Tarix: 24-01-2017 05:27
Baxış sayı: 1626
Azərbaycanda uşaq vaxtı rəssam, böyüyüb arvad alanacansa şair olurlar, həri, arvadla poeziya sönür. Sən canın, fikir ver, adına müqəddəs deyilən ailə poeziya ölüsündən törənir. Hərçənd indi bir az tərsinə olub: həyat xarablaşdıqca şairlərimiz çoxalır və onlar hətta arvad alırlarsa da, şairlikləri davam edir. Eşq onların başına artıq həmişə vurur. İlham quşu – daimi qonaqlarıdır. Mismar kimi düz misraları qəlblərdə iri deşiklər açır. Respublika şeriyyətilə motal kimi doldurulur. Amma total poeziyadan sonra ümummilli ölüm gəlir. Həri, artıq poeziya aqonal durum göstəricisidir. Mən şerə yoxluq preludu deyərdim. Qardaşlar, poeziya fonunda Azərbaycan xalqı tarix səhnəsindən bilmərrə silinə bilər. Tarix səhnəsi nədir ki – orda tez-tez bu və ya digər millətə “bas bayıra” deyirlər.
Azərbaycan əbədiyyətə ədəbən sözlə çıxmağa çalışıb. Halbuki ora qədim misirlilər kimi ehramla-zadla da çıxmaq olardı. Torpağımıza ağırlıq salardısa da, hər halda, ehram Azərbaycanı hörmətə mindirərdi. Görün sizə nə deyirəm, əbədi daşlar arasında dürlü sirlə gizlənər. I Pyotrdan əbədiyyətə Sankt-Peterburq qaldı, Heydər Əliyevdənsə qaçqın şəhərcikləri qalacaq. Ancaq bunlar heç.
Qardaşlar, Azərbaycandan əbədiyyətə çıxışlar bağlanmışdır: öz taxt-tac rekviziti ilə ora yalnız padşah, o da dal qapıdan keçə bilər. Azərbaycandan əbədiyyətə yeganə dal qapı çıxışı qalmışdır. Kimin də könlündən əbədiyyət keçirsə, əvvəl padşahın dalına keçməli, yalnız oradan ora sevişməlidir. Çifayda, əbədiyyətə padşahımızdan özgə layiqlisi qalmamışdır. Çün hamının canı xəstə... Əbədiyyətdə qanad çalmaq kosmosa uçmaq kimi bir şeydir. Bizim distrofiklərsə uçmağa qapı tapa bilməz, tapsalar da, o qapını aça bilməzlər. Artıq azərbaycanlılarda qapı açmağa taqət qalmamışdır.
...Amma əbədiyyətdən gələn işıq dal qapıdan yalnız padşahın dalına düşür. Dal padşahda başdan işıqlıdır.
Qardaşlar, mən əbədiyyətə taqqa sümüklərlə də çıxa bilərəm. Gələcəyə oyun havalarımız qalacaqsa, zərif said və incik sümüklərim nağara çubuqları yerinə işlədilə bilər. Said və inciklərim xalq musiqində, yoğun qamışlarımsa estradada tətbiqini tapar, inşallah. Xəyyam və hafizin ardınca kəlləmi mən də cam yerinə təklif edərdim. Hərçənd bir Azərbaycan türkünün kəlləsi cam üçün layiq bilinərmola?
Mənim kəlləm uca məclislər camına yarayarmola? Hər halda, mən sümüklərimin gərək olacağı sənət sahələrinə rəğbətimi gozlətmir, onlara dünya durduqca durmaq arzulayıram. Səmimiyyətimə inanın ki, indi mənim əbədiyyətə çıxış imkanım yalnız oyun havalarıyladır. Gümanım bu qeyri-ciddi şeyədirsə də, Ətağa cəddi, özüm ciddi oğlanam. Hələ ta Sovet vaxtından o qədər ciddiyəm ki, bayramlara-zada nifrət edirəm. Mən yalnız qul əməyimlə şövqlənirəm. Hə, əbədiyyətə süzə-süzə olmasa da, nağara və təbillərə ağ-ağ sümüklərimlə çırpıla-çırpıla gedərəm, inşallah. Bir də skeletimin işlədilə biləcəyi anatomiya muzeylərinə ümidliyəm. Ümumiyyətlə, anatomiyaya eşq olsun! Onu desəm ayıb olmaz, deməsəm ayıb olar ki, elə mənim əbədiyyətə əsas çıxışım da anatomikliyimdədir. Hüquq cəhətincə demirəm, anatomikliyimlə mən də növi-bəşərəm. Dəlmə-deşik cəhətcə də hamıyla bərabərəm. Dəlmə-deşiklərim hətta padşahlarınkıyla da eynidir. Səmimiyyətimə inanın, hər hansı padşahla məni paralel uzatsalar, hər yerimiz simmetrik olar. Ya, məsələn, mənim ora-burama baxmaqla padşahınkılara asanca fərz etmək mümkündür. Gör ki, günlərin bir günü padşah xəstələnəndə mənim səviyyəmə enmişdi. Paralel xəstələnmişdik. Hərçənd o bunun hikmətinə varmadı. Hikmət onun üçün həvəssiz şeydir. Padşahımız əsasən müşavirə hikmətlərinə aludədir. Hə, həm də onu desəm yerinə düşər, deməsəm yerinə düşməz ki, skeletlərimiz mifik bazarlara çıxarılmış olsalar, mənimkinə kərgədan buynuzu kimi padşahınkından yüksək qiymət qoyarlar. Hər halda, cavan skeleti rövnəqli olar. Əlbəttə, bunlar da heç.
Mən əbədiyyətə istəklim siyasətlə çıxmaq istərdim. Səmimiyyətimə inanın ki, siyasət mənim üçün şux Karmen yerindədir. Ancaq Azərbaycanda hətta padşahlığın da siyasətə dəxli yoxdur. Azərbaycanda padşahlığa siyasətlə yox, fövqəlfırıldaqçılıqla gəlirlər. Bizdə padşah seçkisi beş ildə bir qanuni baş verən dövlət çevrilişləridir. İndi hərbi yox, seçki çevrilişləri dəbdədir. Həri, Azərbaycanda bicliyə siyasət, bicnəqulu adama siyasətçi deyilir. Qardaşlar, indi bizdə siyasət beş-on yumuruqla susdurulası səviyyədədir.Azərbaycanda iqtidar-müxalifət beynəlxalq dekorasiyası bərqərardır. Azərbaycanda siyasət məişət dedi-qodularının hipertrofik formasıdır. Əsrin sonunda Azərbaycanda siyasət milli əxlaqın təzahürü, sankim onun fotosu kimi ortaya çıxdı. Milli əxlaq siyasətimizlə bədnam oldu. Bazarlarımızdakı əyri tərəzilər iqtidar fövqəlavaralarımızın əməllərində mifikləşdi. Azərbaycanın siyasi səhnəsində birinci pərdədəki hetmofroditik öpüşmə və qucaqlaşmaqlardan artıq hamı çiyrinmişdir. Sön pərdədə hökmən söyüşmə və didişmələr, tutdu-basdılar olur. Hərçənd ölkədə beş-üç əclaf az, beş-üç çox - bizim üçün nə fərqi. Hə, həm də bizdə hərdən göyçəklər siyasətə itələnir. Halbuki göyçəkliklə müharibə-zad udulmaz. Göyçəkliklə heç sülh-zad da bağlanmaz. Göyçək siyasətçiyə uzaq başı seks təklif oluna bilər.
Azərbaycanda siyasət məqsədsiz, həm də iclas kimi bir şeydir. Bu siyasətdə ilahi məram yoxdur. Azərbaycanda indiki hakim siyasət ümumrespublika selektor müşavirələri səviyyəsindədir.
Həri, deyəsən, mənim əbədiyyət imkanlarım tükənməkdədir. Əbədiyyət yalnız ümumbəşəriliklə mümkün ola bilərdi. Şairliyim “alkaş” tərcüməçilərlə Azərbaycana qandallanmışdır. Azərbaycan sivilizasiyanı daim passiv tərzdə qəbul edib. Azərbaycan sivilizasiya səmtinə özü bircə addım da atmamışdır. Xalq fırıldaqlarla təkərlənib və hələlik tarix səhnəsində bu təkərlərlə hərlənir. Məni bağışlayın, avaralanır. Bir gün Azərbaycan xalqının fırıldaqlara da heyi qalmasa, total məhv qaçılmaz olacaqdır. Səmimiyyətimə inanın, mən bundan qorxuram.
“Müsavat”, 25.03.1999