Tarix: 29-06-2017 10:33
Baxış sayı: 1852
Bu gün yazıçı Rafiq Tağının 61 yaşı tamam olur. Rafiq Tağı Kulis.az-a verdiyi bu müsahibədə ədəbiyyatdan başqa bütün mövzularda danışır...
Dosye: Tağıyev Rafiq Nəzir oğlu 5 avqust 1950-ci ildə Azərbaycanın Masallı rayonunun Xoççobanlı kəndində anadan olub. 1966-cı ildə Masallı rayonu Təklə kənd orta məktəbini, 1972-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirmişdir.
1981-1983-cü illərdə İ.M.Seçenov adına I Moskva Tibb İnstitutunun “daxili xəstəliklər” üzrə klinik ordinaturasında oxuyub. Terapevt-kardioloq, kardioloq-reanimatoloqdur.
1972-1974-cü illərdə Sabirabad rayonu Yolçubəyli kənd ambulatoriyasının baş həkimi, 1974-1979-cu illərdə Masallı rayonu Həsənli kənd xəstəxanasının baş həkimi vəzifələrində çalışıb.
1979-cu ildə Kalinin vilayəti Konakovo şəhər poliklinikasında sahə terapevti, 1979-1983-cü illərdə Moskva şəhəri “Medsantrud” adına 23 saylı şəhər klinik xəstəxanasında, 1983-1990-cı illərdə Moskva şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında həkim işləyib. 1990-cı ildən indiyə kimi Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında həkim işləməkdədir. Bu illərdə paralel olaraq Bakı şəhəri Mərdəkan qəsəbəsində yerləşən “KM” Müayinə-Müalicə Mərkəzində çalışıb.
Rafiq Tağı ilk gənclik illərindən bədii yaradıcılıqla məşğuldur. 1968-ci ildə ilk şeiri Masallının “Çağırış” rayon qəzetində, “Fərqanə” adlı ilk hekayəsi 1977-ci ildə “Ulduz” jurnalında çap olunub. Çoxsaylı şeir, hekayə, esse, məqalə, oçerk və portret yazıları ölkə və xarici ölkələrin dövri ədəbi mətbuatında mütəmadi dərc edilib. Yazıları həmişə ictimai rezonans doğurub, ciddi polemikaya səbəb olub.
2004-cü ildə “Qafqazın qartalı Şaumyan belə...”(Səməd Vurğun)” adlı essesinə görə 1988-ci ildən üzvü olduğu Azərbaycan Yazıçılar Birliyindən xaric edilib, 2006-cı ilin 15 noyabrında “Sənət qəzeti”ndə dərc etdirdiyi “Avropa və biz” essesinə görə 3 il həbs olunub, lakin 29 dekabr 2007-ci il tarixdə dövlət başçısının əfv fərmanı ilə azadlığa buraxılıb.
“EQO” Yaradıcılıq Ordeninin üzvü olub. Hazırda Azad Yazarlar Ocağının üzvüdür.
Çap olunmuş nəsr kitabları: “Yanaşı ulduzlar”(1987), “Düşmənimin xatirinə”(1991), “Pozitiv. Neqativ”(1996), “Şahzadə Dipendranın məhəbbəti”(2005), “Ucaboy liliput”(2005), “Gənc qraf Kenterberiyski”(2006).
Ailəlidir, üç övladı var (Adam.az)
- İnternetdən gündə neçə saat istifadə edirsiniz?
- Gündə təxminən 2 saata qədər istifadə edirəm.
- Ən çox nəyə sərf olunur bu vaxt?
- Əsasən, informasiya axtarıram, yaxşı bədii mətnlər olanda printerdən çıxarıb oxuyuram. Facebook-dan da çox istifadə edirəm.
- Kompüterin özündən oxumursunu?
- Oxuyuram. Bəzən vacib material olanda çapa verirəm.
- Heç kompüterdən roman oxumusunuzmu?
- Roman oxumamışam. Amma nəzərdən keçirmişəm. Hekayələr, esselər, şeirləri kompüterdən oxumağı xoşlayıram.
- Facebooka nə qədər vaxt ayırırsınız?
- Son vaxtlar bir az azaltmışam. Bir dəfə 15-ə yaxın adamla eyni vaxtda yazışası oldum. Gənclər bəzən şeir, hekayə göndərirlər ki, oxuyum, qiymət verim. Gərək hamısına yaxşı fikir deyəsən. Bir az tənqidi fikir olanda görürsən nəsə işarə qoyurlar: “Hmmm… Ok”- (gülür ) Bildim ki, bu artıq küsdü. Ona görə çalışıram ki, gənclərə təkan vermək üçün onlarda yaxşı şeylər tapıb həvəsləndirim.
- Kompüterdə yazdığınız ilk yazı hansı olub?
- İlk dəfə 2006-cı ildə məşhur “Avropa və biz” yazısını yazmışam. İlk dəfə də elektron poçtla göndərdiyim yazı bu olub. Və həbs olundum. Məhkəmədə prokuror mənə deyir ki, niyə yazını axşam 22.00-da yollamısınız? Şübhəlidir! Dedim ki, nəinki gecə saat 11-də lap 2-də də yollaya bilərəm.
- Bu hadisədən sonra yenidən kompüterdə yazırsınız?
- Həbsxanada olarkən bu vərdişlər itdi. Ancaq qayıdandan sonra bu vərdişləri tez qaytardım. Mən çalışıram texniki şeyləri tez öyrənim.
- İndi ancaq kompüterdə yazırsınız?
- Həyatıma elə daxil olub ki, əllə heç nə yaza bilmirəm.
- Mobil telefonla SMS yazırsınız?
- Yazıram.
- Bütün mesajları cavablandırırsınız?
- Bəli. Hətta bəzən sevgi mesajları da yazıram (gülür)
- E-malinizə oxuculardan məktublar gəlir?
- Həbsxanadan sonra gözləyirdim ki, e-mailimdə çox təhqiramiz məktublar olacaq. Bir dənə söyüş, təhqir yox idi. Ona görə deyirəm ki, bizim millət gözəl millətdir. Ərəblər olsaydı, gəlib evi partladardı. Kişilər Avropanı təsiri ilə inqilab edirlər. Bunu özünüz əvvəldən başa düşəydiniz.
- Kinolara baxırsınız?
- Son vaxtlar baxa bilmirəm. Bir vaxtlar çox həvəskar idim. Son zamanlar vaxt da tapmıram.
- DVD-niz var?
- Var.
- Gündə neçə saat kitab oxuyursunuz?
- İki saat oxuyuram.
- Hər gün qəzet alırsınız?
- Almıram. Qəzetləri internetdən oxuyuram.
- Bəs əvvəllər alırdınız?
- Bəli, alırdım. Milli Kitabxanada da gedib oxuyurdum. 10-15 qəzet oxuyurdum.
- Televiziyaya baxırsınız?
- Ancaq xəbərlərə.
- Xarici kanallara da baxırsınız?
- Onlara internetdən rast gələndə baxıram. İnformasiyalara.
- Neçə il Moskvada yaşamısınız?
- 11 il.
- Bakı ilə Moskva arasındakı əsas fərqlər nədir?
- Moskvada mən özümü mədəniyyətin içində hiss edirdim. Ən işıqlı dövrlərim idi. Maddi çətinliklərim var idi. Amma xoşbəxt idim. Xoşbəxtliyin maddi çətinliklərdən asılı olmadığını orda kəşf etmişəm.
- Ora niyə getmişdiniz?
- Burdakı mühitdə boğulurdum. Orda yaşamağa getmişdim.
- Siz harada daha xoşbəxtsiniz? Xəstəxanadakı iş otağınızda, yoxsa evdəki iş masanızın arxasında?
- Mən ədəbiyyatın içində olanda xoşbəxtəm. İşdə icbari bir şeylə məşğulam. Axşam 9 oldu çıxıram işdən. Amma ədəbiyyatda belə şey yoxdur. Vaxt, ölçü, maddi çətinliklər yoxdur.
- İlk hekayələriniz yazmağa başlayanda düşünürdünüz ki, bununla qızları cəlb edəcəksiniz?
- Mən belə şey haqda düşünmürdüm (gülür). Amma maraq kəsb edirdim təbii ki. Bu sənət deyil axı, fırıldaqdır.
- Bəs məktublar almırdınız?
- Bəzən tələbə qızlar şeir yazmağımı istəyirdilər. Onlara aid şeirlər yazmışdım. Özümdə heç saxlamırdım. İllər keçəndən sonra kiminləsə rastlaşanda deyir, dayan, sənə bir şey deyim. Sonra deyir ki, bu sənin şeirindir.
- Ailə sizin yaradıcılığınıza necə təsir edib? Mane olub?
- Psixopatoloji adamlar o cür düşünə bilər ki, ailə adamın yaradıcılığına mane olur. Əksinə, ailə adamı nə qədər qara işlərdən xilas edir. Məsələn, yoldaşım bir həftə evdə olmadı, divarlarda min cür uçan həşəratlar əmələ gəlmişdi. Təbiət ensiklopediyasında olmayan həşəratlar. Ora-bura uçuşular, “vzzz” edirlər. Adı da heç yerdə yoxdur. Ailə görün adamı nə qədər irəli atır. Olmasa bunları özün etməlisən. Bir yemək hazırlayırsan, görürsən bütün qablar ortadadır. Ailə adamı məişətdən uzaqlaşdırır.
- İçki içirsiniz?
- Simvolik içirəm. Toyda olanda hamıyla vururam. Cəmi 100 qram olur.
- Bəs siqaret?
- Bir ay çəkmişəm. Tələbə olanda hamı çəkirdi. Mən də ona-buna “güllə atırdım”. Sonra gördüm ki, vərdiş edirəm. Dərhal atdım.
- Yazı prosesiniz necədir? Günün hansı vaxtları yazırsınız?
- Tək olanda yaza bilirəm.
- Yazı prosesində telefonu söndürürsünüz?
- Telefonum həmişə açıq qalır. Telefonu söndürməyi demokratik saymıram. Bağlamaq zəng etmək istəyən adamlara qadağa qoymaqdır.
- Hekayə yazanda da söndürmürsünüz?
- Yox. Çünki beynim işdə olur. 2-3 saata yazıram.
- Dincəlmirsiniz?
- Yox. Cümlələr bir-birinin dalınca gəlir, dayanmaq olmur. Yazdıqdan sonra yaxşı redaktə edirəm. Sizə yazı göndərəndə 30-40 dəfə oxuyuram. Heç bir hərf səhvi ola bilməz. Qabaq nöqtəli vergüldən ötrü redaksiyaya gedirdim.
- Niyə bu qədər çox əsirsiniz korrektə üzərində?
- Mən düşünürəm ki, yazdıqlarımız əbədiyyətə gedir. Ona görə dəqiq getməlidir. Hərf səhvi ola bilməz. Bir dəfə redaksiyada “prozektor” sözünü “projektor” etmişdilər. Səhər durub qəzeti alanda cümlə beləydi: “Uzaq yerin soyuqqanlı projektorundan qorxuram”. Prozektor əməliyyat zamanı istifadə olunan alətdir. Deməzlər ki, bu Rafiq Tağı dəlidir, nədir? Projektor niyə soyuqqanlı olsun?
Elmin HƏSƏNLİ