Almanlar üçün hazırkı sülh bir Avropa imperatividir və müharibə ruhu hələlik milli alt-şüurda konsentrasiya olub. II Dünya müharibəsindən almanlar sülhə məhkum olunmaqla çıxdı. Sülh alman xalqının həbs halıdır. Alman iç dünyasında azad deyil və o, heç azadlığı xoşlamır da. “Alman özünü ancaq kazarmada azad sanır. Azadlığın dərkində biz heç zaman almanla ümumi rəyə gələ bilmərik” (F.Nitsşe). Almanlar ən uca insanları da qanunlar çərçivəsində neytrallaşdırır və bir heçə döndərir. Parçalanmış Almaniyanı birləşdirən Helmut Kol kimi böyük bir şəxsiyyət kiçik bir xətaya görə obskurasiyaya məruz qoyulmamışdımı? Az qaldı da ona həbs kəsilə. Alman qanundan yana heç bir dəyər tanımır. Qədirbilməzlik onun ən gözə girən xüsusiyyətidir. Alman ədəbiyyatı da əksərən qanun və onun pozulmaları ətrafındadır. Alman ədəbiyyatındakı az-çox nəzərə çarpan bütün bəşəri dəyərlər başqa xalqlardan əxz olunmadır və təqlidi səciyyə daşıyır. Almanlar bəşəri dəyərlərə yalnız nəzəri cəhətcə bələddir və bu barədə olan nə varsa, onu ucdan-qulaqdan eşidib. İ.V.Hötedə süjetlər də ideyalardan sızdırılır və ondakı hər şey tamam uydurmadır. “Alman təfəkkürü həmişə normativdir” (F.Nitsşe). Alman mədəniyyəti bu normativlər daxilində həddən artıq məhdud və bəsit görsənir. Alman şəhərinin hər kərpicindən, alman bağçalarının hər yasəmən salxımından qanun qoxusu gəlir. Ona görə də bu şəhərlər boğucu, hətta öldürücüdür. İntiharlar həmişə qupquru qanunlardan – üfüqdə qanundan savayı insani bir şey görsənməyəndə, törənir. Təkcə qanunlardan doğulan perspektivlər insana azlıq edir. Alman üçün sevgi də yabanı bir şeydir; sevgi dərhal yuridik məqamlarda təsbit olunmalıdır. N.Berdyayev yaxşı deyirdi ki, almanlar Berlini kazarma tipində qurub. Arxitekturaları düz xətlər və düz bucaqlarla zəngindir. Lüteran kilsələrinin iti şpilləri sanki göyləri dəlmək üçündür.

Bəşəriyyətdə tərəqqi prosesi mütəmadi olaraq alman xalqı tərəfindən ləngidilib. İnsanlıq bütün dövrlərdə almanlardan olmazın əzab-əziyyətlər görüb. Alman xalqı dünyəvi faciələr yaradıcısıdır. Ondan texniki qabiliyyət etiraf olunarsa da, mənəvi-əxlaqi qabiliyyətsizlik aşkardır. İnsanlığın ən uca nailiyyəti olan əxlaqa qarşı ən çox da alman filosofları təpkilər göstərib. Humanizm və əxlaq mücəssiməsi olan İsa peyğəmbəri daş-qalaq etməyə çalışmış, burada da fikirlərinə bol-bol istinad etdiyimiz, F.Nitsşe bir düşkünlük nümunəsi sayıla bilər. İnstinktlər “məntiq”ini bəşəriyyətə ancaq almanlar yeridib. İnsan mövcudluğun ən alt mərtəbəsinə qısnadılır, instinktlərlə davranış səviyyəsinə endirilir. Z.Freydin antipoetik alt-şüur nəzəriyyəsində əxlaqa qətiyyən yer yoxdur. Volyuntarizm (A.Şopenhauer) meşə qanunlarına yaxındır. Alman təfəkkürü və fəlsəfəsi eklektikdir. Alman antoqonistik məfhumlarla işləyir və dialektikanı da yalnız onda görür. Bu məntiqlə faşizmin kommunizmlə toqquşması bəşəriyyəti xoşbəxtliyə gətirib çıxarmalı idi. Ya başqa misal. Materializm (idealizm) həqiqətdirsə, onda idealizm (materializm) nəyə gərəkdir? Bunlardan biri həqiqət deyilsə, bəşəriyyətin enerjisi yarıbayarı yalanlara sərf olunmuş sayılmalıdır.

Alman xalqı, dediyimiz kimi, bəşəriyyət qarşısında günahlarını heç vaxt yuya bilməyəcək. Faşizm aldanış yox, praqmatik və kobud realist almanların iç dünyasının mənzərəsi idi. Psixopat-paranoik A.Hitlerə etiqad göstərmiş, onu görəndə vəcdə gəlmiş almanlar dünyanın ən tərbiyəsiz millətidir. Zorakılığa, sadizmə meyllik alman millətinin ən xarakterik cəhətidir. Almanlarda mədəniyyət istehsalat kimi bir şeydir və zaman-zaman qorxunc hədlərə çatır. Almanlarda mədəniyyət silah növüdür. Sivilizasiya almanları yaxşılaşdırmır, əksinə, ondakı barbar ruhunu bir daha qabardır, onu cilalayır. Sivilizasiya almanlarda, uzaq başı, zərif ölüm üsullarının icadına yarayır. Onlarda barbar ruhu fəlsəfə və sənətdə daim görünməkdədir. Bircə misal: üst-insan ideyası. Bu, zorakılığın əsaslandırılması, sadəcə, onun qanuniləşdirilməsidir.
Bayaq dedik: alman xalqı böyük Avropa bürokratıdır. Almanlarda əminamanlıq bürokratiyadan doğur, elə ona görə də süni və müvəqqətidir. “Almanlarda formalistik pafos” (N.Berdyayev) həmişə güclü olub. Bu millətdə yüksək qiymətləndirdiyimiz texnisizm qabiliyyəti ümumbəşəri varolma müqabilində bir heçdir. Texnisizm bəşəriyyəti irəli dartdığı qədər də geri atır. Bəşəriyyət əslində həmişə yerində sayır.

Alman üçün partiyalaşmaq, təşkilatlanmaq milli yaşayış şərti, ictimai həyatın ən parlaq çalarlarıdır. Alman təbiətə əl qatırsa, hökmən onu da romb və düzbucaqlılar şəklinə salmalıdır. Əlbəttə, təbiət də təşkilatlanmalıdır. Alman ruhu təbiəti gözəl qəbir formasına salmayınca, ondan əl çəkməz. Simmetriya alman ruhunun vacib harmoniya ünsürüdür. Simmetriya alman üçün estetika rəmzidir.

Alman – gözəllikləri öz təfəkküründə eybəcərləşdirir.

Bəli, almanlar Avropanın ən təhlükəli xalqıdır və indilikdə Avropanın ən böyük uğuru da onu sülhə məhkum etməsindədir. Sülh - əzabdırsa, qoy elə almanlar bu əzabı əbədi çəksin.

2005, aprel

Xural – Qıl körpü

19 (133) 8-14 may 2005-ci il 

Digər xəbərlər

Komediya-satira dairəsi (yarıabsurd). Yüzildaşım Tehran Əlişanoğluna

Mariya xala

Heydər Əliyev / QIRMIZI DASTAN

TRAV­­­MA­­­TO­­­LO­­­Jİ KOR­­­PUS­­­DA HEY­­­KƏ­­­LƏ DÖN­­­MƏK­­­DƏ OLAN YA­­­RA­­­LI

Salyan "dustağ"ı

Şərhlər