Adil Qeybulla: "Xalqın bağrından çıxan səs"

Tarix: 25-03-2015 10:48
Baxış sayı: 1886

 

Dəyərli və istedadlı  yazar Rafiq Tağının 60 illiyinə

Dəyərli dostum, böyük istedad sahibi Rafiq Tağının 60 yaşının tamam olmasını mətbuatdan 10 gün sonra oxudum. Belə hallar dövrümüzün acı reallığı olduğu qədər də təəccüblü deyil…

Süurlu insan övladı meydana gələndən Yer kürəsində saysız-hesabsız sinədəftər, folklorçu, yazar, şair, bir sözlə, indi bizim bədii tip adlandırdığımız  insanlar olub, yaşayıb yaradıblar. Bu insanlar yaradıb, yazı mədəniyyəti meydana gələndən sonra isə bunları kağıza köçürüb bizlərə ərməğan ediblər. Nə qədər ki, insanlar bərabər yaşayıblar, yaradıcı adamlar hörmət sahibi olublar və onların deyimləri, qoşmaları, şerləri, bir sözlə, xalq yaradıcılığı adına nə varsa hamısı nəsildən nəsilə ötürülüb.
Nə vaxtdan ki, insanların bir qrupunun digər çoxluq üzərində hökmranlığı başlayıb, münasibətlərdə təmənna, karyerizm, istedadlı olmağın cəmiyyətdə yaratdığı imkan və intiyazlardan bəhrələnmə meylləri də yaranıb. Saray ədəbiyyatı əslində istedadı çatmayan adamların bu imtiyazlara sahib olmaq üçün cızdığı “yaradıcılıq” yoludur.  Bu ədəbiyyat həmişə saxtadır, orada heç bir səmimiyyət yoxdur, əvəzində mənəviyyata qənim kəsilən təmənna vardır.  Bu ədəbiyyat orden, medal, pul, mənsəb, dolanışıq ədəbiyyatıdır. Bu ədəbiyyat sinfidir, ideolojidir, yönümlüdür, ürəklərdə yeri yoxdur, ömrü isə bu ideoloji qədərdir. Özünüqoruma  içgüdüsünün təhdidi ilə Leninin şəninə həsr edilən  poemaların nə qədər qeyri-səmimi, saxta olduğunu hələ o vaxtlar hər kəs bilirdi. Ona görə də milyardlarla yaradılan əsərlərin içərisində seçilən və sevilənləri barmaqla sayılır.  Ədəbiyyat münasibətin səmimi ifadəsidir. İstedad da səmimiyyətdədir. Təmənna yalnız istedad çatmazlığını ört-basdır etmıək üçün lazımdır, ondan da digərləri faydalanır. Bu gün ədəbiyyat adına nə varsa, hamısı səmimi, təmənnasız ədəbiyyatın nümunələridir. Qalanları mətbəələri işlətmək üçündür. Təsadüfü deyildir ki, bu gün 1000 il öncəki cəmiyyətin durumu o dövrün əsərləri – istər şifahi xalq ədəbiyyatı nümunələri, istərsə də yazılı əsərlər ilə daha dəqiq müəyyən edilir.

Əsil yazar vətəndaş mövqeyi, səmimiliyi və obyektivliyi ilə seçilir.  Bu əqidədir, yazarlıq əqidəsi. Bu əqidə gendən gəlir. Bu əqidə sosiallaşsa da, sinfiləşə bilməz. Rafiq Tağı bu əqidəli böyük yazıçıdır, tam səmimidir. O səmimi olduğu üçün 60 illiyi təntənəli saraylarda deyil, öz ibarəsi ilə desək “cibində siçanlar oynayan” məhdud sayda dostlarının təkidi ilə kiçik bir otaqda keçirilir. Amma tarixdə qalan çox vaxt kiçik otaqlarda keçirilən tədbirlər olur. Tarix kitablarında bəzən şəkillər verilir. Şəkillərdə adətən statusu yüksək olan adamlar ön sırada dayanır, faydalılıq əmsalı və dəyəri yüksək adamlar isə arxa sırada. Həmin şəkildə vaxtilə statusu yüksək olan  ön sırada dayanan adamı kimsə tanımır, lakin arxada papağının qulağı görünən adamı oxla işarə edirlər ki, bu filankəsdir. Həmin “filankəslər” ləyaqəti, ədaləti, səmimiyyəti yaşadanlardır. Həmin “filankəslərdən” biri də Rafiq Tağıdır. Təcili yardım stansiyasında çalışıb, heç bir təntənəli mənsəbdə adı olmayayn ixtisasca sıravı həkim, lakin böyük insan, dəyərli yazıçı Rafiq Tağının həbsdə yatması onun səmimi və azad söz qarşısında bəraətidir. Böyük insanlar sağlığında qiymətini ala bilmir, əzilir, sıxılır, məhrumiyyətlərlə simbioz ömür sürür, Rafiq Tağı kimi. Lakin onların ürəklərdə qoyduğu heykəli kimsə uçura bilmir.
Salam dostum Rafiq bəy, 60 yaşın mübarək. Can sağlığı, uğurlar və bəxt arzusu ilə.

Hörmətlə, Adil Qeybulla

Digər xəbərlər

Rafiq Tağının "Cənub xəbərləri" qəzetinə müsahibəsi

Yazıçı Rafiq Tağının ölümünün 40-cı günü tamam oldu

“Ədəbiyyatda məqsədim əbədiyyətə çatmaqdır. Mən xoşbəxtliyi yalnız əbədiyyətdə yaşamaqda görürəm”

Subyektiv idealizm - təsadüfi oyun növü

Rafiq Tağı: “Vallah, belə təcrübəsiz qatillərlə dünyanın heç harasına getmək olmaz” (Kəramət Böyükçöl)

Şərhlər