Tarix: 25-03-2015 11:24
Baxış sayı: 2117
"Vaqif Cəbrayılzadənin istədiyi şerlərdən
İnsanlarımız, hələ Rusiyanı demirəm, İsveçə-Norveçə, nə bilim, Kanadaya-Avstraliyaya qaçır. Axı, niyə bilmirlər ki, çatacaqları yalançı xoşbəxtliklərin sonu üç-beş illik ödənişli qəbirlər olacaq.
...Qəbirləri uzunömürlü Vətən hər yerdən çiçək...
Mən qəribliyin dadını 11 il sərasər yaşadığım Moskvada bilmişəm. Bu şerləri yazan vaxtlarımda, gec-gec olsa da, yəni Moskvaya gələndən-gələnə, Vaqif Cəbrayılzadə ilə görüşərdim. Qərib kimi onun yadında necə qaldığımı bilmirəm, ancaq hər halda, bir gün öz “Xəzər”i üçün məndən məhz oçağkı ayrılıq şerlərimdən istəmişdi. Yəqin qürbətdəki insanın heç vaxt saxta olmayan duyğuları onun üçün daha təsirli və maraqlı imiş. Olsun ki, qəlb sahibi hər kəs elə düşünər..." R.Tağı
“Moskva dəftəri”
ANAMI BEŞ-ON DƏFƏ GÖRMƏYİM QALIR
Qəriblikdə
nə səadət
anamı beş-on dəfə
görməyim qalır...
Ağlamağın ustasıdı,
hər il başqa cür
qocadı
anam -
onu beş-on dəfə
görməyim qalır.
Kefindədi
ürəyidaş oğlanları –
dünənəcən
təqaüdünə qardaş
oğlanları.
Məni görmək istəyir
deyirlər –
üzümdən öpmək istəyir...
Qəriblikdə
nə səadət -
təsadüfən sağ qalsaq,
anamı beş-on dəfə
görməyim qalır.
1980, noyabr
İOHANN BAXI EŞİDƏRDİM KÖYNƏK ALMASAYDIM
Ucuz yerlər tutulu
konsertdə...
İohann Baxı eşidərdim
köynək almasaydım.
Anam yazdı,
danladı,
qış köynəyi aldım
özümə.
Baxı eşidərdim ancaq
köynək almasaydım.
Ucuz yerləri
çoxdan tutub
hər şeyin korluğunu
çəkənlər.
Kəndçi geyimimlə
tuşam
biletçi qızıb qəzəbinə.
Şüşədən keçir hətta
saçlarından
saçılan
fransız ətrinin
nizəsi.
...İohann Baxı eşidərdim
köynək almasaydım.
1980, noyabr
ANAM BİLİB PİSLƏMİŞDİ
Uzaq yerin
Günəşi soyuq -
biganədi qəribə.
Uzaq yerin
adamı insafsız -
ölümə laqeyd,
diriyə laqeyd.
Anam bilib pisləmişdi.
Uzaq yerin
gülləri ətirsiz.
Uzaq yerin
qızları kədərsiz.
Adamdan çox
itləri sevənlərindən
qorxuram
uzaq yerin.
Soyuqqanlı
prozektorlarından
qorxuram.
Anam bilib pisləmişdi.
Tanışına
yarınıram -
kimsəsiz deyil desin,
Vətəni var desin -
anatomiya muzeylərinə
düşməyim öləndə.
Anam bilib pisləmişdi...
Uzaq yeri
anam bilib pisləmişdi.
1980, oktyabr
QƏRİBLİYİMİ GÖRMƏSİN ANAM
Yanıma gəlməsin,
qəribliyimi görməsin
anam.
Buraların yazı gözəl,
qışı gözəl -
demişəm.
Buraların yaşayış gözəl -
demişəm.
Ancaq yanıma gəlməsin,
qəribliyimi görməsin
anam.
Qəhqəhə çəkmişəm yanında -
inanıb.
Amandı, yanıma gəlməsin!
Qəribliyimi görməsin
anam.
Bu adam necəsindəndi -
aramayandı qəriblik,
ölməyə
yaramayandı qəriblik.
Ancaq yanıma gəlməsin,
qəribliyimi görməsin
anam.
1981, yanvar
VƏTƏNDƏN GƏLƏN QONAQLARIM
Ölənləri demədilər...
Təsəllisiz
yaşayana
demədilər çox şeyi.
Anamın saçları
ağdımı?
qəribliyim
kiməsə ağırdımı?
...Təsəllisiz yaşayandan
gizlətdilər unudanı...
Bir vaxt
məni sevənlər
sevməyə ər tapıblar -
gizlətdilər amma
təsəllisiz yaşayandan.
...Ölənləri
demədilər -
təsəllisiz yaşayandan
gizlətdilər çox şeyi.
1981, yanvar
QALSTUKUM KÖYNƏYİM RƏNGDƏ
Qalstukum köynəyim rəngdə -
mənim gizli sevincim,
mənim yeganə səadətim.
Qalstukum köynəyim rəngdə...
Anamı qocaltdım,
anamı,
təkliyimlə -
vəfasızlıqları
görməyimə
göz yummadı,
xoş söz də ummadı ancaq
bir kəsdən.
Qalstukum köynəyim rəngdə -
geyinəndə mənim təsəllim...
Adamların təsəllisi
adam alçatlmaqdı,
bəzəkli it saxlamağasa
gücüm çatmaz.
Qalstukum köynəyim rəngdə -
mənim gizli sevincim,
mənim yeganə səadətim...
1980, oktyabr
SİZİ TANIMAMIŞAM
Kasıblığımdan
qorxanlar,
qəribliyimə gülənlər,
sizi tanımamışam...
Kirayədəyəm yenə
bir alkoqolikin evində -
təki can sağ olsun...
Gördüyünüz mavi
kostyumdayam hələ -
yay-qış.
Mənə nə var -
içimi yeyib dolanaram
tanış tələbələrə
qonaq gedərəm
nahar vaxtı,
şam vaxtı.
Sizə nə istisi,
nə soyuğu.
Kasıblığımdan
qorxanlar,
qəribliyimə gülənlər,
sizi tanımamışam...
1980, oktyabr
DARIXDIĞIM HƏR GÜN
Uzaq diyarların sədası
yaxşı!
Vətəni atanda sevindim hətta
Ağlıma gəlmədi ölüm var axı,
Yaxşı yaşamaqdan vacib
dünyada.
“Qızıl ürəklidir orda adamlar”, -
Necə inanardım mən hər kəlməyə!
Tez-tez çəkişərdim doğma atamla,
Nə var-nə var
gündə görürəm deyə.
Könül istəyənlər qalıb uzaqda
Ümidsiz, imkansız sevgilərilə.
Şəklimi də öpür orda uşaqlar,
Sevməyi öyrənib evdəkilərdən.
Yüngül arzuların çəkdiyi yerlər,
Peşiman olmağı öyrətdi mənə.
Bəlkə də “axmaqdır” indi deyərlər,
Razıyam hər şeyə,
dönsəm Vətənə.
Uzaq diyarların sədası
yaxşı!
Vətəni atanda sevindim hətta
Ağlıma gəlmədi ölüm var axı,
Yaxşı yaşamaqdan vacib
dünyada.
15.10.1984
PİS GÜNLƏRLƏ TANIŞDI, YAXŞI GÜNLƏRİ GÖRMƏYİ QALIR
Pis günlərlə tanışdı,
yaxşı günləri
görməyi qalır...
Anasızdı uşaqlığı
yöndəmsiz oğlanın.
Bəzənməyi -
üzünü qırxmağıdı.
İşi-peşəsi
darıxmaqdı.
Araqdan başqa
içki görməyib.
Kef görməyib
yorğun-arğın
arvadını
qucaqlamaqdan savayı.
Kəndçi oğlandı
yöndəmsiz oğlan –
söz ona toxunandı.
Pis günlərdən az görməyib,
yaxşı günləri
görməyi qalır.
...Şeytanın
qıçını sındırıb
şəhərə gələndə,
dəvətinə
qızlar oynamadı
restoranda.
Orada qızlar
ədalı-ədalı,
oğlanlar
harın-harın.
Pis günlərdən
az görməyib,
yaxşı günləri
görməyi qalır.
1980, dekabr
YAXIN QƏBİR HƏSRƏTİ
Uzaq yerin rahatlığı
qüssəli -
yaxın dostu demirəm,
dəyməyə heç
yaxın qəbir tapılmaz.
...Vətəndə başkəsən də
insaflıdır -
həm sevimli,
həm inadkar.
Koroğlu xasiyyətlidir
Vətəndəki cinayətkar.
23.01.1988
HÖKUMƏT ADAMI QARDAŞIM
Yaydan-yaya
elə bil
dustaqlıqdan qurtarır
hökumət adamı qardaşım.
Vaxt tapır
adam olmağa.
Qəribliyə gəlir,
mənə dəyir.
Sevgi dolu məktublarıma
xəbər dolu məktub
yazan qardaş
məzuniyyətə çıxıb –
həyatı anlayıb,
ötən ili yaşamağına
peşimanlaylb.
6.02.1988
MƏNİM DAYIM
Sadə bir oğlandır...
Onun ucuz,
mavi köynəyindən
alacağam mən də.
Paltarından
zəhmət ətri udur
uşaqları.
Ondan
qoxusunu alar
çöllərin
ömür yoldaşı.
Sənət qəzeti
01-14 may 2005-ci il