Tarix: 22-07-2017 16:24
Baxış sayı: 1819
Qaraçuxa
hekayə
Baba Vəziroğluna
Yaman zayı çıxıb – son macal Məmmədəlinin zarafatları həm yersiz, həm də şit olur. Bir bunun atmacasına bax:
- Əlim belinə çatmır, Nazı. Səni qucaqlamaq üçün məcburam başqa kişilərlə əl-ələ tutam.
Görün kim öz kəbinlisinə belə hərcayi söz deyər!
- Vallahi sənin ağlın çaşıb! Hətmən!
- Ay Nazı, köhnə kosarasan da-a! Boynuna al.
- Heç bu da sözdü? – nə olsun?..
- Elə bil İsa deyib, Musa təpibsən. Şoğərib mühacirət də səni arıqlatmadı!
Düz yeddi ildi Berlindədilər. İndi İran həyatı onlara yuxu kimi gəlir. Hərdən ondan elə yuxu kimi də danışırlar. Məmmədəli bir müddət sinəsini qabardıb öyündüyü inqilabçılığını yerə qoymuşdu. Həm də viranə İranda əqidəsinə uyğun siyasi durum undulduğundan, onun özünü də unutmuşdular. Deyir ta Berlinə lotu-potu inqilab işlərinə görə yox, insan kimi yaşamağa gəlib. Çifayda, bunun üçün əlində ala-babat bir sənəti də yox. Oğraş inqilab quruca çörək qazanmağasa yaramadı. Bunlar bir yana. Neylədiyindi, korluq çəkirdilərsə də, Fərəhnaz günü-gündən şişirdi. Məmmədəli də onu sancmağa bəhanə gəzir.
- Sən bu fil cüssənlə dünyaya züryət gətirə bilsən, adımı dəyişəcəyəm!
- Nə qoyacaqsan?
- Onuözüm bilərəm.
Bütün iranlılar sayağı Məmmədəlinin ikinci peşəsi (birinci yoxdu) xalçaçılıqdı ki, Berlində az-çox dadına çatır. “Bu Alman qızıl ölkədi,- deyir. - Əl gətirə, il boyu xalçanın bircəciyini əridə biləsən! Bax, buracan bəsdi”. Xalı-xalça eşqilə arada özünü atır “ikinci vətən”i Bakıya. İranın tərkini qılalı, Məmmədəlinin “vətən”ləri get-gedə çoxalırdı: ikinci bəlli oldu, birincisi Təbrizdi, üçüncüsü Berlin... hərdən də aralarında Tehran-Təbriz toqquşması baş verir. Bunun əlaməti şillə-qapazdı. Fərəhnazın sözünə bax: Tehran Təbrizdən gözəl olduğundan, onun xatirəsi də Təbrizinkindən gözəldir. Məmmədəlisə “Haşa,- deyir,- xatirənin gözəlliyi şəhərin gözəlliyindən birmərrə asılı deyil. Ömründə belə ilişki ola bilməz.”
Neylədiyindi, Bakı “vətən”lərdən ən qazanclısı çıxdı. İndiyəcən Məmmədəli ora üç yol səfər edib: üçündə də Fərəhnazla birgə. Bir olan uca Allahın sayğısından əliboş da qayıtmayıblar. Gəbədi, xalı-xalçadı - bunlar heç, həmişə də Berlin azərbaycanlıları üçün səsləri yanıqlı (rica beləydi) azəri müğənnilərinin kasetlərini gətiriblər. Amma sifarişçilər get-gedə qədmi musiqiyə keçirdilər. Bir gün də görməzə-bilməzə özü Məşədi İbada bənzəyən birisi ondan “Məşədi İbad”ı istədi. Bəh, “Məşədi” bağlı qapıları Məmmədəlinin üzünə taybatay açmadı bə!.. Pul-para üstünə sel olub axdı, başından xəzəl kimi yağdı. “Məşdibad əmi” - bu sadəlövh kişi onun ailəsinin yatmış qaraçuxası imiş, axır-axırda oyanmışdı. Berlinlilər ona elə valeh olmuşdular, filmə ağızları açıq halda baxırdılar. Zalda arı vızıldasa, kəpək qanad çalsa, eşidilərdi. Sanasan bura heç Berlin deyildi, XX əsr Bakısının əvvəli idi. Qərinələr ötmüşdüsə də, Üzəyir bəy dünyanın bu uzaq guşəsindəki azərbaycanlıların da nəbzini tuta bilirdi.
***
Bakı həkimləri Fərəhnaza Berlindəkilərin sözünü dedilər: uşaqlığı balacadır, çətin övladı ola. Elə bil onlar bu cür deməyi şərtləşmişdilər. Mağıl Berlin həkimləri az-çox ümid yeri qoyurdular. Bakıdakılar baltanı kökündən çaldılar. Ona görə də Fərəhnazın Bakı adlı şəhərdən tamam sidqi sıyrıldı. Ta Məmmədəli oralara təkbaşına gedəsi oldu.
Bu, Fərəhlə ayrılığa bənzəyirdi. Hiyləgər sualları onun alnına elə Bakıya çataçatda nalladılar:
- Bə Fərəh xanım hanı?
- Nazı – Berlində. Harda olasıdı?
Berlində ayrılmışdılarsa da ki, hələ övlada gümanı var, bunun qəmbərqulusunu da unutmamışdılar. Ər ər yerində, gərəkdi hər hansı başqa kişi ilə də, özü də bir ayın mabədində bacardıqca tez-tez yata. Nə? “Hər hansı kişi?!”. Bəlkə yuxu görür - bunlar nə hərcayi sözlərdi! Yox, belə şeylər əlindən gəlməz, belə şeytani əməllər onun adına yazılmayıb - çox da öz arıq-turuğundan yarımayıb, qəlbi ondan incikdi, çox da ondan bir fərasət gözləmir.
Bəxtə-taleyə bax, bir ilin məbədində Məmmədəlinin işi hər barədə bircə dəfə olur. İldə xalı-xalçanın bircəcəyini xırıd edər; bircə kərə Azərbaycan deyibən qaçar. İlin on iki ayı onunla yatışları da hesablansa, yenə 1-dən artıq rəqəm alınmaz. Di gəl bu da Fərəhnaza qəbuldu. Özü görürdü ki, kişisi candərdi olsa da, ilin tamamınacan ailə borcundan çıxmağa çalışır. Dekabrın ortalarında özünü qoz ləpəsinə tutuzdurur; hər səhər bir qaşıq fındıq tozu qatışdırılmış bal içir. Fərəhnazın yanına girməyə şövq tapanacan yüz həngamədən çıxır. Məqam yetişəndə, əli belinə çatmasa da, arvadağanı eləcə yönü düşən səmtdən basmarlayır.
“Uşaqlığı balacadır, qoy uşağın da balacası olsun,” - hərdən Fərəh Allaha da asi olur. Amma sonra üzü göylərə, dua dua üstündən - asilikdən qurtulmaq istəyir - “Allahım, fəda olum sənə, yaradanımsan, quru-qavara bircə övladı məndən əsirgəmə! Razı olma ki, bu yad məmləkətdə yalquzaq kimi tək qalım! Ələxsus Məmmədəli kaset dalınca gedəndə...”
Ümidli vaxtlarında oturub vaxtı çətkələyir: onun hesabıyla çağası sentyabrda dünyaya gələsidi, çünki Məmmədəli onunla əsasən dekabrda yatır. Yəni dekabr, üstəgəl doqquz ay. İndidən sentyabrda görəcəyi çağasının ulduz falına da baxdırıb.
“QIZ BÜRCÜ. Bu işarə altında doğulanlar iti zəkalı, dərin xarakterli olur, uzun ömür sürürlər...”
Hə, balası avarakorlardan olmayacaq. Üstəlik, uzun ömür sürməklə onacan qocalası anasına da əl tutacaq.
Bu dəfə Məmmədəli dartıb onu da Bakıya apardı, özü də tərslikdən - dekabrda. Bir növ bununla da Fərəhlə yatmağı boynundan atdı - guya günah səfərdə oldu. Bu ilki dekabr da gümanı gəldiyi bircə gecəlik eşq macərası yenə qaldı gələn dekabra. Çötkə təzədən işə düşür: gələn dekabrda bu ölmüş onunla it kimi imsinəsi, yenə üstəgəl doqquz ay. Bu gedib düşür altdakı ilin sentyabrına. Eh, gec-tezin nə ziyanı - əsas budur ki, körpəsinin alnına sentyabr yazılıb. Yəni onun xasiyyəti birmərrə dəyişilən deyil. Fərəh hər hansı sentyabrda dünyaya göz açası ağıllı balasını indidən sevmişdi. Bəlkə ayrı bir aydan ayrı bir xasiyyətdə övlad istəməz də. İşdi-şayəd özgə birini övladlığa götürmüş olsa da, hətmən sentyabr təvəllüdlüsünü seçər.
Amma bu gədə Məşədi İbada ondan çox həvəslidi. “Gərək səni başqa kişilərlə birgə qucaqlayam,” - bunu deyəndə dili ağzındaca qurumur. Amma əcəb il boyu, xüsusən uzun qış gecələrində səninlə macaqlaşan kişin ola. Behişt ləzzəti budur. Eləsi bəxtinə yazılmadı. Ya da hər gecə fikrində bir bığı bənövşə tutasan (aşkarda cəhənnəm olsunlar); barı xəyaldansa züryət ola.
“Məşədi” sərasər gör neçə ildi fırlanır. Məmmədəliyə dürlü də qazanc gətirir. Di gəl son macal lent tez-tez qırılırdı. Gərəkdi tezbazar təzəsi dalınca gedələr. Məmmədəli yubandırmadan səfəri oktyabra saldı. Yox, Məşədisiz Berlin əhlinin bağrı çatlar. Onda noyabrı atır, yəqin kişisi dekabrda ər timsalında Nazı ilə baş-başa uzanasıdı. Ürəyinə damıb, bu ilki “dekabr” qaçılmazdı. Məmmədəli yenə əvvəl özünü qoz ləpəsinə tutuzduracaq, Nazının özünü iştahı kəsməzsə, xəyalında ona günü sayılası istənilən nazlı-duzlu bir xanımı canlandıracaq... Çoxdandı Məmmədəli sanki şəriətə fövrən çoxövrətli idi: biri aşkarda, qalanı xəyalda. Fərəhnazın xəyali günüləri həddən artıqdı; hərdən də dəyişilirdilər. Bəlkə həmin xanımlar haçansa Məmmədəliyə uşaq da əta eliyiblər. Hərçənd Məmmədəli indi də həmin təsadüfi xanımları, nə də onlardan olan övladlarını xatırlayır.
Qız işarəsi altında doğulan uşağın ulduz falı Fərəhnazı qane edir.
Məmmədəlinin bütün xəyali uşaqları sentyabrda dünyaya gəlib. Həmin uşaqlar Nazının öz xəyali balası ilə bacı-qardaşdılar. Bir ulduz altında doğulduqlarından, xasiyyətləri tutacaq - bir-birinə şirin olacaqlar. Hətmən
26.06 - 31.07.1995