Lazım gələndə əsgər olanlar

Tarix: 25-03-2015 11:31
Baxış sayı: 2164

(“Kirildən latına” layihəsi)


Ev tikirlər.

Axşamçağılar mənim evə dönməyim onların işinin axırına düşür. Pivə köşkü - arı pətəyi: çiyinləşir, “yoptuvaymat”laşırlar. Xoşuma gəlir bu.

Nə qədər də fikirli olam, ordan keçəndə ürəyim açılır.

İçlərindəki arıq-uruq, sısqa qadınlar belə kombinezonda gonbul görsənərlər.

Maaş günləri - bayramlarıdır. Onda kişilər qadınları dadlı-ləzzətli şeylərə qonaq edəcək. Yayınkı da nədir - dondurma; ancaq elə qışınkı da.

Burda öpüşmə-zad qısqanclıq səbəbi deyil.

Hərdən “kollektiv surətdə” teatra getmələri var; bunun üçün neçə həftə qabaqdan atışırlar. Şərtləşdikləri yer də həmişə metronun ağzı olur. Onda onları güclə tanıyarsan: bəh, təzə kostyumlarda, yaraşıqlı donlarda...

“İş yerimiz göyün altı, yerin üstüdür”.

Yağışlarda doluşarlar binaların girəcəyinə. Havanın açılmağını gözləyər, göyə baxa-baxa qalarlar.

Qardan qorxmazlar.

Qarlar vaxtı inşaat meydançasında bir-birinə atdıqları, ancaq dəyməyib şalbanlara yapışmış qartopular gözə dəyəcək.
Gizlətmirəm, bu adamların yanından keçəndə, həmişə özümü günahkar bilirəm. Üzükölgəli kimiyəm. Nədi-nədi, işə gedib-gələndə geyimli-kecimli oluram. “Rəisimizə oxşayır”, – bir dəfə də arxamca dedikləri bu sözü qulağım çalmışdı.

Onların üst-başı çirkli-rəng yaxılı, şalvarlarının dalı – “qoşa torpaq nişanlı”.

Amma hərənin evində, ehtiyata, ən azı bir dəst təzə paltar olasıdır. Təzə paltarı olmayan – “teatrı, operanı-baleti xoşlamıram”, deyəcək.

İşdə həmsöhbətim qozdəstələrdir. Zənglərim-əlaqəm də yekələrlə, yuxarılarla olur. Bunlarınsa oturub-durduqları bir tək özləridir. Dostları da ancaq öz içlərindən seçərlər. Mənim leksikonumda hər sənətin adamıyla danışmağa təntənəli, bər-bəzəkli sözlər var; onlar elə şey bilməz.

Məclislərinə düşəm, inan, ilk sözü də, elə son sözü də, mənə verərlər. Savadıma, dilimə-dilçəyimə görə hər yerdə məni irəli çəkər, özlərinə “komandir” seçər, hər sözümlə razılaşarlar. Məni deputatlığacan yüksəldərlər. Rəislərinə oxşayıram... Onlar mənə şəksiz etibar edər, yeri gəlsə, ölkənin taleyini tapşırarlar. Onlarınkı nədir: bizə iş tapşırın, biz o işi görək, qurtarıb getsin. Sizin qar-yağışla nə işiniz, zəhmət olmasa, gedin içəridə oturun. Mədəni adamın canı soyuğu tez qapır, deyərlər. Çətinliklər - bizlikdir. Bizdən ötrü ürəyinizi yeməyin, şaxtalıq - əyin-başımız. “Kirzovı sapoq”larımız. “Teloqreyka”larımız qoşa-qoşa. Papaqlarımız - dam boyda. Siz bizə tapşırıq verin, işiniz yoxdu. Vapşe, çıxıb gedin. Bə elə ən çətin iş də sizinkidir - tapşırıq vermək....

Bunlar müharibədə əsgər olar.

...Qəhrəmanlığı düşünməz, ölümlərini fəlakət sanmazlar. Şəhidlik, cənnət ağıllarına da gəlməz. Lakin mən müharibəyə-zada, orda qəhrəman olaramsa, gedərəm. “Adım tarixə düşəcəkmi?” – bəlkə hərbi komissardan soruşaram da.

Bunları timsalən deyirəm. Onsuz müharibəyə gedəsi deyiləm; əlimdə daşdan keçən sənəd var.

Mənim üçün qəhrəmanlıq və şöhrət həyatdan üstün ola bilməz.
Filosoflar-tarixçilər haq-nahaq daim sübuta yetirir ki, qar-çovğunda, dolu altında, ya gün başına döyə-döyə külüng vuran, tərli-tozlu bu insanlar vətən yolunda ölmək üçün yaranıb.
Müharibədə hər adamın öz işi var, bunlarınkı ölümdür.

Deyirəm, istənilən vaxt onların çörəyini əlindən almaq da olar. Bunu vətən üçün edirik, de, deyəcəklər: otliçno, əla, yes, da, olur, yest, olar, hə-ə-ə...

Lazım gələndə, bunlar hər işi atıb əsgər olar.

Dünən qəzetdə oxuyuram: silahlı quldurlar inkassatorları güllələyib, pul dolu kisələri qapıb, əlbəəl aradan çıxıblar. İşdən qayıdanda, uzaqda durub, o fəhlələri xeyli süzdüm. “Alkaş” sifətli, bu ağızdan pərtov adamlar necə də mancanaq kimi əyilib-düzəlirlər... Milisin bir tək bunlara gücü çatır - ictimai asayişi yüngülcə pozdularsa, dərhal başlarının üstünü alacaqlar. Vay odur, metro keçəcəyində valay vuralar, peysərlərindən yapışıb, maşına basacaqlar: birbaşa ayıltma məntəqəsinə.

Ancaq onlar muharibəyə başda gedər.

TV-lərdən gəlib, onları çəkib gedirlər, yazılı KİV-lərdən təşrif buyurur, şəkillərini atırlar. Yazıçılar-şairlər yaradıcılıq evlərindən çıxmaz; bunlarla ancaq rəsmi şəkildə, klublarda görüşərlər. Başqa yerdə - iyrənirlər. Əllə görüşəndə, çimçəşirlər.

Hava xoş oldumu, yanlarına saathesabı siyasi təbliğatçılar gələcək. Bu təbliğatçıların zarafatları da, təbəssümləri də ödənişin tərkibindədir.

Lazım gələndə çataçat dönüb əsgər olası bu adamlar hələlik bina tikir, körpü salır, yollara asfalt döşəyir. Onlarınkı quruculuqdur. Müharibələrdəsə hər şeyi, hətta dövlət idarəçiliyini də, başqaqlarına etibar edərlər.

Mən düşmənə də yağlı sözlər söyləyə bilərəm, onlar yox. Onlar dövlət tapşırığıyla düşmənə ancaq nifrət edərlər. Düşmənə sevgi onlarlıq deyil. Bir dövlət işi kimi bu sevgi vacibdisə, “bunu o bilər”, - məsələn, məni göstərərlər.

Ötən bazar işim keçən vəzifəli bir yoldaşla restoranda idik. Qonşuluqda, birləşik uzun stolların arxasında bir kollektivin adamı oturub. Səsləri aləmi götürüb. Bay, görəm, bunlar. Görkəmləri təzələşib, sözləri - həminkindən. Hərdən də ağızlarından astaca “yoptuvaymat” çıxır.

Bu kollektiv restoran işçilərinə inanır; qiymət sarıdan onlara yüzə-yüz arxayındılar. Ödədiklərini süfrədəkilərlə tutuşdurmazlar; ayıbdır. Belə şey heç xəyallarına da gəlməz. Onlarınkı boğaz yaşlayıb ucadan söhbətləşmək, yüz-yüz gillədib oynamaq, nə bilim, atılıb-düşmək, qaqqanaq çəkməkdi.

Bayaqdan dosta-qardaşa oxşatdıqları musiqiçilər saat doqquzun tamamında özlərini naza qoydular: vaxtımız bitdi. “Boq tı moy”. Bura bax, mujik deyilsiz? Necə yəni vaxt bitdi, biz hələ indi qızırıq. Biləndə ki, bunların fikri əlavə pul qopartmaqdı, üzləri güldü. Bunu bayaqdan deyin dəə: atışıb, könüllərini xoş elədilər.

Yəqin belə lazımdır.

Bu adamlar həmişə hər şeyi başqalarına etibar edir. Dedikləri bir tək budur: iş buyurun, canla-başla biz o işi görək.

Lazım gələndəsə, əsgər olur, müharibəni özləri başa vururlar.


1984, dekabr - 1985, fevral
(yenidən işlənib: 2011, 3 mart-21 iyun)

Digər xəbərlər

Gecikən pul

Rafiq Tağı mükafatının qalibləri bəlli oldu

Rafiq Tağının reallaşmayan arzusu

Tehran Əlişanoğlu – Bizdə “şeytan ayələri”

Folklorun ölən çağı

Şərhlər