Divanə

Tarix: 25-03-2015 11:31
Baxış sayı: 2577

 

Taleh evlənib ayrılmağının təkrarı kimi Azərbaycandan da ayrılanda, bircə evinin uşağa qalmağıyla təsəlli tapdı. Ancaq axı kimin evi uşağa qalar - ölənin. Yəqin Moskvaya köçməklə ölümdən dezertirlik eləyib. Ürəyindən qara qanlar axırdı: haçansa ölüm onu yaxalayacaq. Onu dövlət özü tutacaqdısa da, elə biləcəkdi bu, ölümün fitnəsidir.


Dövlət bəlkə də ölümün cəsusudur; hələliksə ona dəymirdi. Dəymirsə də, insan niyə ölərmiş? Canı sağ ikən, lap qocalıqda olsun, dövlət ləğv olunarsa, o bəlkə də heç vaxt ölməyəcəkdi.


O, ölümü unutmaq üçün daim həyata dair işlərlə məşğuldu. Ən çox sevdiyi yer də təsərrüfat malları mağazalarıydı: rastına düşənindən yan keçməzdi. Bu sevgili mağazalardan həyat ətri alırdı. Qanunla ərzaq mağazalarından da həyat ətri gəlməlidir, amma onların ət şöbələrindən meyitxana üfunəti qalxır.


Vegetarianlar nəğmə qoşulası insanlardır!


Təsərrüfat malları mağazalarındakı növbənöv qab-qacaq, asılqan, meşin, aftafa, işlədilmə qaydası bilinməyən cürbəcür əşyalar , hətta bıçaqlar da həyat üçündülər. Paltar sabunlarınacan, kilidəcən.


Kirayədə qaldığı evə də nə alırdısa, ordan köçəndə axırıncı mismaracan, diş fırçasınacan ev sahibəsinə bağışlayırdı - aralarındakı narazılığa baxmayaraq. Bu xristiancasına hərəkət ev sahiblərinin də qəlbində tanış, ancaq get-gedə unudulan duyğular oyadırdı; təzədən deyirdilər qal, çıxma. Qab-qacaq sanki ayrılmaq istəmir, onu da özüylə saxlayırdı.


Sonra ev sahibəsi vurduğu qəlb yarası sağalanacan, ac qarına azı on dəfə üzr istəyirdi ki, onun əsl insan olduğunu bilməyib. Yaxşı ki, dünyada qab-qacaq, dəmir-dümür var, bəzən onların sayəsində baş yarılmır, qan tökülmür. Vacib mərasimlərdə bu onun xatirinə kilsəyə gedirdi, o bunun xatirinə - məscidə: onların həyatında kilsə-məscid simbiozu alınırdı.


Təsərrüfat malları sayəsində Taleh sinaqoq-məscid hörmət dairəsində ömür sürmüşdü.

 

8 martlarda ev sahibəsinə bir də gördün termos bağışlayırdı - əgər sutkayla işləyəndisə; ya dəst ədviyyat qabları - əgər ədviyyat xoşlayandısa. Özünəsə şeyin ən lazımlısını, ən ucuzunu alırdı: taraş stəkan, alüminium qaşıqlar...Bəziləri nöqsan tutanda ki, niyə alüminium qaşıq işlədir, zəhərlənə bilər, o, bədənə alüminium da lazımdır, deyirdi, bədən onu bir yerdən almalıdır, ya yox. Vitamin C limonda olduğu kimi, alüminium alüminium qaşıqdadır.

 

Onunku bəzəksiz nimçələrdi. Bəzək qiyməti artırmaq üçün bir fənddir. O ki qaldı estetikaya, yalan sözdür, yemək qarına estetik, ya qeyri-estetik - eyni yolla gedir. Bu bir. Onsuz bədən qeyri-estetik işlərlə məşğuldur. Bu da iki.


Moskvada təsərrüfat malları mağazalarına sevgisi şaxtada açan tənha gülə bənzəyirdi. 


Günlərin bir günü bir cüt atletik oğlan gəlib evindəcə onu seçkiyə dəvət edəndə, lappadan ürəyi düşdü ayağının altına: bax, dövlət onu girələyir. Amma axı, hələ ölüm yaşı çatmayıb, heç saçına dən düşməyib. Günün günorta çağı dövlət deyir borcundur, gəl deputat seç. Niyə, balam? Onsuz keçinmir? Özü də üstünə cəllad timsallı atletik oğlanlar göndərir...


Ölüm nə bildi o hardadır? O ki ölüm dolaşan yerlərdən uzaqda gəzir - nə xəstəyə dəyməz, nə yasa getməz.


Seçki məntəqəsi al-qırmızı rənglərilə cəhənnəmi xatırladırdı. Bir seçki işçisindən pıçıltıyla soruşanda ki, o, gülümsünüb (dövlət adamı da gülümsünər?) dedi öz işinizdir. Yəni, buyur, özün seç, özün də cavab ver. Geriyə yol yoxdu - gerini cəlladlar kəsmişdilər, irəlidəsə al-qırmızı cəhənməmdi. Haçan başı gicəllənib yerə dəydi, haçan başının üstünü həkimlər kəsdirdi - bilmədi. Yox, həkimlər həyatdan gəlmə adamlardı, o dünya mələkləri deyildilər. Sevinc onu naşatır spirtindən qabaq ayıltdı. Həyatdan gələnlər diaqnoz qoydular ki, acdır. Həyata dair də məsləhətlər verdilər: get ye, iç, dincəl.


Heç nə tələb etmədən onu evə buraxdılar. Daha gələn seçkiyəcən yaşamağa ixtiyarı çatırdı!
Sabahı heç nə olmayacaqdısa da, özünü vurdu təsərrüdat malları mağazalarına. İçkiyə aludə adam sayağı təsərrüfat malları mağazalarına qurşandı. Ayağı şişənəcən gəzdi. Ancaq tək-tük şeylər də aldı - vanna axacağı üçün tor, pəncərə pərdələrini çəkməyə çubuq, ələk, kimyəvi toz. Həmişəki kimi də paltar sabunu götürdü. Evdən paltar sabununu üzməzdi. Palrar sabunu evin duzuydu. Təşnəli kimi bu gün gəzdiyi mağazaları sabah da gəzdi, birisi gün də, o biri həftə də - yaşayacağına tam əmin olanacan, ölüm yaddan çıxanacan.


* * * * * * *
Qızı böyüyüb məktub yazmağa başlayanda, qeyrət onu tutdu - o ki var ağladı. O yazı bilə- bilə yazmırdı, qızı isə öyrənən kimi yazdı. Özü də hər həftə yazırdı. Yazdı, yazdı, axır onu Bakıya qaytardı. Ölümdən dezertirlik ta qurtardı. İndi ölüm qəfil yaxalamayacaq, hamı kimi onu qabaqda, alnına yazılan vaxtda gözləyəcəkdi.


Ancaq indi də Bakıda bir mollayla rastlaşanda, canına vicvicə düşürdü, elə bilirdi o molla gözəgörünməz ölümün yanında durub. Ona görə yenə tez gedib özünü vururdu təsərrüfat malları mağazalarına. İki-üç gün, üç-dörd gün sərasər gızirdi. Hökumətdən bu barədə razıydı ki, hər tərəfdə təsərrüfat malları mağazaları açıb, ancaq bir barədə narazıydı ki, addımbaşı açmamışdı. Mollanı və ölümü tamam-kamal unutmayınca təsərrüfat malları mağazalarından əl çəkməzdi. Daha o mağazaların iti də onu tanıyırdı, pişiyi də. Əvvəl elə bilirdilər alverçidir, üstünə göz qoydular, gğrdülər yox, alverçiliyi yoxdur. Dedilər, onda divanədir.


Təsərrüfat malları mağazalarından o qədər şey-şüy almışdı ki, keçmiş arvad onu təzədən sevməyə başlamışdı. Ancaq sevdiyini boynuna alırdısa da, özünə söz vermişdi, öldürsələr, güllə qabağına tutsalar da, onunla bir yastığa baş qoymayacaqdı.


Taleh bir dəfə gülüb dedi ki, arvad onu axıracan sevəcək, çünki o ona axıracan qab-qacaq alacaq.


Ancaq bu axır sözü mismar olub sancıldı beyninə. Demək, geci-tezi var, axır var. Elə bil mehmanxanada vaxtın qurtardı, bir deyəcəklər dur, kəfənini götür, bu dünyadan bas bayıra.
Təzədən içkiçi kimi qurşanırdı təsərrüfat malları mağazalarına. Ora girəndə adam elə bilir əbədi yaşayacaq. Əlbəttə, evə bir dilək alırsansa, yəqin yaşayacaqsan, ölməyə almırsan ki...
Hərdən çaşıb paltar-parça mağazalarına girərdi ki, tez də ox kimi vıyıldayardı çölə, çünki orda ağ çit görürdü, ölüsü ölən gəlib kəfənlik alırdı. Ağ çiti görməyə gözü yoxdu. Nəinki ağ çiti - ağ köynəyi, ağ şalvarı da. Kəfənə oxşayırdılar.


Yox, axır sözü meymunun quyruğu kimi yadından çıxmırdı. Daha təsərrüfat malları mağazalarının da köməyi azdı. Bəlkə həkim çağırsın...Moskvada görmüşdü ki, onlar yalnız həyata dair məsləhətlər verir. Gündə- günaşırı təsərrüfat malları mağazalarına da dəyər, həkim də çağırar - ölümü unutmaq lazımdır, ya yox...

 

                                                                                       02.09.1990 - 11.05.1991

Digər xəbərlər

Sülh mentalitetli xalq

Motsart çalınıb müstəmləkələrdə

Millətin qaçqına çevrilməsi halı

Rafiq Tağının qızı: "Kaş atam yanımda olaydı"

Keçmiş və gələcək nağılı. Korrida

Şərhlər