Tarix: 25-03-2015 11:31
Baxış sayı: 2566
Qardaşım atağız bir kişi olub, belə deyək, gəncliyi modifikasiyaya uğrayıb.
Ay budu ha, deyirsən, indicə durub aləmi qatar bir-birinə, uşağı-böyüyü kəllə-kəlləyə vurar.
Di gəl, işi-peşəsi onun-bunun möhübünü düzməkdir.
Xasiyyətini ipəkqurduları toxuyub: yaxşılıq etdiyi, işinə yaradığı adamların firavan həyatını öz uğuru sanar.
Başını soxub yaşayacağı (özü “öləcəyi”deyir) yerə də yalnız “əlli”sində qovuşa bildi: şəhərin qıraq yerində, içinə hələ də qaz çəkilməmiş bir binada.
Deyir, tək Allah onun yarım əsrlik yubileyini dörd divardan ibarət bu təkgöz mənzillə qeyd etdi.
Vicdan haqqı, ömrünü onillərə dilimləyib yemiş, təpəgözə oxşar bu mənzilə qaneçiliyi ürəkağrıdan şeydi.
Ömrü boyu iynəylə gor eş, Rusyətdə belinin donqarı çıxsın, üstəlik, böyrəklərin büzüşüb yumağa dönsün, axır gəl bu yerüstü qəbirə yiyə dur.
Ayıb-ayıb da bacıların başına yığışıb, beşdən-üçdən atışmaqla, sənin azar-bezarına çarə qılsınlar.
Oğlan feldşer tapıb venasına “sistem” köçürtdürməyini, bunu başarmağını da öz uğurları sırasına qoşub.
Guya zəhmət çəkərsən, bar görərsən. Bal tutan barmaq yalar.
Qardaşımda sovetdən qalma cəhətlər bol-boldur: indinin indisinəcən zəhmətə bərk inanır. Bu barədə fəlsəfəyə qapılmağını görəsən.
Deyir, qullar da zəhmətkeş olub və zəhmətləri heç də itməyib - onların sayəsində bəşəriyyət irəli gedib. Dünyanın ən kamil arxitektura ansamblları qul əməyinin məhsuludur.
Qullar bəşəriyyətə aristokratlardan daha çox xeyir verib.
Qul əməyi quldarlara əxlaq və ədaləti anladıb. Quldarlığı da elə qul əməyindən estetik tərbiyələnmiş insanlar ləğv edib. ...Baxırsan ki, düz deyir.
Eləməyib tənbəllik, onun sevgililərini hesablamışam: 3.
Atası Fəttah müəllimə oxşayan qız birincisiydi.
Adı - Rəna, elə özü də. Qardaşımın qəlbindəki sevgi prosesləriylə işim yox - bunların təsviri həm uydurma çıxar, həm də belə şey bir qardaş kimi mənə yaraşmaz. Gündə-günaşırı ona gül bağlatdırmasını xatırlatmaqla kifayətlənirəm.
Rayon mərkəzindəki gül dükanı az qala bir tək ona işləyər, yalan olmasın, aylıq qazancı gülə gedərdi.
Oğul kimi də öz sevgisində güldən sözə keçmədi. Bir kişinin ki, ruscadan öz tərcüməsində dediyi kimi, yağışdan-qardan qorunmağa “başı üstündə krışası” olmadı, onun sevgisinə bir qoz. Evsiz adamın sevgi sözləri boşboğazlıqdır.
Bir gün nə görsək yaxşıdır: Rusyətə yəhərlənir. Niyə, balam, hara? Çörək dalınca. Ev üçün gedir.
Bu minvalla düz üç il cəlayi-vətən oldu. Orda nə yeyib-nə içdiyini də bilmədik. Qayıdanda, gördü oba köçüb, yurdu qalıb. İnsafən, qızı çığırda-çığırda ərə veriblər: getməzsən, qıçlarını qırıb yola salarıq, deyiblər.
Adam görəndə dişlərini ağartmağına baxma, Fəttah müəllim qəddar imiş.
Qardaşımdan bir-iki sinif aşağı oxumuş həmin qız, namxuda, indi yekə arvaddı. Döşləri sinəsindən pudluq daşlar kimi sallanır. Körpələrinə süni qida verməz. Heç nədən də utanıb-çəkinməz. Qızıl-qırmızı sözü üzə deyər. Söz atarsan, qıypınmaz.
Keçmiş sevgisini xatırlayıb da tez-tez bizə oturmağa gələr. Gülə-gülə də deyir, ömrü boyu bir tək bu kişi ona gül bağışlayıb. Bunun üstündən ətli-yumşaq əliylə qardaşımın sinəsinə toxunacaq.
“Canın yanmasın,” - bu, böyük bacımdır.
Rəna onlardan sirr saxlamaz. Danışır ki, əri “vergi”də işləsə də, onunla müəllim kimi danışar. Hər 8 Martda ona gül almamaqla da ailənin ilbəil nə qədər irəli düşdüyünü ona başa salar. Guya islam israfı sevmir.
Anbaan ölüşgəyəsi bir şeyə verəcəyini verər dua-zikr kitablarına. Bayramlarda bir dəstə gül Quran kitabından baha çıxır.
Əsas da ərinin çənəsindəki keçi quyruğundan zəhləsi gedir. Tamam iyrənçidir. Saqqalında rayon mərkəzindəki qoxuları evə gətirəcək. Evdə otura-otura “stolovı”larda gündəlik nə verildiyini əzbər bilir: piti, küftə, kabab. Hətta dovğanı da tanıyır.
“Ölməyəsən səni,” - bu da kiçik bacım.
Rəna deyir, bu dünyada insanın insana gül bağışlamasından da gözəl bir şey tanımır.
- Ədə, sən genə mənə gül bağlatdıra bilməzsən?
Qardaşım ruscadan tərcümədə deyəsi:
- “Daha qatar getdi”.
Qız gözlərini döyə-döyə qaldı.
- ...Ərin günün günorta çağı səni də, məni də daşqalaq elətdirər.
Böyük bacım:
- Düz söz, nanay-nanay qurtarıb.
Rənadan çıxmayan iş, ah çəkdi:
- ...Daha gül bağlanmaz. Çünki bəxtim bağlanıb.
Kiçik bacım:
- Qoy səni istəməyənlərin bəxti bağlansın.
Qardaşımın ilk sevgisi iki qız bir oğlandan sonra soyuyub, beləcə bədihə mövzusuna çevrilmişdi.
İkinci sevgilisi birincidən 7-8 yaş kiçikdi. Böyük bacımız qardaşıma bu dəfə onu tapıb nişan verib.
Üzük aparmağa, nişan verməyə də tələsirdi. Hazır su sonası. Təmiz - mələk.
Ən əsası, dili - qarnında. Ev işlərində - tapança. Taxça-boxçasından gül ətri gələr. Özü kimi adı da - Yaxşı.
Qardaşımınsa ağzından çıxan sözə bax: eləsinə evlənmək ayıb olar. “Niyə?” “Mələklə ailə qurmazlar”.
Bacım şaqqanaq çəkib, gözləri yaşaranacan güləsi - “Ədə, biz timsalən elə deyirik. Ay saqqalı ağarmış, bə sən bilmirsən ki, əvvəl mələk olurlar, sonra zır arvad?”
“Onda necə məsləhətdi. Mən uçdum Rusyətə”.
“Sən gələnəcən qızı rədd eləyərlər”.
“Bə evsiz də ailə qurarlar?”
“Vacibdi şəhərdə yaşayasan?”
“Vacibdi kənddə yaşayım?”
“Sənə söz çatdırmaq olmur. Di yaxşı, get, ad eləyərik, qalar”.
Bacım onun gedib-qayıtmağına bircə il vaxt qoydu. Keçən dəfəkinin işini çıxarma, bax, sənə qəti tapşırıram, tez qayıt. Neynək, onacan qız bir az da böyüyər.
İl nədi ki - papağını fırlat, gəlib keçsin.
Qardaşım hələ də bir şey yaradıb ortalığa qoymamışdı. Qazanc cəhənnəm, özündənsə bir xəbər-ətər yoxdu. Dünya müharibəsinə gedənlər bundan tez-tez məktub yazardı. Bu Rusya nə gedər-gəlməz yer imiş.
Ürəyindən sevgilisinə nə duyğular keçirdiyi də sirri-xuda bir şeydi. Hərçənd bunu bilsəydik belə, açıb-ağardası deyildik ki.
Bizdə qardaşla qardaş, ya bacı-qardaş arasında pərdə var.
Mənim onun sevgisini Leyli-Məcnun əhvalatı kimi faş eləməyimin yeri yoxdu. Bacımın təbliğat-təşviqatı əlbət öz işini görüb. Güman ki, şaxtalı bir şəhərdə hələlik üzünü görmədiyi qaraca azərbaycanlı qızına qəlbində qaynarca bir məhəbbət gəzdirir.
Təkcə bunu deməklə kifayətlənirəm ki, son aylaracan Komidən evə pul göndərərdi - qoy bacımız sıxıntı çəkmədən, pay-parçayla onlara getsin.
Qoşalaşan bacılarım da bircə bayramı belə buraxmaz, həmişə əlidolu onlara gedərdilər.
Bəd gündə, bəd rüzgarda qızın anası bacıma dirsək göstərəsi.
“Niyə, bacı? Aradan qara pişik keçdi?”
Qısa və konkret cavab: “Qızı çox yerdən istəyirlər”.
“Axı, birinci biz istəmişik. Kim pəl vurdu?”
“Qızı yüzü istər, biri alar. Burda kim qabağa düşdü-düşdü”.
“Bə qabağa düşən biz deyilikmi?”
“Gördüz ki, sizdən qabağa düşən tapıldı”.
“Onlara denən...”
“Yox”.
Zəhrimar-ox - “Qızın könlü qardaşımadı. Özün də görmüşdün: mən ona ətir bağışlayanda... dodaqlarındakı təbəssümü...”
“Qız qələt edir. Qız kimdi ki. Bir də xahiş edirəm, qapımızda sevgi-məhəbbət kimi tərbiyəsiz şeylərdən danışmayasan”.
“Sənin qırx dilin varmış”.
“Bilməmişik, yetmiş olar”.
Bəhanəyə bax: guya qardaşımız Rusyətdə matişgələrlə gəzəcək, bunlar da durub onu gözləyəcək? Camaat artıq-urtuğa qalıb? Mənim qızım..., mənim qızıma...
Burula-burula yeriyən bu arvad yerin altını da bilirmiş, üstünü də.
Pozuluşmanın sabahısı böyük bacım Rusyətə bir namə uçurtdu. “Mənim iki gözüm, igid qardaşım, amanın günüdü, orda ləngi bir az. Ürəyindəkini də qopart, at”.
...Mələklə ailə qurulmaz.
Qardaşım bir üç il də üstünə qoyub, orda qaldı ki, soyusun. Nədənsə, onun sevgidən dəmir kimi soymağı üç il çəkirdi.
Gözləməkdən gözümüzün kökü saralmışdı: necə getmişdisə, dekabrda eləcə də qayıtdı.
Əli ətəyindən uzun. Ev almaq nədi, borcları da üstünə yığıb. Təsəlli sarıdansa korluğu yoxdu: guya ordakılar öz uşaqlarıdı, onu tələsdirmirlər. İnşallah, gələn səfər onlarla bir-bir üzülüşəcək. Rayon balalarıdı, hamısının da toyuna gedəcək.
Qardaşımız kor-kor, gör-gör qocalır.
Gözümüzün qabağındaca çapıq kimi üzünə qırışlar düşdü. Gicgahlar ağappaq, saçının üstü - çallaşıb, elə bil başına ağ ingilis papağı qoyub. Düzdü, belə də yaraşıqlı görsənir.
Hələ deməsinə görə, bir-iki dişi də laxlayır.
Üstəlik, qocafəndi bədənə xeyirli və ziyanlı şeylərdən danışmağa başlayıb. İnsanın heyvandan fərqləndirən cəhət nədir, qardaşımız əng olub, qidalanma rejimini gözləməyi.
Qulağımız dəng olub: can ələ düşməz.
Həyatda nədən qırtsan da, orqanizmin payını əskiltmə. Sən demə, Sıktıvkarda yod çatmır. Komi qalxanvari vəzinin düşmənidir. Bir dəfə mənə dedi uzaqda dur, udqunum, baxsın görsün, almacığım şişməyib ki? Baxdı və diaqnoz qoydu: yox.
Dedim, qoy onda mən də sənə baxım.
Bir-birimizin üstündə həkimlik öyrənirdik. Allaha şükür, elə də qorxulu bir şey yoxdur. Yoda görə bir balaca böyümə nəzərə çarpır, o da keçib gedəsidir.
Qardaşım bizə məsləhət gördü ki, həmişə bir az savadlı və gözüaçıq olaq - duz alanda da, hökmən yazısına baxaq: yodlaşdırılıbmı?
- Ədə, sən ağzımızı şumluğa salma, de görək haçan evlənirsən?
- Ona baxarıq. Bu, asan işdir.
Deyəsən, böyük bacımız özünü bu işdən kənarlaşdırmaq istəyirdi. Ağbirçəkliyi baş tutmamışdı.
- Bir toy elə, biz də gəlib atdanıb-düşək.
Bunu qanmağa ağıl lazım deyil ki: deyir yəni bu işlə özün məşğul ol.
Qardaşım da boş sözləri sapa düzür: “təki sağlıq olsun”, “Allahın köməkliyi ilə”, “qismətdən artıq yemək olmaz”, “inşallah”. Darıxdım lap.
Çörək haqqı, bu qocalıb.
Rusyət onu arıqladıb da; oğlan dəqiqəbaşı şalvarını yuxarı dartır.
Ortada ona ad elənmış sevgilinin adı çəkilmədi də. Onsuz onu altına təzə maşın almış birisinə vermişdilər, yox kimiydi. Artıq balalama prosesi gedirdi: deyilənə görə, bir cılbağası qucağındadır, biri də qarnında.
Beləliklə qardaşımın birinci və ikinci sevgilisindən “uşaqlarının” birgə sayı dörddü, beşinciyə namizəddi. Ardı da gəlir.
Buludsuz-işıqlı bir gündə artıq uşaq doğmağı yığışdırmış birinci sevgili yenə bizə, oturmağa gəldi. Cırtdan oğlu onun kölgəsində, qayığa minibmiş kimi, atılıb-düşür, meymunluq edirdi.
Rəna çəkinmədən qardaşımın o üzündən-bu üzündən maç elədi. “Bax, Nikolaydan bəri bir tək bu oğlan mənə gül bağışlayıb,”- o, qardaşımın kürəyini şappıldatdı. “Üzünün suyu tökülməsin,” - böyük bacım gülməkdən az qaldı qəşş eləyə.
“Məni lap utandırdın,” - qardaşım Rənaya dedi. Həqiqətən də, qız kimi yanaqları qızarmışdı. Sevgili, qırmızı yerlərə toxundurduğu barmaqlarının, rəng keçəcəkmiş kimi, uclarına baxdı.
Üçüncü sevgi ərəfəsi idi. Bu dəfə artıq kiçik bacım sinəsini irəli vermişdi. Bir gün qardaşımın Bakıda kirələdiyi evə gedənlərdən bir toy kaseti yolladı.
Üstündə də məktub - “Qonşu kənddə bir qız var. Aydan arı, sudan duru. Anasını tanıyıram. Özün bax, bəyən. Qırmızı donda uca bir qızdır. Uca deyəndə, çiyinləriniz bərabər olar. Oynayanda adam həvəslənir.
Qardaş canı, toyda hamıdan seçilirdi. Kəndlərində bir dənədir. Ata-anası da elə san, bir cüt quzu, sanki bu dünyanın adamı deyillər...”
Qardaşım kaseti qoşub gözlərini ekrana zillədi. Bəli, bu bir kənd toyudur. Mağarda ancaq qızlardı. “Görən, xalxın qızlarına baxmaqda ayıb bir iş görmürəm?..” O, hamıya bacı gözüylə baxmaq üçün özünü toparladı.
Maşallah, bu qızlar elə bil rəqs dərnəyini bitirib - ə, necə gözəl oynayırlar. Rəqslər adama öz millətini sevdirir. Ancaq axı, orda qırmızı donlu qız çoxdu. Bu yazıb boyca onunla birdi.
Hanı bə? Axı, eləsi yoxdu. Onu tapanacan ayrı bir qırmızı donluya vurulmasa yaxşıdır. Bay, kaset qurtarhaqurtarda kök bir gəlin, qarşısında oynaya-oynaya, bir qızı rəqsə çağırır. Qız durub, utana-utana qollarını qaldırır. Onun alnında kasetdəcə xəcalət təri puçurlanır.
“Bacım dediyi bu olacaq”.
Axır ki, təzə sevginin obyekti tapıldı. Doğrudan da, qızın baxışlarından həya-ismət yağırdı. Elə bu həya-ismətdən də bərk yapışdı.
Adına da uyğun - sənəm.
Sabahı telefonda bacısına, bir söz demirəm, dedi, ancaq qoy əvvəl Rusyətə baş vurum.
“Ədə, sən nə təhər adamsan! Qız tapılan kimi Rusyətə qaçırsan!”
“Mənə nə var, bir də görəcəksən cin kimi gəldim”.
“Bəlkə indidən nişan aparaq?”
Bu da onun atalar sözü:
“Kirayədə ailə saxlamazlar”.
Oğlan evlənmək üçün Komiyə tələsdi. Gedənə yaxşı yol, qalanlara can sağlığı.
İmam haqqı, bunun taleyi Allaha qalıb.
Kiçik bacımız xeyir işi özü bildiyi qaydada düzüb-qoşmağa başlamışdı. Qız evində, adətə uyğun, əvvəl naz-qoz elədilər: ay nə bilim, oğlan bir az yaşlıdır, qız bir az uşaqdır. Bacım: di yaxşı, bildik.
Zarafat-zarafat, aradakı yaş fərqi 15-16-dır. Guya 10-12 olsaydı, yenə dərd yarı idi. Bacımız: ay sizə qurban, kişinin nə yaşlısı, nə cavanı! Səhv edirəmsə, deyin, Peyğəmbər səlləllahu və səlləm özü arvadlarından gah 20-30 yaş böyük olub, gah da kiçik.
Əksinə, ailənin xoşbəxt olması üçün kişinin yaşı və həyat təcrübəsi çox vacibdir. Axır, o, ananın başını yeyib, onu üçcə günə bu izdivaca razı saldı. Qızın atası da oğlanı insan adam kimi tanıdığını deyəsi. Salam-kalamları varmış.
Stansiya çayxanasında bir oturduqları olub: Avropadan-İrandan danışırlarmış. Qardaşım, ona çatdırılan bu sözlərindəncə, qızdan əvvəl, gələcək qaynatasına vurulub. Özünə söz verir: onunla dost olacaq.
Düz sözə nə deyəsən, qardaşım yaşlaşdıqca, sevgililəri balacalaşırdı.
Kaseti də özüylə Sıktıvkara apardı. Ekrandan qızın şəkillərini fotoya götürüb.
Pasportunun arasında gəzdirir. Qəlbindəki sevgi proseslərinin təfərrüatına varmıram.
Buna lüzum yox. Həm də bu cür təsvirlər milli xüsusiyyətimiz deyil. Bir şeyi xatırlatmaqla kifayətlənirəm: ucundan-qulağından eşitmişdim ki, məhəbbəti get-gedə alovlanır. Yəqin o, soyuq bir şəhərdə isti kənd toyunu hər gün fırladır.
Atası oğlanı arvadına öyəsi, ana bunu qızına pıçıldayası.
Qız da “qiyabi olaraq” oğlana vurulub. (O, atası aqronomluğu qiyabi qurtardığından, bu sözü bilir).
Bir gün bəd xəbər kəndi çənginə aldı. Çelyabinskidən öz kəndçiləri olan qumarbaz-nəşəxorun birisi evlənməyə gəlib, tərslikdən allaheviniyıxmışlar onun ağzını bu qıza tuşlayıb.
Bunlar da deyib yox, söz vermişik, qız artıq başqasınındır. Qısası, oğlan, dünbülündə tapança, gecəynən gəlib, Amerika kinolarındakı kimi ona part bir güllə, çart, buna bir güllə. Qız yerindəcə keçinib, ana ölümcül yaralanıb.
Qatil ilim-ilim itib. Ancaq hara qaçacaq, kənddə uşaq da bilir ki, onun axır duracağı Rusyətdir. Orda da onu yerin deşiyindən eşib çıxaracaqlar.
Sıktıvkara bu xəbəri təhrif olunmuş şəkildə çatdırdılar. Guya bu dram tamam yad bir ailədə baş verib.
Qız kasetdə yaşamaqdaydı.
Hərdən qardaşımın dalağı sancır, şübhələrini tanışlarla bölüşürdüsə də, hər vəchlə onlar bunu yayındırır, ağzını boza verirdi. Bacısı da müəmmalı məktublar yazırdı - “Görərsən, hər şey yaxşı olacaq...”
Qardaşım artıq Rusyətin cikinə-bikinə bələddir. Maşallah, bu dəfə sorağı da yaxşı gəlir. Deyən, əli gətirirdi. Birotaqlı da yox, istəsə, Bakının orta göbəyində ikiotaqlı mənzil ala biləcək.
Oğlan şübhələrinə son qoymaq üçün vaxtından tez rayona gəldi: heç iki il deyildi getdiyi.
Səhih xəbər ona çatdırılanda, sanki hardansa qopan qızıl bir güllə uçub-uçub onun qəlbinə sancıldı. Nitqi batdı. Bir gecə-gündüz rəngi gah ağardı, gah bozardı.
Sifəti bəzən qaralıb torpaq rəngi alırdı. Allah bilir, nə düşünür: hərdən yumruğunu düyünləyib mizə çırpırdı. Bir dəfə də çörək bıçağını dəstəkləyib divara sancdı.
Ürəklərinə nə gəlmişdisə, bacılarım sağında-solunda ondan bir nalça aralı oturmuşdular.
Cümə axşamı qardaşım qəbir üstə gedəndə, qızgildə də, bizdə də ağlaşma qopdu.
Qardaşımın birinci sevgilisi bizə gəlib bacılarıma ürək-dirək verirdi. Günortaüstü özü tanımadığı ikinci sevgilisi də gəlib çıxdı. Yaşmaqlanmışdı.
Qardaşım qəbir üstündən qayıdanda, sevgililərin ikisi də, yalandan ortada fırlanır, həyətdə ora-bura gedib-gəlir, özlərini ona göstərməyə çalışırdı.
Qardaşımın sevgililərindən birlikdə “beş uşağı vardı”.
...Üstündən üç il keçibsə də, qardaşım hələ soyumayıb. Axşamları mənzilində kaseti qoşur, üçüncü sevgilisinin tamaşasına durur.
Həmişə də məqamı-dəqiqəsi çatanda qızın alnında tər puçurlanır. O, bir vaxt Sənəmin kasetdəncə bu evə gəlin gələcəyinə əmindi. Onsuz bu ev-eşik onundu, gəlsin...
23 mart - 29 dekabr 2009-cu il